“Kiminsə yanında
durmağa həvəsim yoxdur”
Rafiq Əliyev: “Mənim imanım
dinimdən yuxarıdadır”
Texnika elmləri doktoru, professor Rafiq
Əliyev Lent.az-a müsahibə verib.
- Rafiq müəllim, bir məqalənizdə
yazırsınız ki, sizin təfəkkürünüz Qərbdir,
əxlaqınız isə Şərq. Nə deməkdir bu? Qərb
təfəkkürü, Şərq əxlaqı necə olur?
- Mən Azərbaycanda
da, Amerikada da bir dərs deyirəm. Dərsin
birində Yaponiya təcrübəsindən misal gətirirəm.
Məsələn, Yaponiyada hər hansı adi fəhlənin
ixtiyarı var, yəni ona səlahiyyət verilib ki, əgər
fors-major situasiya yaranarsa, o, bütün istehsal sahəsinin fəaliyyətini
dayandıra bilər. Bizdə isə belədir
ki, gərək sex rəisinə zəng vurulsun, sex rəisi
direktora, direktor nazirə zəng vursun və s. Səbəb nədir?
Bizdə bir “əşi” sözü var.
“Əşi, keçər də”. “Əşi,
birtəhər yola ver də”. Qərbdə
isə “əşi” sözü yoxdur. Orda səlahiyyət
də verilib, cavabdehlik də. Yaxud bizdə
elm adamlarının böyük əksəriyyəti Azərbaycan
üçün olan elmlə məşğuldurlar. Axı elmin vətəni yoxdur. Mən
humanitar elmləri nəzərdə tutmuram. Qərbdə sənin elmi işin bütün
dünyada olanlardan, heç olmasa, bircə damcı
yaxşı deyilsə, o müəllif həmin elmi işi
çapa verməz. Amma Şərq
dünyasında belə deyil. Bu baxımdan
deyirəm ki, mənim təfəkkürüm Qərb təfəkkürüdür.
Çünki uzun müddətdir, Qərbdə
çalışıram.
- Bəs
əxlaqınız niyə Şərq əxlaqıdır?
- Genetik yaddaşdan gələn,
hətta bəzən lazımsız olan şeylər var ki,
oturub mənim qanımda. Məsələn, məndə
ifrat dərəcədə qısqanclıq var. Söhbət
kiməsə paxıllıqdan getmir. Məişət
qısqanclığından söhbət gedir. Belə şeylər qan yaddaşından irəli gəlir.
Bu xarakteri atmaq, tərgitmək mümkün
deyil.
- Təfəkkür
də, əxlaq da beyin işi deyil? Bəs necə ola bilir, Qərb təfəkkürünə
malik bir insan ailədə, məişətdə qısqanc
olur?
- Kəramət bəy, təfəkkür
və əxlaq ayrı-ayrı kateqoriyalardır. Təfəkkür beyindən gələn bir
şeydir. Əxlaq isə beyindən gəlmir,
qandan gəlir.
- Deməli,
genetikaya inanırsınız?
- Yüz faiz! Düzdür,
sonradan qazanma, mühitdən götürmə də var. Amma
çox xarakterlər, xüsusiyyətlər genetik gəlir.
Söhbət təkcə xarici oxşarlıqdan
getmir, biz davranış oxşarlığından da
danışırıq. Məsələn,
mən atamdan nəyi götürmüşəm? Həyatım boyu nə bir manat rüşvət
vermişəm, nə də bir manat rüşvət
almışam. Və həmişə
yazılarımda demişəm ki, rüşvət mənim
millətimi içdən yeyən qurddur.
Uşaq vaxtı bir dəfə
həyətdə oyun oynayırdıq, komandalar yaratmaq
lazım idi. Bir nəfər çıxdı ki, kim mənimlə? Mən əlimi
qaldırdım, o birisi əlini qaldırdı. Beşimiz bir tərəfdə, beşimiz də bir tərəfdə
bölünüb oynadıq. Demə, anam pəncərədən
baxırmış. Evə gələndə dedi,
oğul, “mən kimlə” yox, “kim mənimlə” xüsusiyyətinə
söykən. Sonra mən Amerikaya, Almaniyaya, başqa ölkələrə
getdim, orda dərs dedim. Bir dərs var idi, adı
“Liderlik hissi”dir. Lider olmaq üçün hansı xüsusiyyətləri
bilmək lazımdır. Başa düşdüm ki,
“Liderlik hissi” dərsinin əsas mahiyyəti anamın mənə
dediyi o
aksiomadan ibarət imiş. Yəni mən kimlə yox, kim mənlə. Mənim kiminsə
yanında durmağa həvəsim yoxdur.
Bir ifadə var,
invariantlılıq. Yəni heç kimdən
asılı olmamaq, kobud mənada, heç kimə
yaltaqlanmamaq, heç kimə yarınmamaq. Çox
qəribədir ki, mənim övladlarım da, nəvələrim
də həmin invariantlılığı saxlayırlar.
Heç birində sapma olmayıb. Müstəqil, heç kimdən asılı olmamaq,
yarınmamaq, sınmamaq çox vacib şeydir. Palıd ki sınmır. Amma onun
yanındakı alaq otları o tərəf-bu tərəfə
əsir, əyilir, sınır. Amma
palıda külək dəyə bilmir.
Kəramət bəy,
bu xüsusiyyət sizdə də var. Elə bilirsiniz,
yazarların hamısı sizdən razıdır? Yox. Nə üçün?
Çünki bəzən çox kəskin
yazılarınız olur. Siz də
asılı olmayan insansınız. Amma
harasa gedib yarınan insanlar ki var, onların heç bir xeyri
yoxdur. Yarınan adamdan həmişə
müvəqqəti olaraq istifadə edirlər. Amma invariant adamlara, əyilməyən, sınmayan
adamlara hamı hörmət edir, bəlkə üzünə
demirlər, amma ürəklərində mütləq hörmət
edirlər.
- Maraqlıdır,
dünyanı gəzmiş insansınız, böyük bir
alimsiniz. Amma elə çıxışlarınız olur, bəzən
elə söhbətlər edirsiniz ki, dəhşətli dərəcədə
sadəlövh insan təsiri
bağışlayırsınız.
- Bütün bunlar ona
görədir ki, mən söz deməkdən çəkinmirəm.
Düzdü, bəzən susduğum olub. 2008-ci ildə mən bir məqalə yazdım.
Orda demişdim ki, Azərbaycanı post-neft
dövrü gözləyir. Göstərmişdim
ki, 2012-ci ildən sonra neftin istehsalı azalacaq, Azərbaycanın
iqtisadi modeli barədə düşünmək lazımdır.
Eyni mövzuda məqaləni 2011-ci ildə daha
geniş şəkildə bir də yazdım. Birinci devalvasiya baş verəndə jurnalistlər mənim
birinci və ikinci məqaləmi alt-alta sayta qoydular. Məndən isə soruşdular ki, post-neft
dövrü nəyə deyirdiniz? Mən də dedim ki, elə
bu günü deyirdim. Axı jurnalistlər bir az
çevik, həm də maraqlı olurlar.
Mən kobud söz deyə
bilmirəm, nə də bərkdən qışqıra bilirəm.
Adətən, fikirlərimi sakitcə və
birbaşa deyirəm. Mən elm adamıyam
və demişəm ki, Azərbaycanda post-neft dövrü gəlir.
Bundan artıq nə deyim?
- Namaz
qılırsınız?
- Yox. Mənim
imanım dinimdən yuxarıdadır. Din o qədər
incə mövzudur ki, orda qələt eləmək olmaz. Ona görə də ruhani alimlərdən
soruşdum ki, bəlkə səhv fikirləşirəm, iman
üstün olmalıdır, yoxsa din? Onlar
da dedilər ki, düz yoldayam, iman üstün
olmalıdır. Mən atributları yerinə yetirmirəm:
namaz qılmaq, oruc tutmaq. Salavat çevirirəm.
Amma rüşvət almıram, Allah uzaq eləsin,
baş kəsmirəm, pislik eləmirəm. İmanın atributları bunlardır.
Eynşteyn xristian olub,
namaz qılmayıb, nə olsun?! Amma onda həmişə
Allah xofu olub. Nyuton da Allah adamı olub.
Eynşteyn dünyasını dəyişəndə
ağzından bir kəlmə çıxarıb. Deyib ki, Allah kainatla zər oyunu oynamır.
Gör, nə qədər böyük insan olub ki,
dünyasını dəyişməmişdən bir neçə
saat qabaq deyib, Nobel mükafatı alan məqaləmi
gətirin göstərin. Gətirdilər,
baxdı, baxdı, məqaləni atdı. Dedi, mən
düz almamışam. Eynşteynin fikri nə
idi? Deyirdi ki, bütün dünyanı
ehtimallarla idarə eləmək olmaz. Ehtimal
nəzəriyyəsi də qumardan gəlir. Ona görə deyirdi ki, Allah kainatla zər oyunu
oynamır. Eynşteyn ağzından bir ifadə də
çıxarıb: ehtimal yox, mümkünlük. Bu isə indiki qeyri-səlis məntiq nəzəriyyəsidir.
Düzdür, bu nəzəriyyənin
yaradıcısı Zadədir, amma Eynşteynin ağzından
belə bir söz çıxmışdı.
- Maraqlıdır,
ehtimal nəzəriyyəsinə əsasən, ehtimal varmı
ki, siz Nobel mükafatı alasınız?
- Ehtimal var, amma onu gərək
düz hesablayasan. Klassik ehtimal nəzəriyyəsi
reallığı çox vaxt düz ehtiva etmir. Xüsusən o yerdə ki insan qərar qəbul edir.
Məsələn, obyektiv ehtimal nəzəriyyəsinə
görə, qaradərili Obamanın ABŞ prezidenti olma
ehtimalı sıfır (heç vaxt ABŞ-da qara dərili
prezident olmamışdı) bölünsün 43 (Obamadan əvvəlki
prezidentlərin sayı) bərabərdir sıfırdır.
Amma həyat başqa cür göstərdi.
Belə yerdə subyektiv, qeyri-səlis ehtimal
işləyir. Əgər mən də
müsəlmanamsa, əgər mən də Şərq
dünyasındayamsa və Şərq dünyasından elm sahəsində
müsəlman olan cəmi üç nəfər Nobel
alıbsa, eyni zamanda elm sahəsi üzrə bütün
nobelçilərin sayı tutaq ki, üç yüzdürsə,
deməli, üç bölünsün üç yüz, yəni
yüzdə bir ehtimal. Bu ehtimal bu cür
hesablanmamalıdır. Amma o kişi –
Allah hər şeyi hamıdan yaxşı hesablayır.
- Nobel
mükafatı sizin üçün
ölçüdürmü?
- Çox böyük
ölçüdür. Ədəbiyyat və
sülh üzrə mükafatları deyə bilmərəm,
bunlarda müəyyən sapmalar olur, amma elmdə Nobel
mükafatına təsir eləmək mümkün deyil.
Və mənim üçün elm sahəsində
Nobel mükafatından böyük ölçü yoxdur.
Nobelə layiq olmaq üçün isə
mühit olmalıdır, ayaqlar çəkilməməlidir, “əşi”
təfəkkürü olmamalıdır.
- Adətən,
elmin dərinliklərinə getdikcə dini düşüncədən,
dini təfəkkürdən uzaqlaşırsan. Sizdə
isə əksinədir. Niyə belədir?
- Bayaq dediyim kimi, dinə, Allaha
bağlılıq mənim qan yaddaşımdan gələn
bir şeydir. Məsələn, Qarabağ
regionunda ən böyük məscid Ağdamda idi. Ətraf yerlərdən inanclı insanlar Aşura
günlərində Ağdam məscidinə gələrdilər.
Mən də məscidə tez-tez gedirdim. Yəni qan yaddaşı deyəndə bunları nəzərdə
tuturam.
İkincisi, mənim fikrim belədir
ki, hansı elm olur-olsun, hansı nəzəriyyə olur-olsun,
hansı Allahın yaratdığını daha dürüst təmsil
eləyə bilirsə, kim Allahın
yaratdığını daha yaxşı imitasiya eləyə
bilirsə, yamsılaya bilirsə, o, ən gözəl elmdir.
Mən 50 ildir, elmlə
məşğul oluram. Bu ömrün
iyirmi ilini sərf eləmişdim ki, hər hansı bir məsələnin
optimal həllini riyazi olaraq necə tapmaq olar. Yadınızda olar, orta məktəbdə
funksiyanın ekstremal qiymətlərini tapmaq üçün
törəmə alırdıq, sıfıra bərabər eləyirdik
və s. Bir müddət bu yolla getdik. Sonra
başa düşdük ki, səhv yolla getmişik. Ən düzgün yol Allahın yaratdığı
təbii seçmədir. Məsələn,
meşələrdə zəiflər sıradan
çıxır. Yəni təbiətdə
baş verən hadisələri, məsələn, təkamül
seçməni riyazi simvollarla yaza bilirsənsə, bu, elmin ən
böyük nailiyyətidir.
- Allahın
yaratdığını yamsılamaq buna deyirsiniz?
- Bəli. Məsələn,
dünyanın yaranması ilə bağlı aparılan fiziki
eksperimentləri mən o qədər də qəbul etmirəm.
Bir ingilis filosofu öz dostu ingilis fizikdən
soruşur ki, dünyanın bir partlayışdan yaranması məsələsinə
necə baxır? Fizik deyir, biz bunu isbat eləmək istəyirik,
doğrudan da, ola bilər ki, dünya bir
partlayışdan yaranıb. Filosof soruşur ki, bəs
zamanı kim yaratdı? Deyir, dayan, burada Allahı düşünmək
lazımdır. Mən bu dünyada Allahsız
alim tanımıram. Ümumiyyətlə,
Allahsız heç bir şeyi tanımıram. Mən son dərəcə Allaha bağlı adamam.
- “Din və qeyri-səlis məntiq”
məqalənizdə qeyd etmisiniz ki, İlqar
İbrahimoğluna minnətdaram, çünki bəzi şeyləri
onunla məsləhətləşdim.
– Bəli, məqaləni yazdıqdan
sonra İlqar İbrahimoğlu ilə məsləhətləşdim,
soruşdum, burda səhv yoxdur ki?
- Elm
dindən məsləhət alır?
- Mən elə bir adamam,
düşünürəm ki, hətta çobanla da məsləhətləşmək
lazımdır. Çobanın dünyada, həyatda o qədər
bildikləri şeylər var. Məsələn, buluda baxar, bizə deyər
ki, hava necə olacaq. Kimdənsə nəsə
soruşmaqda pis nə var ki?! Məndə
elə bir kompleks yoxdur. Axı ilahiyyat elmi
də var. Bu yaxınlarda ABŞ-da “Qeyri-səlis məntiq və
Quran” adlı bir tutarlı monoqrafiya çap olunub.
- Rafiq
müəllim, sizcə, sizin kimi bir alimi dini dünya
görüşünüzə görə niyə sərt tənqid
edirlər?
– Bir söz desəm, inciməzsiniz?
– Yox, təbii
ki...
- Siz də
o cür insansınız! Təkcə siz yox,
yazarlarımızın bir qismi belədir. Çox
hörmət elədiyim Zamin Hacı mənim haqqımda
yazmışdı ki, Rafiq Əliyev indi də mələklərin
trayektoriyasını hesablasın. Sarkazmla
yazmışdı. Adı yadımdan
çıxıb, bir nəfər də məni yarımsərt
tənqid eləmişdi. Halbuki mən
onları qınamıram ki, onlar niyə ateistdirlər. İkili Aristotel məntiqindən tolerantlıq məntiqinə
- qeyri səlis məntiqə keçmək lazımdır.
Bu, yeni sivilizasiya məntiqidir.
- Bəzi
alimlər iddia edir ki, təkamül nəzəriyyəsi
sübut olunub. Siz necə
düşünürsünüz?
- Əksinə. Bu gün
dünyada ən çox tənqid olunan Darvinin nəzəriyyəsidir.
Əksər fikirlər darvinizmin əleyhinədir.
Əlbəttə, mən də əleyhinəyəm.
O nəzəriyyə yaxşı nəzəriyyə
sayılır ki, real həyata daha yaxındır. İnsanın meymundan əmələ gəlməsini
dünya qəbul eləmir. Elə yer var
ki, ora sonsuzluqdur və sonsuzluq olan yerdə Allah var. Ona görə
də insan nədən əmələ gəldi, necə əmələ
gəldi, mən buralara yuvarlanmaq istəməzdim.
-
Quranda insanın yaranması haqqında deyilən fikirləri qəbul
edirsiniz?
- Bilirsiniz, Kəramət bəy,
Tövratın beş min təfsiri var. Biri
bu cür anlayır, biri başqa cür başa
düşür. Yəni beş min cür
başa düşülməyi var. Quranı isə oxuyub dərk
eləmək, anlamaq çox çətin məsələdir.
Ona görə də onun təfsiri necədir,
başa düşülməyi necədir, mən bu sualları
sonsuzluğa buraxıram.
- Məşhur
bir fikir var. Deyir, axmaq-axmaq suallar verib böyük bir alimə
sübut eləmək olar ki, sən heç nə bilmirsən.
Suallarım bir az cığal ola bilər,
amma maraqlıdır, heç
düşünmüsünüz ki, hamını Allah
yaradıbsa, bəs insanlara niyə bir yox, bir neçə
kitab göndərib?
- Təbii ki, dinlər içərisində
ən təkamülü, moderni, müasiri İslamdır. Zaman-zaman da peyğəmbərlər
çıxıb və köhnəni təkmilləşdirmək
istəyiblər. Təkmilləşdirmək
isə o demək deyil ki, tamam yeni bir şey yaradırsan.
Quranda da, İncildə də bir çox
şeylər var ki, oxşardır. Bəli, islam dini digər dinlərin yeniləşdirilmiş,
təkmilləşdirilmiş formasıdır. Və
təbii ki, digər dinlərlə müqayisədə Quranda
insana qarşı daha çox tolerantlıq var.
- Rafiq
müəllim, Ziyalılar Forumu yarandı, siz də bu qurumda
oldunuz. Kənardan elə fikir yarandı ki, guya siz siyasi proseslərə
qarışmısınız. Belə demək mümkünsə,
durduğunuz yerdə sizdən müxalifətçi düzəltdilər.
Ancaq sonra heç səsiniz çıxmadı, hər
hansı siyasi fikir bildirmədiniz və s. Nədənsə
çəkindinizmi?
- Mən heç vaxt siyasətə
qarışmamışam. Ziyalılar Forumunda
çox ləyaqətli adamlar var idi. Dünyada da belə
şeylər çoxdur. Dünyanın ən
məşhur alimləri, yaxud yazarları Roma Klubunda
yığışır, dünya hara gedir, bunu müzakirə
edirlər. Yaxud alimlər yığışıb
nüvə yarışının davam etdiriləcəyi
halda, “nüvə qışı”nın
dünyanı, insanları necə məhv edəcəyini isbat
edirdi.
- Maraqlıdır, bəs siz yığılıb
nəyi müzakirə edirsiniz?
- Mövzularımız əsasən,
bunlardan ibarət olurdu: milli birlik, iqtisadi model tipləri və
s. Belə şeylər müzakirə olunur. Bir
dəfə mövzu qoyuldu və yekun qərara gəldik ki,
rüşvət milləti də, dövləti də içəridən
yeyən qurddur. Düz birinci gündən
ta axırıncı günə kimi biz demişik ki, ziyalı
siyasətə qarışmalı deyil. Çox istərdim
ki, bu fikrim müsahibəmizdə mütləq olsun: mən həmişə
müxalifəm, amma müxalifətçi deyiləm.
- Bəs
nəyə müxalifsiniz?
- Ən birinci özümə müxalifəm. Sonra Kəramətə müxalifəm, sonra Ramiz Rövşənə və s. Amma müxalifət, müxalifətçi deyiləm. Müxalifətçi odur ki, partiya yaradır, yaxud hansısa partiyaya üzv olur, hakimiyyətə gəlmək istəyir. Bu, onun haqqıdır.
- Siz heç bir partiyanın
üzvü deyilsiniz?
- Qətiyyən! Mənim bir partiyam var, o da Rafiq Əliyev partiyasıdır.
- Üzvlər isə Ramiz Rövşən, Musa Yaqub, Cavanşir Quliyev, Qulu Məhərrəmli...
- Yox, yox... (gülür) Bu adamların hərəsi bir partiyadır. Sadəcə, cəmiyyətin problemləri
haqqında öz fikirlərimizi həmişə demişik,
deyəcəyik də.
Bizim Yol.- 2017.- 3
fevral.- S.15.