«Ölüm insanın ən yüksək
zirvəsidir»
Əməkdar incəsənət
xadimi, bəstəkar Faiq Sücəddinovun Lent.az-a müsahibəsini
ixtisarla təqdim edirik.
- Faiq müəllim, nə işlə
məşğulsunuz?
- Yaradıcılıq elə
işdir ki, onunla mütləq hər gün məşğul
olmalısan. Sən yaradıcılıqla məşğul
olmasan, ritmdən düşəcəksən. Ritm bilirsinizmi nədir?
Həyatdır. Yol gedirsən, ayaq səslərin sənin
ritmindir. Yatmaq da ritmdir. Ümumiyyətlə, ritm həyatın
vurğusudur. Musiqidə belə bir şey var:
dörd-dördlük yazanda, beş-dördlük yaza bilməzsən.
Ritmin də çərçivəsinin içindən
çıxa bilməzsən. Əgər çıxmaq istəsən,
işarə etməlisən ki, üç-dördə
keçirsən, ya da altı-səkkizə keçirsən. Həyat
da belədir.
- Uzun
bir sənətkar ömrü yaşamısınız.
Artıq 70 yaşa doğru gedirsiniz. Vəziyyət necədir,
rahat yaşaya bilirsinizmi?
- Çox xoşbəxtəm ki, mən
öz işimlə, öz peşəmlə məşğulam.
Uşaqkən anam məni musiqi məktəbinə apardı.
Onda 6 yaşım vardı. O gündən bu günə kimi mən
öz sevimli peşəmlə - musiqimlə bir yerdəyəm.
Yaradıcılıq nədir? Yaradıcılıq tək
mahnıdan ibarət deyil. Bunun ayrı-ayrı formaları var. Opera, balet,
simfoniya, kvartet, simli kvartet, kamera musiqisi və s.
2016-cı ildə Cəlil
Məmmədquluzadənin "Ölülər" filminin
yeni versiyası çəkilirdi. Tahir
İmanov mənim yanıma gəldi. Dedi, Faiq müəllim,
biz bir ssenari yazmışıq, istərdik, o ssenariyə
uyğun musiqi yazasan. Təbii, musiqi
çoxşaxəli idi. Orda hər
formalı musiqi oldu; müasir və qədim musiqi. Orda
opera müğənnisi də, mahnı ifaçısı da
oxudu... Film bitdi, uğurlu oldu, baxış oldu,
təbrik elədilər və s.
-
Bununla nə demək istəyirdiniz?
- Demək istəyirəm ki,
kino dramaturji bir əsərdir. Hər bir əsərin
dramaturji məzmunu var. Mahnıda da dramaturgiya ən yüksək
notdur.
- Bəs
insan həyatında ən yüksək dramaturji not nədir?
-
Ölüm! Ölüm insanın ən yüksək
zirvəsidir.
- Belə bir fikir var ki, 1990-cı illərin
əvvəllərində sizi məşhurlaşdıran, daha
geniş ərazilərdə tanıdan mərhum İlhamə
Quliyevaya yazdığınız mahnılar olub.
- Yox, yox... İcazə
ver, sənə bir söz deyim. Birincisi,
1990-cı ildə mən Mahnı Teatrının müdiri və
bədii rəhbəri idim. O vaxtlar kanal az
idi. Dövlət televiziyasından başqa, bircə
Sara televiziyası vardı. İctimai
Televiziya da yox idi. Allaha şükür ki,
bu gün xeyli televiziya kanalımız var. Və təbii ki, məni
dəvət edirlər. O ayrı məsələ ki, son
zamanlar verilişlərə getmək istəmirəm. Çünki mövzu yoxdur. Yadımdan
çıxdı, sözü nəyə gətirirdim?
-
İlhamə Quliyeva...
- Mən bir mahnımı İlhamə
xanıma göstərdim, o da oxudu. Ondan qabaq
1994-cü ildə “Azəri Star” vardı. O gündən
televiziya vasitəsilə məni daha geniş şəkildə
tanımağa başladılar. Ondan da qabaq
çox mahnılar yazmışam. "Vətəndən
pay olmaz" mahnımı Mübariz Tağıyev oxumuşdu.
- Şəxsən mən sizi İlhamə Quliyevaya
yazdığınız "Neylərsən?"
mahnısı ilə tanımışam.
- Bu mahnı 1994-cü ilin
sonunda gəldi. Və “Neylərsən?”i
yazan mən olsam da, bu mahnı mənim yox, İlhamə
Quliyevanın həyat və yaradıcılığında
dönüş yaratdı. Sonralar isə
İlhamə xanım mənim çox mahnımı oxudu.
- İlhamə Quliyeva ilə münasibətləriniz
yaxşı idimi?
- Tək İlhamə
xanım yox, mənim bütün oxuyanlarla münasibətim
"siz"dən o tərəfə keçmir. Aramızda həmişə pərdə olur. İlhamə Quliyeva isə deməzdim mənim dostum
idi. Amma pis adam deyildi. Tez-tez mənə
zəng edirdi ki, Faiq, xahiş edirəm, sabah
ad günümdür, sən də gəl. Deyirdim,
ay İlhamə, vaxtım yoxdur, özümü pis hiss edirəm,
gələ bilməyəcəm.
- Sizi
məclisə çağırırdı, getmirdiniz?
- Bəli, getmirdim.
- Nə
üçün?
- Çünki belə şeylərdən
qaçıram. Yaxud İlhamə Quliyeva zəng
edirdi ki, gəl gedək restorana, getmirdim.
- Nəyi
bəhanə edib getmirdiniz?
- Mən, ümumiyyətlə,
axşamlar çörək yemirəm. İlhamə xanım
çox ürəyiaçıq, şən adam
idi, amma həmişə onun dəvətlərindən
qaçırdım. Mən Rəşid Behbidovu
yadıma salmaq istəyirəm. Onunla aylarla
oturub mahnı məşq etmişik. O yana-bu yana gedir-gəlirdi və mənə
sataşırdı.
- Rəşid Behbudov sataşıb sizə nə deyirdi
ki?
- Mahnılarım çox
xoşuna gəlirdi, mən də cavan bir oğlan. Axırda deyirdi ki, bu mahnını hardan
oğurlamısan? Çox mehriban və məzəli adam idi. Şövkət
xanımla da işləmişəm. Mənim
mahnılarımı çox adam oxuyub.
Zeynəb xanım, Nisə xanım, Flora xanım...
- Bəs
nə əcəb bu insanlarla yaxın dost deyilsiniz?
- Bilirsiniz, dostluq ayrı
şeydir, işbirliyi ayrı. İnsanın
dostu bir olar, iki olar. Çox mümkün
deyil.
-
Maraqlıdır, ruhunuzu dincə qoymaq istəyəndə kimlərə
qulaq asırsınız? Hansı səs sizə
rahatlıq verir?
- Mən çox yaxşı bilirəm,
kim necə oxuyur. Biri
fonoqramla oxuyur, o biri canlı. Kimi pul, kimi sənət
üçün oxuyur. Heç kimi tənqid
etmək istəmirəm, ancaq musiqi elə bir şeydir ki, sən
orda lider olmalısan. Yəni heç kimi
yamsılamamalısan. Öz musiqini oxumalısan və səsin
az da olsa, fərqli olmalıdır. Mütləq yeni bir şey etməlisən. Sənin kiməsə bənzəməyin
özündən daha çox bənzədiyin adamın tarixdə
qalmasına xidmət edir.
- Röya ilə işləmisiniz?
- Röya da yaxşı müğənnidir.
Onunla da işləmişəm. Bir neçə mahnımı oxuyub. Bir mahnı da vermişəm, yaxınlarda
oxumalıdır.
- Yazdığınız
mahnılara görə çoxmu qonorar alırsınız?
- Xahiş edirəm, bu
söhbəti eləməyək. Təbii,
qonorar da olmalıdır. Amma belə
şeyləri danışmaq ayıbdır. Mən ciddi adamam.
- Cavanşir Quliyev necə bəstəkardır?
- Çox gözəl.
-
Cavanşir müəllim ictimai-siyasi məsələlərdə
daha aktivdir. Sizdə isə əksinədir.
- Hər insan öz həyatını
yaşayır. Kiməsə müdaxilə eləmək ki, sən
niyə belə danışırsan, olmaz! Bəlkə
Cavanşir siyasətə daha meyllidir, ona görə aktivdir.
Məsələn, mən də siyasəti sevirəm
və onu izləyirəm, öz fikrim var.
- Nədir
öz fikriniz?
- Mən prezidentimizi dəstəkləyirəm.
Bu gün biz çox çətin bir zamanda
yaşayırıq. Hər yerdə
müharibə gedir, hər yerdə dəhşətdir. Amma Allaha şükür, Azərbaycanda əmin-amanlıqdır.
Bizim gözəl, güclü ordumuz var. Dövlətimiz
qüdrətlidir. 90-cı illərdə tez-tez xaricə
gedirdim, nə qədər eləyirdim, Azərbaycanı
heç kim tanımırdı. Şükürlər olsun ki, bu gün ölkəmizi
dünya tanıyır.
- Siz
necə bilirsiniz, dünya ölkəmizi nəyi ilə
tanıyır?
- Tək neftə görə yox, mədəniyyətinə,
tarixinə, idmanına və təbii ki, muğamına görə
də tanıyır. Uzağa getmək istəmirəm,
2014-cü ildə ölkəmizdə Avropa Oyunları
keçirildi. 2015-ci ildə isə Soçidə Olimpiya
oyunları oldu, keçən il də
Rioda. Bu oyunların heç biri bizdə keçirilən
Avropa Oyunlarının balaca bir zərrəsi də ola bilmədi. Azdırmı bu?
Mənim evimdə formam var, onu geyinib əlimdə
məşəl qaçırdım. Bu,
tarix kimi qalır.
Siz son zamanlar Parisdə
konsertlər görmüsünüz? Onların
bizim müasir bəstəkarlarımıza və kamera orkestrlərimizə,
oxuyanlarımıza ağızları açıq qalır.
Hollivudda "Arşın mal alan" getdi.
Bütün Hollivudun ağzı açıq
qalmışdı. Mən "Əli və
Nino" filmini də qeyd etmək istəyirəm. Çox gözəl filmdir. Hamısı
bizim tariximizdir. Yeri gəlmişkən,
"Əli və Nino"nun kitabını da oxumuşam.
- Deyə
bilərsinizmi, "Əli və Nino"nun müəllifi
kimdir?
- O film mənim
xoşuma gəldi.
- Əsərin müəllifin soruşuram.
- Vallah, çətin bir
adı var, yadıma deyil.
- Qurban
Səid?
- Yox, deyəsən, ayrı
ad yazılmışdı.
- Yusif
Vəzir Çəmənzəminli?
- Dediyim odur ki, o filmə
baxıb, tarixə, babamgil tərəfə getdim. Mənim babam İsmayıl gözəl bir insan olub.
Ordubadda yaşayıb. Mən
"Əli və Nino" filminə baxıb, o tərəflərə
getdim.
- Faiq
müəllim, mərhum prezident Heydər Əliyevlə
görüşmüşdünüz?
- Təbii. Mən Heydər
Əliyevi 1996-cı ildə görmüşəm. Görüşdük. Söhbət
də eləmişik.
-
Söhbətinizin mövzusu nə idi?
-
Musiqidən danışdıq. Heydər
Əliyev musiqinin çox böyük bilicisi idi. Musiqini dərindən bilirdi. Saatlarla Üzeyir
Hacıbəyovdan, Fikrət Əmirovdan, Rəşid Behbudovdan
danışa bilərdi.
Sizə tarixi bir fakt da
deyim. 1941-ci ildə Tofiq Quliyev Niyazi ilə bir estrada orkestri düzəldib, Naxçıvana
gedirlər. Düz 10 konsert verirlər. Konsertlərin hamısına da cavan bir leytenant gəlirmiş.
O, Heydər Əliyev idi. Son gününə
kimi Zərifə xanım piano çalırdı, oxuyurdu.
Ümumiyyətlə, bu ailənin musiqi ilə
ciddi bağlılığı var.
- Siz
bilərsiniz, nə üçün dünyanın
böyük bəstəkarları, rəssamları,
yazıçıları, şairləri sonda adətən
intihara əl atır? Müəyyən bir yerdən sonra həyat
onlar üçün əhəmiyyətini itirir və intihar
olmasa da, özünü bədbəxt etməyin bir yolunu
tapırlar. Bizdə isə əksinədir, adamlar
yazıçı, rəssam, bəstəkar olub, xoşbəxt
olurlar: ev, pul, maşın, fəxri ad,
hörmət-izzət və s. Dibinə kimi yaşamaq istəyirlər.
- Belə şeylər psixoloji
durumdan asılıdır. İsveçdə yaşayan bir adam mənə dedi ki, burda çox adam intihar
edir. Günorta saat ikidir, qaranlıqdır.
Yağışlar yağır. Nə qədər qaranlıq olar? İsveçdə insanların psixoloji durumu zəifdir,
ona görə də intihar edirlər.
- İsveçdə?
- Bəli...
- Bəlkə maddi vəziyyətləri
ağırdır, banklara borcları var, dolana bilmirlər, ona
görə intihar edirlər.
- Yox, hər şeyi maddi vəziyyətlə
bağlamaq olmaz. Səbəb psixoloji durumdur.
Psixoloji durum XXI əsrin yeni xəstəliyidir.
İsveçdə səhərdən axşama
kimi kompüterin qabağında otururlar, çölə də
çıxa bilmirlər. Ona görə də
xaricdə yaşayan insanlar psixoloji duruma dözə bilmir,
intihar edirlər.
- İçki içirsiniz?
- Yox.
-
Siqaret necə?
- O da yox.
-
Dünyanın bu nemətlərindən niyə
dadmırsınız? Özünüz də sənətkar.
- Çünki bu nemətlərin
ayrı əks-sədası var. Mən hər səhər
yuxudan qalxanda Allahla danışan adamam.
- Namaz
qılırsınız?
- Yox. Amma mən
özüm seyidəm.
- Həcc
ziyarətinə necə, getmisiniz?
- Yox, getməmişəm. Getmək də olar. Amma gərək
adamın ürəyindən gəlsin ki, getsin.
- AzTV-yə baxırsınız?
- Bəli, AzTV-yə çox
baxıram. Ora mənə çox
doğmadır. AzTV-nin həyətinə girəndə
ürəyimdən nələr keçir, nələr... AzTV-də böyük, dahi insanlar görmüşəm.
- Bəs ordan Azərbaycan necə
görünür?
- Bir söz deyim. Mən seriallara çox pis baxıram. Çox maraqsız seriallardır. Hamısı bir-birinə bənzəyir. İnan, mən Azərbaycanı, Bakını
çox sevirəm.
- Övladlarınız
nə işlə məşğuldur?
- Bir oğlum var. Hüquqçudur.
İki də nəvəm var. Biri qız, biri
oğlan. Qız uşaqları ataya daha
yaxın olur. Oğluma deyirəm ki, sən
qızını ələ al, qardaşı nə qələt
eləyir, hamısını sənə deyəcək
(gülür).
- Əsl nəvə ilə oynayan
yaşınızdır.
- Nəvələrlə
tez-tez görüşmək olmaz, qoy dərslərini oxusunlar.
Allah uşaqlarımızın canın sağ
eləsin. Uşaqlar bizim gələcəyimizdir.
İnsan gedəndə özü ilə
heç nə aparmır, nəyi varsa, balalarına verib gedir.
- İnsan gedəndə özü ilə heç nə
aparmırsa, bəs bu qədər acgözlük, var-dövlət,
mülk, pul hərisliyi nədən yaranır?
- Həyatın məzmunu budur. Həyatın qanunu bundan ibarətdir ki, kimisi
varlı olur, kimisi kasıb, kimisi də ortabab. Bütün bunlara baxmayaraq, yaşamaq
lazımdır.
- Yüksək səviyyəli məmurlardan
dostluq elədiyiniz varmı?
- Bu nə deməkdir? Mən
özüm elə məmuram da! Özü də
yüksək səviyyəli məmur. Bəstəkaram,
bundan böyük bir şey ola bilər? Mən toylara getmirəm, heç kimdən də
asılacağım yoxdur. Hamısına
böyük hörmətim var. Sağ olsun dövlətimiz, bu
gün sənətə, sənətkara böyük
qayğı göstərir.
- Bəs
hansı şairlərin sözlərinə mahnı bəstələmək
istərdiniz?
- Mən şairlərə
qarşı çox tələbkaram. Xahiş
edirəm ki, mənə elə-belə şeir verməyin.
Məsələn, Arzu Yəhyayeva çox
gözəl şeirlər yazır.
- O kimdir? Tanımadım.
- Bundan başqa, Baba Vəziroğlu
ilə çalışıram.
- Faiq
müəllim, bizdə niyə sərbəst şeirin bəstəkarı
yoxdur?
- Axı sərbəst şeirə
mahnı yazmaq mümkün deyil. Çünki
ölçü eyni olmalıdır. Ya
11-lik, ya da 8-lik, ya da 7-lik olmalıdır.
- Çox
vaxt şeirə musiqi yazırlar. Elə olurmu
musiqiyə şeir yazsınlar?
- O da olur,
mümkündür. Amma o musiqini də şair
özü yazmalıdır.
- Musa
Yaqub, Ramiz Rövşən, Vaqif Bayatlı... Bunlar
ciddi şairlərdir. Şeirlərinə
mahnı yazmaq olmazmı?
-
Qeyri-ciddi şair ifadəsi yoxdur. Şairlərin
hamısı ciddidir. Məsələn, Səməd
Vurğunun şeirlərinə mahnı yazmaq çox çətindir.
Cabir Novruzun, Kürçaylının sözlərinə isə
mahnı yazmaq rahatdır. Çünki
axıcılıq var.
-
Əhməd Qaya, Sezən Aksu oxuyanda adam
sanki sərxoş olur. Bizdə də belə səs
varmı?
- Mən neçə il
Türkiyədə olmuşam. Azərbaycan
musiqisi nə Əhməd Qayadan, nə də Sezən Aksudan
geri qalır. İnan, onlar bizim musiqimizi
dinləyəndə dəli olurlar.
Bizim Yol.- 2017.- 2 mart.- S.15.