Yaşar Nurinin xatirə
tədbiri
keçirilib
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli kino və teatr xadimi Yaşar
Nurinin 65 illik yubileyi münasibəti ilə xatirə tədbiri
keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə gerçəkləşən gecədə mədəniyyət
və incəsənət xadimləri, sənətkarın sənət
dostları və yaxınları iştirak edib.
Tədbirdə mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev
çıxış edərək
unudulmaz sənətkarın həyat və yaradıcılığı, sənət fəaliyyətindən
söz açıb. Onun Azərbaycanın
mədəni həyatındakı müstəsna xidmətlərindən
danışaraq bildirib ki, biri-birindən maraqlı obrazlar
yaradan aktyorun teatr və kino sənətinin inkişafında,
formalaşmasında əvəzsiz xidmətləri olub:
"Yaşar Nuri teatr aktyoru kimi tanınmaqla yanaşı, həm
də məşhur kino ustası kimi sevilib. Ona böyük
populyarlıq qazandıran ekran əsərləri, 50-dək bədii
filmdə yaratdığı obrazları sənətkara
geniş tamaşaçı auditoriyası qazandırıb.
Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasında yüzdən
çox televiziya tamaşasında yaratdığı obrazlarla
biri-birindən maraq doğuran bədii kompozisiyalar və satirik
səhnəciklərdə iştirak edərək
tamaşaçılar tərəfindən hər zaman sevilib,
alqışlanıb. Belə ki, onlardan “Yollar görüşəndə”,
“Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn
yar”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Səni
axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz”
trilogiyası, “Göz həkimi”, “Ac həriflər” və
başqa televiziya
tamaşalarını misal göstərmək olar. Buna görə
də Yaşar Nuri əsl sənətkar kimi hər zaman
xalqın yaddaşında əbədi yaşayacaq".
Tədbirdə Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının direktoru, xalq artisti Azər Paşa Nemət Yaşar Nurinin Azərbaycan mədəniyyətinin
inkişafındakı xidmətlərindən danışaraq
onun yaratdığı obrazlar qalereyasına nəzər
salıb. O, qeyd edib ki, Yaşar Nuri cəsarətli aktyor kimi qəliz
rəqs nömrələrini, muğam və estrada, o cümlədən
aşıq musiqisi üzərində qurulan satirik, dramatik,
psixoloji, komik və karnaval estetikasına uyğun obrazların
ifasında uğur qazana bilməklə yanaşı, böyük tamaşaçı qəlbinə
yol tapa bilib.
Sənətkarın
yaxınlarının və sənət dostlarının
qatıldığı tədbirdə Xalq artistinin həyat və
yaradıcılığından söhbət
açılıb.
Çıxışlarda müasir Azərbaycan mədəniyyətində
özünəməxsus yer tutan Yaşar Nuri zəngin
yaradıcılıq axtarışları ilə milli teatr və
kino sənətinin inkişafına dəyərli töhfələr
verdiyi qeyd olunub.
Tədbirdə
sənətkarın vaxtı ilə iştirak etdiyi səhnə
əsərlərindən fraqmentlərlə təqdim olunub.
Bizim Yol.- 2016.- 17 noyabr.- S.15.