“Aktyorların heç birində
tənqidə dözüm yoxdur”
Kulis.az
teatrşünas-tənqidçi, professor İlham Rəhimlinin
APA-ya müsahibəsini təqdim edir.
- İlham müəllim,
teatr tariximiz və nəzəri problemlərlə bağlı
60-dan çox kitabın, incəsənət ustalarına aid
20-yə yaxın monoqrafiyanın müəllifisiniz. Azərbaycan
teatrının tarixində qaranlıq və müəmmalı
qalan məqamlar yenə varmı?
- Təbii ki, var. Hazırda beş cildlik “Azərbaycan teatr tarixi”ni işləyirəm. Mənim hələ çap olunmayan kitablarım da var. Məsələn, Gəncə Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Bakı Yəhudi Dövlət Teatrı, Gənc Tamaşaçılar Teatrı haqqında əsaslı araşdırma aparmışam. Bununla belə, düşünürəm ki, Azərbaycan teatrında rejissuranın təşəkkülü və inkişaf mərhələləri fundamental şəkildə araşdırılmayıb. Düzdür, İsrafil İsrafilov rejissor poetikasından yazıb, Ədil İsgəndərovun, Mehdi Məmmədovun və Tofiq Kazımovun yaradıcılığını araşdırıb. Mən geniş mənada Azərbaycan teatrında rejissuranın tədqiqini nəzərdə tuturam. Bütün bunların tarixini, inkişaf mərhələlərini, rejissor və aktyor yaradıcılığını tədqiq və təhlil etmək biz teatrşünasların peşə borcudur.
- Müasir teatrşünaslığı təmsil edənlər
bu problemlərin öhdəsindən gələ bilərlərmi?
- Bu bir ilin, beş
ilin, on ilin işi deyil. Əsas məsələ
odur ki, tədqiqatlar fundamental konsepsiya əsasında, müəyyən
elmi prinsiplər zəminində aparılsın. Son 10-15 ildə xeyli istedadlı gənc
teatrşünas meydana çıxıb. Çox-çox
təəssüflər ki, onların, demək olar, heç
biri ərəb əlifbasını bilmir. Gələcək
nəsil kiril əlifbasını da oxuya bilməyəcək.
Arxiv materialları isə 1929-cu ilə kimi ərəb
əlifbasında, 1939-1995-ci illər arasında isə kiril əlifbasındadır.
Ona görə də elmə həvəs
göstərənlər hamısı müasir dövrə
qaçır ki, işləmək asan olsun.
-
Tez-tez müasir teatrşünaslıqla bağlı
narazılıqlar eşidirəm. Məşhur aktyorlar gileylənirlər
ki, teatrşünaslar resenziyalar, analitik məqalələr,
qüsurlar barədə tənqid yazmırlar. Həttə bəziləri
bu fikirdədir ki, teatrşünaslar, tənqidçilər
kimlərdənsə çəkinirlər, obyektiv yazılara
cəsarətləri çatmır. Məncə, bu iradlardan
sizə də pay düşür...
- Fakt odur ki, teatrşünaslar, o
cümlədən mən tənqidi yazını nadir hallarda
yazırıq. Ancaq teatrşünasları
kor-koranə, əsassız yerə qınamaq aktyorlara
yaraşmır. Bu məsələ zahiri
yanaşmanın və qeyri-obyektivliyin qənaətidir. O
sözləri yazan aktyorlara zəhmət haqqı, yəni
qonorar verməsən, biri də nə seriala çəkilər,
nə dublyaja gedər, nə də hansısa tədbirdə
çıxış edər. Bu gün
medianın, saytların 99 faizi teatrşünasa qonorar vermir.
Amma məqalə sifariş edəndə “yox”
cavabı alıb inciyirlər. Mən 21
yaşım olanda “Kommunist” qəzetində işləyirdim.
30 yaşında artıq şöbə
müdiri idim. Redaksiyamızda belə bir ənənə
vardı: teatrda hansısa yeni tamaşa hazırlananda biz əvvəlcədən
Cəfər Cəfərova, Əkbər Ağayevə, Mehdi Məmmədova,
Abbas Zamanova, Məsud Əlioğluna, Yaşar Qarayevə, Cabir
Səfərova, Xalid Əlimirzəyevə və bu kimi müəlliflərə
sifarişlər verirdik ki, tamaşalar haqqında məqalə
yazsınlar. Tərif və ya tənqid
onların öz qənaəti idi. Bizim əsas
məqsədimiz mədəniyyət faktını diqqətsiz
buraxmamaq idi. Qəzetimizdə çox
yüksək qonorar verilirdi. İki qəzet
məqaləsi mənim maaşımdan çox olurdu. Dörd-beş resenziyanın qonorarı ilə
Fransaya, İtaliyaya, İspaniyaya on günlük turist səfərinə
getmək mümkün idi. İndi
teatrşünasların az tənqid
yazmasından gileylənən aktyor və rejissorlar müəyyən
mənada haqlıdırlar.
Hətta mənim çox istədiyim
aktyorlar, məsələn, Nurəddin Mehdixanlı, Ramiz Novruz,
Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev mətbuata
verdikləri müsahibələrdə, televiziya çıxışlarında
deyirlər: nə üçün, İlham Rəhimli son illər
əvvəlki kimi ciddi, kəskin yazmır?
- Eyni
sualı mən də sizə ünvanlayıram...
- Barmağını qatla ki,
filan mətbuat orqanı yazı sifariş verir və mənim
zəhmət haqqımı ödəyir, ancaq mən imtina edirəm.
Elə bir mətbuat yoxdur. Varsa
da, şəxsən mənə müraciət olunmayıb.
Əvvəllər aktyorlar tənqidə daha
dözümlü idilər. Məsələn, mən
Hökumə Qurbanova, Məlik Dadaşov, Nəcibə Məlikova,
Leyla Bədirbəyli, Ələddin Abbasov və bu kimi görkəmli
aktyorların hansısa rolları barədə sərt tənqid
yazmışam. Bugünkü aktyorların demək
olar heç birində adi tənqidə dözüm yoxdur.
Onların gileyi odur ki, münasibətləri
yaxşı olmayan sənətkarlar barədə tənqidi
söz deyilsin.
- Son
illərdə yazdığınız hansısa məqalə,
yaxud iradlı çıxışla bağlı
narazılıq olub?
- Əlbəttə,
olub. Üç aktyorla bağlı
kiçicik faktları demək istəyirəm. Ancaq ad çəkmək istəmirəm,
çünki xətirlərini çox istəyirəm. Bir aktyordan televiziyada portret veriliş eləmişdim.
Belə bir ifadə işlətmişdim: filan aktyorun əsas
yaradıcılıq uğurları tipik-xarakterik səciyyəli
epizod rollarda olub. Həmin aktyor ikilikdə mənə dedi ki, mən
xalq artistiyəm, axı böyük rollar da oynamışam. Çalışdım onu inandırım ki, mən
pis mənada deməmişəm. Mirzağa Əliyev,
İsmayıl Osmanlı SSRİ xalq artisti fəxri adına, əsasən, epizod rollara görə
layiq görülüblər.
Yenə televiziyanın
28 dəqiqəlik verilişində başqa bir xalq artistinin
yaradıcılığı barədə 27 dəqiqə tərifli
sözlər demişəm. Bir dəqiqədə
isə demişdim ki, filan aktyorun son 3-4 rolunu eyni plastikada və
eyni hərəkət dinamikasında, eyni danışıq tərzi
ilə oynamasını istəməzdim. Bu
aktyor də ikilikdə məndən incik tərzdə, amma
dönə-dönə xahiş edib ki, həmin cümləni
verilişdən çıxarım və bundan sonra təkrar
göstərilsin.
Üçüncü
aktyorun haqqında portret-oçerkim var, yaxşı
rollarına təriflər söyləmişəm. Ancaq
Bəxtiyar Vahabzadə ilə bağlı bir teatr xatirəmdə
yazmışam ki, şair əyilib astadan qulağıma dedi, mən
bu aktyorun danışığında bəzi sözləri
yaxşı başa düşmürəm. Həmin
aktyor dəfələrlə söhbətlərimizdə həmin
cümləyə incikliyini bildirib.
Bütün bunlar təəssüf doğuran həqiqətləridir. Rejissorlarımız,
dramaturqlarımız da qətiyyən tənqidi, hətta
çox səmimi iradı da eşidib-oxumağı
xoşlamırlar. Mən bu gün Azərbaycanda tənqidə
çox ehtiram və ağayanalıqla yanaşan bir rejissor
tanıyıram: Mərahim Fərzəlibəyov.
- Deyirsiniz
bir yazımın qonorarı ilə Fransaya gedə bilirdim. İndi Fransaya səfər 800-1000 manatdır.
Bu da qəzetin iki müxbirinin maaşından
artıqdır...
- İndi mənim
iki təhlili məqaləmə min manat verərlər? Qətiyyən! Hansısa qəzet sifariş versin ki, Azərbaycan
teatrının müasir yaradıcılıq xülasəsini
yaz. Mən də Bakıdan əlavə,
gedim Naxçıvanda, Gəncədə, Lənkəranda,
Şəkidə, Sumqayıtda tamaşalara baxım və
gördüklərimi, qənaətlərimi elmi-nəzəri
prinsiplərlə yazım. Belə bir
sifarişi son 27 ildə heç bir mətbuat orqanından
almamışam. Eləcə də üzdə olan
teatrşünaslarımız Məryəm Əlizadəyə,
Rafiq Sadıqova, Aydın Talıbzadəyə, Kəmalə Cəfərzadəyə,
Atababa Hacıbabayevə, Vidadi Qafarlıya belə bir
sifariş verilməyib. Ona görə də
ürəyimə düşəndə çox təsirləndiyim
tamaşa barədə resenziya yazıram.
Hərdən
istedadlarına güvəndiyim aktyorlar barədə
portret-oçerklər dərc etdirirəm. Məsələnin başqa bir həssas tərəfi
də var. O vaxtlar “Kommunist”də tənqid çap etdirəndə
o qədər obyektiv olmağa çalışırdıq
ki, qəzetin təriflədiyi tamaşanı pisləməyə,
yaxud tənqidə etiraz etməyə bir kimsənin cürəti
çatmırdı. Mən
ayrı-ayrı illərdə Ağdam, Gəncə,
Sumqayıt teatrlarının son beş-yeddi illik fəaliyyətləri
haqqında, əsasən, tənqidi xülasə
yazmışdım. Həmin yazılar Mədəniyyət
Nazirliyinin kollegiyasında geniş müzakirə olundu. Teatrların direktorlarını, baş
rejissorlarını işdən, bir neçə
tamaşanı repertuardan çıxardılar. Bu gün
mən hansısa qəzetdə yazsam ki, filan aktyor yaxşı
oynamadı, sabah o başqa qəzetdə
yazacaq, İlham Rəhimli qərəzli yazır, mənimlə
arası yoxdur. Lap həyasızları isə
utanmadan böhtan atacaq ki, İlham Rəhimli deyəsən, ermənipərəstdir.
Saytlar da, qəzetlər də o dəqiqə onu
çap edəcəklər. Sonra da jurnalistikaya dəxli
olmayan sırtıq “yazarlar” zəng vurub inadkarlıqla
soruşacaqlar: sizin buna münasibətiniz necədir? Belə “populyarlıq”, gündəmə gəlmək
mənə qətiyyən lazım deyil.
-
Xoşunuza gələn jurnalist yoxdur?
- Niyə yoxdur, var, özü də
kifayət qədər. Mən jurnalistləri
pisləmədim, bu peşəyə sırtıqcasına, həyasızcasına
soxulanlardan gileyləndim. Son 25-30 ildə Azərbaycan
jurnalistikasında unikal köşə yazarları yetişib.
Şəxsən mən o gənclərin
yaşında elə gözəl, tutarlı köşə
yazıları yaza bilməzdim. İndi
onların əksəriyyəti gənclik mərhələsini
keçib. Təkcə köşə
yazıları ilə kifayətlənmirlər, son dərəcə
ciddi mənəvi-əxlaqi dəyərlərə elə
maraqlı baxım bucağından yanaşarlar ki, onlara heyran
qalmamaq mümkün deyil.
- Qəzetlərdən gileylənirsiniz,
amma bütün bunların daha artığını teatr
jurnalı etməlidir. O jurnal ki, ümumiyyətlə, yoxdur...
- 1975-ci ildə Azərbaycan Teatr Cəmiyyətinin
(bugünkü Teatr Xadimləri İttifaqı – Cavid Z.)
konfransında məsələ qaldırmışam ki, Azərbaycanda
“Teatr” adlı jurnalın çap olunmasına böyük
ehtiyac var. Bu fikri məndən başqa da cəmiyyətin ali məclislərində, hətta qurultaylarda
söyləyənlər olub. Di gəl ki, indiyə
kimi “Teatr” jurnalı yoxdur. Mən bu gün
Kulis.az-ı ləzzətlə oxuyuram. Az-çox
çapına ehtiyac duyduğum yazılarımı bu sayta
verirəm. Bəyənmədiyim tərəfləri
də var. Bəzi jurnalistlər əndrabadi “forma” tapıb nəsə
yazırlar. Mənim fikrimcə, nə
başı var, nə də ayağı. Dil
də qətiyyən şəhdli-şirəli Azərbaycan
dilində deyil. Yəqin belələri tədricən
gözəl kollektivdən uzaqlaşacaq. Çünki
istedadlı yazarlarla qətiyyən ayaqlaşa bilməyəcəklər.
Amma geniş mənada saytın musiqiyə,
teatra, ədəbiyyata, beynəlxalq ədəbi prosesə aid
informasiyaları çox güclüdür. Yaxud, “Kaspi”ni, “525-ci qəzet”i, “Mədəniyyət”i
müntəzəm oxuyuram.
Ümumiyyətlə, sənə deyim, XIX əsrin
sonlarında işıq üzü görmüş “Kaspi”nin yenidən bərpası çox humanist, vətənpərvər
məsələdir. “Teatr” jurnalı da olarsa,
tamaşalar haqqında obyektiv yazılar az-çox səhifələrdə
yer alar. Yaxşı resenziya yazan gənclər
var. Məsələn, Aliyəni sən tanıyırsan, mənim
tələbəmdir. Aliyə yaxşı resenziyalar
yazır. Sevda Sultanovanın da teatra, əsasən
kinoya aid elmi-nəzəri yazılarına heyranam. Yenə
deyirəm, Kulis.az-da, “Mədəniyyət” qəzetində,
“Kaspi”də, “525-ci qəzet”də uşaqların elə
ağıllı yazılarına rast gəlirəm, deyirəm:
İlahi, nə gözəl yazıb, mən belə yaza bilməzdim.
- İlham müəllim, əsrin əvvəllərində
Azərbaycan teatrı milyonçuların
qayğısını, sevgisini nə dərəcədə
hiss edib?
- Ümumiyyətlə, bizim
milyonçuların teatr sevgisi heç vaxt olmayıb.
- Amma
Hacı Zeynalabdin Tağıyev və Mayılov qardaşları
faktı var...
- Deyim sənə. Əvvəla, Mayılov erməni idi. Kürü biznesi də onların əlində idi.
Gündə 1,5 kq. qara
kürü yeyən bu adama oxşamaz pəzəvəng
Mayılov həmin teatr binasını bir əcnəbi opera
müğənnisinə vurulduğuna görə tikdirib. Pulunu da Azərbaycanın sərvətindən, azərbaycanlıların
alın tərindən çıxarıb. Bu belə. Tağıyev teatr
binasını 1883-cü ildə özünün taxıl
anbarının özülü üstündə tikdirib.
Nə qədər acı, təəsüf
doğuran olsa da, həmin binanın icarədarı heç
vaxt azərbaycanlı olmayıb. 30 ilə
yaxın Polonski adlı birinin icarəsində olub həmin
bina. El arasında ona “Tağıyev
tetrı” və ya “Şəhər teatrı” deyilirdi. Polonskinin truppası həftənin 6
gününü rus dilində tamaşa oynayırdı. Yalnız cümə günü bina boş olurdu.
Məhz həmin gün azərbaycanlılar
yalvar-yaxar edəndə onlara icarəyə verirdilər. Bəlkə dünyada yeganə faktdır ki, səhnənin
içindən pərdəyə qıfıl vurmuşdular.
İcarə haqqı əvvəlcədən
verilməyəndə həmin qıfıl
açılmırdı. Musa
Nağıyev indiki Zabitlər evini tikdirib və azərbaycanlı
teatr həvəskarlarına ucuz qiymətə kirayə
verirmiş. Bir dəfə də məktəbə
on min manat pul ayırıb ki, böyük bir otaqda səhnə
də düzəldin, artistlər gəlib tamaşa göstərsinlər.
Yerdə qalan
milyonçuların teatra getməsini hardasa oxumamışam.
Nə gediblər, nə də yardım göstəriblər.
Ancaq bir faktı oxumuşam ki, Hüseyn Ərəblinski
xəstələnəndə Murtuza Muxtarov Suxumiyə
müalicəyə getmək üçün ona pul verib.
Hərdən də “Nəşri-maarif” cəmiyyəti
müsamirələr keçirər və ora artistləri,
musiqiçiləri dəvət edərdi. Yığılan
pul kasıb şagirdlərin dəftər-kitabına xərclənərdi.
- Hacıağa Abbasov xatirələrində yazır
ki, 1917-ci ildə Hüseyn Ərəblinski bərk xəstələndi.
Bakı milyonçusu Murtuza Muxtarova müraciət
etdik. Müalicə üçün Muxtarov bizə 700
manat borc verdi. Altı aydan sonra məhkəmə
vasitəsi ilə Hüseyn Ərəblinskinin ev
əşyalarını satdırıb öz borcunu aldı...
- Yalan sözdür. Hacıağa
Abbasovun müəyyən teatr xidmətləri var, hətta bir
müddət Bakı Teatr Məktəbinin direktoru olub. 1937-ci ilin repressiyalarında tutulmaqdan qorxub Orta Asiyaya
qaçmışdı. Uzun illər orada
yaşamışdı. Qayıdandan sonra
ancaq müsavatçıları, milyonçuları
söyürdü. Mən o dövrü
yaxşı araşdırmışam. Heç
bir qəzetdə Hacıağa Abbasovun dediyi fakta rast gəlməmişəm.
Bəyəm Murtuza Muxtarov elə adam idi ki,
kasıb aktyoru evinin əşyalarını satdırmağa məcbur
etsin? Muxtarov çox ləyaqətli kişi
olub. İndi teatra marağı olmayıb, bu,
başqa məsələdir. Digər tərəfdən,
Ərəblinskinin nəinki ev əşyalarını,
heç gün düşməyən yarı zirzəmi evini də
satsaydın həmin məbləği ödəmək
olmazdı. Rus milyonçularının teatr
sevgisi bizdə heç vaxt olmayıb. Yalandan
kimisə şişirtməyə ehtiyac yoxdur.
- Ərəblinskinin öldürülməsi ilə
bağlı müxtəlif iddialar səslənir. Məsələn, deyirlər,
Ərəblinski Tağıyevin həyat yoldaşı Sona
Ərəblinski ilə görüşdüyünə
görə Tağıyev onu öldürtdürüb...
- Bu məsələ haqqında mən
də eşitmişəm, son vaxtlar maraqlı yazılar da
oxumuşam. Bu söhbətlərdə və
yazılarda inandırıcı məqamlar da var. Amma nə dərəcədə
reallığa söykənir, deyə bilmərəm. Çünki qəzetlərdə bu haqda məlumat
yoxdur. Amma yaşlı aktyorlar və Qulam Məmmədli
deyərdi ki, belə bir şey olub. Görünür,
onlar da Ərəblinskiyə və Tağıyevə
ehtiramlarından hadisəni tam təfsilatı ilə demirdilər.
Deyim ki, qəti etiraz da etmirdilər.
Tağıyev millət üçün o qədər xeyirxah
işlər görüb ki, adam onun
xoşagəlməz əməllərini dilinə gətirmək
istəmir.
Təsəvvür elə,
1893-cü ildə Tağıyev Qafqazın başqa şəhərində
yaşayan qudasının evinə qonaq gedəndə orada bir
qız uşağı görüb. Soruşub: bu qız
kimdir? Ona deyiblər ki, sənin oğlunun
baldızıdır. Tağıyev deyib,
bunu da özüm alıram. Birinci evlilikdən
olan oğlu bu nikaha qəti etiraz edib, ancaq Tağıyev istəyindən
dönməyib. Oğlu hətta
atasının var-dövlətindən imtina edib, evdən
gedib, xaricdə yaşayıb. Hacı
Zeynalabdin Tağıyev oğlu ilə bacanaq olub. Yoldaşı da oğlunun arvadından bir neçə
yaş kiçikdir. Rusiyanın o dövrdə
qanunlarına görə bu yaşda azyaşlı qızla evlənməyə
rəsmi icazə verilmirdi. Ona görə də
Tağıyev yaşını 13 il
azaldıb, bəzi mənbələrdə təvəllüdü
1836-cı il yazılıb. Hər halda mənə qəribə
gəlir: bu cür ağıllı kişi
niyə həmin addımı atıb? Bəyəm başa
düşmürdü ki, 18 yaşlı gəlin nə vaxtsa
70 yaşlı kişidən lazımı ər nəvazişini
görməyəcək və bu, istər-istəməz
xoşagəlməz söz-söhbətə səbəb ola bilər? Axı, çox yaxşı bilirdi
ki, xanımın çiçəklənən vaxtında lap
ağsaqqal kişi olacaq. Bioloji
tələblər var də. O dövrdə Ərəblinski
və Sona xanım haqqında gəzən şayiələr də
görünür oradan doğmuşdu ki, qadının cavan
adama ehtiyacı olub.
- Anladım...
- Adam bu mövzuda çox
danışmaq istəmir. Çünki yenə
deyirəm, Tağıyev millət üçün o qədər
xeyirxah işlər görüb, onların üstünə
kölgə salmaq namərdlikdir.
- Ərəblinski özü də
xaraktercə çox ziddiyyətli adam
idi...
- Ərəblinski ilə
qastrola gedənlər tez-tez acıq edib səfərdən
yarımçıq qayıdırmışlar. Məsələn,
Tiflisdən, Aşqabaddan, Batumidən... Üzeyir
bəy Ərəblinskini qardaşı Zülfüqar bəylə
təşkil etdikləri “Müdiriyyət” truppasına baş
rejissor dəvət edib. Bir müddət
sonra Ərəblinski küsüb gedib. Çox ətiacı
adam olub. Hətta sənətkara
həsr olunmuş “Xatirələr” toplusu kitabında əksər
müəlliflər Ərəblinskinin anasının
üstünə qışqırmasından, onunla çox
kobud davranmasından yazıblar. Bunu da guya
güzəranının ağırlığı ilə pərdələməyə
çalışıblar.
- Sizin
Abbasmirzə Şərifzadənin repressiya olunması
haqqında yazınızı oxumuşam. İctimaiyyət
şair-yazıçıların kimlərin əleyhinə
donos yazdığını, kimləri satdığını
yaxşı bilir, amma aktyorlar bundan yayına biliblər.
Daha doğrusu, teatr tarixçiləri bunları gizlədiblər.
Məsələn, siz yazırsınız ki, Abbasmirzənin əleyhinə
ifadə yazıb onu güdaza verənlər sonralar məşhur
aktyorlar oldular. Amma ad çəkmirsiniz...
- Şair və
yazıçılar daha məşhur olublar. Ona görə
də kim nə deyibsə, hamısı mətbuatda
yazılıb. O ki, qaldı niyə ad çəkməməyimə...
Mənə Dövlət Təhlükəsizlik
İdarəsinin arxivində Abbasmirzə Şərifzadənin,
Ülvi Rəcəbin, Panfiliya Tanailidinin istintaq materialları
ilə bağlı işləməyə imkan
yaratmışdılar. Fürsətdən
istifadə edib Cavidin də, Müşfiqin də istintaq
materiallarını oxudum. Onların
üzünə kimlər durub, onu da bilirəm. Bu, başqa mövzudur. Teatrda qəribə
mühit olub. 1937-ci il
repressiyasının qurbanlarından biri milliyyətcə yunan
olan Panifiliya Tanailididir. O, Tiflisdə və bugünkü
Akademik Milli Dram Teatrında səmərəli fəaliyyət
göstərib.
Mirzağa Əliyevin
XX əsrin ikinci on illiyində bir müddət qeyri-rəsmi
yaşadığı Göyərçin xanım Azərbaycanın
ilk aktrisası sayılır. O, sovet dövründə
İrana gedib. 1937-ci ildə Bakıya gələndə
“İnturist”də qalıb. Tiflisdən tanış
olduğu Panfiliya xanımla oteldə görüşüb və
ona hədiyyələrlə bərabər, bir neçə
qutu papiros verib. Tanailidi də səhər saat
11-də məşqə gələndə həmin papiroslardan
bir qutunu şəstlə stolun üstünə atıb və
“çəkin, vətən papirosudur”, deyib. Həmin axşam “sən İran şpionusan” deyə,
onu həbs ediblər. Onun əri, sonralar xalq artisti fəxri
adını alan aktyor arvadı haqqında
elə dəhşətli, elə iyrənc ifadə verib ki,
oxuyanda tüklərim biz-biz oldu. Barat Şəkinskaya
danışırdı ki, Əbülhəsən Kamalovu və
daha iki aktrisanı yetimlər evindən gətirib
1935-1936-cı illərdə atdılar bizim teatra. Onlar kimin üzünə lazım idi, həyasızcasına
dururdular. Həmin Kamalov “Xalq düşmənlərini
ifşa edəlim” adlı iclasların birində Ülvi Rəcəb
haqqında ifadə verib ki, bizi aparırdı evinə,
patefonda türk mahnılarına qulaq asdırırdı.
Ülvi Rəcəbin ona sualı var: “Sən deyə bilərsənmi
mənim patefonum nə rəngdədir? Otağın
harasına qoyulub?” Təbii ki, Kamalov cavab
verə bilməyib, ancaq həmin iclası aparanlardan biri
“Potefonun rənginin mətləbə dəxli yoxdur, sən
türk şpiyonusan” deyərək Ülvini təhqir edib.
Abbasmirzə Şərifzadənin əleyhinə
ifadə verənlərin hamısı Azərbaycanın
qüdrətli aktyorlarıdır. Onların
arasında aktrisa da var. Şərifzadənin 1956-cı ildəki
bəraətindən sonra həmin adamların hamısı
aktyor barədə əla rəy yazıblar.
- İstəyirəm söhbətimizin istiqamətin
başqa məcraya yönəldək. Azərbaycan teatrının dramaturq
problemi varmı?
- Elçinin, Əli Əmirlinin əsərləri
tez-tez oynanılır. İlqar Fəhminin, Firuz Mustafanın,
Elçin Hüseynbəylinin, Afaq Məsudun yaxşı pyesləri
var. Kamal Abdulla çox maraqlı dramaturqdur, tamamilə fərqli
üslubda yazır. Məsələ nədir: Azərbaycanda
rejissor və dramaturqun birgə işləmək səriştəsi
çox zəifləyib. Səməd Vurğunun
qələmindən dürr tökülürdü, amma
“Vaqif”i həddindən artıq uzun yazmışdı. Yazdığı da poetik cəhətdən nə qədər
füsunkar olsa da, dramaturji baxımdan əsaslı işlənməyə
ehtiyacı vardı. Ədil İsgəndərov
o əsəri dramaturqla birgə qısaldıb gətirdi səhnəyə.
Səməd Vurğun “Fərhad və Şirin”də
dramaturgiyanı artıq xeyli mənimsəmişdi. Bu o demək deyil ki, Ədil İsgəndərov Səməd
Vurğuna qələm tutmağı öyrədib.
Dramaturgiya çətin
janrdır. Ədil İsgəndərovla Səməd
Vurğunun işlədiyi variantı Tofiq Kazımov
ömründə tamaşaya qoymazdı. Mehdi
Məmmədov da o cür. Ədil İsgəndərovdan
sonra iki rejissorun adını inamla çəkə bilərəm
ki, onlar öz dramaturqlarını yetişdirdilər. Gənc Tamaşaçılar Teatrında Zəfər
Nemətov Rauf İsmayılov, İsgəndər Coşqun,
Yusif Əzimzadə, Əfqan, Firudin Ağayev kimi müəlliflərlə
səylə işlədi və onlar oldular bu teatrın
dramaturqu. Tofiq Kazımov dramaturqlardan
İlyas Əfəndiyev, Sabit Rəhman, Anar, Əkrəm
Əylisli ilə birgə işlədi və gözəl
tamaşalar hazırladı. Mən
inanmıram ki, yaxşı pyesi teatr geri qaytarsın. Sadəcə, bu gün rejissorla teatrın
qarşılıqlı, ehtiramlı, inamlı əlaqəsi
itib. Bu gün çox yazan dramaturqlardan
biri Əli Əmirlidir. Mən Akademik
teatrda ədəbi hissə müdiri işləyəndə
onun pyesini bəyənməyib qaytarmışam. O da təmkinlə
mənim iradlarıma qulaq asıb.
Sonralar Əlinin
dramaturji yaradıcılığını təbliğ edənlərdən
biri də mən olmuşam. Mənim fikrimcə,
onun Akademik Teatra ilk gətirdiyi “Meydan” əsəri zəif idi.
Amma “Ağqoyunlular və Qaraqoyunlular”, “Köhnə
ev”, “Varlı qadın” maraqlı əsərlərdir. “Messenat”ı bəyənməmişəm.
-
Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri
olanda Əli Əmirlidən başqa kimin əsərlərini
qaytarmısınız?
- Bəxtiyar Vahabzadənin
və Nəbi Xəzrinin. Mən Bəxtiyar
Vahabzadə qədər qeydlərə qulaq asan ikinci dramaturq
tanımıram. Bir pyes gətirmişdi,
oxuyub irili-xırdalı yüzdən çox irad tutmuşdum.
Qucaqlayıb öpdü məni. Bir az işləyib, yenə gətirdi. Dedim, o əsərin tamaşaya qoyulmasına
razı olmayın. Sözümə baxmadı.
Tamaşanın uğursuz premyerasından sonra dedi: gərək
sənə qulaq asaydım.
Əli Əmirlidə
xoşuma gələn cəhət odur ki, mənə heç
vaxt düşmən kimi baxmır. Hansısa
tənqidi iradımla razılaşmayanda “Mən elə
düşünmürəm” deyib, səmimiyyətlə etirazını
bildirir. Dramaturqların çoxunda bu səriştə
çatmır.
- Bəyənmədiyiniz Bəxtiyar Vahabzadənin
hansı əsəri idi?
- “Cəzasız
günah”. Pyes zəif idi və tamaşa da
uğursuz alındı. Bəxtiyar müəllim
bir neçə yerdə özü də etiraf etmişdi ki, gərək
pyes bu şəkildə tamaşaya qoyulmayaydı.
- Azərbaycan
teatrının sabahına necə baxırsınız?
- Son beş-on ildə Azərbaycanın
əksər teatrları əsaslı şəkildə yenidən
qurulub, müasir texnika və texnologiya, işıq, səs
sistemləri ilə təchiz edilib. Binaya daxil
olanda, məşq və qrim otaqlarını, butafor, rekvizit
sexlərini gəzəndə, tamaşaçı salonunda əyləşəndə
qürur duyursan. Bunu Bakıda keçirilən
beynəlxal konfranslara gələn qonaqlar da gizlətmirlər,
gözəlliyi sevinclə etiraf edirlər. Çox təəssüf ki, teatrların
yaradıcılıq prosesi texnikanın və texnologiyanın
imkanlarından qat-qat aşağıdır. Bəzi teatrlarımızın güclü və səriştəli
cərrahiyyə əməliyyatına ehtiyacı var. Bir qrup
teatrlarımız isə ciddi terapevtik müalicəyə
möhtacdır və onların sağlam sabahına ümid
daha çoxdur. Çox-çox təəssüf ki,
reanimasiyada güclə “nəfəs alan”
teatrlarımız da var.
Bizim Yol.- 2017.- 7 mart.- S.15.