Şəxsiyyətin gücü
Professor Qulu Məhərrəmli
haqqında düşüncələrim
Hər
dəfə onu görəndə düşünürəm
ki, mənəvi burulğanların tüğyan etdiyi
zamanlarda, adamların yalnız ağ-qara rənglərlə
düşündüyü bir mühitdə belə öz sifətini,
peşə prinsiplərini, ziyalılığını
qoruyub saxlamaq, sözünü, şəxsiyyətini sevdirmək
asan iş deyil. Üstəgəl
bütün zümrələrdən olan auditoriya tərəfindən
qəbul edilmək və həmişə arzulanan şəxs
kimi qalmaq da çox çətindir. Və deyim ki, bu, hər
kəsin də işi deyil...
Qulu Məhərrəmlini uzun illərdir tanıyıram, peşəkarlığına, şəxsiyyətinə, ziyalılığına dərin hörmətim var. İlk dəfə ekranda gördüyüm, daha sonra şəxsən tanış olub dostlaşdığımız vaxtdan onu xalqını, millətini sevən, Azərbaycanın bu günü və sabahı üçün nə isə etməyə çalışan vətənpərvər kimi tanımışam. Onu da görmüşəm ki, ölkədə əksəriyyət onu milli düşüncə sahibi, mənəviyyat adamı kimi tanıyır və hörmət edir.
Adının qarşısında təmtəraqlı sözlər, təşbehlər yazmağa, elmi dərəcəsini, titullarını sadalamağa lüzum yoxdur, sadəcə, Qulu Məhərrəmli demək bəs edər ki, onun obrazı və kimliyi bütövlükdə göz önündə canlansın, titullar isə bu adın kölgəsində qalsın.
Onun Azərbaycan jurnalistikasında əksəriyyətin qibtə edəcəyi bir karyerası var. Parlaq istedadı, uzun illər gərgin çalışmaları ilə qazanılan halal karyera. Buna görə də o, jurnalistikada çoxları üçün ölçüyə, etalona, kumirə çevrilib. Bu haqqı kimsə dana və ona çox görə bilməz.
Hərdən
düşünürəm ki, görəsən populyar
teleproqramalrın, çoxsaylı sənədli televiziya filmlərinin,
aktual publisistik yazıların, teleradio nəzəriyyəsinə
dair sanballı kitabların, izahlı lüğətlərin
müəllifi olan Qulu Məhərrəmli bu gün daha
çox kimdir? Publisist, teleaparıcı, televiziya bilicisi, siyasi
icmalçı, parlaq elm adamı, pedaqoq? Əslində, bu
sualların bir cavabı var: harada olursa-olsun, o, əsl peşəkardır
və onun üçün jurnalistikanın prinsipləri,
daxili azadlıq, peşə borcuna sədaqət hər
şeydən önəmlidir.
***
Qulu Məhərrəmli, hər
şeydən əvvəl, televiziya adamıdır, bu işin
incəliklərini gözəl bilir, təkcə nəzəriyyəçi
deyil, həm də peşəkar aparıcı, ssenarilər
müəllifi, televiziya istehsalının və idarə edilməsinin
mahir təşkilatçısıdır. Mən təxminən
10-12 il əvvəl AzTV-də Qulu Məhərrəmlinin
rəhbərlik etdiyi “Səhər” proqramında qonaq olanda
burada üç saatlıq canlı efirin necə ustalıqla
idarə edilməsini görəndə, qurulmuş iş
mexanizminin mahiyyətini duyanda çox heyrətləndim. Çeviklik, dəqiqlik, çətin situasiyada
ağıllı qərarların qəbulunu tələb edən
canlı efirin saat mexanizmi kimi işləməsi yalnız
burada işin elmi təşkili sayəsində
mümkündür. Qulu müəllim bunu
necə etməyi hələ o vaxt göstərə
bilmişdi.
İncə
yumor hissinə baxmayaraq, işlərində kifayət qədər
ciddi və təvazökardır, bir də onda Şərq
müdrikliyi var. Bu keyfiyyətlərini istedadı ilə birləşdirən
Qulu müəllim bizim TV məkanında ağıllı,
intellektual və qərəzsiz aparıcı obrazını
yarada bilib. Danışıq və
davranışının sərhədlərini dəqiq müəyyənləşdirə
bilən Q.Məhərrəmli tamaşaçının
sevdiyi, etibar etdiyi, inandığı aparıcıdır.
Səviyyəli tamaşaçı dediyi
sözün çəkisini bilən peşəkarlara daha
çox etibar edir. Bu baxımdan Qulu Məhərrəmli
tamaşaçı auditoriyasına hakimdir və həqiqəti
ağılla deyə bilir, əlbəttə, yeri gələndə
sərt də ola bilir. Təmkinli
görünüşü, güvənli nitqi, səmimi və
nüfuzedici baxışı, ünsiyyət yaratmaq məharəti,
intellekti və daxili mədəniyyəti
tamaşaçılarda ona dərin inam yaradır. Onu həmişə ekranda görmək, eşitmək
istəyi də məhz bu inamla bağlıdır.
O,
bütün davranışı ilə efir adamıdır,
ekranda quru, rəsmi, ütülü bir dillə yox, çox səmimi,
xalq dilində danışır, həm də nəyi və
necə danışdığının fərqindədir,
üstəlik, toxunduğu mövzunun “içindədir”, təhlil
etdiyi predmeti bütün incəliklərinə qədər
bilir. Hərdən adama elə gəlir ki, o,
tamaşaçının ekrana zillənən
baxışlarındakı sualları qabaqcadan duyaraq, onu
narahat edən problemlər barədə söhbət
açır. Bir üstünlüyü də
ondadır ki, bu problemlərin görünən tərəflərindən
daha çox görünməyən, “kadr arxasında qalan” tərəflərini
tamaşaçıya çatdırır. Vaxtilə prezident Heydər Əliyevin xarici ölkələrə
səfərlərindən hazırladığı reportajlara
baxanda, mən Qulunun bu keyfiyyətini, xüsusən siyasi
prosesləri necə sadə, amma dolğun və
anlaşıqlı bir dildə çatdırmasını
çox bəyənirdim.
Əsl peşəkar olan və
özünün ictimai dəyərini, istedadının qiymətini,
sözünün urvatını, çəkisini yaxşı
bilən Q.Məhərrəmli bir tərəfdən yerinə
yetirdiyi vəzifə borcu, digər tərəfdən isə
jurnalist məsuliyyəti və peşəkarlığı ilə
daxili azadlığı arasındakı “qızıl
ortanı” çoxdan tapıb. Bu səbəbdən
də o, özünü boş-boşuna sağa-sola xərcləmir.
Bu gün bunu, sabah onu mədh edənlərdən
də həmişə uzaqda dayanır, istər cəmiyyət,
istər jurnalistika, istər tamaşaçı, istərsə
də öz “mən”i qarşısında çox məsuliyyətlidir.
Mən onun əxlaqi düşüncələrində
həm Şərq müdrikliyini, həm də Qərb
işgüzarlığını görürəm. Onun
jurnalist əqidəsi belədir: “Ya yaxşı yaz, ya yazma...
Ya doğru danış, ya danışma... Ya ədalətli
danış, bacarmırsansa, heç olmasa, sus...” Bir sözlə, elə danış ki, sözün
eşidilsin.
Adətən, hər jurnalist, hər aparıcı bir
yazısı, bir kitabı və ya bir verilişi ilə daha
çox yadda qalır. Qulu müəllim də daha çox “7
gün” proqramı ilə yaddaşlarda iz qoyub. Vaxtilə Azərbaycan teleməkanında yeganə
analitik informasiya proqramı olan və jurnalistikamızda yeni mərhələ
açmış “7 gün”, yəqin ki,
tamaşaçıların yaxşı xatirindədir. Q.Məhərrəmlinin
formalaşdırdığı yeni veriliş formatı olan “7
gün” cəmiyyətimizdə ciddi problemlərin
yaşandığı, o cümlədən ictimai
şüurda müəyyən bir böhran olduğu dövrdə
efirə çıxırdı və hər həftə
sonunda tamaşaçılar bu proqramı böyük intizarla
gözləyirdi. Çünki
tamaşaçı ağıllı söz eşitmək və
həm də ağıllı adamın sözünü
eşitmək istəyində idi. İndi
Azərbaycandakı bütün kanalların oxşar analitik
informasiya proqramlarının çoxundan fərqli olaraq, “7
gün”də təkcə siyasi hadisələrin obyektiv təhlili
deyil, sosial-iqtisadi problemlərlə bağlı
araşdırmalar, jurnalist təhqiqatları da xüsusi yer
tutardı. “7 gün”, sözün həqiqi
mənasında, çoxlarının ənənələrindən
bu gün də bəhrələndiyi bir məktəb idi.
Onun sonralar apardığı “Təfsilat” və
“Gerçəklik” müəllif proqramları haqqında da
eyni sözləri demək olar.
Bu gün dünyada
mövqelərini möhkəmlətməyə
çalışan Azərbaycanın çətinliklərdən
xilas olmasının bir neçə yolu var. Qətiyyətlə
deyərdim ki, bu yollardan biri də xalqın, dövlətin
maraqlarını əsas tutan azad, sağlam, Azərbaycan
mediasıdır. Bu mediada Qulu Məhərrəmli
kimi xalqa, cəmiyyətə, Vətənə namusla xidmət
edən, güclü dövlət düşüncəsinə
malik müstəqil şəxslər təmsil
olunmalıdır.
***
Peşəkar harda,
hansı şəraitdə olsa, yenə peşəkardır.
Bu baxımdan Qulu müəllimin Xəzər TV-də
apardığı “Dost məclisi” və “Gündəm”
proqramlarının uğurunu da qeyd etmək istərdim. Bunlar formaca sadə studiya proqramları idi, amma Q.Məhərrəmli
kimi peşəkarın təqdimatında çoxsəsli və
çoxrəngli görünürdü. Mən
xüsusilə “Gündəm”ə baxır, bu proqramda
müasir dünyanın siyasi mənzərəsini
görür, təhlillərə maraqla qulaq asırdım.
Bu proqramın bir üstünlüyü də
onda idi ki, Azərbaycan xarici siyasətinin parametrlərini
dolğun əks etdirir və mürəkkəb beynəlxalq
şəraitdə diplomatiyamızın uğurlarını
dolğun şəkildə işıqlandıra bilirdi. Bəzən ekspertlərin fikirlərinin
üst-üstə düşməməsi də bu proqrama
ayrıca gözəllik verirdi. Bu
verilişin indi efirə getməməsinə çox təəssüflənirəm.
Qulu Məhərrəmli olduqca maraqlı, ekran
üçün cazibədar, yapışıqlı
aparıcıdır. Əvvəla, o, ekrandakı səmimiyyəti
ilə auditoriyanı ələ ala bilir. İkincisi
isə tamaşaçı ilə daim bir yerdə olmağa, ən
səmimi münasibətlə fikir bölüşməyə
çalışır. Bu isə onun
yaradıcı tərəfidir, sənətkar, publisist, alim
Qulu Məhərrəmliyə məxsus gedişlərdir.
Mən şəxsən bu cür
yaradıcılığı çox sevirəm. Məsələn, bir vaxtlar Rusiya televiziyasında
Viktor Şaxnovski vardı, həm gözəl televizyonçu,
həm də gözəl alim idi. Və
yaxud, Lermontovşünas İ.Andronikovun apardığı
verilişləri xatırlayaq. Bu cür
yaradıcılıq prosesində elmlə sənətkarlığın
çulğaşdığını, bir-biri ilə rəqabətdə
olduğunu, yarışdığını və bir-birini
tamamladığını görürük. Bu mənada mən ayrılıqda jurnalist və
ayrılıqda alim Qulu Məhərrəmlinin hər ikisini
ciddi tapıntı hesab edirəm. Onun həm
elmi araşdırmaları, həm də teleradioda
çalışdığı illər ərzində
hazırladığı verilişlər Azərbaycanın
yeni mediası, yeni jurnalistikamız üçün çox
orijinal örnəklərdir.
Qulu müəllim tərəfsiz jurnalistikamızın ən
parlaq təmsilçilərindən biridir. Yəni həqiqətən,
müstəqil, mahiyyətcə, düşüncə
etibarı ilə müstəqil jurnalist, alim, pedaqoq Q. Məhərrəmli
Azərbaycanın mənafeyini, milli maraqlarını, peşə
prinsiplərini, yaradıcılıq meyarlarını hər
şeydən yüksək, hər şeydən öndə
tutur və bu meyarlar əsasında fəaliyyət göstərir.
Cəmiyyətimizin belə işıqlı
şəxsiyyətlərə çox böyük ehtiyacı
var.
***
Qulu müəllimin ən
parlaq keyfiyyətlərindən biri obyektiv və ədalətli
olması, yaramazıqlarla üzləşəcəyini bilsə
belə, həqiqəti deməkdən çəkinməməsi,
axına qarşı üzə bilməsidir. İctimai vicdanın daşıyıcısı, məhz
belə adamlar olur.
Onun tarixi irsimizə, milli ideyaların
daşıyıcısı olan parlaq şəxsiyyətlərə
münasibəti də bizi xeyli yaxınlaşdırıb. O, Zərdabidən,
Ü.Hacıbəylidən, Sabirdən, M.Ə.Rəsulzadədən,
Ə.Ağaoglundan, Ö.F.Nemanzadədən,
Ə.Topçubaşıdan və başqa millət fədailərimizdən
həvəslə danışanda mən xüsusi zövq
alıram. Bir neçə il əvvəl “Ayna” qəzetində
çap etdirdiyi “Cümhuriyyətin banisi” məqaləsi
obyektiv tarixi yanaşmasına, həqiqəti dəqiq əks
etdirməsinə, həm də kifayət qədər cəsarətli
yazılmasına görə o qədər xoşuma gəlmişdi
ki, Moskvadan zəng edib onu təbrik etməkdən
özümü saxlaya bilmədim...
Mən Qulu Məhərrəmlinin ixtisas biliyini, alimliyini bir yana qoyub, onun intellekti, məlumatlılığı, həyat bilgisi və geniş dünyagörüşünü ayrıca vurğulamaq istəyirəm. Yaxşı mütaliəsi var, təkcə ekranda yox, həyatda da çox maraqlı həmsöhbətdir. 5-6 il əvvəl Moskvaya birgə uçurduq. Təyyarədə çox şeydən söhbət edirdik, söz-sözü çəkirdi. İki saat yarımlıq yolun necə keçdiyini hiss etmədik, amma hava limanında ayrılanda hər ikimiz təəssüfləndik ki, söhbət eləməyə vaxt çatmır.
Deyirlər ki, bilik elmdən asılıdır, hörmət işdən, firavanlıq səydən, mükafat isə taledən. Düşünürəm ki, bunların hamısı çox maraqlı, çox yaddaqalan telepersona olan Qulu Məhərrəmlinin qismətində var. Ona görə də Qulu müəllim cəmiyyətdə təkcə jurnalist və aparıcı kimi deyil, həm dədaxili gücü böyük olan bir şəxsiyyət, parlaq ziyalı, elm adamı və ictimai xadim kimi də qəbul edilir. Ən əsası odur ki, arzulanan adamdır. Diplomatik dildə belə xoşniyyətli insanlara “persona-qrata” deyirlər. Qulu Məhərrəmli bizlər üçün, bütün mənəviyyat adamları üçün məhz belə arzulanan, sevilən və hər zaman sözünə ehtiyac duyulan şəxsiyyətdir. Tarix boyu milləti də, onun mənəviyyatını da belə şəxsiyyətlər təmsil edib.
Ramiz ABUTALIBOV
Diplomat
Bizim Yol.- 2016.- 3 noyabr.- S.11.