Məşhur xalq qəhrəmanının
məzarı Qarsda
tapıldı
Son gunlər Azərbaycanın xalq
qəhrəmanı, ötən əsrin əvvəllərində
erməni daşnaklarının Qarabağda törətmək
istədiyi soyqırımın qarşısının
alınmasında müstəsna xidmətləri olan, erməni
quldurbaşısı Andranik Ozanyanın dəstəsini
darmadağın edən Sultan bəy Sultanovun Türkiyədəki
məzarının baxımsız qalması ilə
bağlı müxtəlif xəbərlər yayılıb. Bildirilir
ki, Laçın rayonundan olan millət vəkili Mahir Abbaszadənin
təşəbbüsü ilə Sultan bəyin Türkiyənin
Qars vilayətinin Koçköy kəndində yerləşən
məzarı barədə foto və məlumatlar toplanıb və
artıq Türkiyə tərəfi ilə məzarın
abadlaşdırılması haqqında şifahi
razılıq əldə edilib. Millət vəkili Mahir Abbaszadə
müsahibəsində baş verənlərə
aydınlıq gətirib. Bizimyol.info həmin müsahibəni
oxuculara təqdim edir.
- Mahir müəllim, bildiyimiz qədər,
sözügedən məsələ sizin təşəbbüsünüzlə
aktuallaşdırılıb. Bu səbəbdən
yaxşı olardı ki, baş verənlərə elə
özünüz aydınlıq gətirəsiniz…
- Əvvəla, onu deyim ki, mən Sultan bəy və Xosrov bəy Sultanov qardaşlarını tarixi şəxsiyyət kimi bir birindən ayırmıram. Çünki həm Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olmuş Xosrov bəyin, həm onun qardaşı, erməni quldur dəstələrinə divan tutmuş Sultan bəyin xalqımız qarşısında müstəsna xidmətləri var.
Bu qardaşların istər məzarlarının tapılması, istər onlarla bağlı tarixi faktların ortaya çıxarılması məsələsi bizi çoxdan qayğılandırırdı. Ona görə biz bundan əvvəl Xosrov və Sultan bəy qardaşlarının 130 illiyi ilə əlaqədar bir kitabın nəşrinə dəstək verdik, o kitab artıq ərsəyə gəlib və oxucuların ixtiyarındadır.
Bundan başqa Laçın ictimaiyyətinin, xüsusilə gənclərin xahişi ilə Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Məsimova müraciət ünvanladıq və Mübariz bəy çox sağolsun ki, həm Sultan bəyin, həm də Xosrov bəyin adını şirkətin yeni gəmilərinə verməklə əbədiləşdirdi. Bu gün Xosrov bəy və Sultan bəy gəmiləri dünya okeanını fəth etməkdədir.
2015-ci il parlament seçkilərinə qatılarkən isə gördüm ki, erməni daşnaklarına ləyaqətlə cavab vermiş, Azərbaycan torpaqlarının erməni işğalından qorunmasında qəhrəmanlıq göstərmiş Xosrov bəy və Sultan bəyin məzarlarının tapılıb, bərpa və abad olunması seçicilərdən gələn sosial sifarişlərdən biridir. Beləliklə, sanki üzərimizə böyük bir öhdəlik götürdük ki, həm səlahiyyətlərimiz, həm gücümüz çərçivəsində bu işlərlə məşğul olaq.
- Deməli bu, sizin üçün
mənəvi məsələ olmaqla
yanaşı, həm də bir növ seçki öhdəliyi
idi?
- Elədir. Və mən bu işi biləvasitə Laçın ictimaiyyətiinin dəstəyi və iştirakı ilə görürəm. Sentyabr ayında Laçının fəal gənclərindən İbrahim Mirzəyev və Aqil Səfərəliyevin Naxçıvana, oradan isə Türkiyənin Qars vilayətinə səfərini təşkil etdik ki, onlar Sultan bəyin məzarının dəqiq harada yerləşməsi və hansı vəziyyətdə olması barədə məlumat toplayıb gətirsinlər. Onlar çox böyük çətinliklə Qars vilayətinin Koçköy kəndində Sultan bəyin və onunla birlikdə vaxtilə oraya köç etmiş digər laçınlıların məzarlarını tapıb, onlarla bağlı məlumatlar toplayıb və fotolar çəkib gətirdilər. Yeri gəlmişkən, məzarın tapılmasında onlara dəstək olan, yol göstərən yerli sakinlərə və jandarma məmuru Nacih Horasana da ayrıca təşəkkür etmək istərdim.
Şəkillər sosial şəbəkədə paylaşılandan sonra böyük rezonansa doğurdu. Mən çox hörmətli deputat həmkarım Qənirə xanım Paşayevaya da minnətdaram ki, bizim səsimizə ən tez səs verənlərdən biri oldu və öz dəstəyini əsirgəmədi. Mən də öz növbəmdə Qars vilayətinin bələdiyyə başqanı Murtaza Karaçantayla telefon əlaqəsi saxladım, qəbrin bu vəziyyətdə olmasının həm bizim üçün, həm də Türkiyə üçün utandırıcı bir hal olduğunu bildirdim. Bundan sonra Murtaza bəy söz verdi ki, yaxın vaxtlarda Sultan bəyin məzarı onun adına layiq bir şəkildə abadlaşdırılacaq.
Bununla biz həm seçicilərə verdiyimiz sözə sadiq qalmış, həm də Xosrov bəy və Sultan bəyin ruhu qarşısında mənəvi borcumuzu yerinə yetirmiş olarıq. Bu, həm də onunla önəmlidir ki, gələcək nəsillər torpaqlarımızın qorunmasında çox böyük fədakarlıq göstərmiş insanları tanısınlar.
- Bu
məzar barədə tanınmış telejurnalist
Vəsilə Vahidqızının müəllifi olduğu “Xalq qəhrəmanı
Sultan bəy” sənədli filmində də
bəhs edilir. Filmdə Sultan
bəyin mərhum nəvəsi Elbrus Muradov deyir ki,
onun Türkiyədə apardığı
araşdırmalar da həmin məzarın
məhz Sultan bəyə məxsus olduğunu göstərir. Elbrus
Muradov vaxtilə məzarı ziyarət edib və yerli insanlarla da
danışıb. Sizcə məzarın açılması,
arxivlərin incələnməsi kimi əlavə
araşdırmalara ehtiyac varmı?
- Düşünürəm ki, hər halda məzarın açılmasına ehtiyac olmayacaq. Səbəb isə ondan ibarətdir ki, Sultan bəyə məxsus olduğu deyilən məzarın yaxınlığında onun qızının da məzarı var. Onun üzərində ata adı kimi «Sultanbəy qızı» yazılıb. Eyni zamanda o qəbrin ətrafındakı məzarların hamısının üzərində yurdu Laçın, ilçəsi Laçın sözləri yazılıb. Bunlar və yerli sakinlərin dedikləri əsas verir ki, biz həmin adsız məzarın məhz Sultan bəyə aid olduğu qənaətinə gələk. Eyni zamanda biz düşünürük ki, bayaq adlarını çəkdiyim gənclərlə birlikdə yaxın vaxtlarda yenidən Qars vilayətinə səfər edək, orada uzun müddət yaşamış yaşlı insanlarla görüşüb söhbətlər edək, Sultan bəyin nəvə-nəticəsindən kimlərin qaldığını öyrənək. Ola bilsin həmin insanlar artıq Türkiyənin başqa bölgələrində məskunlaşıblar, onlarla da əlaqələr qurulacaq və mən guman etmirəm ki, biz məzarın Sultan bəyə aid olmasında yanılırıq. Sadəcə qalır onun abadlaşdırılması ki, bu da bizim borcumuzdur.
- Onda
belə çıxır ki, uzun-uzadı bürokratik prosedurlara ehtiyac qalmayacaq və proses yaxın zamanlarda öz məntiqi sonğluğuna
çatacaq…
- Bələdiyyə başqanı Murtaza bəy mənə bildirdi ki, o hazırda İzmirdədir, oradan Ankaraya, sonra isə Qarsa qayıdacaq və dönən kimi də məzarın abadlaşdırılması ilə bağlı göstərişlər verəcək. Bilirsiniz ki, bu, həm də bələdiyyə büdcəsinə və iş planına daxil edilməlidir, çünki məzar olaraq bizim olsa da, Türkiyənin ərazisində yerləşir. Mən də təkrar olaraq bir həftə-on gün ərzində yenidən Murtaza bəylə əlaqə saxlayacam və sizi inandırmaq istəyirəm ki, bu məsələnin məntiqi sonluqla nəticələnməsi üçün nə lazımdırsa edəcəyik.
Murtaza bəyə də bildirmişəm ki, məzarın Sultan bəyin adına layiq bir şəkildə düzəldilməsi üçün bizim tərəfimizdən nə lazımdırsa etməyə, o cümlədən maliyyə dəstəyi göstərməyə hazırıq. Əminəm ki, bu işi başladığımız kimi ləyaqətlə də başa vuracağıq və bir gün Azərbaycan və Türkiyə ictimaiyyətinin, millət vəkillərinin, gənclərin iştirakı ilə Sultan bəyin abadlaşdırılmış məzarının ilk ziyarətini həyata keçirəcəyik. Bununla da göstərəcəyik ki, illər araya girsə də, Azərbaycan xalqı öz qəhrəmanlarını unutmur.
- Azərbaycan tərəfinin maliyyə dəstəyinə ehtiyac olsa, dövlətə müraciət olunacaq, yoxsa iş adamlarına?
- Əslində düşünmürəm ki, buna böyük vəsait tələb olunsun. Bu səbəbdən məncə dəstək üçün dövlətə müraciət etməyə zərurət də qalmayacaq. Digər tərəfdən hər şeyi dövlətdən ummaq da doğru deyil. Prezident İlham Əliyev başda olmaqla dövlətimiz tarixi şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi istiqamətində çox işlər görür və biz də elə ölkə başçımızın bu siyasətinə arxalanır, ona dəstək verməyə çalışırıq. Çünki bizim də toplum olaraq öz tariximizin qorunub gələcək nəsillərə çatdırılmasına bir qatqımız olmalıdır. Bu baxımdan hesab edirəm ki, maliyyə baxımından da çətinliyimiz olmayacaq.
- Və sonda, nə üçün
məhz Sultan bəyin məzarı.
Axı onun qardaşı, Azərbaycan ilk hərbi naziri, Qarabağ və Zəngəzurun general qubernatoru olmuş Xosrov bəy Sultanovun da məzarı
Türkiyədədir?
- Əvvəla onu deyim ki, Xosrov bəyin İstanbulda yerləşən məzarını tanınmış telejurnalist, publisist Bəxtiyar Qaraca aşkar edib, şəkillərini öz səhifəsində paylaşmışdı. Sonradan Laçın rayonunun çox fəal gənclərindən biri Orxan Cəbrayıl bu şəkli sosial şəbəkələr vasitəsilə ictimailəşdirdi və hamımızın diqqət mərkəzinə gətirdi. Amma nə üçün bu gün biz Sultan bəyin qəbrinin bərpasında daha çox maraqlıyıq? Fotolara diqqət etsəniz görərsiniz ki, Xosrov bəyin məzarı baxımsız deyil və yerləşdiyi məzarlıqdakı digər qəbirlərdən o qədər də fərqlənmir. Hətta bu gün Azərbaycandan İstanbula səfər edən gənclər də ilk hərbi nazirimizin məzarı ziyarət edir, ona qulluq göstərir. Məsələn, mənimlə bir sinifdə təhsil almış İlqar İmranov bu yay ailəsi ilə birlikdə Xosrov bəyin məzarını ziyarət edib, orada gül-çiçək əkib, abadlıq-təmizlik işləri görüb və öz qəhrəmanına olan sevgisini belə ifadə edib. Amma bu gün çox təəssüflər olsun ki, biz eyni şeyləri Sultan bəyin məzarı barədə deyə bilmərik, çünki məzar baxımsız vəziyyətdədir və orada kimin uyuduğu barədə heç bir nişanə yoxdur. Bununla belə mən əminəm ki, biz bu məzarı abadlaşdırdıqdan və onun açılışını həyata keçirdikdən sonra ora insanların bir ziyarət yerinə çevriləcək. Bu, bir tərəfdən gənclik üçün örnək, digər tərəfdən isə xalqın öz qəhrəmanına sayqısının ifadəsi olacaq.
Bizim Yol.- 2016.- 23 sentyabr.- S.15.