İyirmi səkkiz il
sonra Naxçıvanda
“Kiçik
torpaq”dan böyük təəssüratlarla:
gördüklərim,
eşitdiklərim,
yaşadıqlarım,
düşündüklərim
Esse-reportaj – üçüncü
hissə
“Dəhşətli
isti vardı. Nəfəs almaq
olmurdu. Çayın sahilinə yaxın tarlada bu yayın
cırhacırında çalışanların tər
dabanından çıxırdı. Uzaqda-
üfüqdə qasırğalı dəniz dayanmadan
dalğalanırdı. Bu, əslində dəniz
deyildi. Cəbrayılda – çölün
düzündəydik. Dənizə bənzəyən də
ilğım idi. Çox
qızmar istilərdə ilğımların, belə
illüziyaların olması qəribə deyil.
İşə ara verib
bir az yuxarıda – balaca təpəcikdə tək ağacın
kölgəsinə sığınmaq istədik. Bir az sərinlənib geri qayıdacaqdıq. Ordan
Arazın yatağı ovuc içi
kimi görünürdü.
Ağacın kölgəsinə yenicə yetişmişdik,
çaya tərəf boylandıq. O biri üzdə -İran tərəfdə
iyirmi-iyirmi iki
yaşlarında bir oğlan
at belində gəldi. Enib Arazın suyundan ovuclayıb içdi.
Üz-gözünü,
boyun-boğazını su ilə
islatdı. Yəhərin böyründən sallanan
su qabını götürüb
doldurmaq üçün
qayıtdı. Çaya çatar-çatmaz
atın kişnərtisi ərşə dirəndi – canavar sürüsü ata cumanda at
yüyənini dartıb daşın altından
çıxardı, sahildən uzağa doğru çapdı. Canavarlardan
ikisi-üçü atın dalınca düşdü. İkisi
də oğlanın üstünə atıldı. At uzaqlaşmışdı, tüfəng də
yəhərə sancılmış halda.
Biz cəld çaya tərəf
yüyürdük. Sərhəd boyu dolaşan rus əsgəri də qaçaraq
gəlmişdi. O biri üzdə güneyli oğlana kömək
edəcək kimsə yox idi;
daş-kəsəklə özünü qorumağa çalışırdı. Biz rus əsgərinə
yalvardıq ki, atəş açsın. O, başqa ölkənin
torpağına atəş açmaqdan boyun qaçırdı təbii ki. Əl-ayağına düşdük,
dedik, heç olmasa havaya güllə
atsın ki, canavarlar qorxub qaçar. Əsgər
bizimlə danışmasının, bizim ona yaxınlaşmağımızın belə
yasaq olduğunu deyib durdu, israr
edincə də, silahı bizə doğruldub
basqına uğramışcasına kömək
çağırdı. Geri çəkilməyə
məcbur qaldıq. Oğlanın isə gücü
tükənmişdi. Bizim və rus əsgərlərinin gözləri
qarşısında canavarlar güneyli gənc türk
qardaşımızı parçaladı. Oğlanın fəryadı
hələ də qulaqlarımdan getmir”.
Bir cəbrayıllının danışdığı əhvalatdır. Dostum, tanınmış professor bu əhvalatı dinləmiş və o zamandan özünə yer tapa bilməmişdi. Güney Azərbaycan türkləri haqda söz düşəndə gözləri dolur. Bu, uydurma deyil, kaş uydurma olaydı. Bu, gerçək olaydır. Azərbaycan istiqlalına qovuşana qədər Araz Sovet İttifaqı ilə İran arasında sərhəd çayı idi; o tərəf farsların, bu tərəf rusların… Biz tərəfdə rus sərhədçiləri dayanırdı. O biri sahil boyu isə İran sərhəd patrulu dolaşırdı. O illərdə Naxçıvanda yaşayanlar da, Şorsulu postunu keçib Astaraya, eləcə də, Bəhrəmtəpəyə doğru gedənlər də ya arayış təqdim etməliydi, ya da rus sərhədçilər pasportlarını yoxlaya bilirdilər; bu bölgəyə nə dəxlin var deyə. Bizim kəndimiz sərhədboyunda yerləşmirdi, ancaq bir dəfə atam uzaqdan görünən dağlara işarə eləyib: “Bizim torpağımız burda qurtarmır, oralar da var” demişdi. Atam hətta orta təhsilini belə almamışdı. Böyük qardaşı – Mürşüd əmim İkinci Cahan Savaşında həlak olandan sonra, ata babamla nənəm də rəhmətə getmişdi. Atam yeddinci sinifdən məktəbi buraxıb fəhləlik etməyə başlamışdı, bir qardaşını və üç bacısını dolandırmışdı. Savaşdan sonra da davam edən aclıq-qıtlıq illərində onları tələf olmağa qoymamışdı. Ən dəhşətli quraqlıq illərindən biri də o dövrə düşür tariximizdə. Dediyim odur ki, ali təhsil almağı bir yana, heç orta məktəbi də bitirməmişdi. Ancaq uşaqlıqdan böyüklərin daşıya biləcəyi yük onun çiyinlərinə erkən düşdüyü üçün zamanından tez böyümüşdü və müdrikləşmişdi. Məktəbi yarımçıq qoysa da, oxuduğu müddətdə dərslərini axsatmamışdı. Dünyagörüşü, mütaliəsi bir fəhlə üçün çox zəngin idi. Mən hələ kiçik yaşlarımdan Arazın nə olduğunu, o taydakıların kimliyini, bizim özümüzün kim olduğumuzu, nəslimizi-kökümüzü ondan eşidib öyrənmişdim. O zaman uşaq ağlımla atamı hamıdan güclü sayırdım. Ancaq əgər sərhəd çayının o üzündə canavarlar köməksiz güneyli qardaşımıza hücum çəkəndə, atam da orda olsaydı, kömək edə bilməzdi. Çünki biz də, onlar da öz torpağımızın sahibi sayılmırdıq – o sahil farsın, bu sahil rusun idi. Şükür, axır ki, biz bu sahildə istiqlalımıza çatdıq…
Şahtaxtı gömrüyünə gəlib Arazın üstündəki körpünün üstünə çıxanda o canavarlar və o bəxtsiz güneyli qardaşımız bir daha yadıma düşdü. Boğazımı qəhər tutdu.Həmin anlarda rus sərhədçisinin sarışın üzündəki ifadəni gözümün önündə canlandırmağa çalışdım. Doğrudanmı, əlində silah olan bir insan iki canavarın başqa bir insanı parçalayıb yeməyinə soyuqqanlıqla baxa bilərmiş?! Bəs sonra ömrü uzunu o, bu xatirə ilə necə yaşayıb?! Bu arada-o düşüncələr içində sədərəkli məsləkdaşım, alim-jurnalist, bizimlə yol yoldaşı olan Namiq Əliyevin danışdığı başqa bir əhvalatı xatırladım. 70-ci illərdə Sovet İttifaqı ilə İran arasında razılaşmaya görə Naxçıvan şəhəri yaxınında Arazın qarşısı kəsilməli, burda su-elektrik stansiyası tikilməli idi. Bu razılaşmaya görə işlər başlanır. Çayın yaxınlığında su altında qalası kəndlərin əhalisi başqa yerlərə köçürülür. Sonuncu insan da oranı tərk etdikdən sonra Arazın qarşısına bənd vurulur. Su yavaş-yavaş qalxdıqca evləri, həyətləri, bağ-bağatı, əkin-biçin sahələrini udmağa başlayır. Tikinti işçiləri, camaat sahildə dayanıb bu mənzərəyə baxır. Qəflətən görürlər ki, bir pişik artıq su altında qalmaqda olan bir evin damına çıxıb var gücü ilə miyoldayır, insanlardan kömək istəyir. Heç kimsə bir şey edə bilməz; inşaatçılar insanları çox yaxına buraxmır, özlərinin də pişiyi xilas etmək kimi bir niyyəti də yoxdur. Bu dəmdə bir it qəfildən özünü suya vurur, üzərək damın üstündəki pişiyə yetişir, onu ağzına alaraq sahilə – təhlükəsiz yerə gətirir. Ordakıların hamısı heyrətdən donub qalır. İtin ayrı vaxt pişiyi ağaca dırmaşdırdığını hamımız görmüşük; ömrü boyu düşməndirlər. Ancaq düşməni olsa belə, təhlükədə olan pişiyi it xilas edib və bəlkə həmin anda öz həyatını heçə sayıb. Bu, bir az əvvəlki əhvalatda insanın insana olan “ölümcül” insafsızlığı ilə itin pişiyə qarşı mərhəməti arasında yerlə göy qədər fərqi ortaya qoyur.
…Burda Şahtaxtı Gömrük-keçid məntəqəsində – körpünün üstündə dayanıb o tərəfə – Boldeşt adlanan qəsəbəyə baxırıq. Ora İrandır. Qərbi Azərbaycan ostanının Maku əyaləti. Körpünün üstündə bir sarı xətt var. Xəttin o üzünə ayağını qoya bilməzsən-sərhədi pozmuş olacaqsan. Namiq müəllim deyir: “Kaş hamının pasportu üstündə olaydı, o üzə keçib qayıdardıq”. Doğrudan da. İki ölkənin arasında bircə sarı xətt var burda – keçmək çətin deyil. Təbii ki, pasportla. Biz orda olanda yeni salınmış bu dəmir körpüdən iri yük avtomobilləri keçirdi. Belə bir körpünü biz ertəsi günü uzaqdan da olsa, Culfada gördük. Ordubada gedirdik. Yolun sağında Kiçik Qafqazdan İranın “payına düşən” dağlar pillə-pillə yüksəlir. Səfər yoldaşımızın biri o sərhəddə uzun illər qulluq edib. Culfa şəhəri görünür. Astara və Culfa ikiyə bölünmüş Azərbaycanın kiçik modelidirlər; yarısı çayın o üzündə, yarısı bu üzdə. Arada bir dəmir körpü. O körpüdən Sovet vaxtı Moskva-Tehran qatarı keçib gedirdi (həmin o qatarı bir dəfə mən Horadizdə görmüşdüm – stansiyada dayanmadan elə sürətlə keçdi ki… Cəmi üç vaqon. Mənə həm müəmmalı, həm gülməli görünmüşdü). Sağ tərəfdə İlanlıdağ bir yerə qədər bizimlə “gedir”. Yüksələn, alçalan çılın-çılpaq dağlar, sərt uçurumlar, qalın torpaq örtüyü altından sərt çıxan qayalıqlar, təpələrin, alçaq dağların belinə kəmər kimi sarılmış nəhəng daş parçaları, dərin, vahiməli kanyonlar, vulkan lavaları şəklində “donub qalmış” süxurlar. Buralar Culfanən torpaqlarıdır; yayda çox isti olur. Vüqar Rəhimzadə öz kəndlərinə gedən yolu göstərir bizə. Ordubad burdan sərindi deyirlər. Göygölə qalxa bilmədik – vaxt da yox idi, nəzərdə də tutulmamışdı. Çatdıra da bilməzdik. Hələ qayıdıb Şahbuza getməliydik, sonra da Bakıya uçacaqdıq. Göygölün yolu rahat deyil. Göygölə getməməyimizi Buzxanada nahar etməklə əvəzləmişdik yəqin. Bura tarixi abidədir. Dərin bir ərzaq anbarı olub; yayda soyuducunu əvəz edirmiş. Ordubadda bir neçə tarixi məkana baş çəkdik. Taleyin ironiyasına rastladıq burda; Məmməd Səid Ordubadinin qonşusu kim olsa yaxşıdır?! Hacıbala Abutalıbov! Məmməd Səid Ordubadi tarixdə “Dumanlı Təbriz”lə, “Qılınc və qələm”lə qalıb, Hacıbala tozanaqlı Bakıda betonqarışdıranla, buldozerlə…
…Şahbuz. Naxçıvanda mənim ən sevdiyim məkanlardan biridir. Qardaşım Qorxmaz İbrahimli Naxçıvana gedəcəyimi biləndə, çox sevindi, bir yandan da üzülmüşdü, kaş orda ola, bizi Nursa qonaq apara. Oraları gəzək, görək. Nursa – böyük şairimiz Məmməd Arazın dünyaya salam dediyi cənnətməkan kəndə heyf ki, gedə bilmədik. Üzü Biçənəyə – Batabata qalxırdıq. Yoldan solda-sağda – dərin, ancaq yaşıl çay dərələrinə müəzzəm mənzərə açılır. Rahat asfalt yolla irəliləsək də, aşırımlarda avtobusun nəfəsi boğulur, aram-aram gedəsidir. Yamyaşıl meşəliklərlə örtülü dağ yamaclarına heyranlıqla baxa-baxa sərt döngəli aşırımlarla gəldik, Şahbuz Təbiət Qoruğuna çatdıq. Qoruğun idarəsində Fauna və Flora Muzeyləri var. Bir otaqda Batabatda bitən otlar düzülmüşdü – Qoruğun direktor müavini, biologiya elmləri namizədi Mürsəl Seyidov deyir ki, burda 120 adda yeməli ot, 200 adda dərman bitkisi var. Bu kişinin elmi işi Batabatla bağlıdır – buranın təbiətini araşdırıb. Buranın faunası da zəngindir. Mürsəl Seyidov deyir ki, burda ov qadağandır. Geri qayıdanbaş qarşımızdan bir dəstə qabanın qaçıb meşəlikdə gizlənməsi də Mürsəl müəllimin dediklərinin təsdiqi idi. Mürsəl müəllim deyir, bu qoruqda pələng, ayı, canavar, vaşaq, tülkü var: “Təzəlikcə bir cüyür də tapmışıq”.
Yeri gəlmişkən: Burda ürəyimizi parçalayan bir əhvalat da eşitdik: İki il əvvəl Şərurdan ailələr maşınlarla bura gəzməyə, dincəlməyə gəlir. Gedəndə ata-ana elə bilir ki, uşaq nənəsi olan maşındadır. Gedib Şərura çatanda görürlər ki, uşaq meşədə qalıb. Qayıdanda dəhşətdən az qala dəli olurlar – vəhşi heyvanlar dörd yaşlı uşağı parçalayıbmış. Mürsəl kişi də deyir ki, bu meşələrdə, dağlarda təkbaşına dolaşmaq qorxuludur. Bütün Naxçıvanda olan ov qadağası burda da qorunur deyə vəhşi heyvanların da sayı artıb. Eşitdiyim bu olaydan ürəyimə xal düşdü. Bəzən insanlarımız – biz hamımız gündəlik yaşamımızda çox sorumsuz davranırıq. Kiçik sıxıntılara çox zaman və enerji xərcləyib böyük təhlükələri unuduruq. Əyalətdə yaşayan bir insan dörd yaşlı uşağını meşədə unudacaq qədər, biz isə – Bakıda əlindən tutub yeraltı keçditn üstündən – sürətlə şütüyən maşınların arasından keçirəcək qədər…
Batabat yaylağı başdan-başa yamyaşıl xalı döşənmiş kimidir. Avtobusdan düşüb 150-200 metr aşağıdakı Zorbulağa endik. Soyuq suyundan içdik. Gölün ətrafında dolaşdıq. Sevinc xanım Seyidova sağ olsun, xatirə qalmaq üçün bir neçə şəklimi çəkdi. Həsən Həsənovun maraqlı söhbətlərinin də yeri vardı. Bura təkrarsız bir məkandır. Dağların o üzündə Sisyan var – yəni türkün coğrafiyasında süni şəkildə qondarılmış saxta dövlət olan Ermənistan. Solda – Ağbulaq tərəfdə dağın zirvəsində qar var. Yolda biz gedəndə narın yağış yağdı, dayandı. Bir az əvvəl Naxçıvan şəhərinin yandırıcı istisindən gəldik, burda soyuğa düşdük. Bəli, orda şəhərdə küçələr, binalar, məktəblər, mehmanxanalar, parklar, fabriklər… gördük – abad, səliqəli, göz oxşayan. İnsanları ilə ünsiyyətə imkanımız və zamanımız çox olmadı – yaşamları ilə bağlı bilgimiz çox deyil. Ancaq şəhərini – tikintini, yaşıllığı, məhsullarını, yollarını, türbələri, məscidləri… gördük. Onlar çox gözəldir. Ancaq Batabata gəlincə… Şəhər həyatı ilə təbiətin fərqini bir daha başqa boyutda bütün kəskinliyi ilə duyursan. Zamanında Atabəylərin paytaxtı olmuş o şəhər başkəndə məxsus ehtişamlı ciddiyyətin əyalət səmimiyyəti ilə qarışdığı bir obrazdırsa, Batabat həyatın ta özüdür. Bu torpaqlardan elə Məmməd İbrahimov adlı gənc Məmməd Araz olub çıxmalıymış, yazıb-yaradıb mənəviyyatımızın nadir bir parçasına çevrilməliymiş! Başqa cür ola bilməzmiş.
…Şahbuzdan ayrılanda da böyük şairimizin 55 il öncə qələmə aldığı və bir gün əvvəl Duzdağında – öz şəklinin altında mağara divarına diqqətlə və məhəbbətlə həkk edilmiş gördüyüm “Əlvida, dağlar!” şerini xatırladım:
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa
buludlar?
Leysan, salamat qal, yağ, salamat qal.
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, qalamat
qal.
Gəldim
qarşıladı, güllər-çiçəklər,
Gedirəm əl edir boz
biçənəklər.
Nidamı
çaylara dedi küləklər:
Bulaq, salamat qal, ax- salamat qal!
Dağların pələngi, şiri
də sənsən,
Şairi
də sənsən, şeri də sənsən,
Varı,
bərəkəti, xeyri
də sənsən –
Çoban, salamat qal, sağ-salamat qal!
Bahəddin Həziyev
Ədəbiyyat qəzeti.- 2017.- 9
iyun.- S.9; 12.