“Mən kütləvi
oxucu üçün yazmıram”
Afaq Məsud: “Bəzən hətta
ən hazırlıqlı və intellektual oxucular tərəfindən
anlaşılmadığımı hiss edirəm”
Yazıçı, dramaturq, Əməkdar
İncəsənət Xadimi, Rusiyanın Elm və İncəsənət
Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Tərcümə
Mərkəzinin direktoru Afaq Məsud ömrünün
60-cı baharını yaşayır. Titulları
kənara qoysaq, Afaq Məsudu iki kəlmə ilə səciyyələndirmək
olar: söz adamı. Qələmini ədəbiyyatın
müxtəlif janrlarında sınayıb.
“Üçüncü mərtəbədə”, “Şənbə
gecəsi”, “Tək”, “İzdiham” və başqa kitabları
oxucuya yaxşı tanışdır. Roman və hekayələri
rus, ingilis, fransız, alman, fars, ərəb, türk dillərinə
və digər dillərə tərcümə olunub.
Q.Q.Markesin "Patriarxın payızı", T.Vulfun
"Dünyanın hörümçək toru"
romanlarını və digər məşhur dünya
yazıçılarının əsərlərini Azərbaycan
dilinə tərcümə edib. Onun “Can üstə”,
“O məni sevir”, “Qatarın altına atılan qadın” və
digər pyesləri uğurlu səhnə həyatı
yaşayıb. Əsərləri əsasında "Sərçələr",
"Qonaqlıq", "Gecə", "Cəza",
"Dovşanın ölümü" televiziya filmləri
çəkilib. Afaq Məsud həm də
maraqlı həmsöhbətdir. AZƏRTAC-ın müxbiri Azərbaycan
ədəbiyyatında özünəməxsus izi olan, dəst-xətti
ilə seçilən Afaq xanımla yubileyi ərəfəsində
söhbət edib.
– Afaq xanım,
ömrünüzün 60-cı baharını
yaşayırsınız, bir yazıçı
üçün bu yaşı ömrün hansı
dövrünə, hansı fəslinə aid etmək olar?
– Müəyyən kamillik dövrünə. Niyə “müəyyən” deyirəm? Çünki tam kamillik 100 yaşında da qazanılması mümkün məsələ deyil və mənə görə, 60 yaş bir çox qaranlıq mətləblərin və həqiqətlərin anlaşılmağa başladığı, lüzumsuz qovğaların, narahatlıqların və həyəcanların öz mənasını itirdiyi, həyatın tamam ayrı mənalar kəsb etməyə başladığı maraqlı bir yaş həddidir. Fəslə gəlincə də, bu, payız deyil.
– Afaqı məsud edən nədir?
– Məncə, özünü qoruyub saxlamağı, həyatın hansısa toxunulmaz tərəflərində – yazılarda və digər buna bənzər ərazilərdə yaşamaq bacarığı.
– Sizə elə gəlmirmi ki, ədəbiyyata gəlişiniz
atanız Məsud Əlioğlunun, babanız Əli Vəliyevin
yaradıcılıq yoluna yeni cığır salmaq, bu yolu
davam etdirmək istəyindən doğub? Onların Sizin
yazıçı olmağınıza nə dərəcədə
təsiri olub?
– Yazıçılıqla bağlı heç bir məqsədim olmayıb. Orta məktəbi bitirəndə sənədlərimi Tibb İnstitutuna vermişdim, həkim olmaq istəyirdim. Onda atam yenicə dünyasını dəyişmişdi. Rəhmətlik Xudu Məmmədov, Bəxtiyar Vahabzadə və Nurəddin Rzayev bir gün bizə gəldilər və məni fikrimdən döndərdilər. Sənədlərimi jurnalistika fakültəsinə verdim. İlk hekayəmi isə ikinci kursda oxuyanda yazdım. Bu hekayəni o dövrlər qonşuluğumuzda yaşayan tanınmış bir şairin saat çıqqıltıları ilə dolu evində rastlaşdığım, həyatdan, ədəbiyyatdan çox-çox uzaq, çərçivələr və qadağalar dolu bozarmış darısqallıqlardan xilas olmaq üçün yazmışdım. Hekayə “Ulduz” jurnalında dərc olundu, bəyənildi və mən yazının insanı ən darısqal çıxılmazlıqlardan qurtarmaq gücünü anladım.
Babamın və atamın yazıçılığıma təsirinə gəlincə, bu, bir məktəbdir. Əli Vəliyev və Məsud Əlioğlu – hər ikisi Azərbaycan ədəbiyyatına, elminə, ədəbi fikir tarixinə misilsiz töhfələr vermiş, Azərbaycan ədəbi dilinin, milli elmi-bədii fikrinin zənginləşməsində böyük xidmətləri olmuş tarixi simalardır. Əli Vəliyev gözəl roman ustası olmaqla yanaşı, dilimizə minlərlə söz gətirib, əsərləri Azərbaycanın, Qarabağın tarixinin, qədim ərazilərinin öyrənilməsi üçün qiymətli məxəzə çevrilib. Eləcə də atamın Hüseyn Cavid, Məhəmməd Hadi, Əliağa Vahid və sovet ideolojisinin yasaqladığı digər bu kimi ədəbi simaların ədəbiyyata qayıdışında əvəzsiz xidmətləri olub. Bu mənada, onların davamçısı olmaq elə də asan məsələ deyil. Bu, böyük məsuliyyət, ədəbiyyata, dilə sevgi və sədaqət, ağır zəhmət tələb edir.
– Təkliyə, tənhalığa can atan
yazıçı qadın (ana) obrazı Afaq Məsud
yaradıcılığında xüsusi ədəbi-fəlsəfi
dəyər daşıyan hadisələrdəndir. Əsərlərinizin
qadın qəhrəmanları tamamilə yeni tip
qadınlardır. Sizcə, bu, Sizin qadın – yazar
olmağınızdan, şəxsi həyatınızdan
qaynaqlanır, yoxsa başqa səbəb var?
– Bunun nədən qaynaqlandığı barədə dəqiq bir şey deyə bilmərəm, amma qadın qəhrəmanlarımla bağlı yazdığım əsərlərin əksəriyyəti bioqrafikdir. Siz “yeni tip qadınlar” deyəndə, yəqin, bu qadınların ənənəvi Azərbaycan qadınlarına oxşamadığını nəzərdə tutursunuz. 2004-cü ildə yazdığım “Can üstə” pyesində baş qəhrəman – Yazıçı qadın əsərin kulminativ məqamında əlindəki virtual tapançanı qapıbir qonşusuna – sovet rejiminin ideoloqlarından olan əmək veteranı, təqaüdçü Qocaya tuşlayıb: “Yox, qoca, sən məni yaxşı tanımırsan, mən - təzə adamam!” – deyəndə mən də bunu niyə belə yazdığımı bilmirdim. Bunu ötüb-keçən zamanla gələcəyin savaşı hesab edirdim. Bəlkə də bu belədir və ola bilsin ki, bu qadınlar gələcəyin insanları – həmin təzə adamlardır.
– Sizin yaradıcılığınızı araşdıran avstriyalı ədəbiyyatşünas Sena Doğan deyib ki, Məsudun bütün əsərləri bir-birilə əlaqəlidir. Bu fikirlə razısınızmı?
– Əslində, bu, belə də olmalıdır. Hər bir yazıçı ömrü uzunu bir neçə kitab yazsa da, əslində, o, nəticə etibarilə yeganə bir əsəri yazır. Hər yazıçının öz mövzusu var. Əsərdən əsərə situasiyalar, obrazlar dəyişə bilər, lakin yazıçının daxili problemi, ağrı nöqtələri dəyişmir. Bu mənada, Senanın fikri ilə tam razıyam.
– İxtisasca jurnalistsiniz. Jurnalist də,
yazıçı da söz adamıdır. Siz onların
arasında nə kimi fərq görürsünüz? Bir
yazıçı kimi jurnalist peşəsi Sizə nə
verib?
– İlk növbədə, fikrimi səlis Azərbaycan dilində ifadə etməyi, hadisələrin mahiyyətini, daxili konflikti görməyi, nəyi yazmağın lazım olduğunu, demək, təsvir etmək istədiklərini qısa və lakonik şəkildə ifadə etməyi. Bütün bunlar yazıçılıq üçün vacib olan ilkin şərtlərdir. Qabriel Qarsia Markes, Emil Zolya, Marsel Prust kimi yazıçıların ədəbiyyata məhz jurnalistikadan gəlmələri də bu mənada təsadüfi deyil. Bu iki sahəni bir-birindən fərqləndirən başlıca cəhət isə birinin – jurnalistikanın sırf real həyatdan, yəni baş verən və verməkdə olanlardan, o birinin isə – ədəbiyyatın, həm də baş verməyənlərdən və olmayanlardan qaynaqlanmasıdır.
– Üslubunuz heç də hamı tərəfindən
birmənalı qarşılanmır. Bu, Sizi narahat etmir ki?
– Mən kütləvi oxucu
üçün yazmıram və bu barədə bir neçə
dəfə demişəm ki, hamının xoşuna gəlmək,
zövqünü oxşamaq ədəbiyyatın missiyası
deyil. Uzun illərdir, bəzən hətta ən
hazırlıqlı və intellektual oxucular tərəfindən
sona qədər anlaşılmadığımı hiss edirəm.
Amma oxucu azlığından da şikayət edə
bilmərəm. Bu barədə də bir neçə
dəfə demişəm, geniş oxucu kütləsi, adətən,
yüngül ədəbiyyata meyillidir – detektiv, macəra, sevgi
romanları və sair. Bunun səbəbi bu
ədəbiyyatların mütaliəsinin oxucudan dərin
intellekt, beyin zəhməti tələb etməməsidir.
Özü də təkcə Azərbaycanda
deyil, bütün dünyada belədir. Tarix
boyu belə olub, belə də olacaq. “Ciddi ədəbiyyat”
ifadəsi də məhz bu ədəbiyyatların fərqləndirilməsindən
yaranıb. Amma əlbəttə ki, burada
milli oxucu səviyyəsinin yetərsizliyi problemi də var.
– Sizin
bir çox əsərləriniz teatrlarımızda səhnəyə
qoyulub və maraqla qarşılanıb. Davamı
gələcəkmi? Teatrlarımızın
repertuarında boşluq var, niyə teatrlarla işləmirsiz?
– Əfsuslar
olsun ki, bu gün əksər teatrlarımız, yumşaq desək,
sənət ab-havasından, yaradıcı stixiyadan çox
uzaqdır. Bu barədə kifayət qədər yazılır,
deyilir. Teatrlarla işləməməyimin
səbəbi də budur. İki il əvvəl
“Kərbəla” əsərimi Milli Akademik Dram Teatrına təqdim
etmişdim. Əsər repertuara
salınmışdı, tamaşaya dövlət sifarişi
açılmışdı. Lakin elə
ilk məşqdən sonra onu geri götürməyi qərara
aldım. Səbəb – teatrda hökm
sürən həmin qeyri-yaradıcı mühit idi. Müqəddəslərin həyat faciəsindən
bəhs edən bir əsəri belə bir mühitə etibar
etməyi nə onlara, nə də özümə rəva
bildim. Son illər qələmə
aldığım “Mənsur Həllac”ı isə, ümumiyyətlə,
heç bir yerə təqdim etməmişəm. Bu əsərlərin səhnə sahiblərinin nə
vaxtsa gəlib çıxacağına ümid edirəm.
Bu, yüz il sonra da ola bilər, sabah da.
– Müsahibələrinizin birində
“yazarkən mən can üstə oluram” demisiniz. Doğrudanmı, yazmaq bu qədər əzablıdır?
– Yazı prosesində can üstə
olmaq fiziki ölümün astanasında olmaq demək deyil. Bu, maddi bədənini itirməyin astanasıdır.
Yəni ayaqlarının yerdən üzüldüyü,
divarların əriyib itdiyi, sözlə ifadə oluna bilməyən
ali bir məqamdır. Düşünmürəm
ki, yazı prosesində bütün yazıçılar, yaxud
şairlər bu vəziyyətə düşürlər və
bu, əsər yazmaq üçün heç vacib şərt
də deyil. Təbii ki, hər bir əsər,
ilk növbədə, şüurun, yaddaşın
iştirakı ilə yazılır. Tarixi
sənədlərin, yaxud cinayət materiallarının əsasında
da bəşəri əsərlər yazılıb və
yazılır. Amma ədəbiyyatın bir
növü də var ki, orada şüur, idrak yalnız vasitəçi
kimi iştirak edir. Yazıçı kompüterin
arxasına keçir və heç hara baxmadan, heç bir mənbəyə
istinad etmədən, heç nəyi xatırlamadan, sanki kiminsə
gizli diktəsi ilə yazmağa başlayır… Dediyim
həmin o canüstü vəziyyətlər belə
yaranır.
– Afaq
xanım, tərcümə ilə ardıcıl və müntəzəm
məşğul olmusunuz. Vaxtilə Gi de Mopassan, Tomas Vulf,
Qabriel Qarsia Markes, Xulio Kortasar, Xorxe Luis Borxes kimi böyük
yazıçıların əsərlərini dilimizə
çevirmisiniz. Son illər isə, əsasən sufi irsini tərcümə edir və bu ilahi ədəbiyyatın
təbliğatçısı kimi çıxış
edirsiniz. Bu nə ilə bağlıdır:
yaşınızlamı, dünyaya
baxışınızın dəyişməsiyləmi?
– Süfiliklə yaxından
tanışlıq nəinki dünyaya baxışımı,
bütövlükdə həyatımı dəyişib. Bu, bu vaxta qədər yazılan və yazılacaq
bütün ədəbiyyatları, dünya, kainat, insanlıq
haqqında sirləri və həqiqətləri iksir şəklində
özündə saxlayan möcüzəvi həyat mənbələridir.
Bayaq dediyim kamilliyə aparan yolların ən
qısasıdır. Qalın-qalın cildlərdə
yatan ədəbiyyatların deməyə, izah etməyə
çalışdığını bu mətnlər bir
abzasla, bəzən isə bir cümlə ilə ifadə edir.
Bu mətnlərdə heç bir dövrdə,
heç bir ədəbiyyatda yazılmayan, açılmayan elə
sirli həqiqətlər var ki, onlara toxunandan sonra insan
özünü ayrı bir həyatın astanasında hiss
edir. Sufi mətnlərinə
tapınmağım nə yaşla əlaqəlidir, nə də
məqsədli şəkildə baş verib. Düşünürəm, bu da Allahın mənə
olan rəhmidir.
– Rəhbəri
olduğunuz Tərcümə Mərkəzi qısa müddətdə
nəinki Azərbaycanda, bəlkə də, dünyada analoqu
olmayan bir çox ciddi və əhəmiyyətli layihələr
həyata keçirib və keçirməkdədir. Xüsusən milli ədəbiyyatımızın
dünya ölkələrində nəşrini və təqdimatını
nəzərdə tuturuq. Hazırda Mərkəzdə
hansı işlər görülür?
– Milli ədəbiyyatımızın
dünyada tanıdılması, hər şeydən əvvəl
ölkəmiz, xalqımız haqqında təsəvvürlərin
beynəlxalq aləmə çıxışı, onun milli
“Mən”inin, ədəbi-fəlsəfi fikrinin dünyaya
çatdırılması deməkdir. Hər
bir xalq haqqında ən mükəmməl təsəvvürü
onun ədəbiyyatı, mədəniyyəti yaradır.
İngiltərə kraliçasının “İngiltərə
nə ilə güclüdür?” sualına cavab olaraq dediyi
kimi: “İngiltərə öz ədəbiyyatı ilə
güclüdür. Çünki dünyanın
elə bir ölkəsi yoxdur ki, orada Şekspir oxunmasın”.
Bu mənada, Mərkəz qısa müddət ərzində
kifayət qədər uğurlu layihələrə imza
atıb. Nə qədər acı olsa da,
bu, bir həqiqətdir ki, dünya kitabxanalarında Azərbaycan
ədəbiyyatından, demək olar, bir nümunəyə belə
rast gəlinmir. Bəzi kitabxanalarda nadir hallarda rast gəlinən
Nizami, Nəsimi, Füzuli kimi şairlərimizin əsərləri
isə tərtibçilər tərəfindən “fars
şairi”, ən yaxşı halda, “Şərq şairi”nin əsərləri
kimi təqdim olunur. Mərkəzin dünya ədəbiyyatının
Azərbaycanda təbliğindən çox, milli ədəbiyyatımızın
dünyada tanıdılmasına üstünlük verməsinin
əsas səbəbi də budur. Çağdaş ədəbiyyatımızın
aparıcı simalarının təmsil olunduğu “Müasir
Azərbaycan ədəbiyyatı antologiyası” müxtəlif
formatlarda artıq Moskvada, Londonda, Ankarada, Qahirədə,
Boqotada işıq üzü görüb, həmin şəhərlərin
mərkəzi kitabxanalarına, elm və ədəbiyyat mərkəzlərinə,
universitetlərinə paylanılıb, əlaqədar
qurumların dəstəyi ilə təqdimat mərasimləri
keçirilib. Hazırda kitabın alman, ispan, ingilis, bolqar və
çex dillərinə tərcüməsi üzərində
iş gedir, yaxın günlərdə Ukrayna dilində Kiyevdə,
gürcü dilində Tbilisidə nəşri gözlənilir.
Antologiyanın davamı olaraq, ayrı-ayrı
yazıçı və şairlərimizin əsərlərinin
də xarici dillərə tərcüməsi və nəşri
nəzərdə tutulur. Bu layihələrin
icrasında ən mühüm məqam isə, ilk növbədə,
bədii tərcümənin keyfiyyətidir ki, Mərkəz bu
prosesə xüsusi önəm verir. Əsərlər
ilkin mərhələdə sətri tərcümə edilir,
daha sonra onun üzərində nəşr olunacağı
ölkənin dil daşıyıcıları – peşəkar
tərcüməçilər, yazıçılar və
şairlər tərəfindən bədii tərcümə və
redaktə işi aparılır. Biz bu
işə ölkəmizdə fəaliyyət göstərən
səfirlikləri də cəlb edirik. Hazırda on iki
ölkə ilə müxtəlif formatlı layihələr
üzərində iş gedir. İş rejimi
çox ağır olsa da, uzun illər boyu
arzuladıqlarımızı həyata keçirməyimizdən
həm də sonsuz mənəvi zövq alırıq.
Afaq
xanım, yəqin, razılaşarsınız ki, qələm
sahibinin ən böyük arzusu oxucu sevgisi qazanmaqdır. Necə
bilirsiniz, Sizi sevənlər çoxdurmu? Bunu yetərli
hesab edirsinizmi?
– Mən, ümumiyyətlə,
insanların arasında olduğum hər yerdə sevgi duyuram –
məni yazıçı kimi tanımayanların əhatəsində
də.
– Afaq xanım, yubiley
yaşınız münasibətilə Sizi təbrik edir,
maraqlı söhbətə görə təşəkkürümüzü
bildiririk.
Bizim Yol.- 2017.- 3
iyun.- S.15.