İyirmi səkkiz il
sonra Naxçıvanda
"Kiçik torpaq"dan
böyük təəssüratlarla: gördüklərim,
eşitdiklərim, yaşadıqlarım,
düşündüklərim
Esse-reportaj
Bahəddin Həziyev
Gəlib
çatan kimi təzə,
maraqlı, ancaq çox
düşündürücü olan əhvalatla rastlaşırıq. Şəhərin
mərkəzində - Təbriz hotelinin
qarşısında Bakıdan gəlmiş media
rəhbərləri əyin-başından
kasıb olduğu bilinən, yaşlı bir qadına kömək məqsədilə pul verirlər. Qadın dönüb onlara deyir: "Xoş gəlibsiniz.
Gəlin, gedək, qonağım olun. Vallah, doğru sözümdür. Bir toyuğum var, kəsib
bişirərəm". Yoxsul, özünün yardıma ehtiyacı olan insanın bu qonaqpərvər
davranışı bir az
qəribə, hətta bəzilərinə gülməli gəlsə
də, gerçəkdən dərin
anlamlıdır. Bura Naxçıvandır..
Sonuncu gəlişimdən keçən vaxt bir igidin ömrüdür; axırıncı dəfə Naxçıvana 28 il əvvəl gəlmişdim. O zaman Moldovadan olan qaqauz türkü Tudora Arnaut və Rusiyadan Altay türkü Ejer bizə Azərbaycanı tanımaq istədiklərini demişdilər. İlk səfər üçün paytaxtdan ən uzaq, qədim diyarı - Naxçıvanı seçdik. O zaman hələ Naxçıvana qatar işləyirdi. Dəmiryolu Bəhrəmtəpədən başlayaraq Araz boyu Şərura, ordan da İrəvana doğru "sürünüb" gedirdi. Sonralar Ermənistanın Mehri rayonunda ermənilər əvvəl qatarları daşa basmağa başladılar. Getdikcə təhlükə silahlı basqın dərəcəsinə yaxınlaşdı. Qatarların hərəkəti dayandı; Mincivandan o tərəfə keçmədi.
Bunlar sonra olacaqdı. Hələ ki biz - əslən naxçıvanlı olan tələbə yoldaşımız Tila, eləcə də, Əlisəfa, Tudora, Ejer qatarla gedirdik. Ejerlə Tudora Azərbaycanı ikiyə bölən bu sərhəd çayına - bizi bizdən ayıran tikanlı məftillərə qəzəb, kədər və maraqla baxırdılar. Arazın mavi və qırmızı olmaqla iki rəngdə axmağa başladığı yerdə qonaqlarımız heyrətini gizlədə bilmədilər. "Araz bizim yaramızdır, o qırmızı rəngdə axan su deyil, qanımızdır". Bunu əvvəlki səfərimizdə - Yarımca kəndinə gedəndə rəhmətlik Əlisəfa demişdi. Yox, şairliyi tutmamışdı, ruhumuzu iki yerə bölən Arazı görən hər kəsdən belə sözlər eşidərdin o zamanlarda. Milli kimlik şüurunun dirçəldiyi, etnik identikliyi idrak etmənin tavan yapdığı zamanlardı. Gerçək tarixin dərinliklərinə baş vurduğumuz, bu günümüzün savaşına qoşulduğumuz və bütün bunların arasında da gələcəyə dair xəyallar, planlar qurduğumuz təkrarsız illərimizi yaşayırdıq. İndi o zamanları bəzən siyasi romantizm, bəzən hüquqi nihilizm, bəzən tarixi skeptisizm... dövrü adlandırırlar. Hər kəs öz pəncərəsindən baxır. Və: "Sovet İttifaqi onsuz da dağılırdı, hamı müstəqil oldu" deyənlər də olur. Ancaq tarix gec-tez hər kəsin halal haqqını özünə qaytarır. Böyük Sabir deyirdi: "Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlq olur".
...Günortaya doğru Naxçıvana yetişib ordan Şərurun Çərçiboğan kəndinə - Tilagilə, Abbasqulu kişinin sadə, xudmani, hədsiz mehribanlıqla qarşılanacağımız evinə qonaq getmişdik. Ertəsi gün şəhərdə və bir neçə kənddə görüşlər vardı. Ardınca da Şahbuza - Batabat yaylağına yola çıxsaq da, zamanımız az olduğu üçün Qaraqayanın ətəyində dayanmışdıq. Orda gəzib dolaşdıq. Dağın zirvəsinə çıxdıq, aşağılardakı çay dərələrinə, ovuc içindəki kimi görünən kəndlərə baxdıq. Ruhumuz sözün gerçək anlamında təzələnmişdi. O səfərdən sonra da elə indi yazdığım kimi, yol qeydləri yazmışdım, mətbuatda dərc etdirmişdim. Naxçıvanda iki gözəl alim, vətənpərvər ziyalılarımız Əli Şamil və Arif Rəhimoğlu həmin vaxt bizi Azərbaycanlılara xas olan qonaqpərvərliklə ağırladılar, bizə bələdçi, yardımçı oldular. Naxçıvanı bizə tanıtdırdılar, daha da sevdirdilər. Bu insanları hər zaman sayğı ilə yada salıram. Allah hər ikisindən hər iki dünyada razı olsun!
...Elə bil dünən idi. Ancaq 28 il keçib. Və mənim yolum yenidən Naxçıvana düşdü. Bu dəfə uçaqla gedəsiyik. Daha o qatar yoxdu. Əslində var, ancaq hamıya bəlli səbəblərdən daha heç Mincivana qədər də getmir; Horadiz stansiyasında dayanır. Bakıdan havalanan uçaq da əvvəl daha tez çatırdı; Ermənistanın üzərindən uçurdu. İndi İranın - Güney Azərbaycanın üzərindən keçdiyinə görə uçuş məsafəsi uzanır. Çünki terror dövləti olan Ermənistan sərnişin uçaqları üçün də təhlükə mənbəyinə çevrilib. Hər gün bəlli sayda reys var, ancaq ilin bəzi zamanlarında bu reyslərin sayı artırılır. Əvvəl qiymətlər də bahaydı, İndi 50 manata düşüb. Əslən naxçıvanlı olan yol yoldaşım deyir ki, əlli manat da az pul deyil. Kimsə ailəsi ilə doğma yurduna gələndə maddi sıxıntıya düşür. Bunun xeyri-şəri var. Hələ dövlət rəhbərliyinin müdaxiləsindən sonra qiymət endirimi oldu. Yoxsa "Azərbaycan Hava Yolları" Nuh deyirdi, Peyğəmbər demirdi. Camaat bahalıqdan cana yığılsa da, AZAL iki ayağını bir başmağa dirəmişdi. Doğrusu, AZAL-ın köhnə bazara təzə nırx qoymaq xəstəliyi hər kəsə bəllidir. Hətta müşavirələrin birində ölkə prezidenti AZAL-ı bu qiymətlərə görə tənqid etmişdi: "Təyyarələri dövlət alır, yanacağı dövlət verir, o zaman qiymətlər niyə bu qədər baha olmalıdır?!" deyə ritorik sual vermişdi. O müşavirədən sonra AZAL bütövlükdə qiymətlərdə endirim etsə də, bu dəfə sərnişinlərə yük qısıtlaması qoydu, uçaqda qida və sərinləşdirici içkilər verilməsini biletin qiyməti ilə şərtləndirdi. Necə deyərlər, yenə də dəyirman bildiyini edir... Bu, qiymət siyasəti deyil, "qiyamət siyasəti"dir; elə bil dünyanın axırıdır və sanki AZAL mümkün qədər tez və çox qazanmaq istəyir. Bütün bunlarla yanaşı onu da demək lazımdır ki, AZAL-la uçuş rahatdır, təhlükəsizdir. Məncə, ən azı bircə dəfə elə qardaş ölkənin uçaqlarında səfər edənlər razılaşar ki, Azərbaycan pilotları hava gəmisini çox rahat idarə edirlər. Yadımdadır, bir dəfə İstanbuldan Bakıya qayıdanda pilot qardaşımız hava gəmisini yerə elə sərt "oturtdu" ki, sonrakı üç gün belimin ağrısı keçmədi. Di gəl, Naxçıvana gedib gəldik - necə qalxdıq, necə endik, demək olar, hiss etmədik. Doğrudur, əvvəl Naxçıvana da kiçiktutumlu və köhnə hava gəmiləri uçurdu; o zaman çox silkələnirmiş. Hətta biri də o zaman hava limanından qalxanda düşmüşdü, yaralananlar olmuşdu. İndi isə aviapark tamam dəyişib - təzə, ən çağdaş avadanlıqlarla təchiz olunmuş böyük hava gəmiləri uçur.
Gəlib endiyimiz hava limanı da yetərincə böyükdür, rahatdır. Hər tərəfi yaşıllıqlar, abadlıqdır. Naxçıvanlılar tariximizin bəlli bir dövrünü az qala qorxulu yuxu kimi xatırlayır. Təsəvvür edin, Sovet istehsalı olan köhnə, kiçik hava gəmisi Naxçıvana uçur, otura bilən oturub, ayaqüstə gedənlər də var. Hava gəmisi uçuş-enmə zolağına enən kimi bir dəstə Naxçıvan sakini əlində bidon, vedrə, nə tapıbsa artıq - cumur zolağa. İnəkdən süd sağan kimi uçaqdan kerosin çəkirmişlər. Evdə kerosin sobalarını yandırıb qızınmaq üçün. Pilotlar yalvar-yaxarla: "Axı yanacaq az olacaq, Bakıya çata bilməyəcəyik" deyə fəryad etsə də, camaatın qarşısını almaq mümkünsüz olurmuş. Qaz yox, işıq tez-tez kəsilir, günlərlə yanmırdı. Həyətlərdə, bağlarda, parklarda, meşə zolaqlarında, yol kənarlarında, qoruqlarda belə ağaclar ucdantutma qırılırdı. İnsanları qınamaq da olmazdı; evlərində özləri, ailələri soyuqdan donurdu. Bu bölgənin iqlimini bilən bilir - Köppen iqlim təsnifatına görə, Naxçıvan şəhərinin iqlimi kontinental, yarımsəhradır. Burada qış qısa, soyuq və qarlı, yay uzun, quru və çox isti keçir. 70-ci illərdə bizim bölgəmizdə - Qarabağda olduğu kimi Naxçıvanda da üzümçülük çox inkişaf etmişdi. Bilirsiniz ki, Mixail Qorbaçov Sovet İttifaqının rəhbəri olandan sonra bütün üzümlüklərin ləğvinə qərar verildi. Tarix boyu bir dövlət başçısının verə biləcəyi ən yanlış qərarlardan biri idi. Bu da başqa bir söhbətin mövzusudur. Sözüm ondadır ki, Qarabağda, Şirvanda, Mildə, Muğanda, Şəkidə, Qazaxda, Gəncəbasarda da üzümlüklər vardı. Ancaq təkcə Naxçıvanda üzüm tənəkləri yayın sonunda torpağa basdırılırdı ki, qışda donmasın. Belə bir sərt iqlimdə heç bir enerji qaynağı olmayan bölgədə enerjidən məhrum qalan, evinə gələn qonaq, ya körpə uşağı donmasın deyə ayaqqabılarını ocağa atıb yandıran, ailəlikcə evin bir otağına sığınaraq yeganə yanan sobanın (əgər yanırsa) ətrafına qısılaraq yaşamını sürdürən insanların hava limanında uçaqdan kerosin çəkmək üçün az qala bir-birini basıb əzməsi anormal olsa da, o dövrə görə başadüşülən idi. Naxçıvan həm coğrafi, həm nəqliyyat-kommunikasiya, həm enerji baxımından blokadaya düşmüşdü. Əlbəttə ki, baş verənlərin obyektiv tərəfi də vardı; siyasi publisistikanın "Şər imperiyası" adlandırdığı SSRİ - iki superdövlətdən biri çökürdü və müttəfiq respublikalarda böyük milli hərəkatlar vardı. Ölkənin iqtisadiyyatı dağılırdı, etnik konfliktlər isti müharibə fazasına keçirdi. Yeni müstəqil olmuş dövlətlərdə siyasi və maliyyə böhranı yaşanırdı. Xəzinə boşalmışdı. Qərbi Azərbaycanda, Qarabağda insanlar öz daimi yaşayış yerini tərk edirdi. Üstəlik 80-ci illərin sonunda Özbəkistandan da xeyli Ahısxa türkü qaçqın düşüb Azərbaycana pənah gətirmişdi. Nəhəng humanitar fəlakət yaşanırdı. Kriminal meydan sulayırdı. Bütün bunlar Azərbaycanın bu parçasından - Naxçıvandan da yan keçməmişdi. Subyektiv amillər də vardı. Ancaq bu cür sıxıntılar daha çox obyektiv nədənlərə bağlı idi.
... O zaman biz Naxçıvanda səfərdə olanda Muxtar Respublika ərazisində avtomobillə hərəkət edərkən özümüz çətinliklər yaşamışdıq. İndiyə baxsaq, bunun tamam əksini görürük - indi hətta ucqar dağ kəndlərinə də rahat, geniş asfalt yollar çəkilib, kəsintisiz elektrik və qaz verilir. Bunlar mənim gözlərimlə gördüklərimdir. Tək Ordubada gedən yol bir qədər köhnədir, amma Naxçıvan-Ordubad yolunu Bakı-Şamaxı yolu ilə tutuşdursaq, ikincisini yox sayın. Yeni salınmış yollar bir yana, nisbətən köhnə yollarda da heç bir yer çökməyib, partlamayıb, heç yerə yamaq vurulmayıb. Deməli, istəsək, bunu Bakıda da, başqa bölgələrimizdə də edə bilərik. Bir qədər əvvəl insanların donmamaq üçün bütün yaşıllıqları məhv etdiyini yazmışdıq. İndi baxırsan, kəndlər sanki meşənin içində yerləşir - çoxlu yaşıllıqlar salınıb. Yolboyu sağ-sol ağaclar sıralanıb gedir. Həm də baxırsan, cavan ağaclardır; zolaq yeni salınıb demək. Naxçıvanın torpağında şoranlıq çoxdur. Ağac əkəndən sonra ona qulluq olmasa, vaxtlı-vaxtında, ağacın istədiyi qədər su verilməsə, başqa aqrotexniki xidmətlər olmasa, ağacı ya külək aşıracaq (Qıvraqda o dəlisov küləyə hansı kimsəsiz ağac dözər?!), ya da kökünü duz yandıracaq. O üzdən bu ağacları damcı üsulu ilə suvarırlar. Hər ağacın öz su payını özünə verirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənovdan eşitdik ki, meşə ilə örtülü ərazilər 0,3 faizdən 13 faizə qalxıb. Azərbaycan üzrə bu göstərici 11 faizdir. Məşhur Amerika yazıçısı yarızarafat-yarıciddi: "Yalanın üç növü var: yalan, ağ yalan, statistika" demişdi. Ancaq gözümüzlə gördüklərimiz bizə verilən statistika ilə tam üst-üstə düşür deyə bilərəm. Yaşıllıqların çoxalması və qorunub saxlanması, təbii ki, ciddi intizamın və nəzarətin nəticəsidir. Ancaq əsas səbəb 25-30 il bundan qabaqkından fərqli olaraq bütün şəhərlərə, kəndlərə enerjinin verilməsidir (Yoxsa "ac qılınca çapar" məsəlində olduğu kimi, soyuqdan donan ağacı kəsər də, o tərəfə də keçər).
Səfərimizin sonuncu günü Batabat
yaylağına qalxmışdıq (bir qədər
ətraflı sonra yazacam
bu haqda). Yolboyu bəzi
yerlərdə təzyiq azalsın deyə qıvrılıb
yenidən düzələn, əyilib həyət
darvazalarının üzərindən keçən, sonra enib "yoluna davam edən" sarı boyalı qaz
boruları Şahbuzun kəndlərinə
istilik paylaya-paylaya
uzanıb gedirdi. Bu
borular dəniz səviyyəsindən 2200 metr hündürlüyə - Biçənək
aşırımına qədər qalxıb - Ermənistanla sərhəddə
postda dayanan əsgərlərimiz
üçün. Təkcə Şahbuzda belə deyil,
Naxçıvanın hər yerində qaz
var indi. Bu dəfəki
səfərimizdə Şərura - Arpaçaya
getmişdik. Orda iki su-elektrik stansiyası
işləyir. Muxtar Respublikada
bir neçə belə stansiya var. Biri də istilik
elektrik stansiyasıdır. Bayaq haqqında
danışdığım o enerji blokadası illərində Naxçıvan
Türkiyədən böyük
həcmdə elektrik enerjisini borc almışdı. İndi özünün
istehsal etdiyi elektrik enerjisi ilə həm özünü təmin edir, həm də Türkiyə Respublikasından aldığı
borcunu qaytarır.
Naxçıvan Muxtar
Respublikası hər il daha çox turist cəlb etmək üçün çalışır.
Bölgənin turizm üçün
maraqlı olacaq məkanları və xidmətləri haqqında
sonrakı yazıda daha geniş danışacağıq. Məncə, Naxçıvanın turizm imkanlarının reklamı, tanıtımı
o qədər də yüksək səviyyədə
deyil. Qonşu Türkiyədən,
İrandan, eləcə
də, yaxın coğrafiyadakı başqa
ölkələrdən, o cümlədən,
ərəb dünyasından
yetərincə turist cəlb etmək olar. Hər il Azərbaycandan ilin bütün fəsillərində qonşu
Gürcüstana turist
axını var. Əgər
öz ölkəmizdə,
eləcə də, Naxçıvanda turizm xidmətlərini gəlişdirsək,
qiymətləri insanlarımızın
imkanlarına uyğunlaşdırsaq,
o zaman nədən belə gözəl məkanlarımıza turist
gəlməsin ki?! Elə götürək Appaçay dəryaçasının
sahilindəki mənzərəli,
təmiz və geniş restoranı; balıq
şorbasının, çölməyin,
balıq kababının...
dadına doyum olmaz. Yanında da təzə yerli meyvələr, orqanik tərəvəzlər,
təzə-tər göyərti,
cürbəcür turşular,
yerli istehsal olan kəklikotu, baldırqan, zirinc araqları, çoxillik çaxırlar, diqqətlə
və sevgi ilə hazırlanmış
tərəvəz salatları,
Naxçıvan pendiri,
Naxçıvan lavaşı
ola. O gölün
sakit, sərin havasında lavaşın arasında çaşırın
üstünə pendiri
qoyub yeyən, sonrasında da çiyələk, yemişan,
gilas, ceviz, hətta badımcan mürəbbəsi ilə
çay içən
turist bu yerlərə bir
gəlibsə, bir də gələr. Bu, hələ Naxçıvanın
onlarla turistik məkanlarından hələ
yalnız bir dənəsidir...
Müəllifdən: Azərbaycanın media orqanlarının rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfərindən qeydlərimiz, yazılarımız növbəti günlərdə də dərc olunacaq. Bu səfərin təşkilinə görə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna və Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə təşəkkür edirəm. Ayrıca olaraq təşəkkürümü düşmənlə vur-tut 34 metrlik məsafədə postda dayanan qəhrəman əsgərlərimiz və zabitlərimizlə bizim görüşməyimizə razılıq verən və təşkil edən N saylı hərbi hissənin komandanlığına bildirmək istəyirəm. Ömrüm boyu unutmayacağım bir görüş oldu.
Bizim yol.- 2017.- 6 iyun.- S.8-9.