Bir işıq zolağı
Adamların insan olmağa can
atmadığı dövrdə müasirlərimizin qəribə
ehtiyacları əmələ gəlib. Ləzzət
(geyim, yemək, əyləncə) ünsiyyət
ehtiyacını üstələyə bilir. 20-30 il əvvəl
uşaqların dağılmayan rezin ayaqqabı və
yaxşı topa ehtiyacları vardısa indi həmin
yaşlı uşaqlar planşet və oyun
pristavkalarını çəhrayı yuxularında
görürlər. Boteks, silikon, içinə Allah bilir nə
doldurulmuş sendviç, brend markalardan alış-veriş,
yerindən götürüləndə mütləq
“vığıldayan” super avtomobil, super- giper marketlər,
mollar və daha nələr, nələr... Amma insanın
insana olan ehtiyacı bitib tükənməyən, özü də
bir qədər dəbdən düşmüş və
heç vaxt tam ödənməyən ehtiyaclardandı.
İnsan işbirliyindən aldığı ləzzəti heç nə ilə ödəyə bilmir. Kimyada da belədir. Kimyəvi elementlər yəqin ki, özxoşuna birləşib müxtəlif maddələr əmələ gətirir. İki oksigen birləşəndə hava (O2) əmələ gəlir, bir oksigen iki hidrogenin əlindən tutanda isə su (H2O) yaranır. Amma elementlərin düzülüşündən keyfiyyəti də dəyişir. Məsələn, qlükoza və fruktozanın tərkibi eynidir (C6H12O6). Həmin elementlər beşguşəli fiqur şəklində mütənasib düzüləndə fruktoza olur və daha xeyirli sayılır. Elementlər bu gözəlliyi pozub dalbadal, istədiyi kimi düzüləndə isə qlükoza olur və orqanizmə ziyan verir. Kimyəvi elementlərə şüurlu canlılar kimi baxıb bütün bunları cəmiyyətdə baş verənlərlə müqayisə edəndə lap maraqlı görünür. Fruktozanın tərkibini daha təhlükəli, məsələn heroinlə (C21H23NO5) müqayisə edək. Deməli məsələyə daha 15 karbon, 9 hidrogen, bir natrium qarışmalı, bir oksigen küsüb getməlidir ki, narkotik maddə alınsın. Ona görə də cəmiyyətdə kiminsə hansısa qurumdan çıxıb getmə faktına kiçik hadısə kimi baxmayaq.
Ehtimal etmək olar ki, insanların birləşib müştərək bir iş görməsi məsələyə daha yüksəkdən baxa bilənlərə gözəl bir naxış, rəngarəng emosiya spektri kimi görünür. Bu mənada konsert salonunda yaradıcılıq gecəsinə toplaşmış tamaşaçıları sayrışan enerji xalçasına, müəyyən nizamla düzənlənmiş orkestri isə bərq vuran kristala bənzətmək olar. Əlbəttə ki, məsələyə baxış bucağını düzgün seçə bilsəz. Belə bir kristallardan biri noyabrın 4-də Xəzər Universitetinin “Dünya” konsert salonunda parladı. Bu kristalı yetişdirməkçün Xəzər Universitetinin müdiriyyəti, bilavasirə Hamlet İsaxanlı və orkestrin yaradıcı yükünü daşıyan musiqi departamentinin rəhbəri Zülfiyyə Sadıqova illər uzunu çalışırlar.
Həmin gün görkəmli adamlarla görüşlər təşkil edən “Xəzərlə üz-üzə” layahəsinin daha bir tədbiri, bəstəkar Sərdar Fərəcovun yaradıcılıq gecəsi reallaşdı. Əməkdar İncəsənət Xadimi, Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru Sərdar Fərəcovun yaradıcılığına həsr olunan - “Sərdar Fərəcovla üz-üzə” adlı konsertə toplaşanlar son zamanlar öləziməkdə olan nadir hadısəylə - bir gecədə klassik, keyfiyyətli, ciddi musiqinin səslənməsinin şahidi oldular. Gecədə bəstəkarın əsərlərindən simli orkestr üçün yazılmış “Oda alqış”, “Sübh duası”, “ Zərif Vals”, “Rəqs”, “Bir günlük siğə” operettasından “Türk rəqsi”, “Qazinin gəlişi”, Hamlet İsaxanlının sözlərinə yazılmış - “Uzaqlarda qalan bulud”, “İstanbul, Boğaziçi” romansları, tar üçün bəstələnmiş “Qarabağ”, “Rondoletto”, skripka üçün “Ulduzlu gecə”, “Sentimental vals”, “Skertso”, kamança üçün “Unutma” pyesləri səsləndirildi.
Bu gecənin baş tutması üçün bir bəstəkar doğulmalı idi, oxuyub bilik toplayıb peşəyə yiyələnməli idi və bir ömür yazıb yaratmalı idi ki, 60 yaşın astanasında onun əsərlərindən seçib bir konsertlik musiqi alınaydı. Bir nəfər də universitet yaratmaq üçün çalışmalı, dünyanı dolaşıb ən proqressiv işləri gətirib Bakıda reallaşdırmaq, ən əsası kiçik kamera orkestri yaratmağı istəməli idi. Gecələr keçirməyə zal, texniki avadanlıq, işıqlı, zəkalı adamları toplamaq istəyi və yığışmağa yeri-yurdu təşkil etməyi də bura qatmalıyıq. Sonra bir enerjili pianoçu da lazım idi ki, gündəmin bomboz reallığından qaçıb çalmaqda, işləmək və çalışmağında olub tədbirlər keçirmək istəyi və bacarığında olaydı. Kamera orkestrini toplamaq, məşq elətdirmək, yüksək ifaçılıq durumuna gətirməyin peçəsi pianoçuluq olan ifaçı üçün nə qədər çətindi, bunu yalnız ağırlığını çəkən bilər. Orkestrin üzvləri də bir ömür yaşayıb, öyrənib normal ifaçılıq durumuna gəlməliydi ki, səhnəyə çıxmaq və alqış qazanmaq qüdrətində ola bilsinlər. Çəkdiyimiz lövhəyə zalda toplaşmış sənət adamlarını, dinləməyə gəlmiş professionalları, ürək sözünü eşitdirməyə çalışan dost və pərəstişkarları, çiçək dəstələri, gözlərdə parlayan sevinc və razılıq damlalarını, alqışları da əlavə etməliyik. Toxuduğumuz “sənət” formuluna ifaçılardan zalı feyziyab etmiş xalq artisti Ramiz Quliyevi, musiqişünas Zemfira Qafarovanın sözü ilə desək “adam dilində yazan bəstəkar” barədə ürək sözlərini səsləndirmiş rejissor Rövşən Almuradlı, rejissor Əflatun Nemətzadə, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlını, möhtərəm qonaqlardan Arif Məlikovu və nə qədər adı köşəyə sığmayacaq qədər çox olan sənətsevərləri lap bir nöqtə şəklində kimi olsa da qatsaq artqı möhtəşəm lövhə alınır. Elementlər yığılıb müxtəlif maddələr yaradırsa insanlar toplaşıb möhtəşəm enerji düyünləri, yalnız kosmik miqyasdan görünə bilən rəngli burulğanlar, təsvirə gəlməz naxışlar, butalar yaradırlar. Ola bilər, həmin gecə nazik dünyaların sakinləri yerdən gələn gözəl bir işıq zolağının şahidi oldular. Biz isə, yəni adi yer adamları gözəl musiqi dinlədik, bəstəkara hədiyyə edilən rəsmə tamaşa etdik, ecazkar şeir intonasiyalarına qərq olduq, dərdləşdik və yüngülləşdik...
P.S.
Yaradıcılıq gecəsini televiziyada
işıqlandırmaq üçün dəvət
almış 6 kanaldan heç biri hadisəni qeydə almaq
üçün gəlib çəkiliş aparmağa layiq
bilmədi.
Bizim Yol.- 2016.- 9 noyabr.- S.15.