Yorulmuş ruhum
(Hekayə)
Otaq adamla doludur, hər kəs də ağlayır. Niyə ağlayırlar bunlar? Hələ anama bax, ağlamaqdan halı belə qalmayıb. Bacım, həyat yoldaşım da burdadırlar. “Bir dəqiqəlik bura gəl” – kiminsə səsi gəldi. Bu ki, qardaşımın səsidir, bacımı çağırırdı. “Ana, niyə ağlayırsan?” soruşdum, cavab verən isə olmadı. Eyni sualı bacıma, həyat yoldaşıma verdim, kimsə mənə cavab vermədi. Bu nədir, kimsə mənə cavab vermir, kimsə məni görmür. “Mən bura nə vaxt gəldim? Necə gəldim?” – otağın bir küncündə dayanıb bunları düşünməkdəydim. Bura ki, bizim Bakıdakı evimiz, uşaqlıqdan “qonaq otağı” adlandırdığımız otaqdır. Otağın ortasında kimisə uzadıb, üstünü də ağ mələfə ilə örtüblər. “Bu kimdir? Ölən kimdir?” – deyə düşünməkdəydim ki, yerə “uzanan”ın düz baş ucunda öz şəkilimi gördüm. Hə, mənim şəkilimdir. Mahir əmi çəkmişdi bu şəkili. Ötən il Bakıda olanda dostlarla dəniz kənarına getmişdik, qayıdanda bizim həyətdə bərabər çay içdik. Onda, həm də xəbərim olmadan çəkmişdi Mahir əmi. Bu şəkildən çox xoşum gəlmişdi. Mahir əmi gözəl sənətkardı, xaricdə yaşasa idi sənətinin hesabına yaxşı imkanı olardı. Bu fikir dəfələrlə ağlımdan keçmişdi. Ancaq bu şəkili nə üçün böyütdürüb bura qoyublar? Dayan, dayan, deyəsən axı ölən mənəm. Yerdə uzanan mənəmsə, bəs onda küncdə dayanan mən kimdir? Nə səfehləyirsən, əgər ölən mənəmsə demək ki, küncdəki mən də, mənim ruhumdur.
“Əzizim vətən yaxşı
Geyməyə kətan yaxşı
Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı”
– deyə kimsə bayatı deyirdi. “Qəriblikdə ölən cavanım hey”- deyə bir qara çadralı qadın ağı deməyə başladı. Kim olduğunu xatırlamaq istədim, xatırlaya bilmədim. Molladır hər halda. Hə, əgər ortadakı mənim şəklimdirsə, ölən də qəribdirsə, demək ki, ölən dəqiq mənəm. Ancaq necə öldüm, nədən öldüm? Deyəsən tapdım, hər halda ürəyimdən. Yadıma illər əvvəl ürəyimdəki ağrıya görə bir iş yoldaşımla həkimə getməyim düşdü. Həkim məni yoxlayandan sonra: “Sən bu ürəklə bu vaxta kimi necə yaşamısan? Çoxdan ölməliydin” – demişdi. Məndə: “Sənin kimi həkimin yanına getməmişəm, ona görə yaşayıram” – deyə cavab vermişdim. Ondan sonra ürəyimə görə çox müalicə aldım. Hətta bir dəfə dostlar məni tanınmış həkim, Cənubi Azərbaycandan olan Cavad Heyətinin yanına göndərmişdi. Cavad bəy məni Bakıda qaldığı evdə qəbul etmişdi. Məni yoxladıqan, digər həkimlərdən aldığım cavablara baxdıqdan sonra aramızda belə bir dialoq da olmuşdu:
-Baba, sən təcili İrana gəlməlisən.
- Niyə?
-Sənin ürəyində təcili əməliyyat olunmalıdır.
-Bu belə vacidir?
-Çox vacibdir, yoxsa ömrünə bir neçə ay qalıb.
-Baba, bunun xərci nə qədərdir?
-Baba, beş min əməliyyatın xərci, beş min ürəyinə qoyulacaq maddənin (adını demişdi, unutmuşam) xərci, beş min də xəstəxana xərci. Cəmi on beş min dollar edir.
-Baba, mənim o qədər pulum olsa idi, heç ürəyim xəstəlik tapmazdı – deyə gülümsəmişdim.
Sonradan hər iki əhvalatı dostlarıma danışıb, xeyli gülmüşdüm. Elə indi də yadıma düşüncə üzümə təbəssüm qondu. Demək ki, ruhlar da gülümsəyə bilirmiş.
Həkimlərin diaqnozuna görə ürək klapanlarımın biri yaxşı bağlanmırmış, bir də ürəyimdə anadangəlmə yırtıq var imiş. Ancaq qürbətə, Niderlanda gedəndən sonra bir neçə dəfə ürəyimi yoxlatsam da, cavab müsbət olmuşdu, burdakı həkimlərin dediyinə görə ürəyim tam sağlam idi. İdni necə oldu ki, öldüm? Bu bir yana, məni bura necə gətirdilər? Axə mən hələ gərəkən sığorta müqaviləsini bağlamamışdım ki, mənim nəşimi bura rahatlıqla gətirə bilsinlər. Hətta zarafatla həyat yoldaşıma demişdim ki, birdən ölsəm məni yandırt, külümü yığ bankaya və apar vətənə səp. Özümü, daha doğrusu külümü bir anlıq bankada təsəvvür etdim. Yerdə uzadılan bədənimin yerinə bir banka kül gəldi gözümün önünə. Düzünü deyim ki, bunları düşünəndə kədərləndim. Kim xərc çəkib məni bütöv, yanmamış bura gətiribsə, ən xoş sözlərə layiqdir.
Bayıra çıxmağa qərar verdim, görüm orda kimlər var. Qadınların arasından keçib dəhlizə çıxdım, kimsə məni fərq etmədi. Ruham axı, kim məni görəcək. “Demək biz illərlə məmurlarımızın gözünə ruh kimi görsənmişik, daha doğrusu görsənməmişik. Ona görə bu xalqı fərq edən olmayıb” – düşüncəsi keçdi ağlımdan və həmən dəqiqə də düşündüm ki, heç məmur yeridir, öldüyün yerdə öl də. Dəhlizə çıxdım, övladlarımın ikisi də büzüşüb br tərəfdə oturub, için-için ağlayırlar. İçim göynədi, gəlib başlarını sığalladım. “Ağlamayın, niyə ağlayırsınız” – dedim. Həyat yoldaşıma səsləndim: “Gəl uşaqların yanına, qoyma ağlasınlar.” Ancaq nə uşaqlar məni hiss etdilər, eşitdilər, nə də həyat yoldaşım. Burda bir faydamın olmayacağını anlayıb həyətə çıxdım. Əmim oturub həyətdə, əlləri ilə də başını tutub. Məni çox istəyirdi, indi istəməsin. Qəzetdə çıxan yazılarımı, müxtəlif görüşlərdə olan şəkillərimin surətni yığıb bir qovluq düzəltmişdi. Hara gedirdi özü ilə aparırdı, evinə gələn hər kəsə göstərirdi. Mərd adamdı mənim əmim. Bir dəfə hətta demişdi ki, a bala, yaşadığınız yerdə vətən üçün çox iş görmək lazımdır. Mən də demişdim ki, əmi, maddi imkanım nəyə çatırsa o qədər edirəm. Əmim mənə evininin birini satlığa qoyduğunu, satılan kimi evin pulunun bir hissəsini mənə göndərəcəyini demişdi. İstəyirdi ki, o pulu Azərbaycanın təbliğinə xərcləyim. Mən də demişdim ki, yox, ay əmi, kimlərsə bu işlər üçün ayrılmış pulları basıb yeyəcək, sən də evinin pulunu bu işlərə xərcləyəcəksən? Yox, mən bunu edə bilmərəm. Dayanıb bir xeyli əmimə baxdım. Heç nə demədim, desəm də məni duyamayacaqdı.
Darvaza açıq idi, çıxdım bayıra. Küçədə böyük çadır qurmuşdular. Adam çox idi, kimi çadırda oturmuşdu, kimi də bayırda dayanmışdı. Hərə özünə bab adamla söhbət edirdi. Diqqətlə baxdım görüm ki, kimlər var, kimlər məni son mənzilə yola salmağa gəlib. Gözüm dostlarımı axtardı, hamısı burda idi. Etiraf edim ki, mənim etibarsız dostum olmayıb. Yanlarına yaxınlaşdım, mənimlə bağlı xatirələrini danışırlar. Başqa tərəfdə dayanmış dostlarıma yaxınlaşdım. Onlar da eynən, mənim haqqımda danışırlar. Qəribə idi, dostlarımın hamısının üzündə bir təbəssüm var. Ancaq yox, bu təbəssüm ağrılı bir təbəssümdür. Etiraf edim ki, danışıqları mənə xoş gəlir. Bəlkə özündən razılıq olacaq, ancaq mən sağlığımda dostlarıma problem verməməyə çalışırdım. Söhbətlərimizdə çalışırdım ki, əhvalımı həmişə yaxşı göstərim. Bəlkə ona görə mənimlə bağlı ağrılı bir şey xatırlaya bilmirdilər. “Ehtiyacı da yox idi, maddi vəziyyəti pis deyildi. Evi, işi, maşını, ailəsi, bir sözlə, nə lazım idisə varı idi. Niyə çıxdı getdi, bilmirəm. Elə bildim ki, ehtiyacı olub deyə borc-filan alıb, maddi sıxıntısı var deyə gedir. Dəfələrlə dedim ki, belə bir şey varsa birləşib həll edək. Borcu olmadığını, maddiyyatla əlaqəsinin olmadığınl deyirdi. Cəmiyyət sıxırdı onu, arada danışıqlarından hiss edirdim. İnsanların çoxunun vəzifə, pul hərisliyi, ətrafda gördüyü yaltaqlıqlar, ikiüzlülük sıxırdı onu” – bunu dostlarımdan biri çevrəsində dayandığı digər dostlara danışırdı. Elə ürəklə danışırdı ki, ruh olsam da, mən də kövrəldim. Daha sonra: “Mən ki, əməllicə yaxşı adam imişəm” – deyə ləzzətlə gülümsədim.
Xalaoğlanlarımdan ikisi dayanıb bir tərəfdə söhbət edirlər, hələ bir onlara yaxınlaşım görüm nə danışırlar. “Hələ buna bax, indi gəlir” – deyə yaşca hamımızdan böyük olan xalaoğlum deyinməyə başladı, adəti üzrə başını yırğalayırdı. Üz ifadəsindən də əsəbi olduğu görsənirdi. “Bu nə vaxtın gəlməyidir, hə? Camaat nə vaxtdan burdadır” – deyə ətrafdakı insanları da nəzərə almadan səsini qaldırdı, həm də üzünü mən tərəfə tutaraq. “İlahi, bu məni görürmü? Heç kim məni görmür, bu necə gördü?”- deyə düşünürdüm ki, arxadan o biri xalaoğlumun səsi gəldi, özünə məxsus tərzdə: “Di neynəyim, dükanı qoyub çıxa bilmirdim.” Yox, bunların mübahisələrini dinləməyə həvəsim yoxdur, gedim çadıra. Bir dəstə qonşum, məhəllənin lap o başında, bizdən xeyli aralıda yaşayırlar, çadırın lap girəcəyində oturmuşdular. Düşündüm ki, bir bunların da yanında dayanım, görüm nə danışırlar. Ancaq gərək dayanmayaydım, bunlar ki, lətifə danışıb gülürlər. Elə bil toya gəliblər. Keçdim başqa tərəfə, burda da oturanlar məhəllə adamları idilər, ancaq bir qədər yaşlılar. Bunlar da gündəlik həyatdan, qiymətlərin artımından, dolanışıqdan və.s. söhbət edirlər. Heç mən yadlarına düşmürəm. “Bunu başqa yerdə danışa bilmirlər? Niyə məndən danışmırlar ki, görüm barəmdə nə düşünürlər” – deyə düşünməyə başladım. Sonra da öz-özümə dedim ki, eh, ay Vüqar, sən özün azmı başqa məclislərdə dünyanın gərdişindən danışmısan? Tez də özümə cavab verdim ki, danışmışam e, ancaq daha dəfn günü yox da. Bir də ki, hamı məclisə ürəyi yandığından gəlmir axı. Kimi gəlir ki, borcunu qaytarsın, kimi gəlir ki, sabah ona da gedilsin, kimi qonşuluqdan ayıb edir, kimi qohumluqdan. Yadıma bir mahnıdan sözlər düşdü: “Bir gün ölsəm, hamı deyər hayıfdı. Canı yanan ya bir olar, ya iki.”
Çadırda oturanların hərəsi bir şeydən danışır, məni yada salan çox deyil. Bilmirlər axı onları dinləyirəm, lap yanlarında dayanmışam. Bilsəydilər yəqin məndən danışardılar. Aha, deyəsən xalam oğlanları mübahisəni bitiriblər, gəlib oturublar yuxarı tərəfdə, mollanın qarşısında. Dayan, molla demişkən, görüm bu molla kimdir. Bayaqdan varlığı ilə yoxluğu da bilinmir. Hərdən, içəri təzə daxil olanlar olduqda ancaq fatihə verdiyini eşidirdim, mollanın kimliyinə fikir vermirdim. Gəlib oturdum xalam oğlanları oturan yerdə. Vay, bu molla Həşim deyil? Necə dəyişib. Məndən bir sinif yuxarı oxuyurdu. Alkaşın da biri idi. Alkaş deyəndə ki, çox içirdi. İndi mollalığa başlayıb. Qarşısında ərəb əlifbası ilə yazılmış bir kitab var. Bu heç öz dilimizdə oxuya bilmirdi, ərəb dilini nə vaxt öyrəndi? Gülmək məni tutmuşdu. Ancaq neyləyim, məni dinləyən kimdir. Oturub xalam oğlanlarının söhbətlərini dinləmək istəyirdim. Neyləyim, məni dəfn edənə kimi bekarçılıq idi. Tərslikdən molla anlamadığım dildə nə isə oxumağa başladı. Hər halda ərəb dilində oxuyurdu. Bayaq dediyim kimi, bu heç öz dilimizi düzəməlli bilmir, ərəbcə nə danışdığını özü anlayır görəsən? İstədim deyəm ki, molla Həşim, onu kimin üçün oxuyursan? Əgər mənim üçün oxuyursansa, mən heç nə anlamııram. İnanmıram ki, burda oturanlardan da kimsə bir şey anlasın. Düzünü deyim ki, heç sənin özünün də oxuduğunu anladığına inanmıram. Bizi yaradan isə bütün dilləri bilir. Ancaq demədim, dirilərin dediyini dinləyən yoxdur, mən ölünü kim eşidəcək. Molla azacıq ara verən kimi: “Molla, mənim bu rəhmətlik xalaoğlum yaxşı adam idi, heç kimin qiybətini etməzdi. Heç kimə pislik etməmişdi, gücü çatdısa yaxşılıq edərdi. Etdiyi yaxşılığı da adamın üzünə vurmazdı. İndi onun yeri cənnət olar da hər halda?” – deyə xalam oğlanlarından biri mollaya sual verdi. Molla Həşim (adını çəkdikcə məni gülmək tutur) üzünə ağıllı ifadə verib, “bismillah” deyib soruşdu:
- Rəhmətlik namaz qılırdu? Oruc tuturdu?
- Yox, namaz qılmırdı. Ancaq oruc tutan vaxtları olub. Həm də çox, imkanı dərəcədə yardımlar edirdi imkansızlara. Mən özüm bunun nə qədərini bilirəm, həm də təsədüfən bilmişəm - deyə xalam oğlu cavab verdi.
“Müselmanun esas şertleründen birü de namazduuur ” – deyə molla Həşim Bakı ləhcəsində, ancaq elə bil fars danışırmış kimi, sözləri uzadaraq suala cavab verməyə başladı. Yeri gəlmişkən, mənim anlamadığım odur ki, bu din adamları, əsasən də mollalar nə üçün farslar kimi danışmağa çalışırlar, eşidəndə lap zəhləm gedir. Bəlkə elə mollalardan zəhləm getməyinin səbəblərindən biri də budur. Bir sözlə, molla Həşim dedi ki, indi ki, mən namaz qılmamışam, etdiyim bütün yaxşılıqlar heçdir, mənə heç bir faydası olmayacaq və sözündən belə çıxdı ki, mənim yerim cəhənnəmlikdir.
“Öz yerin cəhənnəmlikdir, axmağın biri” – qardaşımın səsini eşitdim. Əsəbi idi, gözləri də dolmuşdu, bunu nə qədər gizlətməyə çalışsa da, mən bunu görürdüm.
“Gəl otur, ona fikir vermə. Gəl görək üçə,
yeddiyə, qırxa nə edəcəyik” – deyə
böyük xalaoğlum qardaşımı yanında otuzdurdu və
yaxşı ki, də belə etdi. Yoxsa, heç
yoxsasını deməsəm yaxşıdır. Ancaq qardaşım durdu və çadırdan
çıxdı. Sadəcə dedi ki, siz müzakirə
edin, qərarınızı mənə deyərsiniz. Bunlar da
başladılar sonrakı mərasimlər üçün nə
ehsan verəcəklərini müzakirə etməyə. Dinlədikcə birtəhər olurdum, duyan da yoxdur
ki, sözümü deyim. Kimə
lazımdır bu qədər israfçılıq? O qədər
yemək adı çəkirlər ki, nə deyəcəyimi
belə bilmirəm. İmkanım olsa deyərdim
ki, toy etmirsiniz e, şadayanlıq da deyil. Ehsan kimi bir stəkan
çay və çay üçün lazım olanları
verin, bəsdir. Həm də nə
üç, nə yeddi? Bunları birləşdirin,
bitsin getsin. Camaatı işindən etməyin
nə mənası? Üzdən keçməyib
gələcəklər e, ancaq narazı gəlməkdənsə,
gəlməmək yaxşıdır. Həm
də camaatı qınamaq da düzgün deyil, nə mənası
var ki, bu qədər mərasimlərin?
Məndən olsa heç mənə baş daşı
da qoymaqlarını istəmərəm, ya da lap balaca bir
başdaşı bəsdir. Kimə lazımdır axı bütün bunlar.
Əgər
dünyasını dəyişən
üçündürsə, mən heç nə hiss etmirəm.
Bu adamların burda yığışıb lətifə
danışmaqlarının bir ölü kimi mənə
aidiyyatı yoxdur. Hə, bəlkə bu qədər adamın gəlməyi
məndən sonra qalanlara bir təskinlikdir. Ancaq bu o demək
deyil ki, mənim
ölümüm məndən
sonrakıları xərcə, əziyyətə salamaldır.
Duymurlar ki, deyim ki, heç mən
sağlığımda da bunu istəməzdim və öləcəyimi
bilsə idim, vəsiyyət edərdim ki, belə əziyyət
çəkməyinə dəyməz. “A bala, gedən
gedib, qalanı düşünək” – deyə kimsə dedi.
Aha, bu ki, əmimdir.
Bax bu yaxşı oldu, ağsaqqal adamdır, indi
əmim lazım olanı deyəcək. “İnanın
ki, rəhmətlik özü də bunu istəməzdi. Nəyə lazımdır bu qədər
israfçılıq. Rəhmətliyin
ehsanını verək, ancaq sizin dediyiniz kimi yox. Camaatı da hər dəfə bura yığmağa
ehtiyac yoxdur, narazı gələnlər olar, rəhmətliyin
ruhu da inciyər. Özümüz, qohumlar
yığışarıq cümə axşamlarında, bəs
edər” - əmim əlavə etdi. Ağsaqqalın
olması başqa şeydir, çox düz dedi, ruhum elə
indidən inciməyə başlamışdı. Ruh da olsam,
sıxılmağa başlamışdım. Çadırdan bayıra çıxmaq istədim.
İçəri təzə adamlar gəlmişdilər.
Kim olduqlarını bilmədim, ancaq “elit”
olduqları aşkar idi, rus dilində
danışırdılar. Yadıma məhşur
“ölüsü ilə ərəbcə, dirisi ilə rusca
danışan millətim” misalı
düşdü. Düzünü deyim ki,
ölü də olsam, xəcalət çəkdim. Ölüb yerə girməyim gəldi. Zatən ölmüşəm, bir yerə girməyib
qalıb.
Çıxdım çadırdan bayıra. Yer demişkən,
yer bir qədər nəm olsa da, hava günəşli idi.
Deyəsən dünən yağış
yağıbmış. Bayırda dayanan bir
dəstəyə yaxınlaşdım. “Rəhmətliyə
keçən il dedim ki, məni də
Avropaya apar. Dedi ki, çətindir, gedib özünü
işə salma. Elə danışdı ki, az
qaldım deyəm ki, onda sənin nə işin var orda,
çıx gəl bura da. Bizimkilər belədir də, özü yerləşdisə,
başqasına kömək etməz ki, o da yerləşsin” –
deyə tanışlarımdan biri məndən şikayət
edirdi. Ancaq yalan danışırdı.
Düzdü, mənə demişdi ki, ona kömək
edim ki, gedib xaricdə yaşasın. Mən də
bütün bildiklərimi ona demişdim, yaxşı və
pis tərəflərinin hamısını. Onu da demişdim ki, kimsə ona orda yaşamaq
üçün status alacağına söz verə bilməz.
Kim buna söz verirsə, yalan danışır.
Özünü inanırmış kimi göstərmişdi,
ancaq inanmadığını hiss etmişdim. Utanmır,
dünyasını dəyişən adamın dalınca
danışır. Ordan uzaqlaşanda eşitdim ki, deyir
ki, ancaq rəhmətlik pis adam deyildi. Bu söz xoşuma gəldi. Tərif
ölüyə də xoş gəlirmiş.
Niyə aparıb məni basdırmırlar? Yoruldum lap və əgər
mən ruh olaraq yoruldumsa, gör camaat necə yorulub. Daha kimin haqqımda nə danışdığı
da maraqlı deyil. Sözləri vardı
sağlığımda özümə deyərdilər,
yaxşı, yaxud pis, fərq etməz. Onsuz
da indi nə desələr də dəyişən bir şey
olmayacaq. Kaş imkanım
ola idi bu dünyadan o dünyaya məktub yaza bilərdim. Onda
yazardım ki, ay millət, sözünüzü
sağlığında deyin insanlara, dəyərinizi
vaxtında verin. Öləndən sonra nə
deyib, nə etsəniz xeyri yoxdur. Heç verilən
ehsanların da nə xeyri olduğunu hiss etmədim. Ac qarınları doydursanız, bəlkə xeyri olar
biz dünyadan gedənlərə. Ancaq indi çadırda
çaydan içib dua
edirdilər, mən heç nə hiss etmirdim. Nə bilim,
yazardım ki, bəzi adətləri dəyişin. Biz dünyadan gedənlər
qalırıq bir tərəfdə, siz “kənardakı nə deyər”
prinsipi ilə hərəkət edirsiniz. Yoxsa o de, içəridəki
qadınlardan bəziləri evindəki bütün
qızıllarını taxıb gəliblər, elə bil
toya gəliblər. Yaza bilsə idim yazardım ki, mənim yerimə ancaq
həqiqətən ölümümə kədərlənlər
gəlsin, gəlmək xatirənə gələnlər
lazım deyil.
Bunları düşünməkdəydim ki, bir də
gördüm məni çiyinlərinə alıb aparmağa
başladılar, yəqin dəfn olunmaq vaxtım gəldi. Yaxşı
oldu elə, yox ölməyimi demirəm.
Düzünü deyim ki, hələ yaşamaq istəyərdim
və ən
azından hamı ilə vidalaşıb, halallaşıb
ölmək istərdim. Onu yaxşı oldu deyirəm
ki, insanların üzlərindən də görmək olur ki,
yorulublar. Bir çoxları dəfnimi
gözləyir ki, sonra çıxıb getsin. Heç
qınamıram da,
haqsız deyillər.
Mənim nəşimi
maşınla qəbirstanlığın
yaxınlığına kimi gətirdilər və ordan yenə
də çiyinlərinə aldılar. Dünən yağış
yağıb deyə qəbirstanlığa ayaqla gedəsi oldular. Yer də ki,
palçıq. Üzlərdəki ifadəni
görüncə əzab çəkməyə
başladım. Qəbir əzabı bu
olmaya? Yox e, nə qəbir əzabı.
Məni ki, hələ
qəbrə qoymayıblar. Az qalıram
hamıya bir-bir yaxınlaşıb yalvarım ki, nə olar,
ürəyində məni söymə. Mən
neyləyim axı, dövlət bu yolu düzəltməlidir. Ancaq deyə bilmirəm, hamı asta
addımlarla irəliləyir. Qəbirstanlıqda da gərəkən rituallara əməl
etdikdən sonra məni uzatdılar qəbirə. Əlvida ey insanlar, əlvida ey dünya, birazdan
üstümü torpaqlayacaqlar.
Budur, ilk torpağı üstümə
atdılar.
“Yenə üstü açıq divanda yatmısan” – qulağıma səs gəldi. “Bu nədir, bu kimdir?” - deyə düşünməyə başladım ki, təzədən həmən səs gəldi: “”adyal” yanındadır, üstünü ört yat da.” Birdən ayıldım. Demə yuxu görürmüşəm. Səsi gələn də həyat yoldaşım imiş, üstümə “adyal” örtmək istəyirmiş. Həyat yoldaşımın üstümə örtdüyü “adyal”ı üstümə atılan torpaq bilmişəm. Durub key kimi oturdum divanda. “Mən ölməmişəm” – deyə qışqırmaq istədim, etmədim. Kənarda dayanan balalarımı çağırıb bağrıma basdım. Telefona sarılıb anama, qardaşıma, bacıma zəng etdim, səslərini eşidib özümə gəldim. “Yaşamaq nə gözəldir” – deyə düşündüm. Birdən yadıma düşdü, bir çay içim, gedim sığorta şirkətinə müqavilə bağlayım. Yoxsa ölsəm məni yandırıb, külümü aparmalı olarlar ki, bu da elə bu başdan cəhənnəm əzabında yanmaq olar.
“Sən yenə yuxuya getdin” – həyat yoldaşımın səsinə diksindim. Yox, bu dəfə yatmamışdım, dərin bir düşüncəyə dalmışdım. Masanın üstündəki çay soyumuşdu. Adətən çayı isti içirəm, çay soyuduğuna görə demək ki, çoxdan süzülüb və demək ki, dərin düşüncəyə dalmışam. “Bu nə yuxu idi?” – keçdi ağlımdan. “İlahi, özün xeyirə cala. Yəni doğrudanmı cəmiyyətimiz bu gündədir? Biz həqiqətənmi beləyik? Biz millət olaraq bu “yuxudan” nə vaxt ayılacağıq?” Yerimdən qalxmaq istədim, qalxa bilmədim. Sol tərəfimdə kəskin ağrı var idi. Başımı güclə çevirib, məndən sol tərəfdəki masa arxasında əyləşən övladlarıma baxdım. Onlar burda, Niderlandda böyüyürlər, mənim yuxumdan, ruhumun gördüyü gerçəkliklərdən xəbərsizdilər və düznü deyim ki, buna sevindim də. Ayağa qalxmağa taqətim yox idi və demək ki, sığorta şirkətinə də gedə bilməyəcəm. Belə çıxır ki, o dünyaya getmədən cəhənəm əzabını bu dünyada çəkməyə məhkumam. Bunlar ağlımdan keçdikcə sol tərəfimdəki ağrılar artırdı. “Çayın yenə soyudu. Yatırsansa uzan üstünü örtüm, soyuq olar” – duyduğum bu səsdən sonra güclə divanda uzandım və hiss etdim ki, yumşaq bir şeylə üstümü örtdülər.
(Davamı gələn
sayımızda)
Vüqar Abbasov
Niderland
Bizim Yol.- 2017.- 1 fevral.- S.15.