“Qədirin ifasında bir neçə
mahnı var ki,
misilsizdir”...
Teleqraf.com-un
"Portret” layihəsinin növbəti qonağı
tanınmış şair Qulu Ağsəsdir. O, mərhum
muğam ifaçısı Qədir Rüstəmovu xatırlayır.
– Qulu müəllim, Qədir Rüstəmovla tanış olduğunuz gün yadınızdadırmı?
– Hamı kimi mən də Qədiri mahnıları ilə tanımışam. Amma başqaları ilə fərqim bu idi ki, onu tez-tez görmək imkanım da vardı.
– Harda
görürdünüz ki?
– Hərçənd onu toylarda az görmək olurdu. Açığı, Qədir getdiyi toyda mən iştirak edə bilmirdim. Çünki yaşım imkan vermirdi. Daha çox çayxanada, küçədə, məscidin, evlərinin yanında görürdüm. 1986-cı ildə isə Azərbaycan televiziyası Ağdamda bir tədbir keçirirdi. Həmin tədbirdə şeir demişdim, Qədir də orda idi. O vaxtlar Ağdamın iki əfsanəsi vardı: Qədir Rüstəmov və Rəmiş! Hamı onlarla görüşməyə can atırdı.
– Rəmişlə
Qədir dost olublar?
– Həm dost idilər, həm də ömür boyu bir-biri ilə yola getmirdilər. Münasibətləri heç vaxt stabil olmayıb. Gah dalaşıblar, gah da barışıblar.
– Bəs onu
istedadlı bir sənətkar kimi nə vaxtdan və necə
tanıdınız?
– Yadıma gəlir, "Ulduz” jurnalında Seyran Səxavətin müsahibəsini oxumuşdum. Bu müsahibə Qədiri sevməyimdə böyük rol oynadı. Müsahibədə Qədir Seyran Səxavətdən soruşur ki, "balığın səsini eşidə bilirsən? Mən eşidirəm”. Məhz bu müsahibədən sonra anladım ki, bizim rayonumuzda, əhatəmizdə hər şeyə öz qeyri-adi baxışı olan bir sənətkar yaşayır.
– Neçənci
illər idi?
– 80-ci illər. Mən o zaman anladım, Qədir təkcə məclislərdə şəninə sağlıq deyilən adam deyilmiş. Seyran Səxavət deyirdi, evdə tək oturub Qədirin bir mahnısına, məsələn, "Sona bülbüllər”ə qulaq asmaq təhlükəlidir, adam intihar eləyə bilər. Yeri gəlmişkən, Qədir Rüstəmov xarakterini də qoruyub saxlamağı bacaran adam idi. Allah iraq eləsin, sakit, fağır bir adam olsaydı, onu məhv edərdilər. Heç kimin qabağından yemirdi.
– Axı çox sakit adama
oxşayırdı...
– Oxşayırdı. Amma xaraktercə görünüşünün tamam əksi idi.
– Ən yaddaqalan
görüşünüz nə vaxt olub?
– Azərbaycan dövlət radiosunda işləyirdim. O vaxt "Azadlıq” qəzetində humanitar şöbə müdiri işləyən Zöhrab Əmirxanlı zəng elədi ki, Qədir Rüstəmovla müsahibəyə razılıq almışam, səninlə birlikdə getmək istəyirəm. Zöhrab məni ona görə yanında aparırdı ki, üstünə hücum olsa Qədirə desin: "Qulu Ağsəs də burdadır” (gülür). Məlum oldu ki, Qədir heç məni tanımır, yəni mənim orda olmağım heç bir rol oynamır. Bizi görən kimi acıladı.
– Nə dedi ki?
– Dedi, müsahibə vermək istəmirəm. Uzun yalvar-yaxardan sonra qayıtdı ki, mən Bakıda sıxılıram, şəhər kənarına gedək. Beləliklə, minib maşına Qaradağ rayonuna yola düşdük. Qədir qəlyan əlində qabaqda oturmuşdu və bütün suallarımıza eyni tonla beləcə cavab verirdi: Yox!
"QAİ” maşını saxlatdı. Açığı mən sevindim ki, nəsə maraqlı bir hadisə baş verər, bu pərtlik aradan götürülər. Təəssüf, belə olmadı. Qədir yol polisləriylə dalaşdı, postun rəisi gəldi, onu tanıdı. Qəfil Qədir əlini yaxasına atdı, qışqırdı ki, "əəə, mənim ordenimi nenəmisiniz?!” Onda başa düşdüm ki, Qədir Rüstəmovla müsahibəyə gedirəm.
– Necə yəni?
– Çünki əslində, Qədir Rüstəmovun yaxasında orden yox idi. O vaxt hələ ordenin eskizi Milli Məclisə təzə təqdim olunmuşdu. Təsdiq olunandan sonra Nazirlər Kabinetinə təqdim olnacaqdı. Yəni hələ qabaqda uzun mərhələlər, proseslər vardı. Sadəcə sərəncam çıxmışdı – Qədir Rüstəmovun "Şöhrət” ordeni ilə təltibi haqda sərəncam.
"QAİ” işçiləri bizi sözün bütün mənalarında yola verdilər. Həmin vaxt başa düşdüm ki, biz çox ağır bir iş dalınca gedirik. Getdiyimiz yerdə ev yiyəsi bizi çox yaxşı qarşıladı. Heyvan kəsmək, kabab çəkmək və s. Hətta ayağını yumaq üçün Qədirə vannada su da gətirdilər, vannanı aşırıb dağıtdı. Bir sualımıza da cavab vermədi. Ondan heç nə soruşa bilmədik, bütün suallarımıza cavab birmənalı olaraq belə idi: Yox! Və gecənin bir yarısı həmin evdə qalmaqdan qəti şəkildə imtina elədi. Dedi, qayıtmalıyıq... Gecə saat iki, yoldan it, tülkü, çaqqal... Birdən Qədir çönüb bizə nə desə yaxşıdı?
– Yaxşı, nə
dedi?
– Əəə, hansınızın üstündə tüfəng var? İnanın Allaha, tapança desəydi, başa düşmək olardı, çaşıb qalmazdım. Çünki tapançanı coraba da qoymaq olardı. Tüfəng... qısaqol köynəkdə adamda... Dedi, yolu tülkü, çaqqal, canavar götürüb, bir güllə atardıq. Mən bu hadisədən - üstünə də əlavələr etməklə - "Qədir gecəsi” adlı bir xatirə yazdım. Yazı barədə Qədir müəllimə dedim. Dedi ki, o gecə haqqında əgər bir kəlmə belə yazsan, səni tutduracam. Tez-tez də deyirdi ki, ordenimi siz oğurlamısınız. (gülür)
–
Yazınızı Qədir müəllim özü oxudumu?
Münasibəti necə oldu?
– Çıxandan sonra zəng elədi, dedi, yazını mənə oxudular, çox xoşuma gəldi. Üstündən on gün keçəndən sonra təzədən zəng elədi ki, bəs sən o yazıda məni biabır eləmisən. Səni tutduracam! Üstündən yenə on gün keçəndən sonra məclislərin birində qarşılaşdıq, dedi, yazını o gün savadlı, hörmətli bir adam mənə təriflədi. Yenə də bir müddət keçəndən sonra zəng edib dedi ki, sən getdin içəri, səni tutduracam!
– Bu hədələr
və təriflər nə vaxta kimi davam elədi?
– Bütün ömrü boyunca, son görüşümüzə qədər. Məni görəndə deyirdi ki, onsuz da sən içəridəsən, sən getmisən (gülür).
– Ciddi deyirdi, yoxsa zarafat edirdi?
– Tam
ciddi. Deyirdi, "əəə, mən havaxt
gedib oraları dağıtmışam?” (gülür)
– Heç kimsə toyunda oxuması
üçün sizdən xahiş edirdimi Qədir müəllimi
çağırasınız?
– Bir dəfə
bahalı bir toya Qədiri razı saldım. Toy
yiyəsi demişdi ki, nə qədər desə, pul verirəm,
təki Qədir müəllim gəlib toyda otursun. Oxumasa da olar. Gəldi. Çatan kimi pulunu verdilər. Özü
oxumaq istədi. "Sona bülbüllər”i
başlayanda hamı ayağa qalxdı. Dedi, oturun
aşağı, onda karıxıram. Gecə
maşınla məni gətirib evin yanında
düşürtdü.
– Sizcə onun xarakterinin adı nə
idi?
–
Azadlıq. Qədir Rüstəmov xaraktercə çox azad adam idi. Hər hansı bir əsər
üçün, esse, hekayə üçün Qədirdə
bolluca material vardı. Tədbirlərin birində məni
gördü, yanındakılara dedi, bu, yaxşı
oğlandır, amma bir dəfə də olsun mənim
halımı soruşmur. Bir neçə gün
sonra zəng etdim ki, Qədir müəllim, necəsiniz,
uşaqlar necədir? Sağollaşanda qayıtdı ki,
o günü dedim halımı soruşmur, taa gündə-gündə
zəng eləyib zəhləmi tökmə. (gülür)
– Doğrudan tez-tez zəng edirdiniz?
– Qədir
xaraktercə belə bir insan idi ki, zəng vurursansa, sənin
mütləq vacib bir sözün olmalıdır. Bütün veriliş dəvətlərinə
cavabı birmənalı olaraq yox idi. Onun bir maraqlı
xüsusiyyəti də vardı ki, heç vaxt heç kim haqqında mənfi fikir deməzdi. Hansı ifaçı haqqında soruşsan, necə
oxuyur? Deyərdi, yazıq əziyyət
çəkir.
– Bəlkə ironiya edirmiş...
– Daha
bilmirdik ironiya ilə deyir, yoxsa sidq ürəklə.
– Alim Qasımovla
araları yaxşı olub?
– Bir dəfə
Habil Əliyev Alim Qasımovun yerdən oturub oxumasını tənqid
eləmişdi. Qədir Rüstəmov Alimi dəstəkləmişdi.
Alim özü də Qədiri həddən ziyadə
çox sevir, qiymətləndirirdi. Alimin
özündə də Qədirdən xeyli xüsusiyyətlər
var. Qədiri Qədir edən xarakteri deyil, səsi idi. Zəif
səsli bir insan Qədirin hərəkətlərini eləsə
heç kim onu başa düşməzdi,
ona heç kim dözməzdi. Qədirin səsi
qocalmadı. Professionallaşdı, səsinin
texnikası artdı.
– Deyilənə görə
Türkiyədə komada olanda yalnız öz
doğmalarının səsinə reaksiya verirmiş. Doğrudanmı belə olub?
– Hə,
elə olub. Doğmalara reaksiya verir, gözlərini
qırpırmış, amma həkimlərin səsinə yox.
Çünki Qədir türklərin
danışığını, səsini doğma qəbul eləmirdi.
Əvvəla, Qədir Türkiyə türkcəsini
bilmirdi. İkincisi, türk həkimin səsi
onun üçün yad idi. O, öz "xoduna”, öz
xoşuna yaşadı. Harda balıq görsə,
tutmaq istəyirdi. Fərqi yox idi qadağan
olunub, ya yox. Qədir muğam aləmində
olan heç bir intriqaya qoşulmur, öz şəxsiyyətini
qoruyurdu. Bir dəfə Ağdamda ona deyiblər
ki, televiziyada çıxış edəcəksən, bəs,
saçlarını vurdur. O da gedib saçlarını
dibindən qırxdırmışdı ki, mənə katib
niyə deyib get saçlarını vurdur? (gülür)
– Hmm, maraqlı insan olub həqiqətən...
–
Çox. Onun haqqında deyirlər, guya "Sona
bülbüllər”i altı saata yazıblar. Amma Qədir Rüstəmov özü deyirdi ki, mən
o mahnını studiyada bircə dəfə oxudum və
çıxdım. Onun üçün müşayiətçinin
fərqi yoxuydu: tardı, qarmondu, gitaradı, sazdı və
yaxud başqa bir alət. Amma sevdiyi tarzənlər
də vardı. Məsələn, Əhsən
Dadaşov. Deyirdi, qəribə tar
çalır. Özü də qəribə adam idi. İyirmi il idi
Bakıda yaşayırdı, amma ağzını açan
kimi bilirdin ki, bu adam ağdamlıdır. O
danışığı, dialekti, ləhcəni heç vaxt
bir yerdə dəyişmədi. Bir dəfə
canlı yayıma çıxmışdı.
Danışdı, danışdı, axırda da dedi, mən
Ağdamda dərs deyirəm, amma gedib eləmirəm. Direktor pulu göndərir "Şamaxinka”ya, uşaq
da gedib ordan götürür. (gülür).
Sonra onun haqqında bir sənədli film çəkdilər.
Getdilər Ağdamdakı məktəbə, uşaqlara dedi,
özünüzü elə aparın, guya siz mənim
şagirdlərimsiniz. Düzdür, heç birinizin
üzünü görməmişəm, amma siz deyin,
görmüşük. Elə də getdi efirə.
Qədir üçün Sovet Azərbaycanı
ilə müstəqil Azərbaycanda yaşamağın
heç bir fərqi olmayıb. Çünki
o vaxt da, ondan sonra da öz istədiyini edirdi. Bir cəhəti də vardı ki, əsgərlərə
həmişə dəstək olurdu.
– Necə dəstək?
– Qədir Rüstəmovu görmək
əsgər üçün nə qədər xoşdur. O, Fred Asifə, Allahverdi
Bağırova, Qatır Məmmədə qoşulub səngərə
gedirdi, oxuyurdu, deyib-gülürdü. Sona qədər
də Ağdamı tərk eləməmişdi.
Bakıda ona ev də tutmuşdular, iş də
tapmışdılar ki, gəlsin yaşasın, efirlərə
çıxsın. Qədir Bakıda qala
bilmirdi.
– Ağdamın
qayıdacağına inanırdı?
–
Çox inanırdı. Bəlkə də buna ən
çox inanan Qədir idi. Və bəlkə də o indi
Ağdamdadı... Azərbaycanın bir neçə
məmuru Qədirin təkcə himayədarı yox, həm də
fanatı idi. Qədirin sözü onlar
üçün hökm idi. Onlara zəng
edib kimisə tapşıra bilərdi, deyə bilərdi ki,
filankəsin filan problemi var, onu həll eləmək
lazımdır.
– Bir kadr da var, mərhum prezident Heydər
Əliyevin qarşısında "Sən getdin”
mahnısını oxuyur...
– Həmin görüşdə Qədir Rüstəmovun
oxuması nəzərdə tutulmayıbmış. Orda Qədirdən xahiş ediblər ki, oxusun. Prezident Heydər Əliyev Qədir Rüstəmova
"Şöhrət” ordeni təqdim edəndə ona nə qədər
hörmətlə yanaşdığı aydın
görünür.
– "Sona bülbülləri”
Qədir Rüstəmovun şah əsəri saymaq olarmı?
– Yox, mən
belə hesab etmirəm. Məsələn, "Ay dili-dili”... Yaxud "Gərək günəş dağları
aşıb sönməyəydi”ni Qədir elə oxuyur, elə
oxuyur ki, Seyran Səxavət demiş, ona tək olanda qulaq asmaq
olmaz. Qədirin ifasında bir yox, bir
neçə mahnı var ki, misilsizdir. Təkcə
"Sona bülbülləri” qabartmaqla o birilərinin
üstünə kölgə salmağın əleyhinəyəm.
– Musiqi savadı vardımı?
– Qədir
ustad görmüşdü. Klassik muğama
"el yolu” deyirdi. O, Xanın, Zülfi Adıgözəlovun
qoyduğu yolu el yolu adlandırırdı. Qədir
çox mühafizəkar idi. Deyirdi,
muğam nə cürdürsə, o cür də oxumaq
lazımdır. Qədirin elədiyi
bütün novatorluq həmin el yolunun, ənənənin
içində idi. Yəni ənənəni
pozmurdu, amma içinə elə xallar, elə güllər
vururdu ki, bunu ancaq Qədir eləyə bilərdi. Ustadın repertuarı çox düzgün idi.
O, elə-belə mahnı oxumurdu. Ya klassik bəstəkar
mahnıları, ya da xalq mahnıları. Qədir
oxuduğu toyda heç kim gəlib ona ara
mahnısı sifariş verə bilməzdi. Lap
cavanlığından belə olub. Qavalı
tullayardı, orda dava salardı ki, sən məni təhqir
edirsən.
Təbiətin çağırışına həmişə
təslim olurdu. Ağacdan, meşədən,
çöldən, quşdan, yarpaqdan ötrü
darıxırdı. Əgər Qədir təbiətdən
ötrü darıxırdısa, onu nə pul, nə
var-dövlət nə məmur... yolundan döndərə bilərdi,
həmən çıxıb gedəcəkdi. Adama elə gəlirdi ki, o, təbiətin,
quşların, ağacların, balıqların doğrudan da
dilini bilir. Hərdən də fikirləşirəm
ki, Qədir mahir ovçu deyildi. Sadəcə,
balıqlar özləri istəyirdi onun toruna
düşsün, quşlar özləri istəyirdi onun
gülləsinə tuş gəlsin. Qədir
təbiəti sevdiyinə görə təbiət də onu
sevirdi.
– Dostları kim idi?
– Qədirin
dostları həddindən artıq çox idi.
– Bəs özü kimi dost hesab
edirdi?
– Allah
bilir, Qədir kimi özünə dost hesab edirdi.
– Həmişə yanında kimlər
olurdu?
– Cürbəcür
adamlar. Məsələn, Qədirin yanında
nazir müavini də görmüşəm, deyib dostumdur.
Yaxud yanında maşın ustası da
görmüşəm, üstü-başı mazut. Qədir deyib dostumdur, özü də ən
yaxın. Məncə, o, Səs idi.
Sizcə, Səsin dostu kim ola bilər?..
Bizim Yol.- 2017.- 19 aprel.- S.15.