“Yetim uşaq olasan,

amma bu cür aristokrat?!”

 

Mirzə İbrahimovun qızı atası barədə xatirələrini bölüşür

 

Modern.az-a ömrünü Azərbaycanın ictimai-siyasi və ədəbi-mədəni həyatına həsr edən Azərbaycan SSR-nin maarif naziri, Ali Sovetin sədri, bir zamanlar Yazıçılar İttifaqına da rəhbərlik etmiş mərhum Xalq yazıçısı Mirzə İbrahimov haqqında qızı, Əməkdar incəsənət xadimi, professor, bəstəkar Sevda İbrahimova danışıb. Milli.Az həmin söhbəti təqdim edir: Gəlin, Sevda xanımı dinləyək:

 

"Məsləhət-məşvərət"

 

-Hər dəfə atam haqqında danışanda xoşhal oluram. Onunla bağlı xatirələr həmişə mənimlədi. Mətbuat da, başqaları da sağ olsunlar. Hər dəfə soruşanda səmimiyyətlərini, atama olan hörmət və sevgilərini hiss edirəm. Vallah, atamla bağlı xatirələr, deyiləcək sözlər o qədər çoxdu ki... Amma indi danışmaq bir az çətindi. Gərək, arxivə də baxam, orada bəzi mənbələri gözdən keçirəm. Ondan sonra bəzi məqamları sizə danışa bilərəm. Həm də gərək, bir məsləhət-məşvərət də edim. Bir-iki adamdan, bacımdan da soruşum. Məsləhət edək, sonra nəsə danışaq...

Yaş qismən olsa öz sözünü deyir... Mövzunun qəfil açılmasının da burada müəyyən qədər təsiri var. Amma Sevda xanımdan xahiş edirik ki, ürəyində atası ilə bağlı nə kimi xoş hisslər varsa, danışsın... Detallı olmasa da, Mirzə müəllimi yada salaq... Və... başlayırıq:

 

Yazıya sadəqət

 

-Atam bildiyiniz kimi, bir çox məsul vəzifələrdə çalışıb. Amma onların heç biri onun yazıya olan sevgisinə mane olmayıb. Gözəl insan olduğu kimi, sözündə də bütöv idi. Əgər o, qeyd dəftərçəsinə  nəyi saat neçədə yazacağını, hansı işi nə zaman görəcəyini qeyd edirdisə, mütləq onu yerinə yetirirdi. Ona görə də vəzifə atamın yazıçılığına heç vaxt mane olmazdı. Düzü, indi mən deyə bilmərəm ki, hər gün neçə saat yazardı. Amma yazı yazmağa başlayanda xeyli yazardı. Qısamüddətli yazı-pozu ilə arası olmazdı. Amma hərdən olurdu ki, yazı yazarkən, işlədiyi yerdən onu xüsusi zənglə çağırardılar. O zaman heç, onda yazıdan ayrılardı. Yerdə qalan vaxtlar isə yazıya çox aludə olardı.

Hansı vəzifəyə sahiblənməsindən asılı olmayaraq işinə can yandırardı. Amma mən deyərdim ki, yazıçılıq onun üçün iş yox, sanki həyat sirdaşı idi. Bütün yorğunluğunu yazı masasının arxasında çıxarardı, bütün problemlərini yazı prosesində unudardı. Yazı masasından qalxanda elə şən əhvalda olardı ki... Üzü işıq saçardı.

 

İtmiş xatirələr

 

-Atam bizdən heç vaxtı nəyisə gizlətmirdi. Gözəl danışıq qabiliyyəti olduğu kimi dinləmək bacarığı da var idi. Hər bir  xüsusiyyətinə görə bizim üçün unudulmaz insan olaraq qaldı. Təsəvvür edin, bu adam heç nədən şikayətlənməzdi. Sıxıntıları olanda da bizə heç nə deməzdi. Ən yaxşı cəhəti o idi, hər şeyi dəqiqliklə nizamlayardı.Ona görə də demək olar, heç yorulmazdı. Hər işi nizam-intizamla görərdi. Dostlarına da çox vaxt ayırardı. Bizim evdə o qədər dəyərli insanlar gəlib ki, o qədər gözəl söhbətlər edilib ki... Saydıqca qurtarmaz. İnsanlarla münasibəti çox gözəl alınardı. İçində saflıq, sadəlik vardı ki, buna görə hamı onu sevər, hörmət edərdi. Amma atamı ən çox sevən insan böyük bəstəkar Üzeyir Hacıbəyov olub. Yazıçı- şairlərin də ona yüksək etimadı var idi. Atam ağır vaxtlarda ədəbiyyata gəlib. Buna baxmayaraq, Səməd Vurğun, Sabiq Rəhman, Rəsul Rza və başqları ilə çox gözəl dostluq münasibətləri olub. Onlarla bağlı xatirələr evin hər küncündə var. Amma indi bu dəqiqə xatırlaya bilmirəm. Ümumiyyətlə, gərək, Mirzə İbrahimovla bağlı xatirələr yenidən toplanılsın...

 

"Bir nisgilin övladları"

 

-Atam insanları çox sevib, hər zaman onlara yaxşılıq edib. Ölümündən sonra da elə adamlar olub ki, mənim qarşımı kəsərək, atamın etdiyi yaxşılıqlara görə təşəkkür ediblər. Məncə, bunun səbəbi elə ana torpaq və ana-ata nisgilidir. Atam yetim uşaq olub. Evləri də Cənubi Azərbaycanda- Sərabda qalıb. Cəmi yeddi yaşında hər iki valideynini itirib.  Uşaq vaxtından həm doğma yurdunun, həm də ata-anasının həsrəti ilə böyüyüb. Bəy evində nökər kimi çalışıb. Amma özünü Mirzə İbrahimov səviyyəsinə çatdıra bilib. Elə gördüyü əzablarların nəticəsi idi ki, o, hamıya yardım etməyə çalışırdı. Əlindən gələni kimsədən əsirgəməzdi. Yetim uşaq olasan, amma bu cür aristokrat? Bu çox qeyri-adi hadisədir. Siz yəqin, onu görməmisiniz. Əgər görsəydiniz, birinci onun nə dərəcədə sadə olduğunu təsdiqləyərdiniz.

Həyatın işidir, bizdə elə oldu ki, vahid torpaq bölündü. Biri Arazın o üzündə, biri isə bu üzündə qaldı. Biz bilirdik ki, o Güney Azərbaycan həsrəti ilə yaşayır. Amma bu nisgili heç zaman hiss etdirməzdi. Arazın o tayına, doğma el-obasına çox gedib-gəldi. Siz gərək, özünüz onun xatirələrini dinləyərdiniz. Bu dərəcədə təbii, bu dərəcədə gözəl sözləri ondan başqa kim danışa bilərdi?! Vətən həsrəti çox ağrılıdır. Amma deyərdim ki, atamı elə bu ağrılar böyütdü, onu xeyirxah insan kimi formalaşdırdı.

 

"Çiyin normativi"

 

-Problemi olsa idi belə, yüksək səviyyədə təkbaşına ona sinə gərməyi bacarardı. Evə özüylə problem gətirməzdi. Çox möhkəm adam idi. İncidildiyini bizə hiss etdirməzdi. Əksinə, bizə deyərdi ki, qızım möhkəm ol, səbr elə, hər şey düzələcək, yaxşı olacaq.

Bəlkə, oxumusunuz, Mirzə İbrahimovu ana dilinin keşiyini çəkdiyinə görə çox incitdilər, axırda da işdən çıxardılar. Bu hadisələr 1956-cı ildə olub. O zaman biz harasa gəzməyə çıxanda insanlar atama yaxınlaşıb, ona ürək-dirək verirdilər. Bu atamı çox sevindirirdi. Məsələnin ancaq bu tərəfini deyə bilərəm. Onun ana dili uğrunda apardığı mübarizələri, etdiyi xidmətləri atamla bir işləyən insanlar, həmin hadisələrin şahidi olanlar daha yaxşı bilər. Deyə biləcəyim odur ki, atam işdən çıxarılanda qətiyyən pis olmadı. Öz xoşbəxt məkanına-yazı dünyasına  pənah apardı.

 

Vəzifədən üstün

 

-Ümumiyyətlə, vəzifə onun üçün ədəbiyyatdan, yazıdan sonra olub. Bir dəfə hansısa xarici ölkəyə getmişdi. Ona vəd olunan vəzifəni atam xaricdə olanda ona deyil, başqasına vermişdilər. Anam bundan xəbərdar idi. Atama necə deyəcəyini bilmirdi. Atam ezamiyyətdən gələndən sonra anam çətinliklə bu barədə ona danışdı. Atam anamı o qədər çox sevirdi ki, bu ağır xəbəri də gülümsəyərək, qarşıladı. Hər halda, biz belə düşünürük ki, ağır xəbər idi. Amma atam çox sevdiyi anamın pis olmaması üçün özü ona ürək-dirək verdi.

 

Yetimliyin qəddarı- "Sarıçka"

 

-Anamla atamın sevgisi çox böyük sevgi dastanı idi. Onların bir-birinə o qədər böyük və saf məhəbbətləri olub ki... Deyirlər e, "Allahdan gələn məhəbbət" bax onların arasındakı məhəbbət bu cür olub. O sevginin özü  bir aləm idi. Onların bir-birinə münasibəti hər zaman yadımdadır. Bir-birlərinə münasibətləri sonsuz dərəcədə gözəl idi. Atam atasız-anasız böyüyüb, o, valideyn sevgisini də anamın simasında tapmışdı. Anama olan məhəbbəti həm də buna görə qüvvətli idi. Anam Sara xanıma ancaq "Sarıçka" deyərdi. Dilinə heç bir başqa kəlmə gəlməzdi. Heç vaxt yadıma gəlməzdi ki, anama nə zamansa ağır bir söz desin. O məhəbbət tamam başqa idi. Birinci anam rəhmətə getdi. Atam ondan sonra çox pis oldu. Onların sevgisini heç kəslə müqayisə edə bilmirəm. Onda mən cavan idim. Ailə qurub başqa yerdə yaşayırdım. İndi sizə dəqiq deyə bilmərəm ki, atam anamdan sonra neçə il yaşadı. Amma son gününə qədər onun həsrətini çəkdi. Atamın bir çox hekayə, povestləri var ki, onları anama həsr edib. Yaxud, həmin əsərlərdə mütləq anamı xatırladan bir obraz olub. Onların münasibətinin ciddiləşməsində Səməd Vurğunun rolu çox olub. Həm də çətin vaxtlar idi. Rəsul Rza, Nigar Rəfibəyli, Sabit Rəhman kimi dostlar da o illərdə atama çox kömək olublar.

 

Bir zamanlar...

 

-Atamın böyük kitabxanası var idi. Amma heç vaxt bizə deməzdi ki, hansısa kitabı oxuyun. Biz gözümüzü açıb kitab görmüşdük. Ancaq kitab oxuyardıq. Bəzən, özü xoşladığı bir kitabı bizlərə oxuyardı. Özümü kitablarda yox, musiqidə tapdım. İndi də bu sahədə çalışıram. Professoram, musiqilərim və iki operam var. Atam  da musiqiyə meyl etməyimə sevinərdi. Hər dəfə məni notlar üzərində işləyən görəndə sevincək deyərdi ki, qızım yaz e, yaz...

Bəzən evimizdə  musiqi gecələrimiz olardı. Babam Qurban Pirimov bizə gələndə həmin günlər sanki bayrama çevrilərdi. Babam tar çalardı, atam da musiqi söhbətlərindən qalmazdı. Deyim ki, mənim musiqiyə həvəslənməyimdə atamın xidmətləri babamdan çox olub.  (gülür).

 

 "Yarımçıq əlyazma"

 

Atamın arxivində ondan hansı əlyazmaların qalmasını indi dəqiqliklə deyə bilmərəm. Ola bilsin, hansısa əsəri yarımçıq, əlyazma şəklində qaldı. Gərək, bacımla bir daha atamın arxivinə baxaq.  Bəlkə də,çapa getməyən, yazılıb tamamlanmayan nələrsə qaldı. Atamın özü isə sakit, səssiz-səmirsiz getdi bu dünyadan. Həyatdı da... Kimdə, harda qırıldısa, sırıldı... Kim bilər ki?! Bizə heç bir vəsiyyət etmədi. Çünki həyatı boyu öz iradəsi, xarakteri ilə elə bizə nə lazımdısa, hamısını demişdi. Bircə can -sağlığı barəsində tez-tez deyirdi. Bizə də, başqalarına da tapşırırdı ki, can sağlığımızın qeydinə qalaq.  Atam 82 yaşında dünyasını dəyişdi. Amma bizim üçün tamamlanmamış ən yaxşı, ən müdrik əlyazması elə atamın öz həyatı, ömrü oldu....

 

Bizim Yol.- 2017.- 6 may.- S.15.