Yaşasaydı, 75
yaşı tamam olacaqdı...
Doğum günü ərəfəsində
həyat yoldaşı və dostları Müslüm Maqomayev
haqqında xatirələrini bölüşürlər
Bu gün Azərbaycan
ifaçılıq sənətinin ən məşhur ulduzu
Müslüm Maqomayevin ad günüdür. Yaşasaydı
75 yaşı tamam olacaqdı.
Kulis.az müğənni haqda həyat
yoldaşı Tamara xanımın və yaxın
dostlarının xatirələrini təqdim edir:
Tamara və
Müslim
Onlar 1972-ci ildə Bakıda filarmoniyada keçirilən rus incəsənəti dekadasında tanış olmuşdular. “Bolşoy Teatr”ın primadonnası Bakıya fəxri qonaq qismində dəvət olunmuşdu. Robert Rojdestvenskiy ilk fürsətdə onları bir-birinə təqdim etdi.
Tamara Sinyavskaya gülümsədi, Müslimi ağzını açmağa qoymadı: “Siz hələ özünüzü təqdim edəcəksiniz? Sizi ki, bütün İttifaq tanıyır...”
Tamara o zaman evli idi, Müslimə olan hissləri isə o qədər güclü olur ki, müğənni ərindən ayrılır. Məşhur “Melodiya” mahnısı da o zaman yaranır, Müslim mahnını bitirər-bitirməz telefonda Tamaraya dinlədir.
Sinyavskaya xaricdə təcrübə keçəndən sonra Moskvaya qayıdır, və onlar bir daha ayrılmırlar.
“Mən Müslim Maqomayevə böyük məhəbbət duydum, Tanrının vergi bəxş etdiyi bu adama heyranlıq hiss etdim. Zaman keçdikcə bu hissləri daha dərindən hiss edirəm. Müslim əsl centlmen idi. Tanışlığımızın ilk günlərindən son günədək o şahanə bir diqqət göstərdi, mənə qucaq-qucaq gül bağışladı-deyə Tamara Sinyavskaya danışır.
Xeyli müddət biz bir-birimizə
“Siz” dedik. Müslim şəxsi ləyaqət hissləri
çox yüksək olan bir adam idi, ərkyanalığa
dözmürdü. Kimsə ona yaxınlaşıb ərklə
çiyninə toxuna bilməzdi. Adama elə baxardı ki, donub
qalardın... O mehriban idi, amma məsafə saxlamağı
sevirdi.”
Bu həqiqətdir – Maqomayev
yarına, boyun əyə, “lazımlı” adamlarla dostluq edə
bilmirdi, heç vaxt da Sov.İKP-nin üzvü olmayıb.
Baxmayaraq ki, onun Mədəniyyət naziri Yekaterina Furtseva və
Brejnev (Brejnev onun “Bella, çao!” mahnısını
sevirmiş) özü onun sadiq pərəstişkarlarından
idilər, Maqomayev yalnız 41 yaşında ev aldı. Buna qədər
o, arvadı ilə “Rusiya” mehmanxanasının lüks nömrəsində
yaşayırdılar.
Belə parlaq şəxsiyyətlərin
ailəsi mübahisəsiz, konfliktsiz keçə bilməzdi,
mübahisələrdən birində Sinyavskaya başqa
nömrəyə köçür. Maqomayev isə, pəncərəyə
dırmaşıb hündürlükdən Tamaranın pəncərəsinə
yaxınlaşır: “Ku-ku!” Tamara xanm qorxudan az qala
özündən gedir. Amma konflikt də həmən unudulur.
“Daş qayaya rast gəlmişdi!” -
deyə, Tamara Sinyavskaya şərh verir - “başqa cür ola
da bilməzdi.” Amma bizim məişət mövzusunda yox,
yaradıcı mövzuda da mübahisə müzakirələrimiz
də olurdu. Müslim musiqi ilə yaşayırdı. Elə
mən də. Yaradıcılıq bizim həyatımız
idi. Bakıya səfərlərimizdə isə... Əlbəttə,
onun möhkəm xarakteri var idi! Axı o şərqli idi. Tez
alışan, həm də tez sakitləşən idi.”
Müslim evdə qonaqlıq etməyi
həm sevir, həm də bacarırmış. Yeməkləri
Müslim özü hazırlayırmış. Şah yeməkləri
kabab və kotlet idi. Müslim vətəndə olanda dostlar
bilirdi ki, nərə balığı ovuna getmək
lazımdı.
“Yaşlandıqca
o, münasibətlərdə daha müdrik olurdu - Tamara etiraf
edir-onun yanında özünü ailədə əsas hesab
etmək üçün axmaq olmalıydın. Müslim kimi
artist və şəxsiyyətin yanında nə haqla
özünü böyük bir adam saya bilərdin? Qadın həmişə
kişini öz istiliyi ilə əhatə etməlidir. Bəzi
xanımlar tənbəllik edir: “Özün götür dəstəyi.
Özünə çayı özün süz”. Mən
heç vaxt Müslimə belə eləməmişəm. Bizə
ailələr, cütlüklər qonaq gəlirdi. Bir neçə
dəfə Müslim arvadın ərə hörmətsiz,
qıcıqla cavab verdiyini görmüşdü. Sonra mənə
deyirdi: “Əgər mən bir dəfə belə tonda nəsə
eşitsəm, daha burada olmaram”. Mənə onsuz da hər
şey aydın idi. Ona təzyiq etmək olmazdı. Hərçənd
o özü də məndə kobudluğa əsas
yaratmırdı, o özünü mənimlə mədəni
aparırdı.
Mən həmişə yanımda
kimin olduğunu bilmişəm. O, bütün şöhrətinə
baxmayaraq qiymətləndirilməmiş qaldı. Tək
müğənni kimi yox, insan kimi unikal idi. Müslim Allah tərəfindən
seçilmişdi. Həyatının son gününə kimi
özünə maraq oyatdı, baxmayaraq ki, bunun
üçün heç nə etmirdi, tamamən heç nə.
Sadəcə istedadı ilə hamını sehrləmişdi”.
Müslim 65 yaşında uzunmüddətli
ürək xəstəliyindən sonra həyat
yoldaşının qollarında can verdi.
“Müslim
az qala hər gün yuxuma gəlir. Yuxudan oyanıram və mənə
elə gəlir ki, indi məndən kofe istəyəcək. Mən
Azərbaycanda hələ də əvvəlki kimi “Gəlin”əm.
Bu sözü Müslimlə toyumuzda Heydər Əliyev
demişdi. “Sən Tamara, bizim gəlinimizsən...”
Yuriy Qusman:
“Çox
az adam bilir ki, o, ilk bloqqer idi. Bir dəfə onun ad
gününə gəlmişdim, tamada idim. Orda iyirmi nəfər
tamamən tanımadığım gənc adamlardan ibarət
qrup var idi. Tamara anımdan soruşdum ki bunlar kimdir? Tamara
xanım cavab verdi ki, bunlar Maqomayevin fan klubudur. Halbuki o zaman belə
hallar heç yox idi, indi az qala Kremlə
çağırılan bloqqerlər də yox idi.”
Mixail
Qusman:
“Tatarıstanda
Azərbaycan mədəniyyəti günləri idi.
Qardaşımın kapitanı olduğu KVN komandasının
da çıxışı var idi. Konsertdən sonra o qardaşımla
mənə limuzinlə mehmanxanaya getməyə dəvət
etdi. Sükan arxasına özü keçdi. Darvazanın
qarşısında o qədər pərəstişkar var idi
ki, şüşəni açmaq olmazdı. Fanatlar
maşını yerdən qaldıranda mən qorxdum. İlk dəfə
idi belə şey görürdüm. Bəlkə də elə
hündürə qaldırmamışdılar, yerdən 20-30
santimetr, amma mən ilk dəfə adamların əlində
yellənən avtomobildə oturmuşdum. Sonradan adamları kənarlaşdıra
bildilər və biz yolumuza davam etdik.
Amma xatırladığım ən
parlaq epizoddan danışsam... Bu, 1966-cı ilin soyuq oktyabr
axşamı idi. İnqilabın 50 illiyinə bir il
qalmış. “Moskva” mehmanxanasına Müslimin dostları
yığışmışdı. Az əvvəl dünyadan
getmiş böyük insan və vətəndaş Maqsud
İbrahimbəyov, rejissor Eldar Quliyev, mənim böyük
qardaşım da orda idi. Kişi məclisi idi. Yemək
çoxdan qurtarmışdı, “zakuska” yox idi, növbətçi
Mariya Stepanovnanın gətirdiyi bişmiş yumurtaları,
buterbrod və peçenyeləri də yemişdik. O vaxtlar gecə
Moskvada almağa heç nə tapmazdız, hər yer
bağlı olurdu. Mariya Stepanovna sevimli Müslimin məclisinin
uzanacağından və yeməyə də heç nə
qalmadığından narahat idi. Birdən ağlına bir
şey gəldi: Uşaqlar, aşağıda binanın
altında “İnqilab meydanı” metrosunun foyesinin təmiri
gedir. Səhər altının yarısı onların mətbəxinə
səhər yeməyi gətirəcəklər. Gedib bəlkə
nəsə istəyim?” “Nə danışırsız,
Maşenka, özümüz gedərik!” Müslim dilləndi. Təsəvvür
edin, soyuq Moskva gecəsi sıyıq növbəsində metro
tikintisində işləyən başı yaylıqlı, əynində
sırıqlı olan qadınlar dayanıb. Müslim əynində
gözəl, ağ toxunma köynək, qırmızı
şərf ardınca da bir dəstə sərxoş kişi
içəri daxil olur. Müslim öz təkrarsız bariton səsi
ilə “Qızlar, sizin sıyığınıza qonaq ola bilərik?”
- deyir. İnanın, mavzoleydən Lenin dirilib gəlsə
qızlar belə donub qalmazdılar. Hamı birdən “Əlbəttə”
dedi. Bu onların həyatında unudulmaz hadisə idi...”
İosif Kobzon:
“Bizim
Müslimlə çox isti dostluq və yaradıcılıq
münasibətlərimiz oldu. Hətta o İtaliyada təcrübə
keçəndə də biz onunla əlaqə
saxlayırdıq. Çox istedadlı idi. Əla musiqi
yazırdı, əla fortepiano çalırdı, gözəl
oxuyurdu və rəsm çəkirdi. Biz itirdiyimiz o
böyük ölkədə dəfələrlə birgə
qastrollarda olduq...
Hamı düşünürdü
ki, o özü haqda yüksək fikirdədir... Hə o belə
familyarlığı sevmirdi, amma kifayət qədər
ünsiyyətcil idi. Heyf ki, indi aramızda yoxdur. O, Sovet
İttifaqı dağılanda aramızdan getdi, çünki
konsert fəaliyyəti də dağıldı, sovet
mahnıları təbliğatı da dağıldı... O da
Mario Lants haqda kitab yazmağa başladı. Məncə onun
bizi belə tez tərk etməyinə həm də depressiya səbəb
oldu...”
Vladimir Vinokur:
“Müslim
qeyri-normativ leksikonda danışmağı sevmirdi, amma
eşitməyi xoşlayırdı. O taktik və mehriban adam
idi. Heç vaxt onun səhər yeməyinə və ya nahara
şortik və ya maykada gəldiyini görməzdim, həmişə
kostyumda idi. Mən heç vaxt həyatda Müslim kimi adam
görmədim. O, müğənni kimi, musiqiçi kimi ideal
idi. Onu bizim ulduzlarla müqayisə etmək olmaz. O, həmkarlarına
dostlara münasibətdə loyal idi, hərçənd
Maqomayev şöhrətini indiki ulduzların heç biri ilə
müqayisə etmək olmaz. O, klassika da oxuyurdu, müasir
musiqi də, caz da. Dünyadan tez getdi. Məncə o
karyerasını tez bitirməsinə çox yanırdı.”
Bizim Yol.- 2017.- 18 avqust.- S.15.