“Mənim
üçün hər şey
mütləq VİP
olmalıdır”
Xalq artisti Afaq Bəşirqızının
APA-ya müsahibəsi
- Afaq xanım, telefonda dediniz,
Sumqayıt Teatrında tamaşanız var. Gəlin, söhbətə elə
Sumqayıtdan başlayaq...
- Bilirsiniz ki, Sumqayıt Dövlət Dram Teatrı mənim üçün
doğma yerdir. Ömrümün,
yaradıcılığımın 15 ilini bu teatra sərf
etmişəm. Bu yaxınlarda hiss etdim ki, mənə əziz
olan bu teatra kömək lazımdır. Bunu
öz vicdanım, öz istəyimlə etdim. Əlbəttə, bu barədə cənab nazirin də
mənə təklifi oldu. Dedi ki, Afaq, teatr
üçün nə edə bilərik? İsi Məlikzadə
vaxtilə mənim üçün iki tamaşa yazıb: “Hərənin
öz ulduzu” və “Subaylarınızdan görəsiniz”. İkinci tamaşanı teatrın baş rejissoru
Firudin Məhərrəmovun quruluşunda bərpa formasında
oynadıq.
- Sumqayıt Teatrının
sizin məşhurluğunuza
ehtiyacı var, yoxsa siz olmasaydınız, həmin tamaşada həqiqətən
boşluq olardı?
- Gəlin,
etiraf edək ki, təkcə teatr sahəsinin yox, hər bir
sahənin sanbala ehtiyacı var. Çünki o sanbal bir
xahiş, bir müraciət edəndə qarşı tərəf
özünə borc sayır ki, bunu hələm-hələm
söz deməyən filankəs deyib. Mən dəvət
olunanda Valeh Kərimovun tərəf müqabili olmasını
istədim. Məmnuniyyətlə razı
oldular.
- Valeh Kərimovun
işdən çıxarılmağı
xəbəri doğru idi?
- Bu mətbuatın
növbəti yalanı
idi. O teatrda heç kim
Valeh Kərimovu işdən çıxarmayıb. Aktyorun “kaprizi”, incikliyi olur. Valeh
özü teatrdan getmişdi. Səbəbləri
də teatra aid deyildi.
- Deyəsən, siz də mətbuata
qarşı qəzəblisiniz...
- Mətbuatda təsadüfi adamlar çoxdur. Ancaq xoruz
döyüşdürməklə məşğuldurlar.
İncəsənətdə bir çox
adamın yeri səhv düşdüyü kimi, mətbuatda da
yeri səhv düşənlər çoxdur. Sonra da zamanı günahlandırırıq.
- Özünüzə sual vermisiniz ki, teatr sahəsindəki təsadüfi
adamların bu yerə gəlib çıxmağında mənim
də günahım var?
- Təvazökarlıqdan uzaq
olmasın, mən
qadın, ana, aktrisa kimi bu vətən üçün nə
lazımdırsa, etmişəm.
Əsl sənətkarlar qapılara
gedib nə isə istəyə bilmir
Kaş mənim etdiyimin
bir misqalını bilavasitə bu işi
görməli olan adamlardan biri edərdi. Ona
görə də bu barədə özümü heç vaxt
günahlandırmıram. Mənim
vicdanım rahatdır.
- Teatr sahəsinə hər il onlarla gənc gəlir. Onlar bu gəlirsiz sənətin yükünü
çəkə biləcəklər?
- Əlbəttə. Amma problem ondadır ki, həmin
gənclər məbədə yığılmayıblar. Onlar
ayrı-ayrı yerlərdədirlər. Ay yarım
vaxtımı “Planet Parni iz Baku” KVN Teatrının
tamaşalarına sərf etdim. Sizə deyim, orda çox
bacarıqlı uşaqlar gördüm...
- Nə zamansa kimdənsə nəsə xahiş etmisiniz?
- Mən
heç nəyi
xahiş etməmişəm, hər şeyi mənə veriblər.
Elə aktrisa olmamışam ki, nəzərdən
qıraqda qalaydım. Mənim bütün
həyatım keşməkeşli olub. Çətin
vaxtlarımda mənə ürək-dirək verən Məlik
Dadaşovun qardaşı Salman Dadaşov olub. Sumqayıt Teatrının direktoru idi, otağına
girirdim, deyirdim, çox haqsızlıq var. Məni arxayın
edirdi ki, sən bir vaxt ucalacaqsan və hər şey unudulacaq.
Aktrisanın evdən, şəraitdən,
dolanışıqdan nigaranlığı olmamalıdır.
Çünki tamaşaçı iki saat problemlərdən
azad olmaq üçün teatra gəlir.
Aktyor qayğı
ilə, problemlə
tamaşaçını yükləyəndə onda biz nədən
danışa bilərik? Əsl sənətkarlar qapılara gedib heç nə
istəyə bilmir. Sadəcə, deyirlər, niyə belədir?
Daha doğrusu, sənətkar qapıya özü
üçün yox, kimin üçünsə gedir. Mənim
laqeyd qala bilməməyimdən sui-istifadə edənlər də
olub. Məsələn, bir şeyə layiq deyil, amma istəyir,
onu əldə etsin. Biz hansısa ödülü əldə
etmək üçün sənətin əziyyətini
çəkəndə, kimlərsə gözəl şərait
üçün qapıları döyürdü. Ən
böyük hakim Allahdır. Haqqı çatan adama görə
qapıları döyməyə, zəng edib xahiş etməyə
hazıram. Çox sağ olsunlar, məni eşidirlər. Məni
ən çox ağrıdan məsələni sizinlə
bölüşmək istəyirəm. Çox istərdim ki,
teatr rəssamı olan xalq artisti Tahir Tahirov prezident təqaüdü
alsın. O, heç mükafat da almır. Tahir Tahirov kimi teatr
rəssamları Azərbaycanda həmişə az olublar. Mənə
elə gəlir, onun maddi ehtiyacı ödənməlidir. Tahir
Tahirov danışmır, mən danışıram, deyirəm.
- Sizi təmin olunmuş adam
saymaq olar. Ona görə də səhnəyə
qayğılardan uzaqlaşıb çıxa bilirsiniz. Amma bunu gənclərə də aid etmək
olarmı?
- Onlar bu haqda mənə
danışmayınca, heç nə deyə bilmərəm. Gənclərə
yer veriləndə korifeylər teatrdan getməməlidirlər.
Nəinki korifey, hətta ən zəif aktyor belə getməməlidir.
Çünki gənclər onlardan çox şey öyrənirlər.
İndiki aktyorlar toya tamada gedir, şənliklərdə
iştirak edirlər. Soruşanda da deyirlər, ailəmi
dolandıra bilmirəm. Amma mən Afaq Bəşirqızının
Sumqayıt Teatrında ürəyi gedib, həkim gəlib ki,
aclıqdandır, bir stəkan şirin çay verin
içsin. Biz bütün günümüzü sənətə
həsr edirdik. Bu gün mənə niyə filan şey vermədilər
deyib, qışqır-bağır salan incəsənət
xadimləri bilməlidir ki, bütün bunları qazanmaq
lazımdır. Teatra gələn gənc bilməlidir ki, burda
maaş çox azdır. Mən Afaq Bəşirqızı
250 manat maaş alıram. Gənc bütün bunları nəzərə
almalıdır. Bir məşhur aktyor var, beş il mənimlə
bir partada oturub. O, teatrda çalışır, axşamlar da
qarajda gözətçi işləyir.
- Siz bunu nümunə
kimi göstərirsiniz? Və sanki
tamadalıq pisdir, qarovulçu qalmaq yaxşı şeydir?
- Ailəsini dolandırır. Söhbət tamadalığa
pis baxmaqdan getmir. Mən sənətkarı toyda görmürəm.
Aktyor toyda kiminsə artıq-əskik sözünü
götürə bilir, amma vağzalda yük daşıya
bilmir?
Aktyor sənəti
qurbanlıq sənətdir. Rza Əfqanlı deyirdi,
aktyor evlənməməlidir. Bir otaqlı evi olmalıdır,
vəssalam, orda rolunu məşq etməlidir, sənəti
haqqında düşünməlidir. Mən də
qurbanlığam, istədiyim sənəti əldə edə
bilmədim. Şərqşünas olmaq istəyirdim.
Tapşırılmamışdım, tarix müəllimi 3
yazdı. İlk dəfə onda dedim ki, Bəşir Səfəroğlunun
qızıyam. Türk dilinə yönəltmək istədilər,
istəmədim. Allah Müxlis Cənizadəyə rəhmət
etsin, onun dəvəti ilə incəsənətə gəldim.
- Son vaxtlar çəkilən komediya filmlərinə
baxırsınız?
- Cəmiyyətdə
komediyaya aclıq var.
Amma çəkilən bu komediyalara yox. Həddindən
artıq qeyri-peşəkarlıq var. Pis bilirsiniz nədir? Mənə
nümunə göstərirlər ki, hansısa aktyor
günü filan qədər pula çəkilir, amma siz
razı olmursunuz? Pulu artırırlar, yenə istəmirəm.
Çünki bəhanə edirəm. Ssenari xoşuma gəlmir
və vəziyyətdən çıxmaq üçün
qonorarı yüksək deyirəm. Ssenari xoşuma gəlsə,
ümumiyyətlə, pul almaram. Mənim əziyyətlə
qazandığım adım var, onu pula qurban verə bilmərəm.
Mən reklama çəkilmirəm. Bir firmadan zəng vurdular
ki, üç dəqiqəlik reklamdır, istəyirik siz
çəkiləsiniz. Amma başqa bir aktyora da demişdilər.
Zəng vurdum həmin aktyora, dedim, elə bir qiymət deyəcəyəm,
onlar məni yox, səni çəkəcəklər, qorxma.
Çünki onun ehtiyacı var idi. Sonra zəng vurdu ki, nə
istədimsə, onu da verdilər. Mən sevdiyim, sanbalına
inandığım aktyora hər cür kömək əlimi
uzadıram.
- Serialları izləyirsiniz?
- Məni
onlarla düşmən
etməyin. Heç birinə baxmıram.
- Bir zamanlar Azərbaycanda müstəqil teatrlar yaranmışdı, amma
onlar zamanla ayaqlaşa bilmədilər. Bunun səbəbi
nə idi?
- Ayaqlaşma
məsələsi deyil,
sadəcə, o teatrların konsepsiyası
yox idi. Hər bir teatrın özünün nizamnaməsi
olmalıdır. Mən burda yaratdığım teatrın sədası
ilə Moskvadakı teatrı yaratdım. Həmin teatr indi də
fəaliyyətdədir. Sadəcə, mənim səhhətimlə
əlaqədar akademik məzuniyyətdədir. “Bəşir
Teatrı” Rusiyanın 67 şəhərində və 11
ölkədə çıxış edib.
- Afaq xanım, sizi televiziya
tamaşaları və filmlər məşhur etdi. Bu mənada demək olarmı, teatra yox, televiziyaya
borclusunuz?
- Mənim
zirvəyə çatmağımda
əziyyəti keçən insanların
olduğunu deməsəm, nankorluq olar. Bütün
tanımış aktyorlar AzTV-yə borcludurlar. Mən AzTV-ni həmişə
özümə isti ocaq bilmişəm. Aktyorlar Ramiz Həsənoğluna,
Tariyel Vəliyevə borcludurlar. Şərif Qurbanəliyev mənim
həyatımda çox böyük rol oynayıb. İncəsənət
sintetik sənətdir. Aktyorun yetişməsi üçün
səhnə arxasında qalan qrim ustasının,
dekorçunun, fəhlələrin də rolu var. Əvvəllər
öz rollarıma baxmırdım, amma son vaxtlar oturub izləyirəm.
- Özünü təsdiq edən aktyorlar bəzən
rejissor quruluşuna düzəliş vermək istəyir,
özlərinə monoloq yazdırmaq eşqinə
düşürülər. Olubmu, rejissorla
razılaşmayıb öz fikrinizi məcbur qəbul etdirəsiniz?
- Əgər
mən tamaşanın
quruluşunu düzgün görürəmsə,
onu rejissora inandırıram. Hər zaman etikanı
gözləyib rejissorun fikrinə üstünlük vermişəm.
Amma bəzən görürsən ki, rejissorun qurduğundan
daha canlı ifa edə bilirsən və müştərək
iş gözəl alınır. Heç bir rejissordan küsməmişəm,
mübahisəmiz olmayıb.
- Amma nədənsə cəmiyyətdə
“kapriz”li insan obrazınız
formalaşıb...
- Ortabab və aşağı ilə aram yoxdur. Mənim
üçün hər şey mütləq VİP
olmalıdır. Hamını başa salıram ki, iş
gözəl olmalıdır. “Kapriz” o deyil ki, tamaşanı
yarımçıq qoyasan, məşqə gəlməyəsən
və s. Belə şeylərdən uzaq olmuşam.
Rejissorla olmasa da, rəssamla
mübahisələrim olub. Nə barədə? Teatr rəssamı
aktyoru rejissordan daha çox nəzərə almalıdır.
Bir də görürsən, gözəl rəssamdır, dəvət
ediblər teatra, deyir, geyim seçməyə ehtiyac yoxdur, nə
istəyirsiniz, geyinin. Mən də deyirəm, yeriyə bilmirsənsə,
ayaqqabı geyinmə. Sən ayaqyalınsan, amma klassik
tamaşada rəssam işi görmək istəyirsən.
Üzeyir Hacıbəyovun tamaşasında Rembrandtın
ekstravaqant əsərini divardan asır. Tamaşaya dəxli
yoxdur e, başa düşürsünüz? Əgər bunlar
“kapriz”dirsə, onda hə, sizin dediyiniz kimiyəm.
- Məşhur olmağınızı
nə vaxtdan hiss
etdiniz?
- 1990-cı ildən
sonra “Bəxt üzüyü” tamaşası ilə məşhur
oldum. “Bəxt üzüyü” tamaşası filmdən qat-qat
güclü idi. Tanınmaq isə 1983-cü ildə “Evləri
köndələn yar” teletamaşası ilə olub. 90-cı
illərdən artıq insanlar küçədə məni
tanıyıb yaxınlaşır, söhbət edir, avtoqraf
alırdılar.
- Belə şeylər indi də olur?
- Düzünü
deyim, indi səhhətimlə əlaqədar
küçədə piyada gəzmirəm. Ola bilər, iraq
olsun, mənə qarşı olan diqqət, sevgi səngisin,
unudulum. Hər bir sənətkar bunu fikirləşməlidir.
Jurnalist sənin yanından laqeyd keçəndə içəridən
“mən burdayam” hayqırtısı gələ bilər.
- İnanmıram, sizin taleyinizdə belə
olsun...
- Əvvəlki kimi çılğınlıq, repertuar
bolluğu olmasa da, ildə bir solo tamaşa oynayıramsa, bu mənim
özümə olan diqqətimdir. Mən arenadan hələ
düşmürəm.
- Amma fikirləşmirsiniz ki, gəncliyin gətirdiyi
məşhurluğu xərcləməklə məşğulsunuz?
- Əgər
bu günün gəncləri 20 Yanvarın hansı hadisə
ilə bağlı olduğunu bilmirsə, Xaçmazı
Qarabağ zonasından hesab edirsə, Aleksey Batalovu
tanımırsa, əlbəttə, onlar məni də
tanımaya bilərlər. Küçədə-bazarda kimsə
məni tanımasa, bu məni narahat etmir.
- Sizi Nəsibə Zeynalova
ilə müqayisə edənlər də
var. Necə hissdir?
- Mənim
Nəsibə Zeynalovaya
çatmağıma çox var. Ona
görə də bu müqayisə düzgün deyil.
- Mədəniyyət
və İncəsənət
Universitetindən niyə
uzaqlaşdınız? Siz də universitetin tələbələrinin
səviyyəsindən razı deyilsiniz?
- Dərs demək istəmədim. Mən
rektor Fərəh Əliyevaya çox ümid edirəm.
İnanıram ki, hər şey yaxşı olacaq. Dəvət
olsa da, dərs demərəm. Yorğunam. İşlərimi də,
yaşayışımı da qrafiklə edirəm.
- Bir neçə il əvvəl
demişdiniz, deputatlığa namizədliyinizi irəli sürəcəksiniz.
Hələ də bu niyyətdəsiniz?
- Mənə elə gəlir, daha güclü, perspektivli mütəxəssislər
deputat seçilsələr öz sahələrinin də,
ölkənin daha yaxşı inkişafına səbəb
olarlar. Mənim xroniki deputatlardan xoşum gəlmir.
- Adətən aktyorlardan son oxuduqları
kitabın adını soruşuram. Sizdən də eyni suala
cavab istəyirəm...
- Seymur Baycanın
“Quqark” və
“Körpüsalanlar” romanlarını oxumuşam. Çox
sağ olsun, son kitabını özü gətirib verib.
Seymurun yazıları çox xoşuma gəlir.
Aqşin Yeniseyin şeirlərini
oxuyuram. Ağıllı fikirləri
var. Bir az dəymədüşər uşaqdır, amma
yaradıcılığını qiymətləndirirəm.
Elxan Elatlını da oxuyuram. Ümumiyyətlə, detektivi
sevirəm. Çingiz Abdullayev, Mopassan mənim stolüstü
kitablarımdır. İndi Oşunun kitabını oxuyuram.
- Oşu fəlsəfəsində bir
azərbaycanlının mental və ailə-əxlaq
təsəvvürləri ilə üst-üstə
düşməyən çox şey var. İnanmıram, siz
xarakterli və dünyagörüşlü insan Oşonu
sevsin...
- Ümumiyyətlə,
Oşu mənim
üçün çox
maraqlıdır. Amma əlbəttə, bütün fikirləri
ilə razı deyiləm. Məhəbbətlə, sevgi ilə
bağlı fikirlərini çox bəyənirəm. Adətlərlə,
tərbiyə ilə bağlı məsələlərdə
isə onun fəlsəfəsində
dağıdıcılıq hiss edirəm. Oşunun
övladın valideynə münasibətindəki təsəvvürləri ilə qətiyyən
razılaşa bilmərəm. Bir vaxtlar Orxan Pamuka aludə
idim. Onun “Qar”, “Cövdət bəy və oğulları” və
başqa kitablarını oxumuşam. Sonra Orxan Pamukdan incidim.
- Afaq Bəşirqızının Orxan
Pamukdan inciməyi maraqlıdır...
- Mən
inanmıram ki, Orxan Pamuk “Nobel” mükafatına görə
yaza ki, kürdlər 600, türklər isə 1 milyon ermənini
qırdılar. Bununla bir növ “genosidi” təsdiq etmişdi.
Kolumbiya Universitetinin yetişdirməsi olmaq, Kolumbiya
Universitetində dərs demək nə dərəcədə
qeyri-adi bir şeydir? Eynşteyn Kolumbiya Universitetini bitirməyib,
orda işləməyib. Düzdür, mənim Eynşteyndən
zəhləm gedir. Atom bombasını yaratdığına
görə acığım gəlir ondan. Məhvedici bir
şeyi nə üçün yaradırlar? Eynşteyn
çox gözəl bilirdi ki, zəmanəni biganələr
buraxdı, divanələr tutdu. Həmin o biganələrin
siyahısına Eynşteyn də daxil oldu. Siz mənimlə
razısınız?
- Deyirsiniz, yəni dünyanı divanələr idarə edir?
- Mən buna inanıram. Masonlar
haqqında yazılan kitabları oxuyuram.
- Siz doğrudan inanırsınız
ki, dünyanı Masonlar idarə edir?
- Bilirsiniz, dünyanı idarə edənlərin adı Masondursa, bu,
düzgün deyil. Onların adı bilinməzdir. Amma siz
özünüz də bilirsiniz ki, dünyanı idarə edənlər
var.
- Azərbaycan ədəbiyyatında necə,
“Nobelə” layiq olanlar var?
- Hazırda? Hələ
ki, o yazıçını görmürəm. Mən
çox istəyərdim Səttar Bəhlulzadə, Bəxtiyar
Vahabzadə alaydı bu mükafatı.
- Kimi dinləyirsiniz?
- Mənə deyirlər, saz musiqisini sevirsiniz? Deyirəm, gərək
sazı Aşıq Ədalət çala. Muğamı da gərək
Hacıbaba Hüseynov oxuya.
Estrada musiqinə
qulaq asanda Oqtay Ağayevin səsini axtarıram. Onun
mahnıları məni yaşadır. Flora Kərimovanın
indiki “Göydən daş gəldi, it məni qapdı”
qarğışı yox, əvvəlki repertuarı məni yaşadır.
- Qarğış
məsələsini bilmirəm,
Flora Kərimovanın səsi yenə həmin o köhnə səsdir,
dəyişməyib...
- Repertuarı da köhnə repertuardır. İndikini deyə bilmərəm.
- Dinə münasibətiniz haqqında
danışaq...
- Dini fanatiklərdən həmişə
qorxmuşam, çəkinmişəm.
Fanatlıq ucuzluq, sui-istifadə, özündən müştəbehlikdir.
Bəzən savadsız din xadimləri deyirlər ki, filan
şey “Qurani-Kərim”də yazılıb. Mən “Quran”ı
dörd dəfə oxumuşam, onun dediyinə rast gəlməmişəm.
Deyirlər, Allahın adı çoxdur, amma “Ümid” yoxdur. Mənim
Allahımın adı Ümiddir. Ümid sevgidir.
- Dinin vacib bildiklərini yerinə yetirirsiniz?
- Bəhanə olmasın, namazı bilirəm, sadəcə, səhhətim yerinə
yetirməyə imkan vermir. Eyni zamanda da səhhətimə
görə oruc tuta bilmirəm. Onsuz da həyatım boyu orucam.
Güclü dietdəyəm. Bundan başqa da öz tikəmi
bölməyi həmişə özümə borc bilmişəm.
- Bir zamanlar Ramiz Əzizbəyli ilə aranızda
narazılıq yaranmışdı. İndi münasibətiniz
necədir?
- Siz mənə Ramiz Əzizbəyli haqqında
dediyim bir neqativ cümləni göstərə bilərsiniz?
- “Bəxt üzüyü” filmi
ilə bağlı idi. Ramiz Əzizbəyli demişdi, Afaq nankorluq edib...
- Sizcə, maraqlı saymadığım,
olub-olmamağı ilə
maraqlanmadığım bir
insan haqqında danışaram?
- Ramiz Əzizbəyli olub-olmamağı fərq
etməyən adamlardan
deyil axı...
- Onda qoy özünə görə olsun. Özü bilər, mənim maraq dairəmdə deyil.
Bizim yol.- 2017.- 23 iyun.- S.15.