Dünya zəkalarsız keçinə
bilməz-3
Hər dəfə
bu mövzuda yazanda mütləq dünya mütəfəkkirlərindən
bir neçəsinin zəkalı insanlara
ünvanladıqları nəsihətləri-vəsiyyətləri
oxucuların nəzərinə çatdırmağı
özümə borc bilirəm. Bu dəfə
yeni eranın əvvəllərində (e.ə.4 - y.e. 65-ci illərində)
yaşamış görkəmli Roma filosofu, həyat mücadiləsində: mərd, qətiyyətli,
mətin, mübariz, dözümlü və dönməz
olanların yaratdıqları stoizm fəlsəfi cərəyanının
son nümayəndəsi sayılan Seneka Lutsiy Anneyin
yaradıcılığına müraciət etməyi qərara
aldım. O, deyirdi ki, “elmsiz və biliksiz insan qüdrətli
ola bilməz.” Bu mənada biz də gələcəyimizin
qüdrətli olması naminə tanıdığımız
zəkalı insanlarımızı yeri gəldikcə yad etməliyik.
Roma imperiyası tarixinin ən qanlı və şərəfsiz səhifələrini yazdıranlardan biri, Senekanın tərbiyəsini görmüş, özündən müştəbeh, nadan imperator Neronun anası Aqrippinanı öldürtdürdüyünü eşidən filosof deyir: “təlim-tərbiyənin insan xarakterinə zərrə qədər də təsiri yoxdur.” İndi artıq təsdiq edilmişdir ki, xarakter genetik koddan gəlir. Yəni xarakterin formalaşdırılması termini mənasız cəfəngiyyatdan başqa bir şey deyildir. Qayə və məfkurə qıtlığı, şəxsi mənfəət istəyi motivlərinə köklənmiş düşüncə tərzinə gətirib çıxarır. Son nəticədə insanlar geniş təfəkkürdən və harmonik analiz- sintez imkanlarından məhrum olurlar. Dini görüşlərilə panteizmə (panteizm yunanca pan və teos - böyük və Allah sözlərindən olub, Allahı və dünyəvi varlığı eyniləşdirən dini- fəlsəfi təlimdir) yaxın olan Seneka insanları maddi-fiziki aləmdən uzaqlaşıb, mənəvi-ruhi aləmdə yaşamağa, hər cür həvəs və ehtiraslardan azad olmağa, tamamilə fani və səmərəsiz olan hakimiyyət, vəzifə, sərvət toplamaqdan və cismani ləzzətdən çəkinməyə çağırmışdır. Müdrik insanlar bu ehtiraslardan xilas olmaq üçün dünyada ən çətin bir işi- öz-özünə qalib gəlməyi bacarmışlar. Yalnız tək-tək nəhənglər həyat çağırışına biganə qala bilirlər. Zəkası zəif, aciz və köməksiz( yəni mənəviyyatsız) insanlar isə məğlub olurlar. İslam aləmində bu nəfslə mücadilə adlanır. Hələ 1450 il öncə Həzrəti Əli buyurmuşdur: “Nəfsi ilə mübarizə apara bilməyən adam xoşbəxtliyə qovuşa bilməz.”
Bizim şagird və tələbə olduğumuz illərin müəllimləri nəfsi ilə mücadilədən qalib çıxmış insanlar idilər. Onlar indiki müəllimlərdən şəxsi keyfiyyətlərinə görə çox fərqlənirdilər. Hamısı sanki eyni qəlibdən çıxmışdılar. Yüksək intelligentlikləri, səmimilikləri, təvazökarlıqları və təmkinli olmaları tələbələri ram edər, mədəni rəftara məcbur edərdi. O vaxtın dərdi-səri də indikindən az deyildi. Müharibədən sonrakı illərin məişət qayğıları indikilərlə müqayisəyə gəlməyəcək dərəcədə çox idi. Millət çörək almaq üçün saatlarla növbəyə durar, əyninə geyməyə paltar tapmazdı. Eyni zamanda da hamı təhsilə-elmə doğru can atardı. Müəllimlərimiz bizim üçün yenilməz zirvə idi. Hər biri öz sahəsinin görkəmli mütəxəssisi, işgüzar, sadə və səliqəli geyimli, gülərüz, mehriban, qayğıkeş, qəlblərdə yaşamaq-yaratmaq hisləri oyadan haqq-ədalət carçıları.
Üçüncü söhbətimizi ADU-nun fizika fakultəsinin ən görkəmli zəkalarından biri, fizikanın tədrisinin metodikasını yaradanlardan hesab olunan Kəriş müəllimə həsr edirəm. O, cəmi 57 il ömür sürmüş alim, pedaqoq, metodist, təcrübi fizika sahəsinin tanınmış siması və tələbələrinin sevimlisi idi. İndi də biz onun iş otağına girəndə aurasını hiss edir və ona Allahdan rəhmət diləyirik.
Kəriş Şükür bəy oğlu Köçərli 24.01.1920-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Atası Şükür bəy Kərim bəy oğlu Köçərli repressiya qurbanı olub. O, Kəriş müəllimin 16 yaşı olanda həbs edilib, 17 yaşı olanda 1937-ci ildə güllələnib, 1936-cı ildə Ağdamdakı pedaqoji texnikumu əla qiymətlərlə bitirir və elə həmin ildə də Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə imtahansız qəbul edilir. O, ADU-nu 1941-ci ildə bitirmişdir. Həmin ildən də Bakı şəhərinin 1 saylı məktəbində fizika-riyaziyyat dərsləri demiş, 1953-1958-ci illərdə isə 199 saylı məktəbdə fizika müəllimi işləmişdir. 1941-1944-cü illərdə Bakı şəhəri təhsil idarəsində metodist işləmişdir. 1945-ci ildən ADU-nun fizika fakultəsində təcrübi fizika kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. O, 1951-1958- ci illərdə həmin kafedranın baş müəllimi olmuşdur. Kəriş müəllim 1958-ci ildə “Bəzi karbohidrogen birləşmələrinin dielektrik xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və dosent vəzifəsinə keçirilmişdir. Həmin ildən də Təcrübi-fizika kafedrasına müdir təyin edilmişdir. 1963-1965-ci illərdə fizika fakultəsinin dekanı vəzifəsində çalışmışdır. 1965-1976-cı illərdə “Ümumi fizika” kafedrasının müdiri, 15 dekabr 1972-ci ildən isə professoru olmuşdur. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı o, ictimai işlərdə də çox fəal olmuşdur. Kəriş müəllim 1956-cı ildə fizika-riyaziyyat fakultəsinin ilk partiya təşkilatının, 1961-1963-cü illərdə universitetin partiya təşkilatının katibi olmuşdur. Bütün bunlar imkan yaradırdı ki, müharibə illərində valideynlərini itirmişlərə və repressiyaya uğramış ailələrdən gəlmiş tələbələrə köməklik etsin. Fakultədə bütün qayğıya ehtiyacı olanlar Kəriş müəllimə müraciət edirdilər. Bütün bunları mən ona görə bilirəm ki, mən də o vaxt fakultə komsomol təşkilatının katibi idim.
Kəriş Köçərli sözün əsil mənasında həqiqi ziyalı olmuş, ömrünü tədrisə, gənc nəslin tərbiyəsinə həsr etmişdir. Azərbaycan dilində dərslik və dərs vəsaitlərinə olan ehtiyacı nəzərə alıb orta məktəbin VII-X sinifləri üçün dərslikləri və ali məktəblər üçün S.E.Friş və A.V.Timorevanın “Ümumi fizika kursu” (III hissə) kitabını Azərbaycan dilinə tərcümə etmişdir. Onun həmmüəllif olduğu “Fizika praktikumu” dərs vəsaiti bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Kəriş müəllim həm də Azərbaycan Maarif Nazirliyinin “Fizika və riyaziyyat” jurnalının və “Azərbaycan pioneri” jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan Elmlər Akademiyasının “Radiospektroskapiya” problemləri üzrə şuranın rəyasət heyətinin üzvü olmuşdur. Fizika müəllimləri ilə apardığı yaradıcı işlərə görə Maarif Nazirliyi tərəfindən dəfələrlə təşəkkür, fəxri fərmanlar almış, Əməkdar müəllim adına layiq görülmüşdür.
Kəriş müəllim gözəl insan, qayğıkeş müəllim idi. Onun yüksək səviyyəli mühazirələri, xüsusi bacarıqla apardığı seminar və laboratoriya məşğələləri tələbələrin yaddaşında dərin iz salmışdır. O, eyni zamanda yaxşı təcrübəçi fizik idi. Kəriş müəllim dielektriklərin fiziki xassələrinin tədqiqi sahəsində universitetdə yüksək səviyyəli tədqiqat işi aparan alimlərdən biri və birincisi olmuşdur. Onun neft və neft məhsullarının dielektrik xassələrinin tədqiqi ilə bağlı elmi işləri, respublikada neft texnologiyası sahəsinin aparıcı müəssisəsi sayılan Neft Kimya Prosesləri institutu ilə birlikdə istehsalatda geniş tətbiq edilirdi. Respublikanın müxtəlif elmi-tədqiqat institutlarında alınan polimer maddələrin onun yaratdığı elektrofiziki yollarla tədqiqi üsulu yeni maddələrin sintezi prosesində, həm də sürtkü və transformator yağlarının keyfiyyətlərinə nəzarət zamanı istifadə olunurdu. Onun bəzi yarımkeçirici maddələrin müxtəlif elektrik və fotoelektrik xassələrinin, monokristallik yarımkeçiricilərin dielektrik xassələrinin tədqiqi, silisium monokristalının mikro dalğa oblastında tədqiqinə aid işləri böyük elmi və praktiki maraq daşıyırdı.
Eyni zamanda Kəriş müəllim bacarıqlı təşkilatçı idi. O, kafedraya rəhbərlik etdiyi müddətdə kafedramızda ixtisaslaşan tələbələrin daha müasir elmi istiqamətlərə yiyələnmələri üçün onların mərkəzi şəhərlərə diplom işi görməyə getmələrini və aspiranturaya göndərilmələrini təşkil edirdi. O, 1962-1964-cü illərdə aspiranturaya 4 yer almışdı. Bu, kafedra üçün yüksək göstərici idi. O, laboratoriyaların yeni zəruri cihazlarla təchiz olunmasına çalışmış, fakultədə təcrübi fizikadan muzey və nümayiş zalı yaratmışdı. O, deyirdi: “əgər ümumi fizikadan mühazirədə təcrübə olmayıbsa, demək dərs keçilməyib.”
O, bir çoxlarından fərqli olaraq elmi iş apardığı qurğuları özü yığar, özü ölçər, özü hesablayar və məqalələri də mütləq özü yazardı.
M.F.Axundov adına 1 saylı məktəbin yüzillik yubileyi ərəfəsində buraxılan dərginin “unudulmazlar” rubrikasında “sevimli müəllimimiz” adlı məqalədə respublikamızın görkəmli alimləri: akademik Cəlal Allahverdiyev, Akademiyanın müxbir üzvü, professor Arif Babayev, professor Kamal Şirinov, texnika elmləri doktoru, professor Şəmsəddin Bağırov Kəriş müəllimi çox yüksək dəyərləndirmiş və onun təkrarolunmaz keyfiyyətlərini göstərmişlər. Müəlliflərin fikrincə onların hər birinin elmi nailiyyətlərinin səbəbkarı müstəsna elmi-pedaqoji keyfiyyətlərə malik Kəriş müəllim olmuşdur.
Köçərli Kəriş müəllimin 199 saylı məktəbdən istiqamətləndirdiyi şagirdlərindən aşağıdakıları göstərmək olar:
Qurbanov Ramiz (texnika elmləri doktoru, Sankt-Peterburq ş.)
Qurbanov Rafiq (fəlsəfə elmləri doktoru, Moskva ş.),
Ağayev
Akif (dosent, Neft Akademiyası),
Xəlilov
Ramiz (texnika elmləri doktoru, Moskva ş.),
Nurubəyli Kamil (f. r. e. n.,
AMEA-nın Fizika institutu),
Quliyev Əli (dosent, Milli Aviasiya
Akademiyası),
Qədimov Qəzənfər (f. r. e.
n., Milli Ali
Attestasiya Komissiyası) və b.
Hazırda
BDU-da, Texniki universitetdə, Neft Akademiyasında, Pedaqoji
universitetdə, AMEA-nın müxtəlif elmi-tədqiqat
institutlarında və xarici ölkələrdə, xüsusilə
Türkiyədə Kəriş müəllimin çoxlu sayda
tələbələri çalışırlar.
İndi BDU-da onun 2
sevimli və ləyaqətli şagirdi-tələbəsi
işləməkdədir. Hər ikisi respublikamızın sərhədlərindən
çox-çox uzaqlarda tanınır, bunlar görkəmli
filosofumuz professor Əziz Məmmədov və fizika-riyaziyyat
elmləri doktoru professor Vaqif Salmanovdur.
Kəriş
müəllimi hərtərəfli xarakterizə etmək
üçün onun iş yoldaşı kimi, məişətdə
və ailədə fəaliyyətini də vərəqləsək
yerinə düşər.
Mənim
ailə qurmaq məsələm olanda qardaşım Qəzənfərin
ən yaxın və sədaqətli dostu BDU-nun
mexanika-riyaziyyat fakultəsinin dosenti Xeyirov Zal müəllim
dedi ki, məncə, “Hə” məclisinə - Həmidov Şəmsəddin
müəllimgilə gedəndə özümüzlə Kəriş
müəllimi də aparsaq, məclisimiz bir az
da şərafətli olar. Elə də etdilər.
1970-ci ilin dekabrının son bazar günü
yığışıb qız evinə getdilər. Dediklərinə görə çox yaxşı
söhbət edib məsələni müsbət həll ediblər.
Qız evi Şəki paxlavası ilə şirin çay verəndən
sonra məclisə
məhşur Şəki şüyüdplovu gətirəndə
Kəriş müəllim deyib: şəkililiyinizi burada da
göstərdiniz. Gərək, əvvəlcə
plovu verəydiniz. Şirin çayla paxlava
iştahamızı küsdürdü, plovun çoxu
özünüzə qalacaq. Şəmsəddin
müəllim də deyir ki, Allahınıza şükür
edin, plovu verməyə də bilərdik, harada yazılıb
ki, həm şirin süfrə açasan, həm də plov
verəsən.
Həftənin birinci günü mən
kafedraya (onda Kəriş müəllim bizim kafedra müdirimiz
idi) daxil olanda o çox sevincək ayağa qalxıb, məni
qucaqlayıb təbrik etdi və dedi: Bax, 199 saylı məktəbdə
sənə dərs demişəm, universitetdə demişəm,
indi də evlənmək məsələni həll etdim, daha nə
istəyirsən? Dedim indi sizə Allahdan
cansağlığı istəyirəm, çünki
kafedramızda hələ evlənməmiş cavanlar var, arzu
edirəm ki, onların da xeyir işlərində yaxından
iştirak edəsiniz.
Həmin illər, səhər-səhər
işə gələndə 5-10 dəqiqə söhbət
edib, hal-əhval tutmaq və ya varsa yeni bir lətifə
söyləmək dəbdə idi. Sonra hərə
öz işinə-gücünə gedərdi. Bizim kafedramızın və bütün fakultənin
ən maraqlı lətifə söyləyəni, hətta
özündən lətifə düzəldəni Söhrab Səmədov
idi. Günün istənilən vaxtı lətifəsi
olan və ya yeni lətifə eşitmək istəyən ADU-nun
əsas binasının IV mərtəbəsindəki 437
saylı mühazirə auditoriyasına bitişik təcrübə
cihazları muzeyinə gələr, orada işləyən
Söhrab müəllimi görüb sonra öz işinə
gedərdi. Günlərin birində mən muzeyə
gələndə Kəriş müəllimin divanda əyləşib
siqaret çəkdiyini gördüm. Təəccüb
etdim. Çünki o siqaret çəkən
deyildi. Hal-əhval tutandan sonra Kəriş müəllim
dedi: de görüm, Molla Nəsrəddinin yeni lətifəsini
eşitmisən? Dedim, yerinə düşəndə
Molla Nəsrəddinin bütün lətifələri yeni kimi
səslənir. Gülümsəyib, qulaq as, dedi. Bir məclisdə mollaya sataşmaq məqsədilə
birisi ondan soruşur, molla əmi, necə bilirsiz, dünyada
insan çoxdur, yoxsa çaqqal? Molla fikirləşmədən əlüstü
deyir, əlbəttə, çaqqal. Sual verən
deyir, hardan bildin, ay molla əmi? O da deyir, bunu bilməyə
nə var ki, çöllər, meşələr, səhralar
çaqqalla doludur. Bir az da üstünə
çaqqal xislətli insanları gəlsən, onda əlbəttə,
çaqqal çox olar. Gülüşdük.
Zəng oldu, Kəriş müəllim
mühazirə zalına keçdi. Söhrab müəllim
küskün halda dedi ki, fakultəmiz qabaqki fakultə deyil.
Aranı qızışdıranlar var. Gör iş nə yerə
çatıb ki, Kəriş müəllim kimi səbirli,
dözümlü, təmkinli kişi də
siqaret çəkməli olub. Bütün bunları yazmaqda məqsədim
odur ki, bugünkü söhbətimizin səbəbkarının
həyat fəaliyyətini oxucular tam təsəvvür etsinlər.
Xarakter qarşısında təlim-tərbiyənin
aciz olması haqda yuxarıda yazdığımız
Senekanın sözləri əlbəttə, kədər
doğurmaya bilməzdi, çünki bu qədər təhsil-tədris
üsulları-strukturları, metodlar, metodologiyalar, görkəmli
metodistlər ordusu və s. insan xarakterinin əsiridir. Pis xasiyyəti isə düzəltmək
mümkün deyil. Necə ki, Aşıq Ələsgər
deyib :
Əzəl
başdan əyri bitən ağacı
Yüz min dülgər
rəndələsə, düzəlməz.
Qəlbində xəyanət olan insan
nöqsanlıdır, əyri bitən ağac kimi bir
şeydir. Ona
görə dahi Məhəmməd Fizuli:
Qorxuram,
xain ürəklər doludur dünyada,
Öküz üstünlük edər,
şir də xəcalətli olar -
deyirdi.
Kəriş bəy
Şükür bəy oğlu da bu dünyadan şir xəcaləti
ilə getdi. Birinci insult onu yıxdı, ikinci insult isə
əbədiyyətə, ömrü boyu axtardığı
haqq dünyasına qovuşdurdu. Allah rəhmət eləsin!
May ayının 1-də Kəriş
müəllimin ölümündən düz 40 il keçməsinə baxmayaraq, BDU-nun fizika və
riyaziyyat fakultələrinin yaşlı müəllimləri
onun səmimiyyətindən, təvazökarlığından,
şəxsiyyətindən, ağayanalığından və
alimliyindən gənc nəslə dönə-dönə
ürək dolusu danışırlar.
Məqaləni yazarkən mənim
yaddaşımı təzələdiklərinə görə
vaxtilə Kəriş müəllimin tələbələri
olmuş dostlarım Əziz Məmmədov, Şahlar Əsgərov,
Vaqif Salmanov, Akif Ağayev, Bəhmən Sultanlı, Eldar Məhərrəmov,
Kamil Nurubəyli və Yusif Nurullayevə səmimi qəlbdən
öz təşəkkürümü bildirirəm.
Nemət
Məmmədli,
Lütfi Zadə adına
BMEA-nın həqiqi üzvü
Bizim Yol.- 2017.- 1 iyun.- S.13; 15.