“Mənim iki atam, iki anam
var”
Kulis.az Sevda Sultanovanın məşhur
aktrisa, aparıcı Ülviyyə Əliyeva ilə müsahibəsini
təqdim edir.
- Sənə ilk
sualım başqaydı, amma bura gələndə ovqatım dəyişdi,
ona uyğun sualla başlamaq istəyirəm.
Vaxtaşırı görüşürük, qismən də
olsa bir-birimizi tanıyırıq. Səni heç vaxt ruhsuz,
pessimist görməmişəm, həmişə müsbət
emosiyalı, sevgi dolusan, kədəri də pozitivə
çevirə bilirsən. Buna necə nail olursan? Cəmiyyətdə
depressiv əhval-ruhiyyə var, hər gün intihar xəbərləri
alırıq. Sən necə çıxırsan depressiyadan,
gücü hardan alırsan?
- Hamı həyatında elə vəziyyətə gəlir ki, intiharı çıxış yolu kimi görür. İntihar həddinə çatdığım anlar olub. Son anda məni günah hissinə bulaşmaq, allah qorxusu saxlayır. İkincisi, analarıma övlad əziyyətini çəkdirmək istəməmişəm. Mənim iki atam, iki inam var. Bibimin yanında böyümüşəm. İstəmirəm, onlar övlad acısı çəksinlər. Peşəmdən, ailədəki uşaqlardan, dostlardan güc alıram. Valideynlərim yaxın dostumdur. Üstəlik, barmaqla sayılan, təmənnasız, fədakar dostlarım var.
Fikir verirəm, intihar hadisəsi baş verəndə ümidsiz, bədbin şeylər yazırlar, məsələn, Mövludun intiharı ilə bağlı. Onu intihara gətirən səbəblər vardı. Gücü çatmayıb intihar edib. Hadisə ilə bağlı bir həftədə o qədər bədbin, ümidsiz şeylər yazdılar. Facebookdan yeniyetmələr, iradəsiz adamlar da istifadə edir, onlar görəndə ki, problemdən çıxış yolu budur, onlara təsir edir. Yeniyetmə oğlanlar bəzən intiharı qəhrəmanlıq kimi qəbul edir. Sevgi depressiyasına düşəndə intihar edir ki, qızın yaddaşında qəhrəman kimi qalsın, ya da bununla onu cəzalandırır.
Psixologiyada “Verter effekti” deyilən anlayış var.
Hötenin "Gənc Verterin iztirabları" əsəriylə
bağlıdır adı. Onda əsərin təsirindən
Avropanı intihar epidemiyası bürümüşdü.
Araşdırmalara görə, mətbuatda
intiharlardan ardıcıl yazılanda, intiharların sayı
artmağa başlayır. Ona görə
mövzuya həssas yanaşmaq lazımdır. Burdan çağırış eləmək istəyirəm
ki, intiharın çıxış yolu olduğunu
yazmayın, ruhdan düşməyin, güclü olun. Hər qaranlıq tunelin sonunda işıq var.
İnanıram ki, Allah bəndəsinə qaldıra biləcəyi
qədər yük verir.
- Mövzunu dəyişək. Peşəkar aktrisasan. Həm də veriliş
aparırsan, şənliklərə gedirsən. Bunun kökündə maddi amil dayanır.
Aktrisalıqdan kənar işlərlə məşğuliyyət
peşəkarlığına təsir edirmi, nələrisə
itirirsənmi?
- Məcbursan.
Xərclədiyin nələrsə olur əlbəttə
ki. Hə, teatrda çalışıram,
filmdə çəkilirəm, amma indi sənət
baxımından bir aclıq gəlib, yaratmaq istəyirəm.
Çünki vaxt çox azdır, həyatdır da hər
şey ola bilər. İstəyirəm
ki, potensialımı göstərən rollar oynayım. İndi olğun yaşdayam, 35 yaşım var, bu
yaşımı səbirsizliklə gözləmişəm.
Azdan-çoxdan həyat, sənət təcrübəm
var. Elə rejissorla işləmək istəyirəm ki,
özümü təsdiq edim. Rejissor məni
plastilin kimi istifadə eləsin, yeni bir şeylər ortaya
qoyum. İndiyədək özümü
bir aktrisa kimi göstərməmişəm. Hə, tanınıram. Amma bu, mənim
istədiyim deyil. Aktrisa kimi ozümü on
faiz göstərmişəm, amma bilirəm ki, daha
yaxşısını edə bilərəm. İstəyirəm, elə tamaşa, rejissor olsun ki,
səhər tezdən axşamadək məşq edim. 35 yaşında 20-25 yaşlı qadını oynaya
bilərəm. Amma 45 yaşında cavan
qızı oynaya bilmərəm. Bəlkə
gücüm qalmaz. Ya da, sabah ailəm
olsa, diqqətimi daha çox ailəyə verəcəm, nəinki
işə. Müzikldə oynamaq arzum var, bəlkə
45 yaşda, o rəqsləri, şuxluğu göstərə
bilmərəm.
“Qadın” filmində 63 yaşlı İsabel Yupper xeyli
gənc qadını oynayır. Elə məharətlə oynayırdı ki, yaş fərqini
hiss eləmədim. Bəlkə yaş faktoru
psixoloji məsələdir? Əsas peşəkarlıq,
yanaşma, mənəvi gücdür.
- Ola bilər. Musiqili
komediyada rus bölməsində bir aktrisa vardı, Bojena.
80-dən yuxarı yaşı vardı, amma kankan
(dinamik fransız rəqsi-S.S.) oynayırdı. Dolu
olsam da plastikəm, hərəkətliyəm. Amma bəlkə 45-də artıq bu istək olmayacaq.
Bir də insanın beynini
proqramlaşdırmasından çox şey
asılıdır. Vaxt vardı ki, eyni
vaxtda 4 -5 yerdə işləyirdim. Televiziya, teatr, serial,
şənliklər... Hamı deyirdi ki, necə
çatdırırsan, adi qəbul edirdim. İndi
özümə təəccüblü gəlir ki, onu necə
edə bilirdim, üstəlik, onda maşınım da yox idi.
Maşını da işə görə
aldım ki, çatdırım. Hərdən
anama deyirəm ki, əgər eşitsən kimsə dayanacaqda
ölüb bil ki, mənəm. İşləməyi sevirəm,
əksinə iş az olanda depressiyaa girirəm.
- “SOY”un verilişlərində Keyxanım obrazı
ilə populyarlıq qazandın. Bu obrazdan çıxmaqda
çətinliyin var. “Ər quyusu” filmindəki obrazında
ondan nələrsə vardı...
- Səidə
Haqverdiyeva rolu təklif edəndə sevindim, onunla işləmək
zövqlü idi, gözəl günlər yaşadıq.
Orda da evdə qalmış qız
oynayırdım. Çalışırdım
ki, Keyxanıma oxşamasın. Həm də
bu süjetin başqa ciddi qatları vardı. Amma burda da Keyxanımdan müəyyən şeylər
vardı. Çalışıram ki, rolun
psixoloji qatını oynayım. Bunu
Hüseynağa Atakişiyevdən öyrənmişəm.
Keyxanımdan sonra evdə qalmış kənd
qızı rolunda görürlər məni. Həyatda da elə qəbul edirlər, qıcıq
oluram. Bilirsən ki, mən şəhərdə
böyümüşəm, rus məktəbini bitirmişəm,
xarici dillərə qəbul olunmaq üçün ingiliscəyə
hazırlaşmışam. Bəzən
kimsə mənlə rusca danışanda, mən də rusca
cavab verəndə təəccüblənirlər. Demirəm
ki, rus dilini bilmək ziyalılıqdır, ali
dərəcədir, əlavə xarici dildir də. Əksinə, düşünürəm ki, Azərbaycan
vətəndaşının öz dilində danışa
bilməməsi “çuşka”lıqdır. Bir dəfə də şəhərdə turistə
yolu başa salırdım ingiliscə, gedən-gələn təəccüblə
baxırdı ki, bu ingiliscə danışır. Bu obrazın təsiri böyükdür. Bəlkə də elə düşünürlər
ki, Keyxanım kimi ərə getməkdən ötrü ürəyim
gedir, şiddətli arzumdur. Ailə qurmaq təbii
arzudur, bu, başqa. Ərə getməkdən
ötrü dəridən-qabıqdan çıxmaq başqa.
Bir az bu məni incidir. Tamaşaçının
gözündə belə qalmaq istəmirəm.
- Amma
rejissor da sənə bu qəlibdən çıxmaq fürsətini
verməlidir.
- Aktyoru aktyor edən rejissordur. Rejissorlar məni başqa səpgidəmi
görümürlər? Doğrudanmı
elə əsər yoxdur ki, fərqli rol versinlər. Teatrda fərqli rollar oynayıram. Amma yenə istədiyim yoxdur. İndi sevdiyim rol
“Arşın mal alan” da Tellidir, orda az da olsa
istədiyimi edə bilirəm. Gənclər Teatrında Mirzə
Cəlilin, Əli Əmirlinin əsərlərində
oynamışam. O vaxt gənc idim, təcrübəm yox idi,
amma bu gün bilirəm ki, təcrübəm var. Rejissor
lazımdır ki, məni aktrisa kimi kəşf eləsin. Necə ki, Hüseynağa Atakişiyev bunu elədi,
universitetə daxil olmamışdım, məktəbi təzə
bitirmişdim, o nəsə gördü məndə. “SOY” prodakşn məni kəşf elədi. Mənə başqa rakursdan baxa bilən rejissor
lazımdır. Tamaşaçı təəccüblənsin
ki, bu da varmış.
- Bir
halda ki, söhbət Hüseynağa Atakişiyevdən
düşdü, ondan danışmamaq günah olardı. Onun
yetişdirdiyi aktyorlar Qurban İsmayılov, Ayşad Məmmədov,
Nəsibə Eldarova, Rəafel İsgəndərov,
Çoşqun Rəhimov tələb olunan aktyorlardır.
Hansı özəlliyi vardı Hüseynağa müəllimin,
onunla işləmək sənə hansı təcrübəni
verdi?
- Birinci Gənclər Teatrına gəlməyimdən
danışım. Həkim olmaq istəyirdim.
Sonra ehtiyat elədim. Əvvəla
həssasam, xəstəmlə özümü empatiya edə
bilərdim. İkincisi qorxdum ki, birdən
düzgün müalicə edə bilmərəm. Ona görə imtina elədim. Və
9-cu sinifdən ingiliscəyə hazırlaşdım. Güclü dil öyrənmək qabiliyyətim var.
Sonra anladım ki, bu, mənim deyil. Səhnə
məni çəkir. Məktəbdə səhnəyə
çıxırdım, diplomlarım da var. Evdə bunu
narazılıqla qarşıladılar. Onların
təkidilə Xarici dillər Universitetinə verdim, testin
suallarının çoxuna cavab yazmadım ki, girməyim.
Axırda razılaşdılar. İkinci
anam dedi ki, səni ya Rus Dram Teatrına, ya Gənclər
Teatrına işə düzəldirəm, tanışı
vardı. Mən də hər şənbə,
bazar rəfiqəmlə Rus Drama gedirdik. Evimizə
də yaxın idi. Özü də bileti
birinci cərgəyə alırdım ki, səhnəyə,
aktyorlara yaxın olum, səhnənin iyini hiss edim. Anama deyirdim ki, məni ora süpürgəçi
düzəlt. Səhnəni
silim-süpürüm, qoxusunu hiss edim. Amma
nədənsə Gənclər Teatrını seçdim.
Ora da uşaq vaxtı yolka tamaşalarına
gedirdim. Baxmayaraq, Rus Dramın
repertuarını əzbər bilirdim. Amma
yaxşı ki, elə Gəncləri seçdim. Gənclər Teatrı ailə kimi idi, qəribə
ab-havası vardı, Hüseynağa müəllim də o ailənin
başçısı idi. Kasıb teatr
idi, şəraiti yox idi, amma heç vaxt orda bir aktyorun gileyləndiyini
görmədim. Hamısı fanat idi.
Bapbalaca otaqda Hüseynağa müəllim necə
tamaşalar hazırlayırdı. Çox
işıqlı, mədəni adam idi. İşə düzələndən bir ay sonra
yolka tamaşasında ilk rolumu oynadım, “Tıq-tıq”da
Dozanqurdu. Belə bir qayda var ki, fərqi yoxdu ali təhsilli aktyorsan, ya yox, birinci uşaq
tamaşalarında oynamalısan ki, açılışasan. Onda müəllim gördü ki, dəliyə yel
ver, əlinə bel, nə utanmaq, nə sıxılmaq.
Sonra da “Ölülər”də
Nazlını oynadım.
-
Neçə il işlədin orda?
- Dörd il. Orda işlədiyim müddətdə bilmirdim səsim
var. “Karmen”də xorda oxusam da. Universitetə
hazırlaşırdım. Hüseynağa müəllim
soruşdu ki, səsin var, dedim bilmirəm. Sərdar
Fərəcovdan xahiş elədi ki, səsimi yoxlasın.
“Üzüyümün qaşı firuzədəndir”i
oxudum. Sərdar müəlllim dedi ki, səsi var. Ondan
sonra Hüseynağa müəllim məsləhət
gördü ki, Musiqili teatr fakültəsinə ver. Bizdə də
hamısı dram aktyorluğunu bitirmişdi, fikirləşdim
ki, yəqin mən zəifəm, ona görə dedi, Musiqili
teatr fakültəsinə ver. Sonra başa düşdüm ki,
əsl rejissor idi Hüseynağa müəllim. Hiss edib ki, mən
operetta aktrisası ola bilərəm. Afaq Bəşirqızı musiqili komediyaya dəvət
elədi, çəkinirdim ki, orkestrlə oxuya bilmərəm.
Afaq xanım bizə ana kimi olub. Aktyorluq sənətini
“Muzkomediya”nın səhnəsində
keçirdik, güclü kursumuz vardı, yadda qalan
imtahanlarımız olurdu.
- Necə
bir qadın obrazı oynamaq istərdin? Bir də aktyor daim
içini doldurmalıdır ki, obraza da nəsə qatsın.
- Psixoloji yükü ağır
olsun. Müşahidəm güclüdür.
Müşahidəylə ilk dəfə gördüyüm insanın
içini hiss edirəm. Onun
davranışına onun prizmasından baxıram. Niyə bunu elədi? Olur ki, bəraət
verirəm, mənə qarşı neqativ olsa da, deyirəm ki,
anlayıram sizi.
- Aparıcısı olduğun “Bu,
maraqlıdır” verilişi qalmaqala görə
bağlandı. Nə baş vermişdi?
- Məncə bu, bir
sifariş idi. On doqquz ildir aktrisayam, on ildir
televiziyada işləyirəm. “SOY”
güclü televiziya məktəbidir. Nəyi
nə vaxt, necə etməyi gözəl bilirəm. Əgər mən sosial veriliş aparsaydım, orda
oynasaydım ayaqyalın, bu, tərbiyəsizlik olardı.
Sosial olmasın, əyləncəli veriliş
olsun, orda da doğru olmazdı. Mən bu
verilişin içində səhnəcik oynayıram, aktrisa
kimi. Söhbət səhnəcikdən
gedirsə, nəinki ayaqyalın oynaya bilərəm, hamam
xalatında da, gecə paltarında da çıxa bilərdim.
Çünki bu, səhnəcikdir. Verilişin konsepsiyası fərqli idi. Sifariş edənin buna savadı
çatmırdı. Amma bəzi jurnalistlərin
qeyri-peşəkarlığından məyus oldum. Biri soruşmadı ki, sizin mövqeyiniz nədir?
Zəng vuranda da deyirdim ki, baxmısız ona?
Deyirdi yox. Deyirdim, baxın
sonra. Baxandan sonra soruşurdular ki, bu
haqsızlığa nə deyirsiz? Onsuz da
bu verilişdən qazancım yox idi, itirdiyim nəsə
olmadı. Amma öyrəndiyim çox
şey oldu. Demək, güclüyəm ki,
bunu edirlər. Və daha da gücləndim.
Sevda Sultanova
Bizim Yol.- 2017.- 8
aprel.- S.15.