Divarlar arasında musiqili xəzinə

 

 ... Məlum oldu ki, həmin sənədlər Sankt-Peterburq Şəhər Tarixi Arxivinə göndərilib. Həmin arxivdən bizə lazım olan çox qiymətli sənədlər tapdıq. Məsələn, Üzeyir bəyin doğum haqqında şəhadətnaməsini, təhsil haqqında diplomunu, onun bəy nəslinə mənsub olması haqqında sənədi əldə etdik. Üzeyir Hacıbəylinin bəy nəslinə mənsub olmasını təsdiq edən sənəddə Xurşudbanu Natəvanın da imzası var. Həmin sənədin mətnini budur:

  “1897-ci ilin avqust ayının 18-ci günündə biz zeyldə (aşağıda) dəst yazan Şuşa uyezdinin Ağalar və Bəyləri bunun ilə şəhadət edirik ki, Şuşa şəhərinin sakini Üzeyrbəy Əbdülhüseynbəy oğlu Hacıbəyov Qarabağın bəyzadələrinin cümləsindəndir. Ona binaət onları bəylik sabiqəsi bəy komissiyasında mülahizə olunub və təsdiq olubdur. Ona görə dəsti xətt yazırıq: Xurşudbanu Bəyim səbiyeyi (qız) mərhum general Yavər Mehdiqulu xan Cavanşir” və on başqa imza.

* * *

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi bu il 50 illik yubileyini qeyd edir. 1967-ci ildə yaradılan, 800-ə yaxın şəxsi arxivə sahib olan bu musiqi mədəniyyəti ocağının ilk eksponatı nə olsa yaxşıdır: bəstəkar Müslüm Maqomayevin opera müğənnisi Məmmədtağı Bağırova verdiyi qeyd vərəqəsi.

 Muzeylər tanış olmazdan əvvəl direktor Alla Bayramovaya rəhbərlik etdiyi qurumun tarixi, fəaliyyət istiqamətləri haqqında suallar verirəm. Öyrənirəm ki, muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırması və təbliğidir. Muzeyin fondunda 56 mindәn çox eksponat toplanılıb. Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özünәmәxsus xüsusiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri - әsa-tar, әsa-saz, patefonlar, qramofon valları nümayiş etdirilir.

 

* * *

 

Alla Bayramovaya danışır: “Gələn il Qara Qarayevin 100 illik yubileyi qeyd ediləcək. Bu münasibətlə böyük bəstəkarımızın anadan olduğu və yaşadığı evdə onun muzeyi təşkil ediləcək. 1948-ci ilə qədər bəstəkarın Bakıda ayrıca evi olmayıb. Moskvaya gedib oxuyandan sonra yenə atasının evinə qayıdıb. Qara Qarayevin atası isə böyük həkim idi. Bu ailənin bir neçə görkəmli şəxsiyyəti var. Biz onların hamısı haqqında materiallar toplayırıq. Bir neçə il əvvəl Moskvadan nazirliyin köməyi ilə Qara Qarayevin mebel əşyaları, şəxsi kitabxanası, məişət əşyaları Bakıya gətirildi. Bəstəkarın gəlini də muzeyə çoxlu sayda əşyalar bağışladı. Biz çalışırıq böyük bəstəkarlarımıza aid olan eksponatları xaricdən axtarıb tapaq. Məsələn, Üzeyir bəy Rusiyada oxuyub. Biz düşündük ki, Üzeyir bəy haqqında sənədlər Sankt-Peterburq konservatoriyasında mütləq var. Qori Seminariyasını bitirəndə aldığı qiymətlər təhsil haqqında şəhadətnamədə əks olunub. Bu sənədlər heç yerdə yoxdur. 100 ildən sonra onu onları tapıb surətini çıxarmışıq”.

Qori Seminariyasını bitirəndə aldığı qiymətlər təhsil haqqında şəhadətnamədən məlum olur ki, bir yerdə oxuduqları Müslüm Maqomayev əlaçı olsa da, Üzeyir bəyin qiymətlərinin hamısı yüksək olmayıb.

 

* * *

 

İlk illərdə muzey İçərişəhərdə Karvansarayda kiçik otaqlarda fəaliyyət göstərib. 1996-cı ildən R. Behbudov 7 ünvanına köçürülüb. İki il əvvəl isə Muzey Mərkəzində yer verilib:

 “Fəxr edirəm ki, belə zəngin muzeyimiz var. Bu binada son iki ildə yerləşmişik. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə biz Muzey Mərkəzinə, daha yaxşı və geniş yerə köçdük. Yaxşı ki, biz yeni məkana köçə bildik. Əvvəllər burda Xalça Muzeyi yerləşirdi. O muzey üçün yeni bina tikildi. Muzeyimiz inkişaf edir, müasir zamanda muzeylərə yeni tələblər var və biz onlara cavab verməyə çalışırıq. Artıq bir neçə zal açmışıq. Kolleksiyalarımızı geniş şəkildə nümayiş etdirməyi digər zallarda da planlaşdırırıq. Əlbəttə, bu vaxt tələb edən işdir. İslam Həmrəyliyi Oyunları münasibəti ilə İslam ölkələrinin musiqi alətlərinin sərgisini keçirdik və sizə deyim, çox böyük maraqla qarşılandı. Əlbəttə, muzeyin ən parlaq kolleksiyası Azərbaycan milli musiqi alətlərdir. Ona görə, bizim muzeyə tez-tez musiqi alətləri muzeyi deyirlər. Amma hər zaman çalışıram ki, bu səhvi düzəldim. Məni kiməsə belə təqdim edəndə deyirəm mən elə bir muzeyin direktoru deyiləm. (Gülür). Çünki bizim qurum musiqi alətləri muzeyi yox, Musiqi Mədəniyyəti Muzeyidir. Düzdür, dünyada musiqi alətləri olmayan xalq yoxdur. Ancaq qəbul edin ki, musiqi mədəniyyəti daha böyük anlayışdır”.

Mən soruşuram ki, muzeyə eksponatların verilməsində hansısa problemlə qarşılaşırsınızmı?

 Muzeyin direktor müavini Təranə Qurbanova deyir:

“Belə hallarla rastlaşmırıq. Muzeyə musiqi mədəniyyətinə aid tarixi əhəmiyyətli hədiyyələr verilir. Yaşlı bir kişi musiqi aləti gətirmişdi. Soruşdum ki, bunu muzeyə vermək sizə çətin gəlmir? Dedi, məndən sonra qohumlar arasında bunun qiymətini bilən olmayacaq. Ən yaxşısı odur, qoy muzeydə qalsın. Sənədlərə, şəxsi əşyalara son dərəcə diqqətlə yanaşan insanlar da olur. Məsələn, Tofiq Bakıxanov yeni kitab, afişa, not əsəri olan kimi dərhal zəng edir, yaxud özü gətirir. Bəstəkar Fərəc Qarayev Moskvadan çoxlu sənədlər, eksponatlar göndərir. Tanınmış musiqişünas, Azərbaycan Dövlət Konservatoriyasının keçmiş rektoru Elmira Abasovanın qızı 1282 ədəddən ibarət arxivi muzeyə hədiyyə edib”.

* * *

Dövlət Musiqi Mədəniyyəti Muzeyində Qara Qarayevin royalı, radiosu, yazı makinası, Soltan Hacıbəyovun nərdi var. Bəstəkarlara məxsus şəxsi əşyaların hələlik tam olaraq ekspozisiyası yaradılmayıb. Hazırda muzeydə beş zal olsa da, istifadəyə verilməyən səkkiz otaqda tədricən eksponatlar sərgilənəcək. Qara Qarayevə məxsus əşyaların bir hissəsi isə açılması planlaşdırılan muzeyə təhvil veriləcək.

Muzeydə nümayiş olunan “İnteryerdə musiqi və həqiqət” sərgisinin eksponatları arasında “Vışka” qəzetinin 1948-ci il 13 aprel sayında Qara Qarayev, Covdət Haçıyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Tofiq Quliyev və digər Azərbaycan bəstəkarlarının yaradıcılığının tənqidinə həsr olunan məqalə saxlanılır. Həmin yazı haqqında danışırıq. Muzey rəhbərinin sözlərinə görə, həmin dövrdə ümumiyyətlə, incəsənət adamlarına qarşı ideoloji təzyiqlər, senzura güclü idi. Bəstəkarları formalizmdə, caz musiqisinə aludəçilikdə günahlandırır və onları tənqid edirdilər. Partiya rəhbərləri bəstəkarlara necə musiqi yazmağı öyrədirdilər. Məhz həmin yazı da o dövrlərdə çap olunub.

 Bəstəkarlar arasındakı şəxsi münasibətlərə də toxunuruq. Alla xanım Əminə Dilbazidən eşitdiyi bir hadisəni danışır:

“Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev bir-biri ilə danışmırdılar. Heydər Əliyev mədəniyyət sahəsinə qarşı o qədər diqqətli olub ki, belə münasibətlərdən narahat olarmış. Əminə xanım deyir, bizi Cövdətlə bir yerdə Heydər Əliyevin bağına çağırdılar. Getdik ki, orda Qara Qarayev və Fikrət Əmirov xanımları ilə əyləşib bizi gözləyirlər. Heydər Əliyev istəyirdi, onlar barışsınlar. İncəsənət adamları arasında narazılıq, küsülülük, soyuq münasibətlər hər yerdə olub. Napoleonun məşhur sözü var. Deyir, mən bütün Avropanı işğal edə bildim, amma bir teatrın iki primadonnasını barışdıra bilmədim.

 Sizə başqa faktı deyim. Qara Qarayevlə Niyazi qonşu olub. Niyazi üçüncü, Qarayev ikinci mərtəbədə yaşayıb. Bir müddət onların arasında soyuq münasibət olub. Daha doğrusu, danışmayıblar. Buna baxmayaraq, Niyazi Qarayevin qızı Züleyxanı çox istəyib. Hətta Qara Qarayev Bakıda olmayanda Niyazi onların qapısını döyürmüş ki, nəyə ehtiyacınız var? Züleyxaya söz veribmiş: hansı qastrolda olsam, xaricdən sənə məktub yazacağam. Həqiqətən də yazıb. Bizdə Niyazinin Qarayevin məktəbli qızı Züleyxaya yazdığı 11 məktubu saxlanılır. Məktublarında Züleyxanın dərslərindən hansı qiymətlər aldığı ilə maraqlanıb, yaxşı oxumasını tövsiyə edib”.

Haşiyə: Bəstəkar və kulturoloq Elmir Mirzəyevdən eşitdiyim, ona da Fərəc Qarayevin danışdığı bir əhvalatı yazsam, güman edirəm, yerinə düşər.

 60-cı illərin sonunda Fərəc Qarayev hansısa sənədə qol çəkdirmək üçün Fikrət Əmirovun yanında gedir. Fikrət Əmirov ayağa qalxıb gənc Fərəci qarşılayır, sənədinə qol çəkməzdən əvvəl yaradıcılığı haqqında suallar verir. Sonda da “Çalış, övladım, çalış”, deyib, onu öpüb qucaqlayır, yola salır.

Maraqlıdır ki, həmin dövr Fikrət Əmirovun Qara Qarayevlə münasibətlərinin ən gərgin vaxtı olub. Həmin gərginliyi də dedi-qoduçular yaradıb. Səbəb sadə idi: onların hər ikisi karyerasının ən yüksək məqamına çatmışdı və bu iki böyük bəstəkar arasında uçurum yaratmaq istəyənlərin sayı günbəgün artırdı.

 

Bizim Yol.- 2017.- 22 iyul.- S.15.