“Kənardan baxanda
Kukla
Teatrı adama asan gəlir”
Kulıs.azın
müsahibi Abdulla Şaiq adına Azərbaycan Dövlət
Kukla teatrının direktoru və YUĞ Teatrının
direktoru vəzifəsini müvəqqəti icra edən Rəşad
Əhmədzadədir.
- Rəşad
müəllim, digər teatrlardan fərqli olaraq Kukla
teatrında adətən zal dolu olur. Teatr
tamaşaçısını itirməmək
üçün nə etməlidir?
- Deməzdim ki, tamaşaçıya həsrətdir teatrlarımız. Çox vaxt teatrdan xəbəri olmayan adamlar deyir ki, teatra tamaşaçı gəlmir. İndi də teatra tamaşaçı gəlir. Sadəcə texnologiyalar həyatımızda daha çox yer tutur. Hər kəs evində oturub texnikanın vasitəsilə istənilən ölkənin istənilən teatrının tamaşasına baxa bilər. Bunun da təsiri var. Amma yenə də mən özüm tamaşaçı olaraq başqa teatrlara gedəndə onu tamaşaçısız görmürəm: istər Opera-Balet olsun, istər “Azdrama” olsun, istər Gənc Tamaşaçılar olsun, istərsə də Kukla teatrı.
- Anşlaqın
olmasını nəzərdə tuturdum...
- Repertuar dəyişikliyi dinamik olmalıdır. Bu, əsas şərtdir. Repertuar siyasəti düzgün qurulmalıdır. Bizim repertuarda istər Azərbaycan klassikası, istər xarici klassika yer alır. Bütün bunlarla yanaşı müasir tamaşalar olmalıdır. Yəni ilk növbədə çalışırıq ki, repertuar zəngin olsun. Ümumiyyətlə peşəkarlıq vacibdir. İstənilən idarənin işçisi öz işini bilməli və yerinə yetirməlidir. Əvvəl bilet satışı üzrə müvəkkillər vardı. Artıq yeddi ildi ki, bizim teatrda bilet satışı üzrə müvəkkil vəzifəsində çalışan yoxdur. Teatrımızın bileti ancaq kassadan satılır. Vaxt olur ki, eyni kontingent gəldiyi üçün biz hər iki aydan, ay yarımdan bir yeni tamaşalar veririk. Yeni tamaşalar da olduqca teatr tamaşaçı itirmir, əksinə qazanır.
-
Tamaşaçının nəbzini necə tutursunuz? Yəni
ona hansı tamaşa maraqlı ola bilər sualı
baxımından deyirəm.
- Mən düşünmürəm ki, tamaşaçının nəbzini tutmaq üçün gərək səhnəmizdə mütləq “Maşa və ayı” olsun. “Pinokkionun macəraları”, “Balaca və damda yaşayan Karlson” və başqa əsərlərə müraciət edirik. Ancaq bir məqam da var, tamaşa hazırlana, bütün kollektiv səy göstərə bilər, amma nəticədə tamaşaçının xoşuna gəlməz. Yəni biz tamaşaçının xoşuna gəlməyən tamaşanı repertuarda saxlamırıq. Beş-altı tamaşadan sonra artıq bu özünü göstərir: anşlaqdırsa bəyənilib, azdırsa tamaşaçı repertuardan çıxarırıq.
- İldə təxmini necə tamaşa hazırlayırsınız?
- Təxminən altı, ya yeddi. Dövlət planına uyğun olaraq minimum hər rübdə bir tamaşa hazırlamalıyıq. Yeni il və Novruz şənliyini də əlavə etsək yeddi, ya səkkiz tamaşa olur. Bilirsiniz, kənardan baxanda Kukla Teatrı adama asan gəlir. Amma onun özünün qəliz cəhətləri var. Əsər hazırlayanda birinci onun masa arxasında oxunuşu başlanır. Rolu əzbərləyəndən sonra keçirsən səhnəyə. Bizdə isə birinci gərək kukla hazır olsun ki, aktyor səhnədə məşqə başlasın. Tamaşanı elə hazırlamalıyıq ki, həm böyüklərin, həm uşaqların xoşuna gəlsin. Böyüyün xoşuna gəlməyəndə uşağı gətirmir. Uşağın da xoşuna gəlməyəndə onu zalda məcburən oturtmaq olmur, çıxır tamaşadan.
Və ya hansısa kukladan uşaq qorxursa qısa müddətdə kuklanı dəyişirik, dəyişməsək də hansısa elementlər artırırıq ki, uşaq kukladan qorxmasın. Amma misalçün, Moskvada Obratsov teatrına beş yaşınadək uşaq gətirmirlər. Bizdə isə 2 yaşdan yuxarı uşaqları teatra gətirirlər. Biz də çalışırıq ki, azyaşlı uşaqları nəzərə alaq. Tamaşalar yaş kateqoriyasına bölünür; Beş yaşa qədər, beşdən-yeddi yaşa qədər və s. Valideyn bilet alanda ona xəbərdarlıq olunur ki, bu tamaşa beş yaşa qədərdi və s.
- Bakı şəhər
Uşaq Teatrı kimi alternativin olması rəqabət
yaradırmı?
- Kukla
Teatrının Bakı şəhərində alternativi yoxdur.
Yəni Uşaq teatrı, Gənc Tamaşaçılar
Teatrı, hətta Kukla Teatrına yaxın olan Marionet
Teatrı var. Bu teatrların hər birinin özünün
tamaşaçısı var. Kukla Teatrına 4-cü sinfə
qədər gəlirlər, ondan sonra Gənc
Tamaşaçılara gedirlər.
- Festivallara vaxtaşırı
gedirsiniz. Ən böyük qazancınız nə olur?
- Festivallar yaradıcılıq
mübadiləsidir, teatrın inkişafına kömək
edir. Onlar da bizdən nələrsə götürürlər.
Biz də təbii ki, nələrisə öyrənirik. Elə
tamaşalar var ki, kuklalar xaricdə hazırlanır, elələri
də var ki, rejissor xaricdən dəvət olunur. Bəzi
tamaşalar var ki, həm kuklalar orda hazırlanır, həm də
bəstəkar kimi ordan dəvət olunur. Bu da teatrın
inkişafında son illərdə böyük təkan oldu.
2011-ci ildən bu yana hansı festivala getmişiksə ya
Qran-prisini qazanmışıq, ya birinci yer, ya da ən yaxşı
aktyor mükafatını. Bizim üçün bu balaca məsələ
deyil ki, Bartoşeviç (Aleksey Bartoşeviç-
Rusiyanın tanınmış teatrşünaslarından biri)
kimi adam “Rusiya teatrları Kukla teatrının aktyorlarından
sənəti öyrənsin” demişdi. Tatarıstanda festivalda
jürinin sədri idi. Ümumiyyətlə, hara getmişik,
peşəkarlıq baxımından yaxşı
qarşılanıb. İstər aktyor oyunu, istər səhnə
tərtibatı, istər rejissor işi. Artıq son illər
rejissorlarımızı da dəvət edirlər tamaşa
hazırlamağa. Sonuncu dəfə Qazaxıstanda olanda Rəhim
Rəhimov ən yaxşı kişi aktyoru nominasiyasını
qazandı. Baş rejissor Qurban Məsimov isə iki ölkədən
tamaşa hazırlamaq üçün dəvət aldı.
Teatr müsabiqədən kənar bir neçə festivala dəvət
aldı. Bir teatr festivalından nə qazanmaq
mümkündüsə biz qazanırıq. Amma əvvəllər
hansısa festivala getmək problem olurdu. Teatrımız
tanınmırdı, festivala getmək üçün bir
neçə dəfə videomaterial göndərməli idik.
İndi festivalların əksəriyyətinə müsabiqəsiz
dəvət edirlər.
- Böyüklər üçün
də tamaşalar hazırlayırsınız?
-
1976-cı ildən böyüklər üçün
tamaşalar hazırlanır. İstənilən teatrda kassa
üçün başqa, festival üçün başqa
tamaşalar qurulur. Bəzən festival təşkilatçısı
festival iştirakçıları, jüri üçün
başqa bir tamaşa, uşaqlar üçün başqa
tamaşa istəyir. Uşaqlar üçün olan tamaşa
festivalda göstərilmir. Onlar həmin tamaşaya biletləri
satıb gəlir əldə edirlər. Qurban Məsimovun
böyüklər üçün hazırladığı
“Zəng”, Kamran Şahmərdanın “Ağ və qara” tamaşaları həm kassa
üçündür, həm
də festivallarda maraqla baxılır.
- İncəsənət Universitetində
kukla teatr sənətini öyrədən fakültə
varmı?
- Azərbaycanda beş kukla teatrı
fəaliyyət göstərir. Bakıda, Naxçıvanda, Gəncədə,
Salyanda və Qaxda. İncəsənət Universitetinin nə
kukla teatr aktyoru, nə kukla teatr rejissoru fakültəsi var. Hətta
fakültə də demirəm. Aktyorluq fakültəsinin nəzdində
kurs açılsaydı yaxşı olardı. Həvəsi
olanlar ora gedərdi, kukla sənətindən dərs demək
üçün teatrdan ora mütəxəssislər dəvət
olunardı.
- Siz uzun müddət Musiqili Komediya
Teatrında işləmisiniz. Teatrın idarə edilməsi
spesifik sahədir, bu təcrübəni kimdən öyrənmisiniz?
- Musiqili
Komediya Teatrında 15 il çalışmışam,
radio-texnik vəzifəsindən başlamışam. Sonra
butafor, baş səhnə maşinisti, inzibatçı, bədii
quruluş hissə müdiri, direktor müavini. 1996-cı ildən
Kukla Teatrına direktor müavini vəzifəsinə gəlmişəm.
Söhbət idarəetmədən gedirsə, bir teatrın
hansı profildə, hansı poetikada, estetikada olmasının əhəmiyyəti
yoxdur. Yəni idarəetmə sistemi
bütün teatrlarda eynidir. Öyrəndiklərimə
görə Qəzənfər Topçiyevə borcluyam. O, uzun
müddət Rus Dram Teatrında direktor olub, sonra bir müddət
Musiqili Komediya Teatrında işlədi. Orda
çalışdıq bir yerdə. Onun əməyi nəticəsində
baş səhnə maşinistindən o vaxtkı nazirin əmri
ilə oldum direktor müavini. Çox gənc
yaşlarında. Topçiyev idarəetməni gözəl bilən
insan idi. İdarətemədə bilmədiyi detal yox idi.
Əsl müəllim idi. Adam diktə eləmirdi ki, burda filan
şeyi elə. Səni məcbur edirdi ki, elə şərait
yaradırdı ki, sən özün öyrənirdin.
Özü də onun çox ağır öyrətmək
vasitəsi vardı. Məsələn, bir sənədi, hətta
həcmi çox olan sənədi sən yeddi, ya səkkiz dəfə
yaza bilərdin, o da cıra bilərdi. Öyrənəndə
deyirdi ki, birinci gündən göstərsəydim özün
öyrənməyəcəkdin. Yavaş-yavaş öyrədərdi.
İdarəetməni bilmək üçün teatrı gərək
içəridən öyrənəsən.
- İki aydan çoxdur, YUĞ
Dövlət Teatrında direktor vəzifəsini icra edirsiniz.
Hansı dəyişiklikləri elədiniz?
- Əvvəla
bir söz deyim. 1996-cı ildə Musiqili Komediya Teatrından
Kukla teatrına gəldim. Bəzi adamlar dedi ki, Kukla Teatrı
hara, Musiqili Komediya hara, ayrı-ayrı profillərdi. Amma idarəetmə
sistemi eynidir. YUĞ teatrının direktorunun icrası mənə
tapşırılanda işlə tanış olmaq
üçün qısa müddət lazım oldu. İki ay ərzində
baş rejissor Mehriban xanımın və bütün
kollektivin birgə əməyi nəticəsində Gümrah
Ömərin quruluş verdiyi iki tamaşanı, Sahib
Ağayevin quruluş verdiyi və bir neçə il oynanılmayan bir tamaşanı əsaslı
bərpa etdik. Əbdülqəni Əliyevin quruluşunda yeni,
“Quş dili” tamaşasını təhvil verdik. İki ayda bir
teatrda 3 köhnə tamaşanın bərpası, 1 yeni tamaşanın
təhvili, bununla yanaşı eyni vaxtda digər yeni tamaşa
üzərində teatrın baş rejissoru Mehriban
xanımın məşqlərinin başlanması balaca məsələ
deyil. Burda YUĞ Dövlət Teatrının bütün
kollektivinin böyük əməyi var.
-
YUĞ-da rəhbərlik dəyişəndən sonra sosial
şəbəkələrdə teatrın poetikasının məhv ediləcəyi
haqda fikirlər yazıldı...
- Nə Mehriban xanımın, nə
mənim YUĞ Teatrının poetikasını dəyişdirmək
fikrimiz olub. YUĞ-da fəaliyyət göstərən
rejissorlar istər Günay Səttar, istər Sahib Ağayev,
istər Gümrah Ömər yenə fəaliyyətdədirlər.
Yenə öz poetikaları ilə tamaşa quracaqlar. Mehriban
xanım da yeni tamaşa hazırlayır. Rejissorun hansı
poetikada tamaşa hazırlamasına direktor müdaxilə
etmir. Etməməlidir də. Olur elə söhbətlər
ki, YUĞ-un poetikasını dağıdacaqlar, ya da
münasibət dəyişəcək. Hər şey öz
yerində qalır. Vaqif İbrahimoğlu böyük rejissor,
pedaqoq və teatr bilicisi idi. YUĞ Teatrını Vaqif müəllim
kiminlə yaratmışdısa, onların hamısı indi də
teatrda çalışırlar. Bundan sonra da direktorun kimliyindən
asılı olmayaraq fəaliyyət göstərəcəklər.
- YUĞ-un estetikasından fərqlənən
tamaşalar qurulacaqmı?
- Əlbəttə.
YUĞ-dan bir çox aktyor və aktrisalar filmlərə
çəkilir, digər teatrlarda tamaşalarda oynayırlar.
Onlar orada həmin poetika ilə işləmirlər axı.
YUĞ böyük yaradıcı potensiala malikdir, istər
aktyorlar, istər rejissorlar. İstənilən janrda, estetikada
hazırlaya da, oynaya da bilirlər. Əlimizdən gələni
edirik ki, yaradıcı heyət potensialını daha aydın
göstərə bilsin. Mehriban xanımla bir yerdə Cahangir
Novruzovla söhbətimiz olub. O yaxında tamaşa
hazırlayacaq. Ərşad Ələkbərovla söhbətimiz
olub, o da tamaşa hazırlayacaq. Bu teatrın qapısı istənilən
yaradıcı ideyalara, yaradıcı adamlara
açıqdır. Bir neçə gündən sonra
YUĞ-un yeni saytı açılır. Bu günədək
saytı yox idi. Video-arxivini yaradırıq. Bunun
üçün “Aranfilm”in rəhbəri Tahir müəllimə
təşəkkür edirik. Artıq 4 -5 tamaşa çəkilib.
Yəni yeni direktor təyin edilənədək əlimizdəki
imkanlardan istifadə etməyə
çalışırıq.
- “Naməlum Axundzadə”
tamaşasında Elxan Yunisi görmək təəccüblü
oldu.
-
Artıq onunla müqavilə bağlamışıq. Gedən
aktyorlarla bağlı da sual verəcəksiz yəqin.
Ümumiyyətlə biz heç bir aktyorun və aktrisanın
teatrdan uzaqlaşmasının tərəfdarı deyilik. Ancaq
teatrların daxili nizam-intizam qaydaları var. Bu qaydalara əməl
olunmalıdır. Hikmət Rəhimova və Rasim Cəfərə
gəlincə, onlar teatrdan getməyiblər. Müqavilə
sisteminə keçiblər. Tamaşaçılar bu ayın
16-da Hikmətin, 30-da isə Rasimin iştirakıyla tamaşaya
baxa bilərlər. Onların hər ikisi seriallarda çəkilir.
İstənilən teatrda maddi vəziyyətini yüksəltmək
üçün aktyorlara şərait yaradılır. Bundan
sonra da yaradıcılıq əməkdaşlığı
davam edir. Vaxtları olsa onlarla məmnuniyyətlə yeni
tamaşalarda işləyəcəyik.
- “Naməlum Axundzadə” YUĞ-un
kiçik səhnəsindən böyük səhnəyə
gətirildi. Yenə böyük səhnədə tamaşalar
oynanılacaq?
- Əlbəttə.
Rejissorun baxışından asılıdır. Əgər
quruluş imkan verirsə həm kiçik, həm böyük
səhnədə oynanılacaq vaxtaşırı.
- YUĞ-da adətən biletlər
satılmırdı. İndi necədir?
- Bilet
satışı artıq var. İstənilən teatrda bilet
satışı olmalıdır. Bilet satışı olmadan
teatr fəaliyyət göstərə bilməz. Xərclər
var, tamaşaların hazırlanması var.
Bizim Yol.- 2017.- 23 dekabr.- S.15.