İslamiada- bəşəriyyətə
sülh mesajı
Bu beynəlxalq idman tədbiri Azərbaycanın
tanıdılması və turizm potensialının
artırılması üçün növbəti
mühüm addımdır
Azərbaycan
turizm sahəsində beynəlxalq təşkilatlar, müxtəlif
ölkələrlə sıx əməkdaşlıq quraraq,
dünya turizm məkanına inteqrasiya edir. 2001-ci ilin sentyabr
ayında Dünya Turizm Təşkilatı Baş
Assambleyasının XIV sessiyasında Azərbaycan
Respublikası quruma tamhüquqlu üzv qəbul edilib.
Ölkəmizdə son dövrlər turizm infrastrukturunun yaradılması və inkişafı sahəsində də bir sıra mühüm işlər görülməkdədir. Hazırda Bakı şəhərində müasir standartlara uyğun 5 və 4 ulduzlu mehmanxanaların inşası, paytaxt və regionlar üzrə 50-dın çox mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin tikintisi, eləcə də “Şahdağ” Qış-Yay Turizm Kompleksi kimi böyük layihənin reallaşması ölkənin turizm potensialının artırılmasına xidmət edir. Son illər ölkəmizdə keçirilən bütün beynəlxalq miqyaslı böyk idman və mədəniyyət tədbirləri əslində ölkəmizin tanıtımı, turimin genişləndirilməsi kimi ikinci bir məqsədə də xidmət edir.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2006-cı ildən etibarən "ATM" beynəlxalq turizm sərgisində iştirak edir.4-27 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay Əmirliyində keçirilən "ATM 2017" beynəlxalq turizm sərgisində "4-cü İslam Həmrəyliyi Oyunları"nın və 23-25 iyun tarixlərində keçiriləcək "Formula 1"in təqdimatı keçirilib.. Bu sərgidə Azərbaycanın turizm potensialının təqdimatı məqsədilə 100 kv.m sahədə xüsusi dizayn əsasında iki mərtəbəli stend hazırlanmışdır və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub. Sərgi çərçivəsində Bakı şəhərində cari ilin 12-22 may tarixlərində keçiriləcək "4-cü İslam Həmrəyliyi Oyunları"nın və 23-25 iyun tarixlərində keçiriləcək "Formula 1"in təqdimatı keçirilib. Həmçinin, "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018"-in təqdimatına sərgi çərçivəsində xüsusi önəm verilib.Körfəz ölkələri ölkəmizə gəlmə turizmi baxımından prioritet ölkələrdəndir.
Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi mədəni proqram hazırlanıb. Proqram daha çox İslam mədəniyyətinin və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin təqdim edilməsindən ibarətdir.
Heydər Əliyev Sarayında Türkiyənin tanınmış rəqs ansamblı “Anadolu atəşi”nin, Dövlət Rəqs Ansamblı, Xalq Artisti Alim Qasımov, Əməkdar Artist Fərqanə Qasımova və onların davamçılarının iştirakı ilə muğam konserti keçiriləcək. Həmçinin Beynəlxalq Muğam Mərkəzində Azərbaycan incəsənət ustalarının iştirakı ilə “Muğam axşamı”, həmçinin “Etno-caz” konserti olacaq.
Konsertlərlə yanaşı, Oyunlar ilə əlaqədar teatrlar da xüsusi repertuar hazırlayıb. Bundan əlavə sərgilər də təşkil ediləcək. Belə ki, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində “İslam dünyasının musiqi mədəniyyəti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında”, Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyalarında İslam irsi”, Azərbaycan Xalça Muzeyində “İlahi sənət: naxışlar, ilmələr”, Muzey Mərkəzində “Azərbaycan İslam abidələri”, Azərbaycan İstiqlal Muzeyində Dövlət Din Tarixi Muzeyinin kolleksiyasından ibarət “İslam: sülh və birlik” adlı sərgilər açılacaq.
Oyunlar müddətində həyata keçiləcək mədəni proqrama film nümayişləri də daxildir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, himayəsi və dəstəyi, birbaşa Sizin rəhbərliyinizlə həyata keçirilən regional və beynəlxalq layihələr ölkəmizin qlobal səviyyədə nüfuzunu daha da artıraraq, Azərbaycanı mədəniyyətlərarası dialoqun inkişafı sahəsində xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə yönəlmiş mühüm bir missiyanı həyata keçirən multikultural və tolerant bir ölkəyə çevirib. Düşünürəm ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun növbəti əyani və inşallah, uğurlu sübutu olacaq.
Bildiyiniz kimi, daxili və gəlmə turizmə əlavə stimul yaratmaq, yerli istehsalı və sahibkarlığı hərəkətə gətirmək, qeyri-neft sektorunun yeni yolla canlanmasına nail olmaq məqsədilə Bakı şəhərində və Azərbaycanda bir neçə yeni turizm layihəsi həyata keçirilir. Bunların sırasında Sizin tapşırığınız əsasında Novruz bayramı ərəfəsində və hazırda Sabir bağı ərazisində, Köhnə qala divarlarının yanında və İçərişəhərdə davam etdirilən, ölkəmizin zəngin mədəni irsini, mətbəx nümunələrini, xalq tətbiqi sənətini, bir növ tarixi-milli kimliyimizi əks etdirən yarmarka təşkil olunub. Bu yarmarkanın vətəndaşlarımız və turistlər tərəfindən böyük maraq və rəğbətlə qarşılandığı nəzərə alınaraq, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi müddətdə də davam etdirilməsi nəzərdə tutulur:
Ə.Qarayev bildirib ki, bundan əlavə, Oyunların keçiriləcəyi günlərdə turistlər üçün Bakı şəhərində və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunacaq: "Muzey və qalereyalar Oyunlar zamanı ölkəmizdə olan turistlərə daha uzun müddətdə xidmət göstərməsi üçün iş rejimlərini müvəqqəti uzadılmış şəkildə həyata keçirəcəklər. Müvafiq qurumlarla, təhlükəsizlik, nəqliyyat təşkilatları ilə əldə olunmuş razılığa əsasən, Oyunların keçiriləcəyi günlərdə turist avtobusları müəyyənləşdirilmiş "şəhər turu" marşrutu üzrə paytaxtımızın qonaqlarına öz xidmətlərini təqdim edəcək. Turistlərin suallarını cavablandırmaq, onlara lazımi köməyin operativ şəkildə həyata keçirilməsi məqsədilə könüllülərdən ibarət "Ask me - Məndən soruş" layihəsi təşkil olunacaq. Bu gənclər kütləvi yerlərdə fəaliyyət göstərəcəklər.
Oyunlar zamanı ölkəmizə təşrif buyuracaq turistlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lazımi informasiyanın verilməsi, müvafiq köməyin göstərilməsi, bir növ ilkin bələdçilik funksiyasını yerinə yetirmək məqsədilə Bakı şəhərində yerləşən əsas mehmanxanalarda növbəli qrafik əsasında fasiləsiz fəaliyyət göstərən qərargahlar yaradılacaq. Bu yaxınlarda "Paşa Sığorta"nın və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında "Sirli Bakı" mobil tətbiqi layihəsi hazırlanıb. Xüsusi texnologiyaya əsaslanan bu proqram Bakının tarixi irsini sakinlərə və şəhərin qonaqlarına tanıtmaq məqsədi daşıyır. Proqramın tətbiq olunduğu hər hansı bir cihazla tarixi abidələrin qarşısında quraşdırılmış informativ stendləri "skan" etməklə ziyarətçilər onlar haqqında üç dildə (Azərbaycan, rus, ingilis) müfəssəl məlumat əldə edə biləcəklər. Qeyd etmək istərdim ki, "Go-map" naviqasiya sistemi təkmilləşdirilərək istifadəçilərin ixtiyarına verilib. Bu naviqasiya sistemi vətənimizin qonağı olan hər bir kəs üçün elektron xəritə üzərindən virtual bələdçilik vəzifəsini yerinə yetirəcək. Məlumat vermək istəyirəm ki, bu gün "Go-map" sistemindən gündə 25 min nəfər istifadə edir".
Nazir deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə aprel ayında, hazırda ərəb ölkələrində keçirilən bütün turist sərgilərində bizim bütün təmsilçilərimiz vasitəsilə Oyunlar haqqında geniş məlumat yayılır və bu proses Oyunlar zamanı da davam etdiriləcək: "Eyni zamanda, "Euronews" və "CNN" telekanallarında müvafiq reportajların yayımlanması haqqında razılıq əldə olunub. "Baku Guide" kitabçasının xüsusi buraxılışı təmin olunub və bütün mehmanxanalara çatdırılacaq. Proqramların qısa məzmunu daha çox İslam mədəniyyətinin və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin təqdim edilməsindən ibarətdir".
Teatr tamaşalarında həm gənc Azərbaycan müəlliflərinin, həm də klassik müəlliflərin əsərləri əsasında qurulmuş səhnələr təqdim olunacaq. Məlumat vermək istəyirəm ki, bütün teatrlarda Prezidentin tapşırığına əsasən, sinxron tərcümə təşkil edilir. Teatrlarda gedən tamaşaların mətnini həm rus, həm ingilis dilində izləmək mümkündür".
Paralel olaraq bu ərəfədə - Oyunlardan qabaq Bakıda bir neçə böyük kütləvi tədbirin keçirilməsi də nəzərdə tutulur. Ayın 23-də Bakıda Mstislav Rastropoviçin adını daşıyan IV Beynəlxalq musiqi festivalı başlayır. Eyni zamanda, Bakı şəhərində aprelin 10-da başlamış ticarət festivalı işini mayın 10-dək davam etdirəcək. Sizin rəhbərliyiniz ilə mayın 4-dən 6-dək Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Foruma təxminən 700-dək nüfuzlu şəxsin, dövlət və parlament rəhbərlərinin, nazirlərin qatılması nəzərdə tutulur”.
Azərbaycanın daha öncə əldə etdiyi idman nailiyyətlərini qürurla xatırlayaraq, xüsusi əminlik hissi ilə ümid edirik ki, bu möhtəşəm idman yarışlarında idmançılarımız bayrağımızı ən uca zirvəyə qaldıracaq, himnimizi tez-tez səsləndirəcək və İslam Həmrəyliyi Oyunlarında təkrarolunmaz tarixi uğura imza atacaqlar.İslamiada və bu kimi böyk , nüfuzlu yarışlar ölkəmizə turist axının artmasında, beləliklə iqtisadiyyatımızın güclənməsində, xalqın rifahının yüksəldilməsində rol oynayıb, millətlər dostluğuna mesaj verməkdədir.
XX əsrin sonunu əsasən sosialist düşərgəsinin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, habelə ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra qlobal problemlərin yaranması və gərginləşməsi ilə səciyələndirmək olar. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində mənəviyyat problemləri də kəskinləşmişdir. Bundan başqa, dünya dinləri arasında mövcud fərqlərə əsaslanan "sivilizasiyaların toqquşması" nəzəriyyəsi meydana çıxmış və öz tərəfdarlarını tapmışdır. Bəzi separatçı qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə edirlər.
Belə bir şəraitdə bəşər
sivilizasiyanın müxtəlif mədəniyyətlərinin
qorunması üçün dinlər və mədəniyyətlər
arasında dialoqun yaranması böyük əhəmiyyət
kəsb edir. Bu baxımdan tolerantlıq və
dözümlülük ənənələri zəngin olan
ölkə və regionların təcrübəsi nümunə
ola bilər. Azərbaycan bir çox millətlərin və
dini konfessiyaların dinc yanaşı yaşamasının
unikal nümunəsi olaraq bir ili
ərzində həm Avropa Oyunlarına, həm İslamiadaya ev
sahibliyi edən bir ölkə olaraq bəəriyyətə
sülh töhfəsini verir.
İLHAMƏ
Bizim Yol.- 2017.- 12 may.- S.11.