"İnsan əgər
özünə əhsən
deyirsə, o zaman
artıq bitir"
Bu gün Xalq artisti, sevilən
aktyor Nurəddin Mehdixanlının doğum günüdür. Onun 60 yaşını tamam olur. Hərçənd bu yaşı ona heç vermək
olmur. Həmişəcavan və sevilən
sənətkarı biz də təbrik etdik.
Publika.az-a müsahibə verən
Xalq artistini bir daha yaxından tanımağa
çalışdıq.
- Mənim
üçün rəqəmlərin heç bir əhəmiyyəti
yoxdur. İnsan var ki, 20-25 yaşı var, amma duyğuları
sönüb, ortalıqda kölgə kimi gəzir. Adam da var
yüz yaşındadır, amma həyat doludur,
gözünün içi sevgidən parıldayır.
- Yubileydir, qeyd edəcəksiniz
doğum gününüzü. Maraqlıdır,
təmtərağı sevirsiniz?
- Təmtəraqlı
şəkildə qeyd olunmağı bilmirəm, bunu yəqin
ki, çalışdığım teatrın rəhbərliyi
müəyyən edəcək. Amma sevdiyin insanların
qarşısında hesabat vermək xoş bir duyğudur.
- Bəs özünüz
özünüzə hesabat verərkən
məmnun qalmısınızmı?
- Hər
halda. Həmişə millətini sevən, ona qulluq edən
biri olmuşam.
- Özünüzə tez-tez "əhsən
sənə Nurəddin” deyib
mükafatlandırmısınız?
- Sizə
səmimi etiraf edim ki, heç vaxt özümə əhsən
deməmişəm.
- Niyə?
- İnsan əgər özünə əhsən deyirsə,
o zaman artıq bitir. Bütün günü "mən, mən” deyən
insanları bitmiş insanlar hesab edirəm. Allah eləməsin,
mən o halı yaşayım. Kimlərsə kənardan məni
dəyərləndiribsə, sənətimə, şəxsiyyətimə
qiymət veribsə, bu başqa məsələ. Demək ki,
bu həyatı boşuna yaşamamışam.
- Böyük aktyor, sevilən aktyor,
populyar aktyor - bunların hansını özünüzə
daha çox yaraşdırırsınız?
- "Nəsimi” filmində Nəsiminin dilindən səslənən
bir fikir var: var cahil insan, var kamil insan. Mənim anlamımda da kamil və
cahil aktyorlar var. Mənim üçün kamil aktyor Abbasmirzə
Şərifzadə, Ələsgər Ələkbərov,
Ülvi Rəcəb, Səməndər Rzayev, Hamlet Xanızadə,
Həsənağa Turabovdur.
- Bəs siz?
- Mən
hələ yıxıla-dura kamilliyə doğru getməkdə
olan bir aktyor. Hələ bilmək olmaz o yolu sonuna qədər
gedib çıxacam, ya yox. Aktyor var, utanmadan müsahibə
verir ki, mən belə rollar yaratmışam, belə
tamaşaçı sevgisi qazanmışam. Adam utanıb xəcalət
çəkər belə sözlər danışmağa. Sən
kimsən axı, nəsə də yaradasan? Onda adını
sadaladığım o böyük aktyorlar bəs kimdir, onlara
nə ad verək?
- Hədiyyələrə
münasibətinizi bilmək
maraqlıdır. Ən çox sevdiyiniz hədiyyə
varmı?
-
Əslində mənim üçün dəyər onun kim tərəfindən, hansı istəklə
verilməsidir. Bu bir söz də ola bilər, kağız
parçası da. Amma sevdiyim hədiyyə
qızılgüllərdir. Bunun da səbəbi var.
Qızılgül asanlıqla dərilə bilən gül
deyil. Tikanları ilə müdafiə olunur. Qanını
çıxarmasa, sənə təslim olmaz. Gül var ki, əlini
atıb asanlıqla dəstə ilə dərirsən. O sənin
üçün dəyərli də olmur. Sanki alaq otudur. Amma
qızılgül rahat dəriləcək gül
olmadığı üçün sevirəm. Mən həyatda
da beləyəm, hər şeyə çətinliklərlə
nail olmuşam. Nələrisə bəziləri kimi gətirib
qızıl məcməyidə qarşıma qoymayıblar.
Qazandıqlarıma savaşaraq, dişimlə-dırnağımla
çatmışam. Qarşımı kəsən maneələr
çox olub. İşlərimdən çox vaxtımı o
maneələri dəf etməyə sərf etmişəm. Amma
sifətimi itirmədən, dəyişmədən gəlib
çatdım 60 yaşa.
- Xoşbəxt ailə
başçısı, xoşbəxt insan, xoşbəxt
aktyor... Bunların hansında daha çox
özünüzü tapdınız?
-
Əslində xoşbəxtlik anlarla, məqamlarla yaşanan
hisslərdir. İnsanın əgər doğma ocağı,
ailəsi, torpağı, Vətəni varsa, xoşbəxtdir.
İnsan yıxılan bir adamın əlindən tutub onu
qaldırırsa, həmin adamın bəxş etdiyi minnətdarlıq
hissindən dünyanın ən xoşbəxti ola bilir. Kimisə
sevindirməkdən alınan zövqü heç nəyə
dəyişmək olmaz.
- Çox sərt görünüşünüz var. Əslində
bu sərt görünüşün arxasında olan insan necədir?
- Vəziyyətdən
asılıdır. Mən sovet dönəmini
görmüşəm. Atam çox sərt adam olub. Biz həmişə
atamıza baxıb, ondan öyrənməyə, onun kimi
danışmağa, yeriməyə öyrəşmişik. Mən
də atama baxıb, onun kimi sərt olmuşam.
- Ən sərt reaksiyanız necə ola bilər?
- Mənim
həyatda ən zəhləm gedən, ən nifrət etdiyim
bir xüsusiyyət varsa, o da insanın düz üzünə,
gözünün içinə baxaraq yalan
danışmasıdır. Mənim üçün bundan
böyük iyrənclik, rəzalət ola bilməz. Həmin
an çox sərt söz deyə bilərəm, kənd
uşaqlarında bir xüsusiyyət var, sərhəd
açılanda bir dənə zolluyursan, məsələ həll
olunur.
- Sərt olduğunuz qədər də xarizmatik insansınız. Ətrafınızda hər zaman
xanım pərəstişkarların
olduğu deyilir.
Heç
xanımların sevgisindən
sui-istifadə etmisiniz?
- Təbii ki, sevilmək gözəl hissdir. Mən hələ birinci
kursda oxuyanda, qonşunun uşaqları ilə gəzməyə çıxırdıq. Ətrafda
qızlar, xanımlar olurdu, onlarla tanış olurdular. Mən onlara əsəbiləşirdim
ki, o qızla evlənməyəcəksənsə, niyə yoldan çıxarırsan. Təbii ki,
məni də xoşlayan xanımlar olub, sənətimə vurularaq, özümdən
də xoşları gəlib. Amma mən heç
vaxt qəlb sındırmağı, incitməyi
sevməmişəm. Gərək
elə məqamda o xanımı başa salasan ki, mən
səninlə dost ola bilərəm, amma sevgidən istifadə etmək olmaz. Təbii ki, mən tək,
onlar çox olub, amma kişi hər xoşladığı qadının
arxasınca getsə, xırdalanar. Kişi gərək əlçatmaz,
sirli olsun ki, kimlər üçünsə, maraqlı
qalsın. Həm də
mən seçib-seçmələyən
adamam, ona görə gec evlənmişəm.
- Neçə yaşında?
- 32.
- Qadını necə tərif edərdiniz?
- Qədim oğuzlar qadını başım baxtı, evim taxtı deyə çağırıblar. Mənim üçün
də qadın başımın baxtı,
evimin taxtıdır.
- Doğum günündə özünüzə
nə arzulayırsınız?
- Allah məni sevdiklərimin qarşısında peşman
eləməsin.
Bizim Yol.- 2016.- 7 oktyabr.- S.15.