Televiziyaların göstərmədikləri
10 Azərbaycan filmi
Kulis.az
televiziyaların heç vaxt göstərmədiyi 10 Azərbaycan
filmini təqdim edir.
1. “Bismillah”
Rejissor:
Abbas Mirzə Şərifzadə. Ssenari: Pavel Blyaxin. İl:
1925. Süjet: Yoxsulluq içində yaşayan Qulunun
uşağı olmur. O, dərdinə əlac tapmaq
üçün sadəlövh insanların
inandığı avantürist molla Əbdürrəhimin (Mirzəağa
Əliyev) yanına gedir. Molla ona arvadını yanına tək
göndərməyi tapşırır. Və o, Qulunun
arvadı Hökuməyə (T.Vişnevskaya) təcavüz
edir. Hökumə hamilə qalır, üstəlik, molla Qulunun
bacısı Zeynəbi (K.Vyaznova) da zorlayır. Və hadisələr
getdikcə daha mürəkkəb
xarakter alır...
2. “Məhəbbət oyunu”
Rejissor:
Abbas Mirzə Şərifzadə. Ssenari: Aleksandr Popov. İl:
1935. Süjet: Kərim qoçaqdır, işgüzardır,
Leyla isə tənbəl, özünü işə verməyən
Səttarı sevir. Əhvalatın gedişatına uyğun
olaraq Leylanın sevgisi Səttarı yaxşılığa
doğru dəyişir, o zəhmətkeş birinə
çevrilir, hətta finalda avtomobil yarışmasında qalib
olur.
3. “Yaşamaq gözəldir,
qardaşım”
Rejissor:
Ramiz Əsgərov. Ssenari: Leonid Aqranoviç. İl: 1966.
Süjet: Nazim Hikmətin “Yaşamaq gözəl şeydir,
qardaşım” romanı əsasında
ekranlaşdırılan “Yaşamaq gözəldir,
qardaşım” filmi 1920-ci illərdə Yaxın Şərq
ölkələrindən birində kommunistlərin fəaliyyətindən
bəhs edir.
4. “Anın quruluşu”
Rejissor:
Rasim İsmayılov. Ssenari: Rüstəm İbrahimbəyov.
İl: 1980. Süjet: Ədhəm (Məmməd Məmmədov)
Mingəçevirdən Moskvaya köçüb, uzun illərdir
orda yaşayır. Günlərin bir günü dostunun toyuna
görə Mingəçevirə qayıdır. Amma Ədhəmin
vətənə gəlməkdə əsas məqsədi
başqadır. O, uzun illərdir hamını
inandırdığı yalanlarına son qoymaq
üçün gəlib...
5. “Aşkarsızlıq şəraitində”
Rejissor: Fərhad
Yusifov. Ssenari: Ramiz Fətəliyev. İl: 1986. Süjet: Evtikmə
kombinatında rəhbərlik tərəfindən külli
miqdarda yeyinti hadisəsi baş verir. Şəhər tikinti
idarəsinin müdiri Salahov yeyintiyə qarşı
çıxır. Kombinat rəhbərliyi onu aradan
götürmək qərarına gəlir. Salahov mənzilində
qətlə yetirilir. İzi itirmək məqsədilə onun
guya intihar etməsi təəssüratı yaradılır.
Cinayət axtarış idarəsinin inspektoru Ələkbərov
və prokurorluğun müstəntiqi Məmmədov cinayətin
izinə düşürlər...
6. “Bir
ailə”
Rejissor:
Qriqori Aleksandrov. Ssenari: Mir Cəlal Paşayev, Lev Vaysenberq və
İosif Prut. İl: 1943. Süjet: Hadisələr İkinci
Dünya müharibəsi illərində cərəyan edir.
Tankçı Nəcəf rəhbərlikdən bir
günlük məzuniyyət alır. Amma
yaxınlıqdakı şəhərdə
tanış-bilişi olmadığı üçün əsgər
yoldaşı ona öz ev ünvanını verir. Nəcəf
isə ünvanı səhv salır, başqa ailənin
qapısını döyür. Ailə onun səhv gəldiyini
bilsə də üzünü vurmur, mehribanlıqla
qarşılayır. Bir gündə Nəcəflə ailənin
qızı Katya arasında sevgi bağı yaranır.
7. “Bir ailəlik bağ evi”
Rejissor: Yuli Qusman. Ssenari: Rüstəm
İbrahimbəyov. İl: 1978. Süjet: Ana (Firəngiz Şərifova)
ilə ata (Süleyman Ələsgərov) dəniz sahilində
bağ evi tikməyi qərara alırlar. Bunun üçün
onlara övladlarının köməyi lazımdır. Amma
iş-güc yiyəsi olan, şəhərdə yaşayan
övladların valideynlərinə baş çəkməyə,
evi tikməkdə yardım eləməyə vaxtları yoxdur.
Böyük oğul Eldar (İqor Kvaşa) elmi
işçidir. Onun qayğısı başından
aşır, gah rəhbərlik elədiyi laboratoriyada problem
çıxır, gah sevdiyi qadınla münasibətləri gərginləşir.
Buna baxmayaraq, o, vaxt tapıb valideynlərinin yanına gedə
bilir. Yalnız 10-15 dəqiqəlik. Anasının tənəsi,
nigarançılığı onu bağda qalmağa vadar
edir.
8. “Od içində”
Rejissor:
Şamil Mahmudbəyov. Ssenari: Əhmədağa
Muğanlı. İl: 1978. Süjet: Hadisələr 1919-cu ildə
Azərbaycanın cənub bölgəsində Muğan və
Lənkəranda cərəyan edir. Film kadrarxasında diktor mətni
ilə başlayır: “Sovet Rusiyasının Antanta ilə gərgin
çarpışmada olduğu bir vaxtda menşeviklər,
daşnak və müsavatçılar Zaqafqaziyada hakimiyyəti
ələ aldılar. Azərbaycanın neftini,
taxılını ələ keçirməyə
çalışan denikinçilər Muğanı tutdu. Belə
şəraitdə bir tərəfdən
müsavatçıların, o biri tərəfdən
denikinçilərin əhatəsində qalan Muğan
torpağı Azərbaycan bolşeviklərinin mübarizə
meydanı oldu”.
9. “Əlavə iz”
Rejissor:
Nicat Bəkirzadə. Ssenari: Arif Heydərov və Dmitri
Hüseynov. İl: 1981. Süjet: Gənc qız Nərgiz
atalığı (Hamlet Xanızadə) ilə tez-tez
mübahisə edir, onun sərt nəzarətdə saxlamaq istəyinə
qarşı çıxır, sərbəst həyat tərzi
yaşayır: evə gecəyarı gəlir, barlarda
dostları ilə gün keçirir. Axtarışda olan,
üzvləri ələ keçən cinayətkar dəstə
Nərgizdən məqsədləri üçün istifadə
edir.
10. “Dəcəl
dəstə”
Rejissor: Qəmər
Salamzadə və Aleksandr Popov. Ssenari: Yuri Fidler. İl: 1937.
Süjet: Komediya janrında çəkilən filmdə hadisələr
Bakının beynəlmiləl orta məktəblərindən
birində baş verir. Film sovet ideologiyasını, sovet gənclərinin
ideal modelini təbliğ edir.
Bizim Yol.- 2017.- 20 aprel.- S.15.