"Şükür
Allaha, hər şey əladır,
hər şey yolundadır”
Milli.Az Azərbaycan Dövlət
Musiqili Teatrının aktyoru, Xalq artisti, "Şöhrət"
ordenli, Prezident təqaüdçüsü, Mədəniyyət
və İncəsənət Universitetinin kafedra müdiri,
professor İlham Namiq Kamalla müsahibəni təqdim edir:
- Salam, İlham müəllim! Necəsiniz, işlər necədir?
- Sağ
olun, yaxşılıqdı. Arxada qoyduğumuz
mart ayı bayramlarla əlamətdar aydı. Bu ay 8 Mart Beynəlxalq Qadınlar Günü, əsrlərdir
ki, xalqımızın adət-ənənələrini
özündə əks etdirən İlaxırçərşənbə,
Novruz Bayramını qeyd etdik. Mart
ayının eyni zamanda ölkəmizin teatr ictimaiyyəti
üçün də xüsusi yeri var. 10 mart ölkəmizdə
Milli Teatr Günü kimi qeyd olunur. Beynəlxalq
Teatr Günü də məhz bu aya - 27 mart tarixinə təsadüf
edir. Bu günlərdə dövlət
başçısı cənab İlham Əliyev ölkəmizin
teatr xadimlərinin mükafatlandırılması, təltif
edilməsi ilə bağlı sərəncam imzaladı.
Habelə, Mədəniyyət və Turizm naziri cənab
Əbülfəs Qarayevin əmri ilə teatr sahəsində
çalışan müxtəlif şəxslər Fəxri fərman
və "Fəxri mədəniyyət işçisi"
döş nişanları ilə təltif olundu. Təltif olunanlar sırasında bizim sevimli
teatrın da əməkdaşları var. Buna çox sevinirik.
Bütün bunlar insanı yalnız
ruhlandıra, daha böyük yaradıcılıq
uğurlarına sövq edə bilər. Bu,
həm də ümumilikdə, Azərbaycan mədəniyyətinə,
Azərbaycan teatr sənətinə dövlət tərəfindən
göstərilən diqqət və qayğının bariz
nümunəsidir. Bu bizə, bizim sənətimizə
verilən çox yüksək, ali qiymətdir.
- Dediniz ki, təltif olunanlar
arasında Musiqili Teatrın nümayəndələri də
var idi. Söhbət kimlərdən gedir?
- Azərbaycan
Dövlət Musiqili Teatrının Baş baletmeysteri Zakir
Ağayev hörmətli prezidentimizin müvafiq sərəncamı
ilə "Azərbaycan Respublikasının Əməkdar
artisti" fəxri adına layiq
görüldü. Mədəniyyət və Turizm naziri cənab
Əbülfəs Qarayevin əmri ilə aktyor, Azərbaycan
Respublikasının Əməkdar artisti, Prezident
mükafatçısı Novruz Qartal və orkestr artisti Zakir
Dadaşov "Mədəniyyət və Turizm Nazirliyinin Fəxri
Fərman"ı, teatrımızın quruluşçu rəssamı
Nabat Səmədova isə "Fəxri mədəniyyət
işçisi" döş nişanı ilə təltif
olundular. Bir məqamı xüsusi ilə qeyd etmək
istəyirəm. Son dövrlərə qədər
Musiqili Teatrda fəxri adı olan sənətçilər
çox az idi. Məhz son 7-8
ildə teatrımızın bir çox əməkdaşı
müxtəlif fəxri adlarla təltif olunublar. Buna görə şəxsən öz adımdan, həmkarlarım
adından möhtərəm prezidentimiz cənab İlham
Əliyevə, hörmətli nazirimiz Əbülfəs Qarayev
başqa olmaqla Mədəniyyət və Turizm nazirliyinə
minnətdarlığımı bildirirəm.
- Dediklərinizdən belə məlum
olur ki, maşallah, hər şey qaydasındadır...
- Şükür Allaha, hər şey əladır, hər
şey yolundadır. Nədənsə narazı olmağa
heç bir əsas, heç bir səbəb yoxdur. O
insanın ki, əməyi qiymətləndirilir, ona dəyər
verilir, onun kimdənsə inciməyə, narazı olmağa əsası,
haqqı yoxdur. Bizim teatrda isə bu işlərə
xüsusi önəm verilir. Hər kəs
işinin, zəhmətinin dəyərini alır. Mən Azərbaycan Dövlət Musiqili
Teatrının aparıcı aktyoru olmaqla yanaşı, Xalq
artistiyəm, "Şöhrət" ordeni ilə təltif
olunmuşam, Prezident təqaüdçüsüyəm, Mədəniyyət
və İncəsənət Universitetinin kafedra müdiri,
professoram. Xalq məni tanıyır, sevir.
İstər dövlət, istər işlədiyim
teatrın rəhbərliyi tərəfindən əməyim hər
zaman qiymətləndirilir, həmişə özümə
qarşı diqqət və qayğı hiss edirəm. Düşünürəm ki, bir sənət
adamına göstərilən diqqət və qayğı həm
də onun çevrəsinə, ailəsinə göstərilən
diqqət və qayğıdır. Yaradana
minnətdaram ki, mənə belə bir tale və təbii ki,
belə bir kollektiv nəsib edib. Bizim
Musiqili Teatrda böyük-kişik yeri həmişə
gözlənilir, bilinir. Təbii ki, bu da rəhbərlikdən
irəli gəlir.
- Hazırda Musiqili Teatrın
repertuarındakı hansı tamaşalarda
oynayırsınız?
- Musiqili Teatrın cari repertuarındakı bir sıra
tamaşalarda baş rolları ifa edirəm. Dahi Üzeyir
Hacıbəylinin "Ər və arvad" iki hissəli
musiqili komediyasında Mərcan bəyi oynayıram. Yeri gəlmişkən qeyd edim ki, Musiqili Teatrın əsası
ötən əsrin əvvəllərində məhz bu dahiyanə
səhnə əsəri ilə qoyulub. Daha
sonra F. Sücəddinov və T. Vəliyevanın "Mən dəyərəm
min cavana" tamaşasında İbad İbadoviç, R.
Mirişli və M. Haqverdiyevin "Qısqanc ürəklər"ində
Polkovnik Mikayıl, E. Sabitoğlu və C. Məmmədovun
"www.ferzeli-kef.com"-unda Fərzəli, R. Mirişli və
M. Haqverdiyevin "Amerikalı kürəkən"ində
Orxan rollarını ifa edirəm. Bir-birindən
maraqlı, yaddaqalan obrazlarla hər həftə ən azı
bir dəfə tamaşaçıların qarşısına
çıxmaq, onların alqışlarını qazanmaq...
Aktyor üçün bundan böyük xoşbəxtlik ola bilərmi?
- Musiqili Teatrda rejissor kimi
hazırladığınız tamaşalar varmı?
- Əlbəttə
var! Məsələn, bayaq qeyd etdiyim R.
Mirişli və M. Haqverdiyevin "Amerikalı kürəkən"
iki hissəli musiqili komediyasının quruluşçu
rejissoru mənəm. Tamaşadakı tərəf-müqabilim
Azərbaycan Respublikasının Əməkdar artisti,
hamının müğənni kimi tanıdığı,
amma həm də gözəl aktrisalıq istedadına malik
olan Almaz Ələsgərlidir. Bütün
bunlarla yanaşı, bir sıra yeni layihələr də var
ki, hazırda onların üzərində işləyirik.
- Bir qədər bu haqda
danışardınız.
- Sabit Rəhmanın "Əliqulu evlənir"
komediyasını hazırlamaq arzusundayam. Bu əsər
illər öncə yazılsa da, orada günümüzlə
səsləşən bir sıra məqamlar var. Əsərin
liberottusunu işləyərkən bütün bunları nəzərə
aldım. Bilirsiniz heç vaxt köhnəlməyən,
həmişə müasir olan əbədi mövzular var. Məsələn,
tamah, var-dövlət hərisliyi, sevgi, məhəbbət... Bu mövzular bütün dövrlərdə
müasirdi. Bildirim ki, quruluşçu
rejissoru olacağım "Əliqulu evlənir"
tamaşasının musiqisi Oqtay Rəcəbova məxsusdur.
Mahnı mətnlərini gözəl şairimiz
Baba Vəziroğlu qələmə alıb. Hazırda
qızğın iş gedir, inanıram ki, bu səhnə əsəri
də tamaşaçılarımızın ürəyincə
olacaq.
- Qeyd etdiniz ki, Mədəniyyət və
İncəsənət Universitetinin kafedra müdirisiniz. Tələbələrinizdən Sizinlə birlikdə
Musiqili Teatrda işləyən varmı?
- Bəli,
var və bu mənim xoşbəxtliyimin daha bir sübutudur. Səməzadə
Xasıyev, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə
Əzizova, vaxtı ilə "İlham" Miniatür
Teatrında mənimlə birlikdə işləmiş
Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva -
sonradan Musiqili Teatra gəldilər - hamısı mənə
doğma, əziz insanlardı. Sözün həqiqi
mənasında mən xoşbəxt insanam ki, tələbələrimlə
eyni səhnəni bölüşür, onlarla
çiyin-çiyinə işləyirəm. Əlbəttə,
bu şəraiti yaratdığına, istedadlı gənclərin
teatrımıza cəlb olunmasına, onlara yüksək etimad
göstərilməsinə, onlara arxa, dayaq olduğuna görə
ilk növbədə Musiqili Teatrın direktoru, Əməkdar
incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent, bütün
kollektivin sevimlisi, əziz dostum Əliqismət Lalayevə təşəkkür
etmək istəyirəm. Ümumiyyətlə,
Əliqismət Lalayev Musiqili Teatra direktor təyin olunandan sonra
burada bir canlanma yaranıb. Təbii ki, bu
barədə mətbuatda da kifayət qədər
yazılır, kifayət qədər
işıqlandırılır. Bu gün teatrın
repertuarında olan Ü. Hacıbəylinin "O olmasın, bu
olsun", "Arşın mal alan", "Ər və
arvad", İ. Əfəndiyevin "Mənim
günahım", F. Əmirovun musiqiləri əsasında
"999-cu gecə", Elçinin "Baladadaşın toy
hamamı", Ə. Haqverdiyevin "kimdir müqəssir?",
O. Kazımi, R. Heydərin "Qızıl toy", habelə
rus bölməsində İ. Kalmanın "Silva", R.
Hacıyevin "Qafqazlı qardaşqızı", M.
Komulettinin "Fransızsayağı qarnir" və başqa
səhnə əsərləri uğurla nümayiş olunur. Eyni zamanda Azərbaycan və rus dillərində bir
sıra uşaq tamaşalarımız var ki, hər zaman
uşaqlar böyük maraq içində və sevə-sevə
izləyirlər. Teatrımız müxtəlif
ölkələrdə keçirilən Beynəlxalq
festivallarda uğurla iştirak edir, mükafatlar qazanır.
Artıq Musiqili Teatr bir mayaka çevrilir. Hər şey göz qabağındadır, mənə
elə gəlir ki, əlavə sözə ehtiyac yoxdur.
- Bu yaxınlarda Azərbaycan
Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin
ölməz "Arşın mal alan" əsərində
Soltan bəy obrazında çıxış etdiniz.
Bu da yeni bir layihə idi və inanıram ki, uğurlu alındı. Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov və Baş rejissor, Əməkdar incəsənət xadimi Hafis Quliyev məni dəvət etdi və mən də onların bu dəvətini məmnuniyyətlə qəbul elədim. Ümumiyyətlə, bunun özü də Azərbaycan teatrında yeni bir tendensiyadır və səhv etmirəmsə, bunun da əsası bizim teatrda qoyulub. Hələ 2011-ci ildə Əliqismət müəllimin təklifi ilə Musiqili Teatrda Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Qoqolun məşhur "Evlənmə" əsəri səhnələşdirildi. Həmin tamaşaya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisaları, Xalq artistləri Şükufə Yusupova, Məleykə Əsədova, Gənc Tamaşaçılar Teatrından Əməkdar artist Qurban İsmayılov dəvət olundular. Tamaşa yaxşı mənada çox böyük səs-küyə səbəb oldu və Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" Mükafatını qazandı. 2012-cü ildə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından Xalq artisti Hüseyn-Səfa Mirzəhəsənov J.B. Molyerin "Skapenin kələkləri" tamaşasında Arqat rolunu ifa etmək üçün dəvət olundu və həmin tamaşa hazırda da teatrımızın repertuarında uğurla nümayiş olunur. 2014-cü ildə isə Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkda artist Şövqi Hüseynov Üzeyir Hacıbəylinin əbədiyaşar "O olmasın, bu olsun" iki hissəli musiqili komediyasında iştirak etmək üçün dəvət olundu və Məşədi İbad rolunun ifasına görə "Zirvə" Mükafatını qazandı. Bu yaxınlarda teatrımızda premyerası keçirilən dünya şöhrətli bəstəkar Qara Qarayevin musiqiləri və Xalq yazıçısı İlyas Əfəndiyevin eyni adlı əsəri əsasında hazrlanan "Mənim günahım" pyesində yenə də Akademik Milli Dram Teatrından Xalq artisti Şükufə Yusupova və Əməkdar artist İlham Hüseynov uğurla çıxış etdilər. Bizim teatrın artistləri də mütəmadi olaraq Opera və Balet teatrına dəvət olunurlar. Bu teatrda Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərində hazırda mənimlə yanaşı, teatrımızın aktyorları - Əməkdar artist Ələkbər Əliyev və başqa bir tamaşada aktyor Ağaxan Şərifov da çıxış edirlər. Buna qədər isə teatrımızın gənc aktrisası Türkel Şabanova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunaraq çıxış etmişdi. Hazırda Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızı Sumqayıt Dövlət Dram Teatrında S. Ələsgərov və İ. Məlikzadənin "Toy olsun" əsərində məşq edir. Yeri gəlmişkən, qeyd edim ki, bu gün Opera və Balet Teatrının aparıcı solistləri sayılan Əməkdar artistlər İnara Babayeva, Fərid Əliyev, Afaq Abbasova, Ramil Qasımov da bizim Musiqili Teatrdan ora gediblər.
Əziz dostum Əliqismət Lalayev demişkən, yaşımızın bu vaxtında biz təkcə öz teatrımız barədə düşünməməliyik, nə iş görürüksə, Azərbaycan mədəniyyətinin, Azərbaycan teatrının inkişafı üçün etməliyik. Bizim xoşbəxtliyimiz Azərbaycan teatrının uğurlarındadır.
Bizim Yol.- 2017.- 5 aprel.- S.15.