Dekabrın 12-si Azərbaycanın
eks-prezidenti, ümummilli lider Heydər Əliyevin anım
günüdür. Hər il olduğu kimi bu il də dahi siyasətçinin
anım günündə onunla bağlı xatirələr
canlanır, bu gün də aktual olan
çıxışları, tezisləri yada salınır.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni Heydər Əliyevlə
düz 27 il əvvəl-1990-cı ilin dekabrında
Naxçıvanda görüşüb və onunla
apardığı, indiyədək dərc olunmayan müsahibənin
orijinalını redaksiyamıza təqdim edib.
Rauf Zeyni
virtualaz.org-a açıqlamasında deyib ki, o, həmin vaxt Sumqayıtda
xalq hərəkatının liderlərindən biri idi və
şəhər sovetinin deputatı seçilmişdi.
Naxçıvana getməkdə məqsədi isə təkcə
Heydər Əliyevdən müsahibə götürmək yox,
bu böyük şəxsiyyətlə Azərbaycanın gələcəyi,
müstəqilliyin əldə olunması perspektivləri barədə
fikir mübadiləsi aparmaq idi.
“SSRİ-ni
idarə edənlərdən biri olmuş bu dahi azərbaycanlı
vətənə qayıtmışdı və xalq hərəkatının
gənc fəallarından biri olaraq onunla xalqın, millətin
gələcəyinə dair fikir mübadiləsi aparmaq mənim
üçün çox əvəzsiz təcrübə olacaqdı.
Ancaq bir çoxları
mənə deyirdilər ki, Əjdər Xanbabayevi Heydər
Əliyevə görə öldürdülər, sən
qorxmursan onunla görüşə gedirsən? Cavab verirdim ki, əgər
xalqın nümayəndəsi bu xalqın dahi şəxsiyyətinin
yolunda ölməyə hazır deyilsə onda o xalqın azadlığı
da mümkün olmaz. Beləliklə,
mən Naxçıvana getməyə qərar verdim”-Rauf Zeyni
deyir.
Həmsöhbətimiz
bildirir ki, Heydər Əliyevlə
1990-cı il dekabrın 1-də, saat 10.50-də
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
binası qarşısında görüşüb. O, həmin
görüşü belə xatırlayır: “Bildirdim ki, məqsəd
həm onunla görüşmək, həm də imkan daxilində
müsahibə almaqdır. “Gəlirlər, müsahibə
alırlar, amma dərc edə bilmirlər”-Heydər Əliyev
belə cavab verdi. Dedim onlar Bakıdan gəliblər,
mən isə Sumqayıtdan gəlmişəm, xalq arasında
Sizin haqqınızda müxtəlif uydurmalar, söz-söhbətlər
dolaşmaqdadır, bunlara aydınlıq gətirmək məqsədilə
belə müsahibələrə ehtiyac var. Heydər
Əliyev gülümsədi və dedi: “Əgər siz təkid
edirsinizsə, onda axşam saat yeddidə gözləyirəm”.
Mən minnətdarlığımı bildirdim və
axşam saat 19.00-da Naxçıvan şəhəri,
Puşkin küçəsi 2-də, o zaman Heydər
Əliyevin yaşadığı məlum ünvanda şəxsən
mənim üçün çox böyük əhəmiyyəti
olan həmin tarixi görüş baş tutdu. Heydər
Əliyevlə söhbətimiz 3 saata yaxın çəkdi.
Əvvəlcə Sumqayıtdakı vəziyyətdən,
ölkədə gedən siyasi proseslərdən
danışdıq, suallar verdi. Sonra qərara aldım ki, bu
tarixi fürsəti əldən verməyim, söhbəti
müsahibəyə çevirim. O vaxt diktafon da yox idi,
Naxçıvanda bir nəfərdən diktafonu kirayə
götürmüşdüm. Diktafonu qoşdum. Heydər
Əliyev də öz diktafonunu qoşdu. Söhbətə
başladıq. Təxminən 90 dəqiqəlik söhbət
alındı…” Rauf Zeyni xatırlayır ki,
müsahibəni o dövrün qəzetlərindən heç
biri dərc etmək istəməyib. Müsahibənin siyasətdən
bəhs etməyən cüzi hissəsini “168 saat” adlı qəzet
dərc etməyə razılıq verib, amma bir həftə
sonra həmin qəzet bağlanıb. Beləliklə,
Rauf Zeyninin Heydər Əliyevlə 27 il əvvəlki,
heç yerdə dərc olunmayan söhbəti:
-Heydər bəy,
Sizi Azərbaycana gəlməyiniz və millət vəkili
seçilməyiniz münasibəti ilə təbrik edirəm.
-Çox sağ olun, minnətdaram.
- Elə birinci
sualı respublikada keçirilən
antidemokratik seçkilər və onların bugünki nəticələri
haqqında vermək istəyirəm. Seçkinin nəticələri
Sizi qane edirmi?
- Seçkilər haqqında bizim bir o qədər də məlumatımız yoxdur, indi qəzetlərdə belə şeylər yazılmır. Ona görə də vəziyyəti dəqiq bilmirik. Ancaq ordan – burdan, bura gəlib çatan məlumatlardan belə aydın olur ki, bu seçkilər demokratik şəraitdə keçirilməyib və seçkilərdə indi hamının marağında olan demokratiya prinsipləri təmin olunmayıb. Bu baxımdan mən Naxçıvan Muxtar Respublikasında keçirilən seçkiləri Azərbaycanın bütün başqa regionlarına nisbətən nümunə göstərə bilərəm. İndi burada-Naxçıvanda bütün təbəqələrdən Ali Məclisə nümayəndələr seçilib, onlardan 94-ü AXC-nin üzvləridir.
Bundan əlavə, bir çox deputatlar demokratik bloka qoşulublar və bu 10 gün müddətində sessiyanın gedişatı onu göstərdi ki, deputatların cürbəcür siyasi qüvvələrə mənsub olması sessiyanın demokratik şəraitdə səmərəli keçirilməsini təmin edən əsas amillərdən biridir. Bir sözlə, mən Naxçıvanda keçirilən seçkilərdən ümumiyyətlə razıyam və proseslərin demokratikləşmə istiqamətində getməyinin nəticələrini artıq görürəm. Ancaq Azərbaycan haqqında ümumi fikir söyləmək mənim üçün çətindir. Aldığım məlumatlara görə bir çox yerlərdə, təəssüf ki, seçkilər demokratik olmayıb.
-Respublikanın yeni parlamentindən nə
gözləyirsiniz? Bu parlament xalqı indiki
böhran vəziyyətindən çıxarmağa qadirdimi?
-Həmişə arzu
ilə yaşamaq lazımdır. Mən həmişə
nikbin olmuşam və nikbin də olmaq istəyirəm. Mən çox arzu edirəm ki, yeni parlament
respublikanı bu böhran vəziyyətindən
çıxarsın. Bunun üçün
çox ciddi addımlar atmaq lazımdır. İndiyə
qədər aparılan işləri mən qənaətbəxş hesab
etmirəm. Arzu edirəm ki, nəhayət, sessiyada toplanacaq
deputatlar xalq qarşısında öz məsuliyyətlərini
dərindən hiss etsinlər və respublikanın böhran vəziyyətindən
çıxması üçün hərə öz sahəsində
bacardığı qədər mübarizə aparsın. Mən özüm bu mübarizəni aparacağam.
-Azərbaycan xalqının əsl
faciəsinə çevrilmiş Dağlıq Qarabağ
problemini kimlər yaratdı və bu dəhşətli problemdən
yaxa qurtarmaq mümkündürmü?
-
Dağlıq Qarabağ probleminin tarixi ola
bilər ki, böyükdür, kökləri dərindir. Ancaq
onun yaranması təxminən 3 il bundan
qabaq baş verib. Hesab edirəm ki, bu faciənin
yaranmasının günahkarları birinci növbədə
Ermənistanda, İrəvanda yaşayan erməni millətçiləridir,
onların Ermənistandan kənarda olan havadarlarıdır.
O cümlədən bu faciənin yaranmasının
günahkarları Azərbaycanda son 3 ildə hakimiyyətə
rəhbərlik edənlərin hamısıdır. Məhz hamısı. Heç
birinə bəraət qazandırmaq olmaz və şübhəsiz
ki, ümumittifaq siyasi rəhbərliyinin də burada çox
böyük günahı vardır.
Mən dəfələrlə demişəm və sizin
sualınıza cavab verərək qeyd etmək istəyirəm
ki, Qarabağ məsələsinin qarşısını
vaxtında, hələ ilk dövrdə bu məsələ
meydana atılan zaman almaq mümkün idi. Xüsusilə çətin, mürəkkəb
bir vəziyyətə gətirib çatdırmadan…
Bunun üçün, şübhəsiz ki, gərək
hər bir tərəfdən hərəkət olaydı, istək
olaydı. Ancaq gərək Azərbaycan Respublikasının rəhbərləri
azərbaycan xalqı haqqında, Azərbaycanın ərazi
bütövlüyü haqqında, Azərbaycan ərazilərinin
toxunulmazlığı haqqında düşünəydilər,
onların əlində çox böyük imkanlar var idi.
Onlar bu imkanlardan istifadə etməyiblər.
Mən onların heç birisinə bəraət
qazandıra bilmirəm.
- Erməni lobbisi Sizi Moskvada təqib
elədiyi vaxtda, yəni Siz SSRİ Nazirlər Soveti sədrinin
I müavini olanda respublika tərəfindən də kömək
olmadığı halda özünüzü erməni lobbisinə
qarşı hansı formada müdafiə edirdiniz?
- Birinci,
erməni lobbisi mənim əleyhimə böyük təxribat
işlərini uzun illər aparıb. Bu artıq indi hamıya
məlumdur və erməni millətçiləri bunu gizlətmirlər,
öz mətbuat orqanlarında açıq yazırlar ki, uzun
illər onlar mənin əleyhimə ittifaq siyasi rəhbərliyi qarsısında cürbəcür təxribat işləri aparıblar, məni ləkələmək,
aradan götürmək fikrində olublar. Bu, mən
hələ Azərbaycanda işləyən vaxtlarda da olub. Yəqin ki, mən
onların planlarının həyata keçirilməsi
üçün ən təhlükəli bir şəxs
imişəm.
Ancaq mən Moskvaya gedəndən sonra onların fəaliyyəti
daha da güclənib, onlar daha da geniş imkanlarından istifadə
edərək mənim əleyhimə işlər aparıblar. Təəssüf ki, Azərbaycanın rəhbərləri
mənə bu barədə kömək etməyib. Hamısını deyə bilmərəm, bəziləri
hətta onlara kömək də ediblər. Bu erməni
lobbisi bütövlükdə hamısı və Azərbaycanda millətinə, xalqına, vətəninə
nankor baxan, xain çıxan, mən
onları ancaq belə adlandıra bilərəm, bir qrup adamlar
fürsətdən istifadə edib erməni lobbisi ilə birləşib
mənim əleyhimə cürbəcür işlər
aparıblar.
Mənə məlumdur ki, Azərbaycanda yaşayan bəzi
adamlar - vaxtilə mən Azərbaycanda rəhbər olduğum
dövrdə ədalətli cəza almış adamlar Moskvada
yaşayan bir çox ermənilərlə əlbir olub mənim
əleyhimə cürbəcür anonim məktublar
hazırlayırdılar. Bu, konkret faktlardır ve mənə məlumdur. Belə şəraitdə mən ancaq
özüm özümü müdafiə edə bilərdim və
bunu etdim. Bu da mənim
özümə tam inamımdan, özümə
arxayınlığımdan,
özümü pak hiss etməyimdən irəli gəlirdi.
Mübarizə meydanından geri çəkilmədim.
- Sumqayıtda 1988- cil ildə erməni millətçiləri
tərəfindən törədilmiş faciəyə
münasibətiniz?
- Mən
hesab edirəm ki, bu müəyyən qüvvələr tərəfindən
təşkil edilən, erməni millətçiləri və
ola bilər ki, onların Azərbaycanda olan
bəzi köməkçiləri vasitəsilə törədilmiş
faciədir.
Mən nə
deyə bilərəm ki... Bu, bədbəxt hadisədir və faciə
sözünü unutmalıyıq. Çox təəssüf
edirəm ki, Azərbaycana rəhbərlik edən adamlar, rəhbər
işçilər vəziyyəti vaxtında özləri üçün
araşdıra bilməyiblər və hadisələrin
qarşısını ala bilməyiblər. Məndə
olan məlumatlara görə Sumqayıt hadisələrinin
qarşısını elə həmin gün almaq olardı, əgər
Sumqayıtda nüfuzlu, hörmətli Azərbaycan rəhbərləri
olsaydı və onlar lazımi tədbir görsəydi.
-Qorbaçov bu günlərdə
mədəniyyət və ədəbiyyat xadimləri ilə
görüşündə belə bir söz dedi: “ya
upornıy sosialist”...Sizcə, sözüylə əməli
uzlaşırmı və onun indiki siyasi xətti ölkəni
haraya aparır?
-Mən Qorbaçovu çox yaxından tanıyıram
və onunla bir yerdə işləmişəm. Siyasi fəaliyyətinə
bələdəm, ölkə rəhbəri olandan sonra da onun
fəaliyyətini çox yaxından izləyirəm. Qorbaçovun sözü ilə əməli
heç vaxt uzlaşmayıb. Heç vaxt
dediyi sözü həyata keçirməyib və yaxud dediyi
sözlə atdığı addımlar tamamilə bir-birinə
zidd olub. Ona görə də bu sözlər
məni o qədər təəccübləndirmir, ancaq eyni
zamanda bir daha və bir daha narahat edir. Çünki
bu qədər xalqı aldatmaq, yalan demək olmaz. Bir tərəfdən özü sosialist
quruluşunu, Sovetler İttifaqını dağıdır, o
biri tərəfdən isə deyir ki, “ya uporniy sosialist”. Bir tərəfdən
şəxsi mülkiyyətçiliyin həyata keçməsinə
şərait yaradır, ikinci tərəfdən həmin
toplantıda deyir ki, “ya uporniy sosialist”. Bunlar mənim üçün təəccüblü
deyil, ancaq eyni zamanda Qorbaçovun nə qədər
ikiüzlü siyasət aparmasını bir daha sübut edir və
onun iç üzünü açır.
- Bir ağsaqqal kimi bu gün AXC-nin
öncülləri haqqında fikriniz nədir və onlara nə
tövsiyə edərdiniz?
- AXC
haqqında mənə hər yerdə sual verirlər. Mən hələ
Moskvada olanda da, Azərbaycana, Naxçıvana gələndən
sonra da bütün görüşlərimdə, mitinqlərdə
və başqa yığıncaqlarda bu haqda suallar veriblər. Mən həmişə demişəm və indi də
öz fikrimdə də qalıram ki, AXC yeni yaranmış
demokratik, siyasi bir qüvvədir, mən bunun gələcəyini
görürəm, siyasi gələcəyini görürəm.
Mən belə hesab edirəm ki, hər bir xalqını sevən
adam gərək bu hərəkatın
inkişaf etməsinə kömək etsin və ona şərait
yaratsın.
Burada-Naxçıvanda
Xalq Cəbhəsinin bir çox üzvləri ilə
tanış olandan sonra və xüsusən NMR-nın Ali Məclisinin
bütün yığıncaqlarında şahidi olmuşam
ki, Xalq Cəbhəsində azərbaycan xalqına çox sədaqətli,
dəyərli, ağıllı, bacarıqlı, xalqın aqibəti
haqqında düşünən adamlar var və onlara kömək
etmək lazımdır. O ki qaldı öncüllərə, mən
bilmirəm indi Xalq Cəbhəsinin öncülləri kimdir. Əgər öncüllərinə mənim
tövsiyəmi bildirmək istəsəniz mən çox arzu
edərdim ki, onlar hamısı ayıq olsunlar, heç bir
şeydən qorxmasınlar, çəkinməsinlər.
Öz əqidələrini heç nəyə
satmasınlar, təmiz olsunlar, pak olsunlar, xalqın
qarşısında vicdan təmizliyini həmişə
qorusunlar və ən nəhayət bir olsunlar. Çünki Xalq Cəbhəsinin sıralarında
milli birlik, mənə belə gəlir ki, bu təşkilatın
gələcəyini təmin edən əsas məsələdir.
- İslam dininə və
dünyada olan islamçılığa münasibətiniz?
- Mənim
ümumiyyətlə, bütün dinlərə münasibətim
müsbətdir. Bir müddət əvvəl buraya Gürcüstandan
gürcü jurnalistləri gəlmişdilər. Onlar da mənə bu sualı verdilər. Mən ola bilər ki, onlara verdiyim cavabı təkrar
edəcəyəm. Onlara dedim və indi də sizin
sualınıza cavab olaraq bildirirəm ki, hər bir din gərək
inkişaf etsin. Ancaq bu ölkədə (SSRİ) təəsüf
ki, bir dini o
biri dindən üstün tuturlar. Bizim ölkədə
indi din azadlığı yaranıb. Lakin ölkədə təkcə xristian dini təbliğ
olunur. Əgər bizim ölkə bir çox
dinə mənsub olan xalqlardan ibarətdirsə, onda nə
üçün Moskva televiziyası hər gün cürbəcür
xarakterli verilişlərdə ancaq xristian dinini təbliğ
edir?
Və mən
öz müşahidələrimdən belə hiss etmişəm ki, təəssüf
ki, xristian dinini üstünhesab edən bir çox rəhbər şəxslər
Moskvada müsəlman dininə
çox mənfi münasibət bəsləyirlər. Onlar nədənsə
islam dinindən qorxurlar, islam dininin
inkişafını özləri üçün təhlükə
hesab edirlər. Mən həmişə öz-özümə
bu sualı vermişəm ki, onlar nəyə görə islam dininə belə münasibət bəsləyir?
Onların da bəzilərindən soruşmuşam ki, siz öz
xalqınızın mənsub
olduğu dindən niyə bu
cür qorxmursunuz? Ancaq islam dini sizin üçün belə bir təhlükə
yaradır? Mənə belə gəlir ki, bu məsələ
aydınlaşdırılmalıdır.
-Respublika mətbuatının,
çox təəssüflər olsun ki, Sizin
gəlişinizi və fəaliyyətinizi
işıqlandırmaması bizi də kədərləndirir.
Bunun səbəbləri və kökləri
haqqında nə deyə bilərsiniz?
- Bunun səbəbləri
mənim üçün aydındır, yəqin ki,
respublikada mətbuat rəhbərləri və onlara rəhbərlik
edən orqanlar, yaxud məsul şəxslər
hələ də mənə qarşı erməni lobbisinin tərəfdarlarıyla
birlikdə belə bir mənfi mövqe tuturlar, bunu başqa
cür izah edə bilmərəm. Bu ədalətsizlikdir,
mən azərbaycanlıyam, azərbaycan xalqının
bugünki çətin dövründə öz xalqıma
qulluq etmək üçün bura gəlmişəm. Əgər burada xalqın xeyrinə
az da olsa fəaliyyət göstərə
bilirəmsə, mənə belə gəlir ki, bunun
qarşısını almaq, bunu xalqdan gizlətmək
heç də xalq üçün xeyirli iş deyil, bu ancaq
şəxsi qərəzlikdir. Bunu başqa heç nə ilə izah edə
bilmərəm.
- Bəzi tanınmış
“ziyalılar”ın indiki prosesdə tutduqları gözləmə
mövqeyinə Sizin münasibətiniz?
- Mən
onların mövqeyini pisləyirəm və ümumiyyətlə,
mənim tanıdığım bir çox ziyalıların və
ümid bəslədiyim Azərbaycan ziyalılarının
indiki gözləmə mövqeyi, yaxud tam bitərəf
mövqeyi məni çox narahat edir. Ziyalılar gərək həmişə
xalqın aqibətinin həll olunması dövrlərində
öz sözlərini desinlər,
səslərini qaldırsınlar, mövqelərini
bildirsinlər. Əgər onlar indi susub kənara
çəkiliblərsə, gözləmə mövqeyindədirlərsə,
demək külək hansı tərəfə güclənərsə,
o tərəfə keçəcəklər. O zaman yəqin
ki, onlar xalq qarşısında ziyalı kimi öz
nüfuzlarını itirəcəklər və bu da ədalətli
olacaqdır.
-Respublika səviyyəsində,
ittifaq səviyyəsində, dünya səviyyəsində
olan bir şəxsiyyət kimi, bir siyasi xadim kimi
respublikanın iqtisadiyyatı haqqında nə deyə bilərsiniz?
Azərbaycan Respublikası özü
özünü dolandıra bilərmi?
- Birinci
ona deyə bilərəm ki, Azərbaycanın iqtisadiyyatı
indi çox bərbad vəziyyətdədir. Mən Azərbaycanın
20-ci illərdən indiyə qədər iqtisadiyyat tarixini
yaxşı bilirəm və tam əsasla deyə bilərəm
ki, heç bir dövrdə, hansı dövrü necə
adlandırırsınız adlandırın, Azərbaycan
iqtisadiyyatı bu qədər bərbad, bu qədər
aşağı səviyyədə və bu qədər təhlükəli
səviyyədə olmamışdı. Son beş
ildə iqtisadiyyat bir faiz olsun inkişaf etməyib. Əksinə geriləyib. İqtisadiyyatın
bütün sahələri- sənaye, kənd təsərrüfatı,
inşaat, tikinti, sosial problemlərin həll olunması geriləyib.
Bu da şübhəsiz ki, respublikanın iqtisadi
böhran vəziyyətinə gətirib çıxarıb. Belə vəziyyətdə
yaşamaq olmaz. Xalq belə şəraitə
dözə bilməz. Ona görə
respublikanın iqtisadiyyatını bu böhran vəziyyətindən
çıxarmaq lazımdır. Bu,
sualın birinci hissəsinə cavab. İkinci
hissəsinə cavab ondan ibarətdir ki, Azərbaycanın
iqtisadi və sosial potensialı böyükdür. Təəssüf ki, son 5-6 ildə bu potensial səmərəli
istifadə olunmur. Əgər bu potensial səmərəli
istifadə olunarsa Azərbaycan iqtisadi
baxımdan həqiqətən
tam müstəqil ola bilər və ölkə iqtisadi suverenliyini təmin edə
bilər.
- Heydər bəy, məlumdur ki, Siz
Azərbaycana gələndə ilk dəfə məhz Şəhidlər
Xiyabanını ziyarət etmisiniz. Belə bir sual verim ki,
Şəhidlər Xiyabanını ziyarət edərkən
hansı hissləri keçirdiniz?
- Bəli,
Şəhidlər Xiyabanına getmişdim, ona görə ki,
orada yatan bizim azərbaycanlı qardaşlarımızın
xatirəsi qarşısında, onların qəhrəmanlıqları
qarşısında öz vətəndaşlıq borcumu
verim. Və mən onların hər birinin xatirəsi
qarşısında baş əyirəm. Çünki
onlar xalqın azadlığı və ədalət uğrunda
mübarizə apararaq həlak olublar. Mən
orada çox böyük kədər hissi keçirirdim.
Təkcə orada yox, ümumiyyətlə,
yanvarın 20-dən azərbaycan xalqının başına gəlmiş
bu faciə məni daim kədərləndirib. Buna görə
də NMR-nın Ali Məclisinin iclasında biz Bakıda 20
Yanvar hadisələrinə münasibət məsələlərini
müzakirə edərkən mən
öz fikirlərimi demişəm, hiddətimi bildirmişəm
və açıq-aşkar bu
faciəni azərbaycan xalqının tarixində ən qara səhifə
kimi qiymətləndirmişəm. Azərbaycan
xalqının başına gəlmiş bu bəlanın
günahkarlarının aşkara çıxmasını tələb
etmişəm və bu hadisələrə siyasi qiymət
verilməsini tələb etmişəm. Mən
bu fikirlərlə, yaşadığım bu duyğularla
duyğularla Şəhidlər Xiyabanını ziyarət etməyə
getmişəm.
- İcazə versəydiniz,
bir sentimental sual verərdim, bu şəxsən
özümü maraqlandırır. Mənə elə gəlir ki, bizim bütün
tanınmış şəxslərimizə öz həyat
yoldaşları tərəfindən böyük dayaq
olduğu kimi, bizim hamımızın hörmətlə yad
etdiyimiz Zərifə xanım da Sizə həmişə bir
dayaq olub. Mən çox üzr istəyirəm, sentimental hissləri
yada salıram. Şəxsən mənə onun hardasa yad yerdə,
Moskvada dəfn olunması böyük təsir edir. Bu gün istərdim ki, o, Azərbaycanda dəfn
olunsun. Yəni o vaxt bu mümkün idimi, ağır da olsa Zərifə
xanımla keçirdiyiniz günlər haqqında, onun əzablı
siyasət meydanında sizə necə dayaq olması
haqqında bir neçə kəlmə.
-
Bilirsiniz, bu doğrudan da çox sentimental sualdır. Həmişə Zərifə xanım yada
düşəndə, onun haqqında söhbət olanda
kövrəlir, dayana bilmirəm. Bir şeyi deyə bilərəm
ki, həyatımın (Heydər bəy bərk kövrəldi
və onun gözləri doldu, bir az duruxdu, sonra sözünə
davam elədi) ən xoş cəhəti ondan ibarətdir ki, belə bir həyat
yoldaşım olub. Çox ağıllı, mədəni,
vətənpərvər insan idi. Böyük
alim idi. Hərtərəfli inkişaf
etmiş bir şəxs idi, eyni zamanda mənin
üçün sədaqətli həyat yoldaşı idi.
Sədaqətli sözünü deyəndə mən buna
çox geniş məna verirəm və həmişə onu əsas
götürürəm ki, ümumiyyətlə mənim
həyat yolum çətin olub. Böyük çətinliklərlə
rastlaşmışam və bütün bu çətinliklərdə ən böyük
dayağım Zərifə xanım idi. Ona
görə də onun həyatdan getməsi, şübhəsiz
ki, mənə böyük zərbə oldu. Olduqca
böyük zərbə oldu...
Zərifə xanımın xatirəsi mənin
üçün həmişə əzizdir. Mənə
belə gəlir ki, belə şəxsiyyətlər,
ümumiyətlə, unudulmazdır. O vəfat edəndən
sonra mən çox kədərli idim. Bizim
şair Bəxtiyar Vahabzadə onun həyatdan getməsi
münasibəti ilə şeir yazıb göndərmişdi,
onu tez- tez xatırlayıram. O təxminən belə
yazmışdı ki, kədərlənməyə əsas
var, ancaq eyni zamanda sevinmək də lazımdır ki, belə adam var.
- Və icazənizlə sonuncu sual. Çox siyasi xadimlər proqnoz verməyi
xoşlayırlar, bu məşğuliyyətlə
qidalanırlar, uzaq proqnozları deməyi xoşlayırlar.
Lakin yaxın proqnozu heç kəs demək istəmir.
Heydər bəy, yaxın müddətdə xalq hərəkatını və
respublikamızı nə gözləyə bilər?
-Bilirsiniz,
mən proqnoz vermək istəmirəm. Mənə
belə gəlir ki, xalq hərəkatını da,
respublikamızı da hələ ki, olduqca çətin və
ağır günlər gözləyir. Çünki,
təəssüf ki, xalq hərəkatı ilə
respublikanın başqa siyasi qüvvələri yekdil deyillər.
Bunların arasında müəyyən saziş
yaranmayıb. Xalq hərəkatını
boğmaq cəhdində olan qüvvələr çoxdur.
Bir ilə yaxındır ki, respublikanın
paytaxtında fövqəladə vəziyyət hökm
sürür, hansı ki, fövqəladə vəziyyətin
saxlanılmasına heç bir əsas yoxdur. Bu fövqəladə vəziyyət kimin əleyhinə,
hansı qüvvələrin əleyhinə yönəlib?
Deməli, xalqın əleyhinə yönəlib…
Respublikada
baş verən hadisələrdən belə nəticəyə
gəlmək olar
ki, sabah , yaxud o biri gün üçün yaxşı
heç nə gözləyə bilmərik. Lakin
elə söhbətimizin əvvəlində qeyd etdim ki, mən
nikbin əhval- ruhiyyəli adamam. Belə
güman edirəm ki, xalqımız qəhrəman xalqdır,
cəsarətli xalqdır. Hər halda bu
çətin vəziyyətdən də yəqin
çıxa biləcək və mən şübhəsiz ki,
xalqımızın gözəl gələcəyini
görürəm.
- Çox sağ
olun, Heydər bəy, məni qəbul etdiyinizə və
müsahibə verdiyinizə görə Sizə minnətdarlığımı
bildirirəm.
Bizim Yol.- 2017.- 13
dekabr.- S.5; 13.