Sevgi şairinə ithaf
edilən ESSE
MƏN sənsiz
ölərəm demişdim SƏNə,
Hamısı
yalanmış, yaşadım SƏNsiz...
Nəriman Həsənzadə
Həyat
və yaradıcılığını dahi
ingilis şairi Corc Bayronun həyat və
yaradıcılığı ilə müqayisə etdiyim Azərbaycan xalqının sevimli şairi Nəriman Həsənzadənin
poetik dünyası sözün
həqiqi mənasında insanı pozitiv
duyğuların sehrinə salır. Nəriman Həsənzadənin
yaradıcılığından hər bir
peşə sahibi söz
açıb danışa bilər və öz
duyğusu, öz duyumu ilə nələrəsi izah
edər. Tənqidçi alim Rüstəm
Kamalın da söylədiyi kimi, Nəriman Həsənzadə sözün tam mənasında
sevgi şairidir. Nəriman
Həsənzadənin yaradıcılığındakı Yaradana tapınma qorxu ilə
deyil, sevgi yolu ilə olduğundan, o həm də sufi şair kimi qəbul olunur.
Şairin poeziyası ilə tanış olarkən insan təsəvvüründə fəza keçidləri baş verir. Yəni birölçülü fəzada düşünən insanın təsəvvürləri ikiölçülü fəzaya, ikiölçülü fəzada düşünən insanın təsəvvürləri üçölçülü fəzaya, üçölçülü fəzada düşünən insanın təsəvvürləri isə dördölçülü fəzaya keçir. Ümumiyyətlə, üçölçülü fəzanın ən gözəl dərki isə sufi şairlərin yaradıcılığında yatır. Həllac Mənsurun, Şəms Təbrizinin, Mevlanənin, Seyid Nəsiminin, Şah İsmayılın yaradıcılığı bütünlüklə üçölçülü fəzanın koordinatları üzərində qurulmuşdur. Məhz Nəriman Həsənzadənin də yaradıcılığının qüvvə mərkəzində üç əsas varlıq - Allaha sevgi, insana eşq, ruha məhəbbət dayanır. Adətən onun qəhrəmanları tək olur. Tək olsa da Yaradandan əlini üzmür, daim öz sevgisini axtarır, axtardığını təsəvvürdə xəyal kimi, sonsuzluqda zərrə kimi tapır. Amma hər şey artıq zamana görə gecikmiş olur. Lakin gec olsa da müqədəs hisslərlə, zərrələrilə qəlbdə özünə əbədi yaşam məkanı tapır.
Nəriman Həsənzadənin yaradıcılığındakı qəhrəmanların sufi düşüncələrini, gecikmiş sevgi hisslərini, ruhsal dünyalarının duyumlarını ümumiləşdirərək obrazlı şəkildə səhnəyə daxili ruha köklənmiş MƏN və SƏN adlı iki qəhrəman çıxarmaq qərarına gəldim. Bu iki sevginin, iki eşqin gecikmiş zaman baxımından real qovuşması mümkün olmasa da ruhsal qovuşması obrazların dili ilə mümkün olmuşdur:
MƏN və
SƏN (sevgi essesi)
Zaman geriyə
dönüşü mümkün
olmayan, irəlisi bilinməyən aləhəzrət
bir anlayış, bir məfhumdur. Bu məfhum içərisində
kimisi özünü
xoşbəxt, kimisi bədbəxt, kimisi tam, kimisi natamam tapa bildi. Ən dəhşətlisi isə
yaşadığı ömür
aralığında özünü
tapmayan bəndələrdə
olur. Bu bəndələr
eşq aşiqləri,
ruh sevdalılarıdır.
Bu bəndələr bu dünyadan o dünyaya - ruhlar dünyasına asan keçə bilən varlıqlardır. Bu bəndələr üçün
zaman və məkan anlayışı
yoxdur. Bu bəndələr heç
özləri də fərqində olmadan üç və dördölçülü fəzada
düşünürlər. Bu bəndələr Yaradanın qismət etdiyi ömür payında daim daxili MƏNi ilə birləşərək
bütövləşir. Onlarda daxili MƏN eşqə vurğun, zahiri MƏN isə ruha vurğun
yaşayır. Onlarda daxili
MƏN işıqdan ruh
alır, zahiri MƏN isə ruhdan işıq alır. İşıqdan ruh, ruhdan işıq alan kəslərdən
biri də MƏN idim. Yəni özünü real dünyada tapmayan bəndələrdən biriyəm.
Bəzən düşünürəm ki, kimsə MƏNƏ sual edib soruşsa
ki, xoşbəxtsən,
yoxsa bədbəxt?
Suala cavabım, daha doğrusu cavabsızlığım
sonsuz məkana zillənmiş alovlu gözlərimdəki parıltı
içərisindən doğar.
Həmin baxışlardakı
parıltı isə işıq sürətindən
min qat artıq sürətlə yayılaraq
sonsuzluq içindən
həmişə sonlu
nəsə axtarırdı...
Bəs sonsuzluqda
sonlu nə axtarırdı? Bunu demək çox
çətindir. Əslində nə axtardığı ağlıma bəlli olmasa da, ruhuma
məlum idi. Lakin, sadəcə, axtardığımı
söz ifadəsi ilə ipə-sapa düzüb demək mümkün deyildi. Hər dəfə MƏN ruh dünyamın sehrinə düşüb sonsuz məkandakı axtarışları
yorulmadan bax beləcə davam etdirirdim. MƏN əmin
idim, Ruhum da ümidili idi ki, nəsə
tapacağam... Çünki ruhun ümidi ağlın hissiyatından
daha güclüdür.
Ağlın hissiyatı sonlu
və məkanlı olsa da, Ruhun
ümidi sonsuz və məkansızdır.
Günlərin bir gunu ruhum sonsuz
məkanda sonsuzluğa
doğru baxınca bir ümid zərrəsi
gördü... Zərrə çox
uzaqda idi. Amma o zərrə gur parıltı ilə bərq vururdu... Hər gün uzaqdakı
zərrədən gələn
enerji ruhuma, duyğuma, hissimə bir məlhəmlik, rahatlıq, sakitlik yetirirdi. Ağılın hökmünə tabe olmayan duyğular
qeyri-ixtiyari o zərrəni
daha dərindən kəşf etməyə qaçırdılar. Ağıl
aciz qalmışdı,
ruha qarşı hökm edə bilmirdi... Nəhayət ki, zamanın bir məqamında MƏN zərrəyə yetişdim...
Yanına çatdım...
Bənzəri olmayan bir yanar zərrə
idi bu zərrə...
Yaxınına durmaq mümkün deyildi... Çox parıldayırdı...
Nəhayət eşq zərrəsinin enerjisi ruhumun enerjisini də duydu... hiss etdi... qəbul etdi... Bax beləcə
MƏNİM daxilimdə yeni
dünyanın yeni eşqi, yeni Günəşi doğdu...
Bəs o eşq, o Günəş
nə idi, kim idi?
O Günəş, o zərrə
bütün varlığımla
kimliyini duyduğum, hiss etdiyim SƏN idin. Sən idin, bəli! Ruhunla varlığının
tamı olan Sən idin...
Bütöv olaraq Sən idin... Tam olan Sən idin...
Sənin ruhunu duyduqca, eşq alovu ilə Sənin iç dünyana endikcə özümü orada tapdım... Bəlkə də MƏN deyildim...
Çünki Sənin saflığın
içində də bir saflıq vardı. Bəlkə də
Səndəki gizlin saflığı görüncə,
elə özümü
görüb deyə düşünmüşəm... Elə buna görə
də hər an Sənə olan istəyim böyüdü,
artdı, ucaldı...
Bu böyük zərrə
özü də ən kiçik zərrələrə bölünərək
böyüyürdü... Zərrənin
biri eşq, biri məhəbbət, biri sevgi, biri
hiss, biri duyğu və nələr, nələr oldu... Sənə Səndən gizlin gəldiyim kimi, Səni Səndən gizlin sevdim, hiss etdim, duydum... Amma nədənsə SƏNƏ olan məchul sevgimə, hissimə ad qoya bilmədm ki, bu məchul
sevginin adı məlum olsun. Düzü əslində heç ad qoymaq belə istəmirdim. Çünki
bilirəm ki, hər bir ad özü özlüyündə
nəyisə bəlli
edir, nələrisə
sərhədləyir... MƏNİM
sevgim, hissim, ruhum isə sonsuz məkanda mövcud olan bir dünyadır. Bəlkə də düşünəcəksən ki, bunlar, sadəcə,
MƏNİM duyumum, hissimdir...
Bəli, düz bildin, bunlar MƏNİM saf hissim, fövqəl
duyumumdur ki səni SƏN olaraq belə duyub həmişə... Amma SƏN fərqindəsənmi
bunların?
Bilinmir!
MƏN, əslində, səninlə
bağlı çox şey düşünürəm...
Səni çiçəklər kimi,
güllər kimi, çiçəklər güllər
üstündəki şeh
kimi düşünürəm.
Çünki MƏN ruhumla sevirəm
SƏNİ. Bu sevginin dillə əyani ifadəsi üçünsə
sözlər yetməz...
SƏNi tanıdıqca bir şeyin doğruluğuna əmin oldum. Əmin
oldum ki, insanlara bir-birini tanımaq üçün
heç də illər gərək deyilmiş... MƏN artıq
hər kəsdən çox hiss edib tanıyıram Səni... Hətta xəyal sürəti belə acizdir, bu hissiyyatın
qarşısında...
Lakin
MƏN SƏNİ bütün varlığmla duyub sevsəm də, geriyə dönüşü
mümkün olmayan, irəlisi bilinməyən
aləhəzrət ZAMAN isə
başqa şey deyir...
Gecikmisən deyir, gecdir deyir... Həyat nərdivanında MƏN geri,
SƏN isə irəli
gedirsən...
Nə etmək
olar? Hökm zamanındır...
Zaman isə məqamın...
Amma istəsən
də, istəməsən
də ruh dünyamda bir MƏN varam, bir də
SƏN.
Yusif Alı Afşar,
fəlsəfə doktoru, dosent
Bizim Yol.- 2016.- 20 fevral.- S.15.