Adlı-sanlı Səlimə
HEKAYƏ
Səlimə mətbəxdə
var-gəl edir, söhbəti Səlimə necə
açağını düşünürdü. Artıq
neçə müddətdir ki, qudalarıgilə getmirdilər.
Səlimə qərara gəlmişdi ki, bu həftə sonu
onlara bir baş çəksinlər. Ancaq bunu həyat
yoldaşına necə deyəcəyini bilmirdi. Çünki
o, belə şeylərdən heç xoşlanmırdı.
Yox, Səlim qonaq getməyi də, qonaq qəbul etməyi də
sevirdi, ancaq təmtəraqsız. Səlimə isə əksinə,
təmtərağı sevirdi. Bir yerə qonaq getdikləri
zaman əli dolu getmək istəyirdi; hədiyyələr də
mütləq bahalı olmalıydı. Bəs necə, adət-ənənə
beləydi axı. Əslində Səlimə özü də
daxilən bunu adət-ənənə üçün deyil,
öz ad-sanlarına görə etdiyini bilirdi, ancaq bunu
heç güzgüdəki Səliməyə belə etiraf
etmək istəmirdi. Ad-san deyəndə bir qədər
böyük səslənə bilər. Bələ baxanda Səlimgil
elə də imkanlı deyildilər, maaşları bu aydan o
biri aya güclə çatırdı. Hələ bir toya dəvət
alanda işləri lap çətin olurdu; Səlimin yarım
aylıq maaşı toya nəmər yazılmalı idi. Səlimə
bu ad-san məsələsində çox həssas idi. Hər
belə söhbətdə ad-sanlarının olduğunu
xüsusi vurğulayar, “adımız-sanımız var,
ayıbdır” deyirdi. Bu yaxınlarda Səlimin işlədiyi
kafedranın müdiri elmi ad almağı münasibətilə
qonaqlıq verirdi. Səlimin fikri sadəcə bir dəstə
gül almaq və müdirini təbrik etmək olsa da Səlimə
buna razılıq verməmiş; “Bəs
adımız-sanımız” – deyərək kişinin nə
az, nə də çox, düz ay yarımlıq maaşı
məbləgində bahalı hədiyyə almışdı.
Yaxşı ki, bacısı oğlu Tapdığın
dükanı var, belə hallarda xalasına nisiyə mal verir.
Ancaq Tapdıq da elə-belə Tapdıq deyildi, xalası ilə
şərti var idi; malı aldığı günün
kursuna uyğun Amerika dolları ilə hesablayır və sonra
pulu kursa uyğun alırdı. Buna baxmayaraq Səlimə
Tapdığı özü üçün böyük
tapıntı hesab edirdi.
Səlimə əlindəki çay dolu armudu stəkanı Səlimin qarşısına qoyub keçib qarşıdakı kresloda oturdu və üzünü Səlimə tutub soruşdu:
– Həftə sonu üçün
bir planın yoxdur?
Səlim əlindəki
qəzeti bir kənara atıb gözlüyününün
üstündən Səliməyə baxdı:
– Yenə hara getməyi
düşünmüsən?
Səlim
yaxşı bilirdi ki, əgər ona bu sual verilibsə demək
ki, Səlimə harasa getməyi planlaşdırıb və hətta
gedəcəyi yerlə danışıb da. Sual isə sadəcə
“xala xətrin qalmasın” deyə verilib. Səlimin başqa
adamla görüşü olsa da o görüş mütləq
ləğv olunmalı idi.
– Deyirəm bir qudamızgilə gedək…
Səlim
Səliməyə sözünü bitirməyə imkan vermədi
və aralarında hər zamankına bənzər dialoq oldu:
– Hədiyyəni
də yəqin ki, almısan.
– Hə,
Tapdığı sağ olsun…
– Ay arvad,
nə Tapdığı sağ olsun. Nə qədər demək
olar ki, mən pulu küçədən tapmıram ki, sən
mənim pulumu Tapdığına daşıyırsan.
Axşam tərəfi gedək; bir stəkan çay içib
söhbət edərik də. Biz ki, ora görüşməyə,
söhbət etməyə gedirik. Türklər necə deyirlər:
“Qəhvə bəhanə, söhbət şəhanə.”
– Sən
yenə də başladın…
– Onsuz da
deməklə düzələn deyilsən, gedərik.
Uşaqlara denən onlar da orda olsunlar, onları da
görmüş olarıq.
Səlimənin
gözləri güldü, yenə də istədiyini
etmişdi. Tez telefonu əlinə alıb “icraata”
başladı. İlk zəngi qudasına, Nazlıya etdi:
–
Nazlı xanım, danışdığımız kimi, şənbə
günü sizdəyik. Siz canınız əziyyət çəkib
hazırlıq filan görməyin. Özümüzük də,
bir stəkan çay içib söhbət edərik. Yayın
isitisində qazın yanında özünü istiyə salma.
Qudasının
da nə dediyinə qulaq asdıqdan sonra:
– Yox e,
yox. Siz narahat olmayın. Bizə də zəhməti filanı
yoxdur. Oldu, şənbə günü
görüşürük. Sağ olun.
Dəstəyi
asan Səlimə qızına zəng etdi və şənbə
günü qudasıgilə gedəcəyini dedi.
Qonaqlıq
çox yaxşı keçdi. Nazlı həyat
yoldaşı Qurbana hər şey aldırmışdı; mal
dilindən tutmuş Holland pendirinə qədər. Masanın
üstündə cürbəcür təəamlar, içkilər
var idi. Ancaq bir şey var ki, yeməklərin çoxusu elə
masanın üstündə də qaldı, heç içkilərin
də çoxuna əl dəyilmədi. “Ay Nazlı, sənin
axı harana yaraşır belə masa? Özünü kimə
göstərirsən? Bilmirik sizin gəliriniz nə qədərdir?
Bir qara kürü aldırmadığı qalıb. Az qala
Qurbanın iki aylıq maaşını xərclətmisən.
Guya bunu bilmirəm?” – içəri girən kimi masanı
görən Səlimə belə
düşünmüşdü. Ancaq Nazlıya: ”Ay Nazlı
xanım, niyə bu qədər əziyyət çəkmisiniz?
Öz evimizdir də, bir stəkan çay içib söhbət
edəcəkdik” – demişdi. Nazlı da ona: ”Əşşi nə
əziyyət. Əsl siz özünüzə əziyyət
verib bu bahalı hədiyyəni gətirmisiniz” – deyə
atmacalı cavab vermişdi. Əslində ikisi də bir-birinin
maddi durumunu bilirdilər. Ancaq… Bax bu ancaqlar imkan vermirdi səmimi
olmağa. Övladları da nə qədər desələr də
xeyri yox idi.
Artıq
Səliməgil öz evlərində idilər. Səlimə
adəti üzrə bir stəkan çay gətirib masanın
üstünə qoydu və keçib Səlimlə
üz-üzə oturdu. Səlim də artıq işini bilirdi,
əlində nə vardısa kənara qoyub, diqqətlə həyat
yoldaşına baxmağa başladı, bilirdi ki, o, indi nə
isə deyəcək.
Yanılmamışdı,
Səlimə başladı:
– Deyirəm,
ay Səlim, öz aramızdı, əla süfrə
açmışdılar. Ancaq hamımız onların
imkanlarını da bilirik, kimə lazım idi o qədər xərc
çəkmək…
Səlim
daha dözmədi:
– Sən
necə məni əsəbləşdirirsən e. Guya ki, sənin
imkanın başından aşır. Bilirsən bu bir neçə
ayda hədiyyələrə nə qədər pul vermisən,
ya da Tapdığına borclu qalmısan? Sənin və sənin
kimi düşünənlərin əlindən insanlar
arasında soyuqluq yaranıb, gediş-gəliş azalıb.
İnsanlar bir-birinə soyuqlaşıb. Nə vacibdir axı
bahalı hədiyyələr, zəngin süfrələr? Həm
qonaq gedən, həm ev sahibi xərcə düşür, bəzən
də borclanır. Nədi-nədi evə qonaq gələcək,
yaxud da qonaq gedəcəyik. Zatən qonaq gedəndə
yaxın adamın evinə gedərsən. Yaxın adamlar da
söz edərmi ki, kim nə gətirdi, kim nə bişirdi? Bu
kimi “hədiyyə aparmaq,” “gətir-götür” adətləriniz
ucbatından bəzi dost-tanışla, qohumlarla kənarda
görüşüb bir stəkan çay içirik. Yoxsa
bir-birimizin üzünə həsrət qalacağıq.
Barı indiki gənclik bunu tərgitsə idi əla olardı.
Ancaq hardan, bizdə nə görürlər “adətimizdir”
deyib saxlayırlar…
Səlim
danışmaqda idi ki, Səlimənin telefonuna ismarıc gəldi.
Səlimə gözucu kimdən olduğuna baxdı,
Tapdıqdan olduğunu görüncə telefonu
götürüb, özünə çay gətirmək bəhanəsi
ilə, mətbəxə keçdi ki, ismarıcı oxusun.
Tapdıq yazmışdı ki, xala, indicə dükanda
haqq-hesab etdim. Sənin borcun artıq 1850 manat edib, sən 900
dollar versən bəs edər. Ancaq, xala, bu yaxın aylarda borcu
bağlasan yaxşı olar.
“İndi
mən bunu Səlimə necə deyim? Daha bu borcu bağlayana
kimi qonaq da gedə bilməyəcəyik. Əslində
kişi düz deyir. Qonaq gedəndə, qonaq gələndə
bu qədər xərcə düşmək gərək deyil,
özünü göstərməkdən başqa bir şey
deyil. Sonra qonaq gedən də, qəbul edən də deyinir.
Neyləsinlər e, bu borcu indi necə verim? Səlimə deyim?
Yenə mənə ağzından çıxanı deyəcək”
– Səlimə bunları düşünməkdəydi ki,
telefonuna zəng gəldi. Rəfiqəsi Sevinc idi, gələn
həftə onlara qonaq gəlmək istəyirdilər. Səlimə
də özünü sevincək göstərərək: “Ay
xoş gəlirsiniz, əlbətdə ki, evdəyik” – deyib
özünü hövlanak saldı Səlimin oturduğu
otağa və içəri girər-girməz başladı:
– Səlim,
indicə Sevinc zəng etmişdi. Gələn həftə bizə
gəlmək istəyirlər. Dedim ki, gəlsinlər. Gör
nə vaxtdı gəlmirlər, azından 7-8 ay olar. Bilirsən
ki, onun ağzı sözlüdür. Həm də həyat
yoldaşı deputat köməkçisidir. Bizim də axı
adımız-sanımız var. Gərək biz də
adımıza layiq çıxaq qarşılarına. Düz
demirəm?
Səlimə
üzünü Səlimə tərəf çevirdi ki, onun
reaksiyasını görsün, ancaq Səlim artıq otaqda
deyildi
Vüqar Abbasov
Bizim yol.- 2017.- 30 iyun.- S.15.