Nizami rayonunun sosial-iqtisadi inkişafı:
real vəziyyət və
perspektivlər
"Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
qəbul edilmiş dövlət proqramlarının ("Bakı
şəhərinin qəsəbələrinin 2006-2007-ci illər
üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı"nın və "2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"-red)
icrası nəticəsində Bakının qəsəbə və
kəndlərində uğurlu infrastruktur layihələri həyata
keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi
və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq
işləri geniş vüsət almış, əhalinin həyat
səviyyəsi daha da yüksəlmişdir. Bu gün başlıca
vəzifələrdən biri müvafiq dövlət proqramları
çərçivəsində görülmüş işlərin
davam etdirilməsindən və şəhərətrafı qəsəbələrin
və kəndlərin sakinlərinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasından ibarətdir.
"2014-2016-cı illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı" qarşıda duran vəzifələrin
davamlı yerinə yetirilməsi məqsədi ilə hazırlanıb".
Bu sözlər
17 yanvar 2014-cü il tarixdə imzalanan "2014-2016-cı illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında Prezidentin sərəncamında
qeyd olunub. Dövlət Proqramında
Bakı şəhərinin Nizami rayonu üzrə 39 tədbir nəzərdə
tutulub. Bu tədbirlər əsasında Gimnastika Kompleksinin, onun
yanında məşq zalının və köməkçi qurğuların
tikintisi başa çatdırılıb, Milli Sağlamlıq
Mərkəzinin tikintisi davam etdirilib.
Sakinlər danışdılar
Nizami
rayonunda olarkən şahidi olduq ki, yerli icra hakimiyyəti tərəfindən
Q.Qarayev prospektində təmir və
abadlıq işləri davam etdirilir. İş icraçısı
bildirdi ki, rayonun Ə.Vəliyev küçəsi də əsaslı
təmir edilərək abadlıq işləri görülüb.
Metronun
"Neftçilər" stansiyasının yanında rayon sakinlərilə
söhbət etdik. Burada həmsöhbətimiz ev alqı-satqısı
və taksi fəaliyyəti ilə məşğul olan Nizami sakinləri
oldu.
"Mən
taksi sürücüsüyəm. İşimlə əlaqədar
olaraq rayonumuzu qarış-qarış gəzmişəm, sakinlərlə
tez-tez ünsiyyətdəyəm. Əhali çox az hallarda su
və kanalizasiya təminatı, elektrik enerjisi, qaz və istilik
təchizatı ilə bağlı problemdən şikayətlənirlər.
Adətən qış mövsümündə kommunal xidmətdə
problemlər yaşanır. Demək ki, bu sahədə işləri
daha da yaxşılaşdırılmalıdır. Rayonun mərkəzində
yerləşən yol və nəqliyyat infrastrukturunda problemlə
qarşılaşmamışam. Amma mərkəzdən kənar
ərazilərdə müəyyən işlər görülməlidir.
İnsanlar əsasən işsizlikdən əziyyət çəkirlər",-deyə
Əli Məmmədov bildirdi.
Metrostansiyanın
yaxınlığında olan parka cəm olan evlərini kirayə
verməyə çalışan sakinlərlə söhbət
etdik. Onlar bildirdilər ki, sosial-iqtisadi tələblərini qarşılamaq
üçün evlərini kirayə verməyə çalışırlar.
"Təqaüdçüyəm.
Bəlkə də yaşlanma səbəbindən səhhətimdə
tez-tez problemlər yaranır və mən mütəmadi olaraq
həkimlərə müraciət etməli oluram. Bilirsiniz, dərmanların
qiyməti qalxıb. Tək yaşayıram. Mənimlə eyni evdə
yaşamaq istəyən adam axtarıram. Ailəli olsa yaxşı
olar. Bir nəfər razı idi. Evə apardım ki, baxsın.
Evimin olduğu bina sovet dövründən inşa edilmiş beşmərtəbəlidir.
Birinci mərtəbədə yaşayıram. Müştəri
zirzəmidə ürəkaçan vəziyyətin olmaması
səbəbindən evimdə qalmaqdan imtina etdi. Zirzəmidə
olan bu vəziyyət əksər binalarda var. Belə ki, buraya yağış
suları dolub qalıb, qrunt suları, zibil yığıntıları,
məişət tullantıları var. İsti günlərdə
vəziyyət daha dözülməz həddə çatır.
Bu səbəbdən müxtəlif heyvanlara və həşəratlara
rast gəlirik. Kaş ki, bu problem həll olunsaydı. Binanın
da bünövrəsi sıradan çıxmazdı",-deyə
Sevil Həsənova bildirdi.
Sakinlərlə
söhbət zamanı o da məlum oldu ki, qış fəslində
onlar evlərini elektrik enerjisindən istifadə etməklə isidirlər.
Bu xidmətdən istifadə isə onlara çətin başa
gəlir. Onlar evlərinin mərkəzləşmiş istilik təchizatı
isidilməsini ciblərinə uyğun hesab edirlər.
Qurumlar cavab verdilər
Sakinlərin
dedikləri məsələlərlə bağlı müvafiq
dövlət qurumlarına sorğu göndərdik. "Azəristiliktəchizat"
ASC-dən isə bildirildi ki, "2014-2016-cı illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı"na əsasən
Nizami rayonunda yeni qazanxana tikintisi, binalarının aşağı
paylanma istilik sisteminin bərpası, qazanxananın modernləşməsi
və qazlaşdırılması layihəsi həyata keçirilir.
"Nizami
rayonunda işsizliyin və iqtisadi inkişafın əsas meyarlarından
biri olan yoxsulluğun səviyyəsinin azaldılması, əhalinin
məşğulluq səviyyəsinin artırılması istiqamətində
görülən işlərdi". Bu sözlər Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)
sorğumuza verdiyi cavabda qeyd olunub.
"Əmək
ehtiyatlarından səmərəli istifadənin təmin olunması
və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi
ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin əsas
məqsədlərindən biridir. Odur ki, işsizlik probleminin aradan
qaldırılmasına yönələn tədbirlər nəticəsində
2015-ci ildə Nizami rayon Məşğulluq Mərkəzi tərəfindən
610 nəfər vətəndaş münasib iş yeri ilə təmin
edilib. Onlardan 237 nəfərini 29 yaşadək olan gənclər
təşkil edib. Mərkəz işsiz və işaxtaran vətəndaşların
münasib iş yerləri ilə təminatını həyata
keçirərkən işəgötürənlərin işçi
qüvvəsinə olan tələblərini də nəzərə
alır. Çünki boş iş yerlərinə göndərilən
şəxslərin həmin iş yerlərində işə qəbul
edilmələri üçün onların peşə və ixtisas
bacarıqlarının işəgötürənlərin tələblərinə
uyğun olması vacib şərtlərdən biridir. Rayonun əmək
bazarında ümumi vəziyyət stabildir və həyata keçirilən
aktiv məşğulluq tədbirləri də tələb və
təklif arasında uyğunluğun təmin olunmasına yönəlib",-deyə
ƏƏSMN bildirib.
Sorğuda
cavabda o qeyd olunur ki, 2015-ci ildə Nizami rayon Məşğulluq
Mərkəzinin mütəxəssisləri tərəfindən
815 nəfər gəncə gələcək peşə və
ixtisas seçimində köməklik üçün peşəyönümlü
məsləhətlər verilib: "Eləcə də 120 nəfər
şəxs (onlardan 107 nəfəri 29 yaşadək gənclər
olub) əmək bazarının tələblərinə uyğun
peşələr üzrə peşə
hazırlığı və əlavə təhsil kurslarına
cəlb olunublar. Kursları başa çatdırandan sonra həmin
insanların yeni yiyələndikləri peşələr
üzrə münasib iş yerləri ilə təminatı
üçün də müvafiq işlər aparılıb.
Qeyd etmək
yerinə düşər ki, son illərdə ƏƏSMN tərəfindən
peşə hazırlığı işinin maddi-texniki bazasının
gücləndirilməsi yönündə də mühüm işlər
aparılır. Nazirliyin Bakı və Göyçay Regional Peşə
Tədrisi Mərkəzlərində yenidənqurma işləri
nəticəsində yeni sinif otaqları yaradılıb. Hazırda
nazirliyin Gəncə şəhərində də Regional Peşə
Tədrisi Mərkəzi yaradılır.
Bakının
digər rayonları kimi, Nizami rayonu üzrə peşə hazırlığına
cəlb olunan şəxslər də Bakı Regional Peşə
Tədrisi Mərkəzində peşəkar mütəxəssislərin
iştirakı ilə təlim kursu keçirlər və burada
onların yeni peşələrə yiyələnmələri
üçün bütün lazımi şərait vardır.
İşaxtaran
və işsiz vətəndaşların münasib işlərlə
təmin olunması sahəsində həyata keçirilən aktiv
məşğulluq tədbirlərindən biri də əmək
yarmarkalarıdır. Mərkəz tərəfindən ötən
il işaxtaran və işsiz vətəndaşlar
üçün 10 dəfə əmək yarmarkası keçirilib
və bu tədbirlər nəticəsində 30 nəfərədək
şəxs münasib işlə təmin olunub.
Bununla
yanaşı, Bakı şəhərindəki ali təhsil müəssisələrində
tələbə və məzunlar üçün "Karyerada
ilk addım" devizi altında təşkil edilən aktiv məşğulluq tədbirlərində
Nizami rayon Məşğulluq Mərkəzi də mütəmadi
olaraq iştirak edir və Nizami rayonu üzrə işəgötürənlərin
də boş (vakant) iş yerləri ilə bu tədbirlərdə
iştirakını təmin edir. Həmin tədbirlər zamanı
tələbə və məzunlar mövcud əmək bazarı,
müəssisə, idarə və təşkilatlarda onların
ixtisaslarına olan tələbat barədə məlumatlanırlar.
Onlar işəgötürənlərlə
bilavasitə qarşılıqlı ünsiyyət imkanı əldə
edir, gələcəkdə işə qəbul olunmaq istədikləri
müəssisələrin nümayəndələrinə
özləri barədə şəxsi məlumatları (CV) təqdim
edirlər. İşəgötürənlər isə bu tədbirlər
vasitəsilə qısa vaxt ərzində müasir tələblərə
cavab verən ixtisaslı kadrların seçiminin aparılması
imkanı qazanırlar.
Bu gün
Nizami rayon Məşğulluq Mərkəzi tərəfindən
boş iş yerləri barədə məlumatların toplanmasında
hər hansı problem yoxdur və bu sahədə işəgötürənlərlə
səmərəli əməkdaşlıq həyata keçirilir,
dövlət məşğulluq strategiyasının uğurlu
icrası sahəsində birgə səylər daim artırılır".
ƏƏSMN vurğulayır ki, aztəminatlı
vətəndaşlara diqqət və qayğını daha da artırmaq
üçün müntəzəm tədbirlər həyata keçirir:
"Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin
gücləndirilməsi ilə bağlı bir sıra fərman
və sərəncamlar imzalanıb. Azərbaycan Respublikasının
Prezidenti 16 yanvar 2016-cı il tarixli fərmanı ilə bu ilin
fevralın 1-dən 1990-cı ilin 20 Yanvar hadisələri ilə
əlaqədar əlil olmuş şəxslərə Prezidentinin
təqaüdünün aylıq məbləği 10 faiz,
"Şəhid ailəsi üçün Azərbaycan Respublikası
Prezidentinin təqaüdü"nün aylıq məbləği
10 faiz artırılır.
Eyni tarixdə
imzalanmış sərəncamla isə yaşa görə əmək
pensiyasının baza hissəsinin məbləği 2016-cı
il fevralın 1-dən 10 faiz artırılır.
Dövlət
tərəfindən edilən belə yardımlar sırasında
ünvanlı sosial yardım adlanan müavinətlər də
mövcuddur. 01 yanvar 2016-cı il
tarixdə Nizami rayonu üzrə 1438 ailəyə ünvanlı
dövlət sosial yardımı ödənilir. 4618 nəfər isə aylıq sosial
müavinətlə təmin olunur".
Dövlət
Sosial Müdafiə Fondundan isə bildirildi ki, Nizami rayonunun 23 min
500-ə yaxın sakini əmək pensiyaçısıdır:
"Pensiyalar da indiyədək hər ay vaxtından əvvəl
verilib".
Ramid İBRAHİMOV
Yazı Suraxanı Rayon İcra Hakimiyyəti
və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə
təqdim edilir.
Bizim Yol.- 2016.- 20 yanvar.- S.11.