“Düz 102
yaşıma qədər vaxtım var”
“Teatrsız aktyor idman zalı
olmayan idmançıya bənzəyir”
Bir tərəfdən baxanda, Fəxrəddin
Manafovun xüsusi təqdimata heç bir ehtiyacı yoxdur. Onu
hamı tanıyır və sevir: yaşlı nəsil də,
gənclər də. Amma digər tərəfdən
yanaşsaq, bu böyük aktyorun kütlə
üçün bilinməyən tərəflərinin
qısa təqdimatı hər halda, artıq olmaz.
Azərbaycan
kinosunda daxili dünyası mürəkkəb olan, içində
özü ilə mübarizə aparan obrazları heç kim
onun qədər məharətlə oynaya bilməyib. Aktyor
fakturası baxımından o, sanki bu cür rollar
üçün yaranıb, oyun sistemi isə həmin
fakturanı tamamlayır və nəticədə ortaya mükəmməl
obrazlar çıxır.
Fəxrəddin
Manafovun yaratdığı obrazların heç biri dayaz və
birtərəfli deyil; hamısı
çoxölçülü, mürəkkəb, psixoloji dərinliyi
tamaşaçını batırmağa qadir olan rollardır.
Çox vaxt onun qəhrəmanlarının sadəcə,
üzünə baxmaq yetərli olur ki, onların daxili
dünyalarında necə böyük bir müharibənin
getdiyini hiss edəsən. Onu da qeyd etmək
lazımdır ki, Azərbaycan kinosunda cənab Manafov qədər
mimika və yarımtonlarla oynamağı bacaran aktyor tapmaq da
çətindir. O, bəzən yüngül bir mimika hərəkəti
ilə o qədər şey deyə bilir ki, başqa aktyor
saatlarla danışsa, anlada bilməzdi... Bu, ancaq dünya
kinosunun metrlərinin sahib olduğu bir qabiliyyətdir:
yarımtonlarla oynaya bilmək.
Haqqında
çox danışmaq olar, amma bircə sözlə, o,
doğrudan da böyük aktyordur: Azərbaycan
Respublikasının xalq artisti – sözün əsl və həqiqi
mənasında xalq artisti,- Fəxrəddin Manafov.
- “Təkcə
müsahib yox, jurnalist də verdiyi sualların üzərində
düşünməlidir” demişdiniz bir dəfə.
Düşünülməyən suallarla çoxmu üzləşirsiniz?
- Ola bilsin ki, belə bir ifadə işlətmişəm. Amma bu sözümün mənası ondan ibarətdir ki, müsahibə almaq istəyən jurnalist məni müsahib seçibsə, deməli, bir şəxs olaraq mən, mənim yaradıcılığım və mənim hansısa bir cəhətim onu maraqlandırıb və bu baxımdan bütün suallar məhz bu məqsədə yönəlməlidir. Təəssüflər olsun ki, bir çox vaxt rast gəldiyim, məndən müsahibə almaq istəyənlər qeyri-peşəkarlıq göstərib nə istədiklərini bilmədikləri üçün məqsəddən yayınırlar. Onu da deyim ki, nə mənim şəxsi həyatım, nə mənim ailəm, nə də məni əhatə edən yaxınlarım müsahibə ünvanı deyillər. Mən, mənim yaradıcılığım, gördüyüm və görəcəyim işlər , bir də saysız hesabsız dünyada mövcud olan mövzular ətrafında danışmağa hazıram, əgər bu müsahibə kimi qəbul olunursa.
- Azərbaycan səhnəsinin
Fəxrəddin Manafovu indi hansı işlərlə məşğul
olur?
- “Azərbaycan səhnəsinin Fəxrəddin Manafovu” ifadəsi çox pafosludur. Belə ifadə mənim xasiyyətimə yaddır. Sənətimə, seçdiyim peşəyə, yəni kino və teatr sahəsinə xidmət edirəm.
Hazırda mən Səməd Vurğun adına Rus Dram Teatrının aktyoruyam. Artıq bununla bağlı razılığımı vermişəm və adım oranın ştatına daxil edilib. Uzun müddət filmlərdə çəkilmişəm, 5-6 il olar ki, teatrdan uzaqlaşmışdım. Teatrsız aktyor idman zalı olmayanidmançıya bənzəyir. Kino sənəti dünən yaranıb, amma teatr dünya yaranandan, insanlar arasında münasibət olan andan bünövrəsi qoyulan bir məkandır. Aktyor teatrda olmalıdır.
- “Əli və Nino” filmində Siz məşhur mesanat Hacı Zeynalabidin Tağıyevi oynamısınız. Obrazı dərk etmək çətinmi oldu?
- Mən bu layihə, ümumiyyətlə bu filmə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya dərindən təşəkkür edirəm. “Əli və Nino” kimi möhtəşəm əsəri filmə çevirərək, bütün dünyaya tanıtmaq böyük bir işdir.
Bir neçə əsər var ki, aktyorlar gənclik illərindən bəri onları oynamaq arzusunda olurlar. Vaxt ötdükcə, yaşa dolduqca, o əsərlərin yerinə də başqa əsərlər gəlir.
“Əli və Nino” isə hələ yazıldığı dövrdən etibarən tarixin səhifələrinə həkk olunub. Heç bilməzdim ki, nə vaxtsa bu böyük əsər filmə çevriləcək. Buna görə, Leyla xanıma bir daha təşəkkür edirəm. Bilirsiniz ki, iş adamı, xeyirxah insan olmaq olar. Amma sən öz millətinin mədəniyyətinin məhsulu olan klassik, gözəl bir əsəri ortaya çıxarıb onu insanlara, hər hansı bir formada çatırdırırsansa, demək, böyük işlərə imza atırsan. Bu baxımından “Əli və Nino”nun film olması gözəl bir addımdır.
Bir gün zəng edib dedilər ki, sizi “Əli və Nino” filmində çəkilməyə dəvət edirik. Həmin vaxt sevindim, fərəh hissləri keçirdim. Ən əsası, özümdə böyük bir məsuliyyət hiss elədim. Çünki bu əsər artıq Azərbaycandan kənara çıxacaq, həm də filmdə Hollivud, Fələstin, İsrail, Belçika, Amerika, İspaniya, İran, Türkiyə və Azərbaycandan olan insanlar bir araya gələcəklər. Nəinki razılıq, ikiəlli razlığıq verdim.
Fikrimcə, tək mənim üçün deyil, bütün Azərbaycan üçün Hacı Zeynalabidin Tağıyev vaxtilə sadəcə bir milyonçu yox, böyük bir mesenat olub. O, Azərbaycan daxilində çox şeyləri dəyişdirən bir şəxsiyyət idi. Bir-bir sadalamağa ehtiyac yoxdur. O dövrdə bizim milyonçular çox olsa da, cəmi bir neçəsi mesanat idi. Hacı Zeynalabidin Tağıyev isə mesanatlığın zirvəsində idi. Onun obrazını oynamaq mənim üçün böyük bir məsuliyyət idi.
Yaşa dolduqca insanın arzuları da dəyişir, başqaları yaranır. Məhz bunlardan biri Hacı Zeynalabidin Tağıyevlə bağlıdır. Mən böyük həsrətlə gözləyirəm ki, nə vaxtsa onun haqqında böyük bir film çəkiləcək. Ümid edirəm, o insanı tam obraz formasında Fəxrəddin Manafov canlandıracaq. Buna hələ vaxtım da var. Çünki Hacı Zeynalabdin Tağıyev mənim hazırkı yaşımda Sona xanımla ailə həyatı qurmuşdu. Yəni 60 yaşında ikən 16 yaşlı Sona xanımla evlənmişdi. Bu, heç də o demək deyil ki, mən də 60 yaşımda özümə yeni bir Sona xanım axtaracağam - yoldaşımın gözündən, qulağından uzaq... (Gülür) Əlbəttə, yox. Əgər elə bir imkan olsa, mənim vaxtım çoxdur: düz 102 yaşıma qədər vaxtım var. Çünki Zeynalabidin Tağıyev həmin yaşda vəfat edib.
- Çəkilişlərdən
razı qaldınızmı?
- Zeynalabidin Tağıyev deyiləndə obraz olaraq saqqal və papaq yada düşür. Amma mən Fəxrəddin Manafov olaraq istəmirdim ki, Hacı Zeynalabidin Tağıyevin xaraketini yalnız papaq və saqqal saxlamaqla canlandırım. Başa düşmüşdüm ki, təkcə papaq geyinib, saqqal qoyub Hacı Zeynalabidin Tağıyevi oynamaq mənim o böyük arzularıma rahatlıq verməyəcək. Bir də, düşünürdüm ki, montaj zamanı bəzi məqamlar kəsiləcək, bu zaman isə Hacı Zeynalabidin Tağıyev filmdə tam itə bilər. Ona görə də xahiş etdim ki, sadəcə, mən saqqal və papaqsız formada həmin vaxt Azərbaycanda olan ziyalı bir mesanatın rolunu canlandırım. Bu barədə razılıq mənə 3 gündən sonra verildi. Nəhayət filmə elə də çəkildim.
Zaman göstərdi ki, təvəzökarlıqdan bir az uzaq olsun, mən uzaqgörən imişəm. Əlbəttə ki, hər bir rejissorun öz baxışları var. Başa düşdüm ki, bu, belə də olmalıdır. Çünki Qurban Səidin bu əsəri məhz böyük bir nakam məhəbbət haqqındadır. Ssenarini oxuduqdan sonra gördüm ki, rejissor Asif Kapadia məhz bu mövzunun üzərində dayanıb. Az da olsa, nağılvari bir rənq qatıb. Bu yaxınlarda Azərbaycan dilinə dublyaj olunmuş bu filmin səsləndirilməsinə məni dəvət etmədilər. Səbəbini soruşdum. Dedilər ki, sizin orada cəmi bir kadrınız var, o da bal vaxtı çəkilib, sözlərim isə yoxdur. Dedim ki, nə yaxşı, mən nə papağı geyindim, nə də saqqalı taxdım.
Əlbəttə ki, Hollivudda işləyən
insanlar, kinonu çox yaxşı bilirlər. Bunu heç vaxt
inkar etmirəm. Sözsüz ki, mən bugünkü müasir
texnologiya ilə çəkilən filmlərə onlardan
çox az bələddir. Amma belə bir məqam var ki,
heç vaxt başqa əsilli insan digər millətin daxilini
eynilə hiss edə bilməz. Filmə hazılıq işləri
görülən vaxtlarda ssenari müəllifi Kristofer Hempton
da Tağıyevlə çox maraqlanırdı. Dedim ki, icazə
versəniz, onun barəsində sizə bəzi məqamlardan
söhbət açım, o da razı oldu. Hətta elə bir an oldu ki, mən
Kapadiaya dedim, gəlin, bir səhnə yazaq. Bolşeviklərin
Bakıya daxil olmaları ilə bağlı bir məqam
çəkək, Hacı Zeynalabidin öz kabinetində, masa
arxasında ordenləri, qılıncı ilə əyləşib.
Bu vaxt qapı mədəniyyətsizcəsinə
açılır. Əyinlərində hərbi
geyim olan üç nəfərdən biri deyir ki, Hacı
Zeynalabidin Tağıyev sizsinizmi? Sizi
Bakıdan aparmalıyıq. Nəyə
görə? Çünki biz bunu etməsək,
artıq sizi aparacaqlar, bizə belə bir əmr verilib. Kim verib əmri? Nəriman Nərimanov! Həqiqətən də tarixdə belə bir hadisə
baş verib. Nəriman Nərimanov olmasa
idi, Hacı Zeynalabdin Tağıyevi elə oradaca yox edərdilər.
Bu fikir rejissorun xoşuna gəldi. Həmin səhnəni də çəkdik. Təəssüf ki, rejissor o kadrları da filmdən
çıxarıb.
Gözəl bir anı da qeyd edim. Tağıyevin ev muzeyində bal səhnəsini çəkirdik.
Özü də Şərq salonunda çəkiliş
edirdik. O vaxlar isə Şərq solununda içki
qadağan idi. Amma Avropa zalında bunun əksi
olurdu. Şərq salonu daha möhtəşəm
olduğu üçün rejissor oranı seçmişdi.
Çəkiliş vaxtı maraqlı bir hadisə baş verdi. Mən və türk aktyor
Halit Ergenç bir yerdə əyləşib, söhbət
edirdik. Əlinin Nino ilə gəliş səhnəsi
hazırlanırdı. Mən onları
qarşılayıb deməliydim ki, xoş gəlmisiniz,
özünüzü evinizdəki kimi hiss edin. Bu vaxt Azərbaycanın milli geyimində, kənarda
durmuş gözəl bir xanım gözümə dəydi.
Fikirləşdim ki, bu xanıma milli geyim necə də
yaraşır.... Bu, Leyla Əliyeva idi. Yaxınlaşıb görüşdüm.
-Leyla xanım, bu, sizsiniz? O isə çəkinərək
dedi ki, bəli, mənəm.
Bu insan nəinki layihənin başında durub, həm də
onu həyata keçirib. Rəssamlar iş görən zaman heç olmasa rəsmin
harasındasa, bir kücündə balaca da olsa, öz
imzalarını atırlar. Leyla xanımın bu
imzası o qədər gözəl idi ki, bir tarix kimi həmişə
ekranlarda yaşayacaq.
- Niyə mətbuat və
telekanallarda sizi görmürük?
- Gənclər
sizdən öyrənməlidirlər.
- Əgər gənclər mənimlə
maraqlanırlarsa, həmişə gəlib məni tapırlar,
fikirlərini bölüşürlər. Teatrda da mənə
çox yaxınlaşırlar. Mən də
təcrübəmi onlarla bölüşürəm.
- Bir neçə il
öncə demişdiniz ki, tənhalıq sizin
obrazınızdır. Bəs indi necə? Tənhalıqdan bezmədinizmi?
- İnsan təkdir. İnsan bətndə
də, düşüncəsində də təkdir. Hətta mən səninlə danışanda da
özümə, təkiliyimə varıb, fikirlərimi deyirəm.
Soruşursunuz ki, bezmədinizmi tənhalıqdan?
Əgər insanın daxilində olan məni onu
necə bezdirə bilər? Bu suala mən
necə cavab verim? Mən çox insansevərəm.
Əzizlərim üçün isə həyatımı
da qurban verərəm. Şeiri, musiqini
sevirəm. Amma istər-istəməz
daxilim, öz aləmim var. Bu, məndən asılı deyil.
Yunis Əmrənin belə bir bəndi var: “Məni məndə
demə, Məndə deyiləm, Bir mən vardır məndə,
məndən içəri”. Buna görə, mən
niyə özümdən bezməliyəm? Tənhalıq mənim özüməm. Tənhalıq hər kəsin özüdür.
- Bizde Holivud səviyyəsində
tələblərə uyğun aktyor varmı?
Var. Niyə yoxdur. Sadəcə, biz məhdud məkanda idik.
Qırağa çıxa bilmirdik. Holluvud aktyorların məkanı isə çox
böyükdür. Bu məkana
çıxmaq üçün həm sistem, həm də
büdcə var. Hollivud bir dövlətdir. Böyük bir sənayedir. Holluvud
öz büdcəsi, imkanları ilə hansısa kiçik
ölkələrlə baş-başa gələ bilər.
Amerikada böyük bir seçim və tələb var.
Onlar gecə-gündüz çalışırlar ki, tələb
edilən kimi olsunlar. Bunun üçün də vəsait
lazımdır. Amma elələri də var
ki, istedad və ya təasdüflə bir yerlərə gəlib
çıxırlar. Alen Delon Alen Delon
olmamışdan öncə restoran-kafedə ofsiant işləyirdi
və yaraşıqlı gənc idi. O sistemin tam
başqa bir qanunları var. Bizdə o qanunlar hələ yoxdur.
- Bəyəndiyiniz aktyorlar kimlərdir?
- Entoni
Hopkinsi, Meril Stripi çox bəyənirəm. Keçmiş
sovet məkanında da çox böyük aktyorlar vardı.
Azərbaycanda da dünya səviyyəsində
aktyor var idi. Allah onlara rəhmət eləsin, Səməndər
Rzayev, Şahmar Ələkbərov, Həsənağa Turabov,
Hamlet Xanızadə, Məlik Dadaşov, Həsən Məmmədov
böyük aktyorlar idi. Sadəcə olaraq, bizim
məkan məhdud idi və bu baxımından da bizi
tanımırdılar.
- Vaxtilə əfqan
döyüşçüsü obrazı ilə ürəkləri
fəth edən Fəxrəddin Manafov Qarabağ
döyüşçüləri haqqında nə
düşünür?
- Hər
bir dövlətdə bütün zamanlarda insan yaşayır.
Əgər Vətənə qarşı nəsə
varsa, o, soruşmur ki, mən harada yaşayıram, sadəcə
olaraq gedib öz Vətənini qoruyur. Tam əminliklə
deyə bilərəm ki, bu gün bizim Ali Baş
Komandanımız əmr versə, hər bir azərbaycanlı
kimi mən də əlimə silah alıb, Vətənin
müdafiəsinə gedəcəyəm. Zamanın
bura heç dəxli yoxdur. İnsan elə
bir məxluqdur ki, əgər onun Vətəninə, Ailəsinə,
dəyərlərinə təhlükə varsa,
döyüşə atılmağa qadirdir. Bu, inkarolunmaz bir həqiqətdir.
- Xoşbəxt olmaq
üçün bir kişiyə neçə qadın
lazımdır?
- Xoşbəxt
olmaq üçün kişiyə neçəsə qadın
yox, bir qadının nə dərəcədə
böyük, gözəl olduğunu anlaması
lazımdır. Əgər bunu anlasa, onun
üçün say əsas olmaz.
- Fəxrəddin Manafov
ölümdən qorxurmu?
- Elə
bir insan yoxdur ki, desin, mən ölümdən qorxmuram. Hər kəs ölümdən qorxur. Sadəcə olaraq, özünü ölümə
hazırlamaq məqamı var. Mən artıq elə bir
yaşdayam ki, istər-istəməz bu barədə
düşünürəm və düşünməliyəm
də. Təbii ki, özümü
ölümə hazırlamalıyam. Allah
Vaqif Səmədoğluna rəhmət eləsin, son
vaxtlarında onunla yaxın təmasda olduq, söhbət elədik.
Tənhalıq dediyiniz o məqamlarda onun
şeirlərini böyük məmnuniyyətlə oxuyuram.
Elə böyük bir örnəyi
görmüşəm. Əlbəttə,
bu, o demək deyil ki, qorxu hissi məndən çıxıb
getdi. Yox, getmir. Heç
olmasa, belə böyük bir insanın ölümü necə
qarşıladığını görəndə
düşünürsən ki, ölüm, yəqin ki, bir elə
də qorxunc deyil. Ölüm son deyil....Mənə
elə gəlir.
- Allahın varlığına
inanırsınızmı?
- Mən
hər şeyin varlığına inanıram. Əgər
heç olmasa bir an dayanıb, sola-sağa,
yuxarı-aşağı, arxaya, ümumiyyətlə,
keçdiyin o illərə baxanda, möcüzələrə
rast gəliriksə, demək, Allah var.
- “Dronqo”ya çəkilmişdiniz,
amma sonra sizi seriallarda görmədik. Fanatlarınız səbəbini soruşurlar...
- Məni
maraqlandıran, qane edən elə bir material olarsa niyə də
yox?!
- Məşhurluq sizi bezdirirmi? Şəhərə tez-tezmi
çıxırsınız?
- Məşhurluğun
siz dediyiniz “bezdirmək” qədər xoşa
gələn tərəfi də var. Bir şeyi bilirəm ki,
heç vaxt məşhur olmaq üçün bu sənətə
gəlməmişəm. Sadəcə olaraq, bu sənətin
dərinlikləri məni özünə çəkib.
Bir gün ayılmışam ki, artıq mən
tanınıram.
Böyük məmnuniyyətlə dənizkənarı
milli parka çıxıb gəzirəm. İdmanla məşğul
oluram. Hər axşam fitnessə gedirəm.
Hovuzda üzürəm. Bazar
günündən başqa bu, hər gün təkrarlanır.
- Gəncliyinizdə futbolçu olmaq
istəmisiniz. Bu gün futbolumuz haqqında nə
düşünürsünüz?
- Uzun
müddət futbol oynamışam. Bu gün
böyük məmnuniyyətlə futbolumuzu izləyirəm.
“Neftçi” komandamıza mənim çox
hörmət etdiyim, yaxşı münasibətim olan
Çingiz Abdullayev prezidentlik edir. Klubuna
baş məşqçı təyin olunan Elxan Abdullayevlə
yaxın dostuq. Əminəm ki, Elxan
“Neftçi” klubuna öz xeyrini verəcək və bu komanda
uğurlar qazanacaq.
“Qarabağ”la qürur hissi duyuram. Qurban Qurbanovla
da tanışam. “Qarabağ” klubu öz
uğurları ilə bizi çox sevindirir. Ağrı və həvəslə “Qarabağ”ın
oyunlarına baxıram. Harada
olmağımdan, işlərimdən aslı olmayaraq, oyunun
hansı nəticələrlə bitdiyini öyrənirəm.
“Qəbələ” klubu da son zamanlar bizi
sevindirir.
Zaman, islahatlar, məktəb lazımdır. İnşallah,
bizim futbol da gəlib yüksək məqama çatacaq. İnanıram ki, bizim milli komandamız, Avropa və
Dünya çempiyonatında da çıxış edəcək.
Mənim ömrüm bunu görməyə
çatsa, xoşbəxt olaram. (Gülür).
- İçki haqqında nə
düşünürsünüz? Xüsusi sevdiyiniz bir içki varmı?
- Ən çox sevdiyim bir içki var. Onsuz yer
üzündə heç bir insan yaşaya bilməz. Bu, sudur.
Sadə, gözəl, qazsız, süni
minerallarsız bulaq suyunu sevirəm. Başqa
içkilərə o qədər də aludə deyiləm.
- Çəkildiyiniz filmlərdə
özünüzə baxmağı
xoşlayırsınızmı?
-
Xoşlamıram!
- Dünyaca tanınmış
hansı məşhur rejissor və aktyorla oturub dərdləşmək
istərdiniz?
- Sadəcə olaraq, dünyaca məşhur aktyor Entoni Hopkinsi böyük məmnuniyyətlə görmək istərdim. Onun ekrandakı davranışı, oyunu mənə çox yaxındır.
- Siyasətlə
yaxınlığınız hansı səviyyədədir?
- Siyasəti sadəcə olaraq, informasiya əldə etmək naminə izləyirəm. Siyasətlə məşğul olmaq mənim yaşam tərzimə, fəlsəfəmə yaxın deyil.
Bizim Yol.- 2016.- 30 sentyabr.- S.15.