“O, Üzeyir bəyin
adı
çəkiləndə
ayağa durardı...”
Görkəmli aktyor, Xalq Artisti Ağasadıq Gəraybəylinin anadan olmasından 120 il ötdü
Bu gün Azərbaycanın Xalq
Artisti, bənzərsiz rolları ilə milyonların sevimlisinə
çevrilmiş, unudulmaz sənətkarımız Ağasadıq
Gəraybəylinin anadan olmasından 120 il ötür.
Ömrünü
Azərbaycan teatr və kino sənətinə həsr edən
Ağasadıq Gəraybəyli bütün zamanlarda
xatırlanacaq çox dəyərli obrazlar qalereyası
yaradıb. O, adını Azərbaycan teatr və kino tarixinə
böyük həriflərlə yazdırmağı
bacarıb. Hər zaman onun adı çəkiləndə
insanların gözü önündə bir-birindən
maraqlı obrazlar canlanır.
Şamaxıda
dünyaya göz açan sənətkar Bakıya gələrək
Əlisəttar kişi və Heyran xanımın ailəsində
yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə
bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud
Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin
sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə
üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin
“Ölülər” pyesində kefli İsgəndər rolunu
oynayıb. Üzeyir Hacıbəyli qayğısı sayəsində
teatr kursuna yazılıb.
Milli
teatrımızın klassiklərindən, fədailərindən
olan Ağasadıq Gəraybəylinin səhnə fəaliyyətinə
aid faktları xatırlayanda heyrətlənməyə bilmirsən.
O, 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə
səhnəyə çıxıb: Nəriman Nərimanovun
“Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal
alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”,
“1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”,
“Xanlar” və s. tamaşalarda rol alıb. 1940-cı ildə Azərbaycan
SSR-nin Xalq Artisti fəxri adına layiq görülüb.
Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb.
“Bəxtiyar” filmində klub müdiri Ağabala, “O olmasın,
bu olsun” filmində Rüstəm bəy bu obrazlardandır.
Ağasadıq
Gəraybəyli xatirələrində deyir: “1897-ci ildə,
Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam.
Atamı erkən itirdim. Yetimə “gəl-gəl” deyən
çox olar, əsl qayğı göstərən isə az.
Ən çətin anlarımda yaradanımız imdadıma
yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu
Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin
dedikləri hələ də qulaqlarımda səslənir:
“Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin
Allahın ətəyində olsun. Zəhmət çəkərsən,
bəhrəsini də görərsən”. Kimsəsiz uşaq
idim. Tanımadığım bir darvazanı döydüm.
Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir
kişi qapını üzümə açdı. Elə bil
məni çoxdan tanıyırdı. “Gəl görüm, nə
istəyirsən?” Kimsəsiz olduğumu ona danışdım.
Qəfil dilləndi: “Ay qız, Heyran, haradasan? Tanrı bizə
zürriyyət göndərib”. Həmin gündən Əlisəttar
kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi
gördüm. Məktəbə gedəndə də bəxtim
gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər
Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan
ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri
öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr
dərnəyinə gedərdim. Ən çətin günlərim
1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda,
bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə
çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis
oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim.
Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa”
həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə
yazıçı-dramaturq Əbdürrəhim bəy
Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt
xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə
üz-gözündən nur yağardı. İlk
oxucularından biri də mən olmuşam”.
Ağasadıq
Gəraybəyli dahi Üzeyir Hacıbəylinin adı çəkiləndə
ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar
oxuyardı: “Üzeyir bəy peyğəmbər xislətli
şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı
vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə
dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin
“Ölülər” pyesində kefli İsgəndərin
monoloqunu söyləyib səhnədən düşəndə
məni yanına çağırdı. Əllə
görüşdü, üzümdən öpdü,
saçımı tumarladı. “Sənin kimi azərbaycanlılarla
fəxr etmək lazımdır” – dedi. Üzeyir bəyin
qayğısı sayəsində teatr kursuna yazıldım,
ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil
verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın
dediyi kəlamı dönə-dönə xatırlayıram:
“Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə
nər kişinin hünəridir”.
Onun
yaratdığı obrazların hər birinin adı teatr
tarixinə qızıl hərflərlə yazılıb. Ona
görə ki, aktyor təkcə müəllif fikirlərinə,
rejissor quruluşlarına, mizanlarına görə səhnəyə
çıxmayıb, oynamayıb. Həm də əsərin
mahiyyətini anlayıb, etibar edilmiş rolların milli dəyərlərini
dərk edib. Hər bir obrazın amalını, məqsədini
tamaşaçılara çatdırmağa
çalışıb. Bu cəhətlərinə görə
də sevilib, hörmət qazanıb. Xalq şairi Səməd
Vurğun yazıb: “Hər dəfə Ağasadığı
səhnədə görəndə həyatın özü,
yaratdığı obrazın canlı təsvirləri gözlərim
önündən keçir. Onun timsalında həyatla səhnə
arasında sıx əlaqə görürəm”. Görkəmli
teatr xadimi Mehdi Məmmədov isə deyərdi: “Aktyorluq onun
alın yazısıydı. 1940-cı ildə respublikanın
Xalq Artisti fəxri adına layiq görülmüşdü.
Onu bir dəfə də olsun özündən razı görmədim.
Məşqlərə həmkarlarından tez gələrdi. Hər
jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz
qazanmışdı. Can deyib, can eşidərdi”.
91 il
yaşayan, unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli
çox mükafatlara, fəxri adlara, orden-medallara layiq
görülmüşdü. Tanınmış teatr-kino xadimi
Adil İsgəndərov dəfələrlə qeyd etmişdi:
“Əgər Ağasadıq Gəraybəyli təkcə
Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin
fəxri kimi xatırlanardı”.
Ağasadıq
Gəraybəyli təvazökar insan, nümunəvi ailə
başçısı idi. 1933-cü ildən
ömrünün son gününə qədər Azərbaycan
Dövlət Akademik Dram Teatrında
çalışmış, alqışlarla qarşılanan
səhnə xadimlərindən biri olmuşdu. O, şəhərin
mərkəzində, Xaqani küçəsi 19-da
yaşayırdı. Görkəmli müğənni
Bülbüllə, Xalq Yazıçısı Mirzə
İbrahimovla, Xalq Şairi Süleyman Rüstəmlə
qonşu idi. Bir gün Süleyman müəllim ona deyib: “Ay
qardaş, ay qonşu, ay oynadığın rollara can, nəfəs
verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən?
Sabahdan mənim xidməti maşınım səni teatra
aparıb gətirəcək”. Onun cavabı isə qısa
oldu: "Yox, Süleyman, hələ ki, ayaqlarım
sözümə baxır. Bir də qardaş, mənim
doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə
gələnəcən yüzlərlə adam mənə salam
verir, əhvalımı soruşur. Bundan da böyük şərəf,
şöhrət olar?!”
Bizim Yol.- 2017.- 16 mart.- S.15.