Anar: "Son vaxtlar
yalnız
öz yazılarımı oxuyuram”
Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Anarın APA-ya
müsahibəsi
- Anar müəllim, “Göz
muncuğu”ndan sonra yaradıcılığınızda yenilik
varmı? Bəlkə irihəcmli əsərin planı, yeni
hekayələr...
- Çox şadam ki, birinci
sualınız yaradıcılıqla bağlıdır. Bu suala məmnuniyyətlə cavab verirəm. “Göz muncuğu”ndan sonra mənim 1000 səhifəlik
“Kərəm kimi” adlı kitabım çıxıb. Bu kitaba Nazım Hikmətə həsr olunmuş sənədli
romanım və başqa esselər daxildir. Yəqin
bilirsiniz ki, Nazım haqqında roman əvvəlcə
Türkiyədə nəşr olundu, Ankarada və Amsterdamda təqdimatı
keçirildi, Türkiyə və bir sıra Avropa ölkələrinin
mətbuatında yazılar və mənimlə geniş
müsahibələr dərc edildi. Azərbaycan
nəşrində romana xeyli əlavələr etmişəm.
Bundan başqa, “Kərəm kimi” kitabına Mövlanədən,
Yunis Əmrədən Orxan Pamuka qədər, bir sıra
türk və rus yazıçılarına, məsələn,
Mayakovski, Simonov, Yevtuşenkoya həsr olunmuş esselərim
daxil edilib. Bu il yay aylarında “Parisdə
savaş” adlı kinopovest yazmışam. Məlum olduğu
kimi, Fransada yaşayan və fransız yazıçısı
kimi tanınan azərbaycanlı Ümmül Banu (Banin) məşhur
rus yazıçısı, mühacir İvan Bununlə
görüşləri haqqında “İvan Buninin son
savaşı” adlı kitab yazıb. Mənim kinopovestim də
Baninin bu yazısı, habelə onun “Qafqaz günləri” və
“Paris günləri” kitabları, Buninin bir sıra nəsr əsərlərinin
motivləri əsasında qələmə alınıb. Kinopovest “Literaturnıy Azerbaydjan” jurnalının
noyabr nömrəsində dərc edilib. Bundan başqa,
rus dilində nəşr olunmuş və ümumi həcmi 3000
səhifə olan “LİK (Literatura, İskusstvo, Kultura)
Azerbaydjana” üçcildliyimin Azərbaycan variantını
çapa hazırlayıram. Kitabların səhifələrini
xüsusi olaraq ona görə vurğulayıram ki,
görülmüş işin həcmi və çəkilən
zəhmət bəlli olsun. Bu vaxt ərzində
dövri mətbuatda çıxan çox sayda məqalələrim,
esselərimlə yəqin ki, tanışsınız. Gələcək planlarım çoxdur, ancaq onlar
haqqında həyata keçəndən sonra danışmaq
istərdim.
-
Yazıçı mətbəxinizin sirrini bölüşməyinizi
istərdik: qışı yazmaq üçün ən
yaxşı fəsil saymaq olarmı?
- Burda elə bir sirr yoxdur. Bu barədə dəfələrlə demişəm.
Mən əlbəttə, bütün ilboyu nə
isə yazıram - məqalələr, esselər, hekayələr,
çıxışlar edirəm, çevirirəm, amma iri həcmli
nəsr əsərlərini, pyes və ya ssenariləri
yalnız yay aylarında, gündəlik olaylardan,
qayğılardan, cari işlərdən tamamilə azad və
təcrid olan zaman yazmaq imkanım olur. Qış
bəlkə də yaradıcılıq üçün daha
münasib fəsildir, amma mənim məzuniyyətim, adətən,
yay aylarına düşür.
- Son çap olunan əsərlərdən
oxuduğunuz, qiymətləndirdiyiniz varmı? Həm
də gəncləri nəzərdə tuturuq.
- Bu sualınıza təəssüflə
cavab verməli olacağam ki, son çap olunan əsərlərdən,
o cümlədən gənclərin yazılarından heç
nə oxumamışam və odur ki, qiymətləndirə də
bilməyəcəyəm. Səbəbi isə
odur ki, son vaxtlar yalnız öz yazılarımı oxuyuram.
Bu cavab qəribə və hətta qeyri-təvəzökarlıq,
özündənməmnunluq kimi anlaşıla bilər, odur
ki, izah etməliyəm. Üçcildlik LİK-i Azərbaycan
dilində hazırladığımı artıq dedim. Eyni zamanda “Seçilmiş əsərlərim”in
doqquzuncu və onuncu cildlərini hazırlayıram, yəni
yenidən oxuyuram. Türkiyədə nəşrə
hazırlanan “Yaşamaq haqqı” adlı 600 səhifəlik
kitabımın tərcüməsini diqqətlə oxudum.
Bu il Moskvada üç kitabım
çıxır, onlardan da ikisinin korrekturasını oxumaq
xeyli vaxt aldı. Amma çox istərdim ki, imkan tapan kimi
yazıçılarımızın və ilk növbədə
gənclərin yeni çıxan əsərləri ilə tanış olum.
- Sual
qəribə səslənməsin, ilk hekayələrinizi
açıb yenidən oxuduğunuz olur? Bu
gündən baxanda onlar necə görünür?
- Bayaq sadaladığım kitablara əsasən
son illərdə yazdıqlarımı daxil etmişəm.
Köhnə hekayələrim isə bir neçə il qabaq Moskvada “Oqonyok kitabxanası” adlı
çox populyar seriyada 40 min tirajla nəşr olundu. Bizim zəmanə
üçün az tiraj deyil hər halda. Yeni nəşrlər üçün lazım
olmayanda adətən köhnə yazılarımı oxumuram.
İndinin gözüylə oxuyanda təbii ki,
onların zəif cəhətlərini daha aydın
görürəm, amma heç bir nəşrdə, heç nəyi
dəyişmirəm, düzəltmirəm. Vaxtilə necə
yazılıblarsa, elə də qalmalıdırlar,
çünki onlarda nöqsan ola bilər,
amma yalan yoxdur.
- Sizin
Aydın Məmmədovla söhbətinizi oxuduq. Hələ ədəbiyyatın
nüfuzlu, hörmətli vaxtında meyarların itməsindən
danışmısınız, ədəbiyyata
Yazıçılar İttifaqı üzvlərinin
siyahısı kimi baxanları tənqid etmisiniz. Deməli, indi
meyar haqqında danışmağa dəyməz...
- Həqiqi
ədəbiyyatı sevənlər üçün, ədəbiyyata
səmimi surətdə bağlı olan insanlar
üçün bütün dövrlərdə, bütün
şəraitlərdə bədii meyarlar əsas şərtdir.
Ədəbiyyat rəsmi şəkildə dəstəklənib,
əzizlənib, göz üstünə qoyulanda, oxucuların ərköyün
olanda ona sadiq qalmaq hünər deyil. Ədəbiyyat
obyektiv ya subyektiv səbəblərdən gözdən
salınanda, kölgədə qalanda, oxucu marağı azalanda
onun əsl qədir-qiymətini bilmək, keçəri və
konyuktur meyllərə görə yüksək bədii
meyarlardan imtina etməmək, bir sözlə, milli
varlığın, doğma dilin ən vacib
daşıyıcısı və qoruyucusu olan ədəbiyyatın
keşiyində durmaq hər bir ziyalının vicdan borcudur.
- Meyardan söz
düşmüşkən: ədəbiyyatın nüfuzdan
düşməsinə həm də Yazıçılar
Birliyinin üzvlərinin sayının çoxalması səbəb
olmadımı? O üzvlər ki, ədəbiyyata dəxli
olmaya-olmaya Sizin imzanız olan vəsiqəni ciblərində fəxrlə
gəzdirirlər.
- Əgər mənim imzam olan vəsiqəni,
dediyiniz kimi, fəxrlə gəzdirirlərsə, deməli, hər
halda ədəbiyyat üçün itirilmiş adam deyillər. Daha pis odur ki, bu vəsiqəni
heçə sayasan, onu alıb bəzi imtiyazlarından
faydalanasan, müəyyən müddət bitəndən sonra
asanlıqla üzvlükdən imtina edəsən. Yazıçılar Birliyi üzvlərinin həddən
çox olmasını mən də nöqsan sayıram və
bunu dəfələrlə demişəm. Burada
işlədiyim illərdə bu, rastlaşdığım ən
ağrılı və ən çətin problemlərdəndir.
Amma üzvlərin çox olmasına görə
meyar itmir, meyar itdiyinə görə üzvlərin sayı
çoxalır. Çünki iki-üç babat
şeir və ya hekayə yazan dərhal özünü dahi
elan edirsə, hətta daha yaşlı adamların yubileylərində,
adicə görüşlərində, tədbirlərində,
kitab təqdimatlarında onların haqqında deyilən
sözləri nə Füzuli, nə Şekspir eşidibsə,
bu iddialarla ədəbiyyata gələn, yaxud orada yerləşənlərə
necə deyəsən ki, sən birlik üzvü olmağa
layiq deyilsən? Dərhal “tom-tom”
kitablarını çıxaracaq, neçə pyes, neçə
ssenari, neçə poema, neçə roman
yazdığını söyləyəcək, haqqında yazılan
təmtəraqlı tərifnamələri qarşımıza
qoyacaq. Bizim zamanın səciyyəvi cəhəti
belə əhli-qələmlərin özlərini
yazdıqlarının keyfiyyətiylə yox, kəmiyyətiylə,
sayıyla təsdiq etmələridir. Birliyin
üzvlərinin çoxluğunu bizə irad tutanları
haqlı sayıram, amma konkret adlardan ibarət siyahı verə
bilərlərmi ki, bax, bu adamlar üzv olmağa layiq deyillər.
Yox, əlbəttə, bunu etməzlər. Bəziləri bunu ancaq birlik rəhbərlərinin əli
ilə etməyə çalışırlar ki, sonra bunu da
onlara qarşı istifadə edə bilsinlər.
-
Yazıçılar Birliyinin ədəbi orqanlarında
qonorarın az olması ilə bağlı
bir neçə dəfə məsələ qalxıb, amma həll
olunmayıb. Bir hekayəyə 20 manat
qonorarın verilməsi sizi narahat etmirmi?
- Əlbəttə, narahat edir. Həm də ona görə ki, mənim
təşəbbüsümlə latın əlifbasıyla 25
min tirajla nəşr edilmiş kitabların arasında mənim,
anamın və atamın də kitabları çap olunub və
bu yeddi kitabdan bir qəpik də almamışıq. Yəni nə mən, nə o biri varislər -
bacılarım. Qəzetlərdə gedən silsilə
yazılarım, TV və radioda çıxışlarım,
müsahibələrim - hamısı müftədir,
havayıdır... Nə etməli, dediyiniz
yaxşı qonorarlar - yəni hətta ən adi məqalədən,
çıxışdan aldığımız qonorarlar - sovet
dövründə qaldı. Nədir, sovet
sistemini bərpa edək?! Doğrusu, dəyməz.
Ən yaxşı qonorarlara görə də dəyməz.
Əlbəttə, bir hekayəyə 20 manat almaq
gülüncdür, amma Yazıçılar Birliyinin qəzet
və jurnalları, başqa mətbuat orqanlarından fərqli
olaraq, heç olmasa, bu cüzi məbləğləri ödəyir.
Bəs, başqa mətbuat orqanları, TV və radio
kanalları ilə bağlı bu məsələ nədən
qaldırılmır? Yeri gəlmişkən, bu
günlər guya büdcəmizin azalması və otuz-qırx
adamı ixtisar edəcəyimiz haqqında şayiə
yaydılar. Bu da Yazıçılar
Birliyi haqqında ara-sıra ortaya atılan uydurmalar kimi əsassızdır.
Belə bir şey yoxdur və böhran şəraitində
birliyin, onun mətbu orqanlarının gəlirləri artmasa
da, hər halda azalmır.
- “Ədəbiyyat qəzeti” və “Ulduz”
jurnalının rəhbərliyi dəyişdirildi. Həmin ədəbi
orqanların hazırkı səviyyəsindən
razısınızmı?
- Bu ədəbi
orqanların rəhbərliklərinin dəyişməsiylə
onların ümumi ruhu, səviyyəsi, cəlb olunan müəlliflərin
müxtəlifliyi baxımından müsbət fərqləri,
tirajlarının artması və satılmasını
çox adam etiraf edir. Bunların
da, başqa ədəbi orqanlarımızın da işlərində
razı olduğum və olmadığım cəhətlər
var. Razı qalmadıqlarımı redaktorlara açıq
deyirəm, amma birlikdə sürən demokratik ab-havaya görə
öz fikrimi heç kəsə qərar kimi təlqin etmirəm,
yalnız məsləhət, tövsiyə kimi bildirirəm.
- Anar
müəllim, deyəsən, birliyi tənqid edənlərin
sırası seyrəlib. Axır vaxtlar
sakitlikdir.
- Yəqin söyüb-söyüb
yorulublar, ya da taym-aut götürüblər.
- Kəramət
Böyükçölün Yazıçılar Birliyinin
üzvlüyündən çıxarılması birmənalı
qarşılanmadı. Təxminən bu
cür suallar var: “Yazıçı fikrinə görə
üzv olduğu birlikdən dəstək hiss etməkdənsə,
ondan təzyiq və ögeylik görürsə, nə etməlidir?”
Bu haqda nə demək istərdiniz?
- Yazıçılar
Birliyinə, eləcə də hər hansı təşkilata
üzv olmaq istərkən bu təşkilatın Nizamnaməsi
ilə tanış olurlar, ya da
olmalıdırlar. Əgər bu Nizamnaməni qəbul
edirsənsə, təşkilatın üzvü olursan, onu
kobud şəkildə pozursansa, təbii ki, daha üzv qala bilməzsən.
Adını çəkdiyiniz yazıçı haqqında
birliyin katibliyinin 11 noyabr 2015-ci il tarixli qərarı
belədir:
“Azərbaycan Yazıçılar
Birliyinin üzvü Kəramət Qəşəm oğlu Nəcəfov
(Böyükçöl) dəfələrlə xəbərdarlıq
edilməsinə baxmayaraq, öz yazılarında və müsahibələrində
ədəbiyyatımızın klassiklərinə
qarşı təhqiredici münasibətini,
çağdaş yazıçılarımıza
ironiyalı atmacalarını, öz yaşıdı
yazıçılara qarşı
aşağılayıcı fikirlərini davam etdirdiyinə
görə AYB Nizamnaməsinin 6-nı maddəsinin 7-ci bəndinə
uyğun olaraq Azərbaycan Yazıçılar Birliyinin
üzvlüyündən kənarlaşdırılısın”.
Xatırladım ki, bu
maddə klassik və çağdaş
yazıçıların şərəf və ləyaqətini
alçaltmağın qəbuledilməz olduğu
haqqındadır. Elə sual verənləri
başa salmaq lazımdır ki, ən kəskin tənqidi fikir söyləmək
bir şeydir (və belə fikirlərə görə
heç kəsə heç bir təzyiq göstərilmir),
yazıçını, özəlliklə də
dünyasını dəyişmiş klassik şairlərimizi
təhqir etmək tamam başqa şey.
Onu da qeyd edim ki,
birliyin qərarına Kəramətin atası,
tanınmış şair Qəşəm Nəcəfzadə
mətbuat səhifələrində haqq qazandırdı.
Çünki bizim üçün də
ağır qərarı qəbul etməzdən qabaq həm Kəramətlə,
həm də atasıyla danışmışdıq, cavan
yazıçının bu səhv yoldan çəkilməsini
israrla təkid etmişdik. Mən heç
kəsə ümidsiz baxmıram, inanmaq istəyirəm ki, Kəramət
də öz səhvlərini dərk edəcək və
adını ədəbiyyatda üç gün-beş gün
gündəmdə saxlayan ucuz skandallarla yox, sağlam, səmərəli
yaradıcılıq işləri ilə təsdiq edəcək.
Nə yazıq ki, bəzi
gənclər hələ də tənqidlə təhqirin
prinsipal, təməl fərqini dəqiq dərk etmirlər.
Daha aydın və konkret olsun deyə bir misal
çəkim. Mənə dedilər ki, siz, Cavid, mənim
son hekayələrim haqqında sərt mənfi fikir söyləmisiniz,
ssenarim üzrə çəkilmiş filmləri kəskin tənqid
etmisiniz və hətta “Sübhün səfiri” filmi haqqında
sırf siyasi donos səpgili bir mətni efirə
çıxarmısınız. Bundan sonra sizə
birlik tərəfindən hər hansı bir irad tutan olubmu?
Məncə, yox. Ola bilsin, mənim
son hekayələrimi inşa adlandırmağınızla
razılaşmayanlar da olub, amma bütün bunlar ədəbi
mübahisələr çərçivəsində baş
verir və əgər mən sizinlə müsahibəyə
razılıq verirəmsə, suallarınızı ətraflı
cavablandırıramsa, deməli, hər halda tənqidlə təhqirin
fərqini dərk edirəm. Bu, əlbəttə, o demək
deyil ki, sizin fikrinizlə razıyam və elə “Sübhün
səfiri” filminin Azərbaycanda, Moskvada, Tbilisidə, Türkiyədə,
Şimali Kiprdə uğurla nümayiş etdirilməsi,
tamaşaçı rəğbətini qazanması, mətbuatda
xeyli müsbət rəylə qarşılanması kifayətdir
ki, mən belə tənqidləri yetərincə sakit
qarşılayım.
- “Dədə Qorqud” filmi ilə bağlı işlər
nə yerdədir?
Ssenarinin bəyənilməmək, çəkilməmək
ehtimalı varmı? Vaxt xeyli uzandı, ona görə deyirik.
- Əlbəttə,
aydındır ki, ona görə deyirsiniz. Qayğınıza
və narahatlığınıza görə təşəkkür
edirəm. Nigaran olmayın, ssenarini bitirib təhvil
vermişəm, bəyənilib və qəbul edilib. Çəkilməmək ehtimalı da yoxdur. Sağlıq olsun və Allah xeyirxahlarımıza səbr
versin.
Bizim Yol.- 2016.- 8
yanvar.- S.15.