Şollar-Bakı su
qurğuları kompleksi
- 100 il: əbədi həyat
mənbəyi
Dahi Nizaminin “Xeyir və Şər” əsərini yəqin ki, bilməyən yoxdur.
Şər bir içim
su müqabilində Xeyirin iki gözünü çıxarıb, onu kor edir.
Yaşamaq naminə bir
udum su dünya
nuru bahasına başa
gəlir. İnsan həyatı mütləq
şəkildə suyun
varlığından asılıdır. Bir
dövlətin iqtisadi və sosial gücünü təmin
edən təbii nemətlərdən ən vacibi
də sudur. Hazırda dünyada
su mənbələri uğrunda
gedən gizlin mübarizə, bir neçə il sonra dünya dövlətləri
arasında su
təhlükəsizliyinin təmini baxımından daha aktiv forma alacaq. Bəlkə də
çoxlarının diqqətini çəkmişdir- ticarət
mərkəzlərində bir litr su benzinlə demək olar
ki, eyni qiymətə
satılır. Artıq həyəcan təbili
çalınır.
Azərbaycan da digər dövlətlər kimi, öz su təhülkəsizliyinin təmin edilməsi üçün ardıcıl tədbirlər görür. Odlar Yurdunun əsas su ehtiyatları - Kür, Araz və Samur çaylarının mənbələri başqa ölkələrdədir. Göründüyü kimi, su təhlükəsizliyi bizim üçün strateji əhəmiyyətli məsələdir.
“Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur – Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir”- Bu fikirlər dövlət başçısı İlham Əliyevə məxsusdur.
Həyata keçirilən infrastruktur layihələri ilə yanaşı Azərbaycanda Bakı və regionlarda su təchizatı sisteminin tikintisi və yenidən qurulması üzrə işlər aparılır. 2003-2013-cü illər ərzində su təchizatı və kanalizasiya sahəsinə 1,8 milyard manat dövlət büdcəsi, 779 milyon manat Dövlət Neft Fondu, 196 milyon manatı isə beynəlxalq maliyyə təşkilatlarından olmaq şərti ilə müxtəlif mənbələrdən 2,8 milyard manatdan çox vəsait yatırılıb.
Müəyyənləşdirilmiş hədəflər və həyata keçirilən layihələr eyni zamanda gələcəyə hesablanıb. Dövlətin ərzaq təhlükəsizliyi birbaşa su təhlükəsizliyindən asılıdır.
100 il öncə Bakı-Şollar su kəmərinin tikintisi də gələcək nəsillərin rifahı üçün hesablanmışdı.
Tarixə səyahət
Bakı və Abşeron yarımadasının içməli su ilə təmin olunmasında 100 il müddətində önəmli rol oynamış Bakı-Şollar su kəmərinin özünəməxsus tarixi var. Bu kəmər adını Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindən götürüb.
Dəniz sahilindəki yerləşən Bakı içməli su mənbələrindən -bulaqlardan, çaylardan uzaq olub. Bakıya ilk su kəməri çəkilməzdən əvvəl əhali içmək üçün quyu suyundan, daha sonralar - XIX əsrin əvvəllərində isə duzsuzlaşdırılmış dəniz suyundan istifadə edirdi. XIX əsrin ikinci yarısınadək 5-10 min nəfər əhalisi olan Bakıda suya tələbatı XVIII əsrdə çəkilən Məhəmmədəli xan və Hüseynqulu xan kəmərləri, həyətlərdəki quyular ödəyirdi. Bakı şəhərinin tarixinə dair tarixi vərəqləyərkən 1832-ci ildə çar idarəsi tərəfindən tutulmuş ilk kameral siyahıda şəhərdə cəmi bir su satıcısının qeydə alınmasına dair məlumata rast gəldim.
1859-cu ildə baş vermiş Şamaxı zəlzələdən sonra çar II Aleksandrın fərmanı ilə quberniya mərkəzi Bakıya köçürülür. 70-ci illərdə neft sənayesinin yüksəlişi ilə Bakıya minlərlə insan gəlir və su çatışmazlığı ciddi çətinliklər yaradır. O dövrdə çəkilən və sutkada 45 min vedrə su vermə gücünə malik Zuğulba kəməri də şəhərin su tələbatını ödəmir. Şəhər İdarəsi və Dumasının üzvü Hacı Zeynalabdin Tağıyev şəhər əhalisinin su təchizatını yaxşılaşdırmaq tədbirlər düşünürdü.
Hacı şəhərə yeraltı su mənbələrindən xətt çəkilməsini təklif edir . 1898-ci il¬də o, bu məqsədlər üçün 3 min manat qızıl pul ayırır, şəhər idarəsinin işçisi İbad Əliyevi Odessaya hidraviklərin beynəlxalq qurultayına eza-miyyətə göndərir . Qurultayda Bakıya ən sərfəli su kəmərinin çəkilməsini təklif edənə 3 min manat veriləcəyini bildirən müsabiqə təşkil olunur. O vaxt bu qurultayda iştirak edən ingilis təəbəsi, Almaniyanın Frankfurt-Mayn şəhərin-də çalışan məşhur hidravlik-mühəndis milliyyətcə isveç olan L.Lindley bu təklifə müsbət cavab verir.
Bakıya gələn Lindley su mənbələrinin axtarışına başlayır. Şahdağ, Qusar yaylası və Qusar çayının yatağı onun diqqətini cəlb edir.
Lindleyin Şollar suyu ilə bağlı ideyası Bakı dumasında qızğın müzakirələrə səbəb oldu. Şəhər Duması bunun böyük vəsait tələb etdiyini əsas gətirərək layihəni rədd etməyə qərar verərkən Hacı Zeynalabdin Tağıyev ilkin işlərin görülməsinə şəxsi hesabından 25 min rubl kredit ayırdı. 1903-cü ildə Şollar-Bakı su kəmərinin çəkilişi barədə Duma tərəfindən qərar qəbul edildi. Şəhər rəhbərliyi kəmərin çəkilişi məqsədilə 23 milyon 500 min rubl məbləğində dövlət istiqraz vərəqələrinin buraxılması üçün hökumət qarşısında vəsatət qaldırdı. Çar II Nikolay məbləği 27 milyon rubla qədər artıraraq vəsatəti təmin etdi. Lakin Birinci Dünya müharibəsi və tikinti zonasında yayılmış vəba epidemiyası kəmərin çəkilişini bir neçə il ləngitdi.
Tikinti quraşdırma işlərinin davam etdiyi müddətdə Tağıyev də müüntəzəm olaraq inşaat yerinə gedir, usta və fəhlələri ruhlandırmaq üçün mükafatlar verirdi.
Nəhayət, 1917-ci il yanvarın 22-də Şollar suyu 187 kilometrlik məsafəni 63 saata qət edərək Bakıya çatdı. Martın 1-dən Şollar su kəmərinin (Birinci Bakı su kəməri) istismarına başlandı.
Şollar-Bakı xətti o dövr üçün Avropada ən böyük su kəməri hesab olunurdu. Bu, eyni zamanda dövrün unikal mühəndislik layihəsi idi. Hündürlüyü 1,7, eni 1,2 metr olan ellipsoid formalı beton borular özüaxımlığı təmin etmək üçün relyefdən asılı olaraq bəzi yerlərdə 2, bəzi yerlərdə 8 metr dərinlikdə yerləşir. Su Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özü axır.
Lindley Bakıdan getməzdən öncə bildirmişdi ki, Avropanın 35 şəhərində həyata keçirdiyi layihələrdən ən mürəkkəbi məhz Şollar su xətti layihəsi olub.
Axar suların qurumasın, Azərbaycan !
XX əsrin
20-ci illərinin sonunda Abşeronda sənayenin inkişafı, əhalinın
artımı Bakıya yeni mənbədən içməli su
gətirilməsini tələb edirdi. 1929-cu
ildə Su təchizatı və sanitariya qurultayında Xaçmazdan Abşerona yeni kəmərin
çəkilişinə qərar verildi.
1934-cü ildə İkinci Bakı su kəmərinin tikintisinə başlansa
da İkinci Dünya
müharibəsi ilə əlaqədar işlərə ara verildi
Uzunluğu 175 kilometr olan dəmir-beton konstruksiyalı kəmər 24 il sonra 1958 –ci ildə tikilib başa çatdırıldı. Bu su kəməri hazırda Siyəzən və Şabran rayonlarını da içməli su ilə təmin edir.
Abşeron yarımadasının içməli su təchizatında Ceyranbatan su anbarı da böyük rol oynayır. Su anbarı Samur-Abşeron kanalından qidalanır. Bu anbar ingilis mühəndis Uilyam Lindleyin 1900-cü illərin əvvəlində hazırladığı layihə əsasında yaradılıb.
Layihənin reallaşdırılmasına təxminən yarım əsr sonra başlandı. İlkin olaraq Samur-Dəvəçi kanalının Abşeron yarımadasınadək uzadılmasına qərar verildi. Paralel olaraq Dəvəyatağı və Ceyranbatan göllərinin yerində ümumi tutumu 186 milyon kubmetr olan anbar yaradıldı və 1957-ci ildə hövzənin su ilə doldurulmasına başlandı.
Su qədər əziz olasan
Bakı şəhəri böyük sürətlə inkişaf etdikcə onun suya olan tələbatı da durmadan artırdı. Bakının su tələbatının ödənilməsində ümummilli lider Heydər Əliyevin də böyük rolu olub. Belə ki, o,1969-cu ildə respublikaya rəhbərliyə gəldikdən sonra Kür- Bakı magistral su kəmərinin tikintisi başladıldı. Çox maraqlıdır ki, 30 aya görülməli olan işlər Heydər Əliyevin rəhbərliyi və qətiyyəti sayəsində 4 aya tamamlandı. 1970-ci ilin sentyabr ayında layihə üzrə birinci növbənin işləri başa çatdırıldı, 1984, 1986 və 1988-ci illərdə Bakıya daha 3 magistral su kəməri çəkildi. Kür su kəmərlərin birinci növbəsinin məhsuldarlığı saniyədə 3,3 kubmetr, ikinci növbənin məhsuldarlığı isə saniyədə 6,2 kubmetr təşkil edirdi.
Heydər Əliyev paytaxtın su təchizatında görülən işləri yekunlaşmış hesab etmirdi. 2002-ci ildə ulu Bakıya yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi üçün Oğuz və Qəbələnin yeraltı su mənbələrindən istifadə olunmasını təklif etdi. Böyük infrastruktur layihəsi olan Oğuz-Qəbələ-Bakı 2010-cu il dekabrın 28-də prezident İlham Əliyevin sərəncamı ilə reallaşdırıldı.
Hazırda Bakı şəhəri və Abşeron yarımadası 5 mənbədən alınan su ilə təchiz olunur. Bunlar Şollar su kəməri, ikinci Bakı su kəməri, Ceyranba-tan sutəmizləyici qurğular kompleksi , Kür sutəmizləyici qurğular kompleksi və Oğuz-Qəbələ-Bakı magistral su kəməridir.
Ölkənin su təchizatına birbaşa cavabdeh olan “Azərsu” ASC-dən verilən məlumata görə, 2004-2015-ci il¬lər ərzində 8590 km uzunluğunda içməli su xətti tikilib, 253 su anbarı inşa edilib və ya yenidən qurulub, 73 su nasos stansiyası tikilib. Nətic¬də fasiləsiz içməli su ilə təmin olunan əhali-nin sayı 2004-cü illə müqayisədə 2015-ci ildə republika üzrə 26 faizdən 65 faizədək yüksəlib.
Dünya Bankının hazırladığı "Böyük Bakı su təchizatı sisteminin bərpa edilməsi" layihəsinə 94,9 mln. ABŞ dolları vəsait yönəldilib. Layihə üzrə həyata keçiriləcək tədbirlər planı 2025-ci ilədək olan dövrü əhatə edir.
Bundan əlavə, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin və dövlət proqramlarının icrasının səmərəliliyini artırmaq məqsədilə beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla, su təchizatı, kanalizasiya sistemləri və yağış sularının ida¬rə olunması üçün Master Plan hazırlanıb.
Sənədə əsasən, 550 km. magistral, 8100 km paylayıcı su xətlərinin, 150 km-i tunel tipli olmaqla, 680 km kanalizasiya kollektorlarının, 6400 km kanalizasiya şəbəkəsinin, məhsuldarlığı sutkada 1 milyon 400 min kub-metr olan 11 ədəd çirkab sutəmizləyici qurğunun tikintisi və yenidən qurulması nəzərdə tutulub.
Yubiley tədbirləri
"Şollar-Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 illiyi ilə əlaqədar "Azərsu” Açıq Səhmdar Cəmiyyəti Tədbirlər Planını hazırlayıb. "Şollar-Bakı Su Qurğuları Kompleksi”nin obyekt və qurğularında əsaslı-təmir, yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri aparılır. "Şollar-Bakı Su Qurğuları Kompleksi”ndə abadlıq işləri aparılıb. Burada yeni mühafizə postları tikilib, ərazidəki tikili və qurğular qədimliyi qorunmaq şərti ilə əsaslı təmir olunub.
ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov görülən işlərin gedişi ilə tanış olmaq məqsədilə Siyəzən, Şabran və Xaçmaz rayonlarında olub , kəmərin marşrutu boyu qurğu və obyektlərə, həmçinin su mənbəyinə baxış keçirilib.
14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək.
Azərbaycan hökumətinin dəstəyi və Dünya Su Şurasının yaxından iştirakı ilə keçiriləcək Su Həftəsinə dünyanın 40-dan çox ölkəsindən, beynəlxalq və regional təşkilatlardan, nüfuzlu elm mərkəzlərindən alim və mütəxəssislər qatılacaq. Həftə çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci sessiyası və smart toplantı keçiriləcək.
16 mart 2017-ci il tarixində “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Konfransda “Şollar su kəməri – dayanıqlı və etibarlı su təchizatı sistemi”, “Qədim, tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, “İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi” mövzularında sessiyalar təşkil ediləcək.
Yubiley tədbirləri çərçivəsində “Şollar 100” mövzusunda rəsm və foto sərgilər keçiriləcək, tədbir iştirakçılarının Şollar su mənbəyinə və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərləri təşkil olunacaq.
Yüksək texnologiyaların inkişafı daha yüksək keyfiyyətli həyat şərtləri tələbini qarşıya qoyur. Ölkə prezidenti “Azərsu” ASC qarşısında əhalinin yüksək standatlara uyğun içməli su ilə təmin edilməsi vəzifəsini qoyub. İnanırıq ki, ASC bu tapşırığın da öhdəsindən çox yaxın zamanda uğurla gələcək. Çünki , cəmiyyətin gödüyü işlər göz önündədir. Bu gün şəhər əhalisinin 80 faizinin fasiləsiz su ilə təmin olunması böyük göstəricidir və gərgin əməyin nəticəsidir.
Yüz yaşını qeyd edən Şollar isə qocalmayıb, bu gün onun adı yenə də təmizlik, saflıq və yüksək keyfiyyətin rəmzidir. Şolların əsas üstünlükləri bundadır ki, Şahdağın ətəyindəki bu mənbə yeraltı bulaq suyu olduğundan, onun kimyəvi vasitələrlə təmizləməyə ehtiyac qalmır. Çünki suda mexaniki çöküntü və bakterioloji - yoluxucu bakteriyalar yoxdur, daimi temperaturu 130 S, kimyəvi qalığı isə 320 mmilliqram/litr təşkil edir .İllər gəlib keçsə də, öz xeyirxah əməlləri ilə bu əvəzsiz neməti xalqına bəxş edənlərin adları unudulmayacaq, sevgi ilə anılacaq.
İlhamə Rəsulova
Yazı "Azərsu”
Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə keçirdiyi
müsabiqəyə təqdim olunur.
Bizim Yol.- 2017.- 28 fevral.- S.11-12.