“Altı studiyaya 1 milyon
manat ayrılıb ki,
onun da 18 faizi vergiyə gedir”
Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının
direktoru Müşfiq Hətəmovun APA-ya müsahibəsi
Müasir Azərbaycan kinosu... Prosesi izləyənlər son illərdə çəkilən filmlərimizin uğurlarının və problemlərinin nədən ibarət olduğunu yaxşı bilir. Bura ssenarilərin bədii və yaradıcı səviyyəsindən tutmuş, maddi-texniki bazaya qədər bir çox komponentlər daxildir. Əlbəttə, bütün qayğı və sıxıntılara baxmayaraq, uğurlardan danışmamaq qeyri-obyektivlik olar. Bu uğurun nədən ibarət olmasını Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova istinadən yazıram:
- “Azərbaycanfilm” təkcə son illərdə 180-dən çox festivalda iştirak edib, filmlərimiz 60-dan artıq ölkədə nümayiş olunub. Bu gün “Azərbaycanfilm” mədəniyyətimizi dünyada inam və uğurla təbliğ edən qabaqcıl mədəniyyət müəssisələrindən biridir.
Müşfiq Hətəmovun “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə təyin olunmasından 5 il keçir. Deməli, bu illərin hesabatını da kinostudiya rəhbərindən soruşmaq, tələb etmək lazımdır. Amma müsahibəni hesabat üzərində qurmaq fikrindən uzağam, zatən, mütəmadi yayılan xəbərlərdə bu haqda kifayət qədər danışılır. Məni müasir kinonun problemləri maraqlandırır. Və Müşfiq Hətəmova qarşı irəli sürülən ittihamlar. O ittihamlar ki, kinostudiya direktoru onlara cavab verməyi ya lazım bilməyib, ya da bu haqda “diplomatik xəsislik”lə danışıb. Nəhayət, anlaşdıq və kinostudiya direktorunu inandıra bildim ki, danışmağın, özü də açıq danışmağın vaxtı-vədəsidir...
Müşfiq Hətəmov danışır...
- Siz məndən soruşursunuz ki, bu gün “Azərbaycanfilm” kinostudiyasının rolu nədən ibarətdir. Altmışdan artıq ölkədə nümayiş, 180-dən çox festivalda iştirak bizim nail olmaq istədiyimiz məqam deyil. Əvvəla, istəyirəm, bunu biləsiniz. Arzuladığımız məqama çatmaq üçün hələ çox çalışmalıyıq. Uzun illər kinodakı problemləri kompleks şəkildə yox, ayrı-ayrı detallar şəklində həll etməyə çalışılıb. Bu gün Mədəniyyət və Turizm Nazirliyi və onun tabeliyində “Azərbaycanfilm” kinostudiyası olaraq hansısa epizodik texniki problemləri yox, köklü kino industriyası məsələsini qaldırmışıq. Bu proses təkcə bizdə yox, keçmiş Sovetlər birliyindəki ölkələrdə də davam edir. Çağdaş Azərbaycan kinosunun problemi epizodik texniki və xırda yaradıcı məsələlərdə deyil, böyük mənada kino sənayesinin qurulmamasındadır. Bu məsələnin həll olunması istiqamətində çox ciddi addımlar atılır. Kinomuzun belə vəziyyətdən yeganə çıxış yolu industriya probleminin kompleks həllidir. Bu, yeni qanuni bazanın dünyaya açılışından tutmuş, kadr hazırlığına qədər hər şeyi əhatə edir.
- Hər halda kadr hazırlığı kino sənayesinin
ən vacib komponentidir...
- Məhz buna görə Rusiyada ali kino təhsili almaq arzusunda olan gənclərə müraciət etmişik. Ümumrusiya Kinematoqrafiya Universiteti ilə danışıqlar aparılıb. Bir neçə kino ixtisası üzrə və Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində gənclərin oxumağa göndərilməsi nəzərdə tutulub. İxtisaslar kino və televiziya rejissoru, kinooperator, animasiya və kompüter qrafikası rejissorluğunu əhatə edir. Namizədləri müəyyən edib Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin və Təhsil Nazirliyinin dəstəyi ilə gənclər təkcə Rusiyaya yox, Türkiyə və Avropa dövlətlərində də təhsil alırlar. Hörmətli nazirimiz Əbülfəs Qarayev bu məsələləri mütəmadi olaraq diqqətində saxlayır. Kino elə sahədir ki, texniki parametrlərlə yanaşı, yaradıcı atmosferdən də çox şey asılıdır.
Yaradıcı atmosferin gücləndirilməsi üçün 30-a yaxın gənci “Azərbaycanfilm”ə cəlb etmişik. Onların uğurlu layihələri ilə yanaşı, zəif işləri də oldu. İndi ikinci mərhələdə gəncləri kinostudiyaya dəvət etmək istəyirik. Bunun üçün artıq ilk addımlar atılıb. Kinostudiyada bizim hörmətli rejissorumuz Elçin Musaoğlunun təşəbbüsü ilə “Gənc simenaçılar” klubu yaradılıb. Gənclərin cəlb olunması, onların sınaqdan keçirilməsi bizim qarşımızda duran çox vacib məsələlərdən biridir.
- Kinostudiyanın
maliyyə vəziyyəti necədir?
- Əlbəttə, sirr deyil ki, 2017-ci il bizim üçün maliyyə baxımından çox ağır ildir. Ümumilikdə, altı studiyaya 1 milyon manat pul ayrılıb ki, həmin məbləğin 18 faizi vergidir, yerdə qalan məbləğ isə 6 studiya arasında bölünür. Amma başa düşürük ki, bu müvəqqəti haldır. Əsas odur, ölkəmizdə olan azsaylı peşəkar mütəxəssislərin bu sahədən uzaqlaşmasının qarşısını alaq. Biz yetişdirdiyimiz, hazırladığımız kadrların müvəqqəti maliyyə sıxıntısına görə bu sahədən uzaqlaşmasına imkan verə bilmərik. Nəyin bahasına olur-olsun, onları qorumalıyıq. Çünki onları Azərbaycan dövləti yetişdirib, ölkəmizin kino təhsilinin yetirmələridirlər. Şəxsən mən sosial təminatı yüksək olan yaşlı sənətkarlarımızla müqayisədə özünə tam şərait qura bilməyən, amma böyük potensialı olan gənc və orta nəsil kino işçilərinin müvəqqəti çətinliklərə qurban verilməsinin tam əleyhinəyəm. Qarşıdan gələn il bütün yaradıcı heyətimizlə bir yerdə “azərbaycanlılar kimdir, dünyaya nə verib?” sualına cavab verən ekran əsərləri yaratmağı planlaşdırırıq. Təəssüf ki, bəzi ölkələrdə bizim haqqımızda məişət söhbətləri səviyyəsində təəssüratlar yaratmaq istəyirlər. Bu təəssüratların doğru olmadığını sübut etmək üçün böyük layihələr həyata keçirilməlidir. Nəsrəddin Tusidən tutmuş, müasir tarixi şəxsiyyətlərimizə qədər dünyada qəbul edilən böyük insanlarımızın həyatından bəhs edən filmlər çəkmək istəyirik.
Bu filmlər yeni kinonun tələblərinə cavab verən, gənc nəslin sevə-sevə baxa biləcəyi ekran əsərləri olmalıdır. Bəzi layihələrin icrası zamanı ənənəvi problemlərlə qarşılaşırıq. Məsələn, İran və Gürcüstan şirkətlərindən texnika kirayələyirdik. Mən gəldikdən sonra biz onları uzaqlaşdırdıq və öz şirkətlərimizlə əməkdaşlıq etməyə başladıq. Bir müddət sonra bu şirkətlər daha da təkmilləşmək əvəzinə müxtəlif tapşırıqlar və vasitələrlə bizə öz texnikalarını vermək istədilər. Rəqabət mədəniyyətinin olmaması müxtəlif problemlərə gətirib çıxarır.
- Rəqabət mədəniyyətinin
olmamasının fəsadları ilə təkcə texniki məsələlər
zamanı qarşılaşırsınız, yoxsa
yaradıcı müstəvidə də belə hallar olur?
- Biz 30-a yaxın yaradıcı insan dəvət etdik və onlar “Azərbaycanfilm”də özlərini sınadılar. Onların içində uğurluları da oldu, işinin öhdəsindən gələ bilməyənlər də. Təəssüf ki, film çəkə bilməyənlər cəmiyyətə səhv informasiyalar ötürdülər.
- Həmin səhv informasiya nədən ibarətdir?
- Belə bir təəssürat yaratmağa çalışdılar ki, guya mən “Azərbaycanfilm”ə rəhbər təyin olunandan sonra monopoliya yaratmışam. Amma qəribədir ki, həmin adamların özləri məhz kinostudiyada film çəkirdilər. Bu adamlar başa düşmək istəmirlər ki, “Azərbaycanfilm” ildə 2-3 film çəkdiyi halda, özəl sahədə 15-20 film çəkilir.
Bəli, mən kinostudiyaya rəhbər təyin olunmazdan iki il öncə özəl studiyalarda tammetrajlı filmlərlə bağlı problem yaşandığına görə bu proses dayandırıldı. “Azərbaycanfilm”in isə çəkdiyi ekran əsərlərinin bütün parametrlər üzrə keyfiyyəti göstərdi ki, kinostudiya hər gün gəncləşir və inkişaf edir. Bu cür anlaşılmazlıq hər zaman olub və ümid edirəm zaman keçdikcə aradan qalxacaq.
- Kinostudiya Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan icraçı qurumdur. Amma buna baxmayaraq başa düşürəm ki, bütün rejissorların, ssenaristlərin, prodüserlərin işi sizdən keçir. Sadəcə, icraçı qurum rəhbəri olaraq inhisar yaratmaq imkanlarınızın nə dərəcədə real olduğunu soruşmaq istəyirəm...
Haşiyə: Müşfiq Hətəmov gülür. Mən bu gülüşdə həm istehza, həm də gördüyü işlərdən arxayın olub bütün söz-söhbətlərə yuxarıdan-aşağı saymazyana baxan kino rəsmisinin ədasını görürəm. Bu təklif diktofona düşməyən hissədir:
- Bəlkə başqa məsələlərdən danışaq? İstəyirəm, müsahibəni daha faydalı məsələlər üzərində quraq. Məni düzgün başa düşün, sizin hətta ən kəskin suallarınıza cavab verməyə hazıram, sadəcə, onda özümdən danışmağa məcbur olacağam. Bu, mənim üçün xoş deyil. Xahiş edirəm, məni anlayışla qarşılayın.
Və əlbəttə, bu təklifi “jurnalist hiyləgərliyi” ilə geri qaytarmaq vacibdir. Ona görə də söhbətə davam...
- Məsələ bilirsiniz nədədir? Kinostudiyaya ən çox rejissor məhz mənim rəhbərliyim dövründə cəlb olunub. Onlar filmlər çəkib beynəlxalq festivallarda mükafatlar qazanıblar.
Kinostudiyada bədii
şura fəaliyyət göstərir. Razıyam,
yaradıcı müstəvidə tam obyektiv olmaq olmur və sənin
həqiqi sənət bildiyini başqaları inkar edə bilər.
Bu cür faktlar, mübahisələr kino, teatr, ədəbiyyat
sahəsində kifayət qədər olub. İşini bilən, istedadı olan
bircə rejissor göstərin ki, ona film verilməyib. Vacib olan həqiqi yaradıcılıqdır. Rejissor var ki, biz ona dəfələrlə müraciət
etsək də, istədiyi səviyyədə ssenari
olmadığına görə həmişə vaxt istəyir.
Amma axtarıb-araşdırır. Çünki işinin məsuliyyətini başa
düşür. Özünə rejissor deyən adam da var, gündə səkkiz film təklif elə,
deyəcək, hamısını çəkə bilərəm.
Amma çəkdiyi filmlərin heç biri
uğurlu alınmayıb.
- Maliyyə
sıxıntıları sözsüz ki, yeni filmlərin
çəkilməsini ləngidəcək...
- Siz də bilirsiniz ki, kino
böyük məbləğdə vəsait tələb edir. Vəsaitin azalması böyük problemlər
yaradır. Biz bir məsələni başa düşməliyik:
“Azərbaycanfilm”in əsas məqsədi peşəkar kino məktəbini
qoruyub-saxlamaqdır. Mən vaxtilə kommersiya
filmləri çəkmişəm. Bu gün gənclərin
özəl kino sahəsində gördüyü işləri
20 il əvvəl etmişəm. Ümid
edirəm, bunu siz də, oxucular da təvazökarlıqdan
uzaqlıq kimi qiymətləndirməyəcəksiniz: vaxtilə
kinoprokatdan ən çox pulu mən qazanmışam.
-
Bildiyim qədər “İnterpapa”, “Toy”, “Bomba”, “Halal pullar”, “Məhəllə”,
“Məşədi İbad 94” kimi filmlərin prodüseri və
reklam kompaniyasının rəhbəri olmusunuz...
- Bəli. Amma həmin
filmlərin estetikasını hazırda rəhbərlik etdiyim
“Azərbaycanfilm”ə gətirə bilmərəm. Onda bizim peşəkar kino məktəbimiz məhv
olar. Sadəcə, həmin peşəkar
kino məktəbinin təkmilləşməsinə ehtiyac var.
Qanuni bazadan kadr hazırlığına qədər böyük
yol keçməliyik. Və bu yolu da
keçirik. Orxan Ağazadə, Ərturan, Zamin Məmmədov
və başqalarının adlarını çəkə
bilərəm ki, istedadlı gənc nəsil yetişir və
onlar Elçin Musaoğlu, Elxan Cəfərov, Şamil
Əliyev, İlqar Nəcəflə rəqabətə girə
bilirlər.
Yəni böyük
bir nəsil gəlir. Bu da bir daha bizi ora
aparır ki, industriyanın problemləri həll
olunmalıdır. Özəl
studiyaların inkişafı prosesi başlayıb. Amma bu, müvəqqəti haldır. Çünki Azərbaycanda kinoprokat sistemi çətin
vəziyyətdədir. Kiçik bir ərazidə
distributor sistemi yaradılıb, bir kinoteatr o biri kinoteatrın
filmini göstərmir.
- Mədəniyyət və İncəsənət
Universiteti ilə yaradıcı əlaqələriniz necədir?
- Rektor Fərəh
Əliyeva Mədəniyyət və İncəsənət
Universitetində böyük işlər görür,
yaradıcı insanları cəlb edir. Amma
məncə, bütün problemləri həll etmək təkcə
Fərəh Əliyevanın gücü daxilində deyil.
Ona bütün yaradıcı təşkilatlar
böyük dəstəklər göstərməli, texnoloji
baza yaradılmalıdır. Mədəniyyət
və İncəsənət Universitetinin qədim və
gözəl ənənələri var. Onu daha da inkişaf
etdirmək lazımdır.
- Xaricdə
oxuyub gələn gənclər Azərbaycan kinosuna nə
veriblər? Ortaqlıqda real iş varmı?
- Onların əksəriyyəti
“Azərbaycanfilm”də çalışır. Türkiyədə,
Sankt-Peterburqda, Londonda, Almaniyada müxtəlif sahələr
üzrə təhsil alan gənclərimiz
var. Bu məni çox sevindirir və onlarla əməkdaşlıq
edirik. İstedadlı gənc rejissorların
istehsal prosesini bilməmələri bizə əlavə
qayğı yaradır. Bəzən
onların qeyri-peşəkar hərəkətləri istehsal
prosesinə ziyan vurur. Məsələn, mən hansı
filmdə Rafiq Quliyevin, Kənan Məmmədovun adını
görmüşəmsə, arxayın olmuşam ki, bu insanlar
peşəkar olduqlarına görə, bir çox
ağır yükü çəkiliş boyu öz üzərilərinə
götürürlər.
- Azərbaycan
kinosunun ssenari problemi hələ də qalır...
- Bəli, Azərbaycan
kinosunun ən ciddi problemi ssenari problemidir. Amma
sizə səmimi deyim ki, ssenari sahəsində hər yerdə
problem var. Bu, yaradıcı işdir və çox vaxt
oxuyub-öyrənməklə başa gəlmir. İnsan
kinonun bütün meyarlarını, tarixini çox gözəl
mənimsəyə bilər, amma iş praktik
yaradıcılığa gələndə, görərsən
ki, heç nə alınmır.
- Qəbul imtahanında xalq rəssamlarımızdan
biri imtahan götürürmüş. İmtahan
verən gənc bütün cərəyanlardan, rəssamlıq
məktəblərindən danışıb. Xalq rəssamı deyib, oğlum, sənin kimi gəncin
yetişməsi məni çox sevindirdi. İndi
keçək praktiki məsələyə. Qarşısına kağız qoyub ki, bir dovşan
şəkli çək. Məlum olub, rəssamlığın
estetik prinsiplərindən danışan abituriyent dovşan
şəkli çəkə bilmir.
İndi bizdə “facebook sənətkarları”
meydana gəlib, elə bilirlər, Tarkovskidən, Fellinindən
danışanda adam yaxşı rejissor,
istedadlı ssenarist olur. Smartfon telefonla, yaxud
fotoaparatla film çəkən gənclər var ki,
dünyanı gəzirlər. Bizdə
plagiatla məşğul olan kinoşünaslar meydana gəlib.
Onlar hər şeyi qara rəngdə görməyə
öyrəşiblər. Amma şükürlər olsun,
işıqlı, yaxşını pisdən
ayırmağı bacaran kinoşünaslarımız az da olsa, var.
Yenə haşiyə: Mən yeni
filmlərin televiziya ekranlarına yol tapa bilməməsinə
görə narahatlığımı dilə gətirirəm.
Bəlkə problem televiziya rəhbərlərindədir?
Gözünüzün qabağına gətirin,
görün, necə telekanalın rəhbəri
yaradıcı şəxsdir? Gətirdinizmi?
Onda razılaşın: yaradıcı şəxslərin
bir-birinə qısqanclığı ismin halları qədər
aşkar, vurma cədvəli sayaq dəqiqdir. Televiziya
rəhbərinin kimdən xoşu gəlmirsə, nəinki onun
filmini göstərməz, görüntüsünə də
qadağa qoyar.
- Sizin fikrinizlə razı deyiləm.
Bunu hər bir televiziyaya aid etmək olmaz. Televiziya sədrlərinin çoxunun bizə
münasibəti yaxşıdır, onlarla əməkdaşlıq
edirik. Bir-iki telekanal var ki, bizim filmləri
göstərmirlər. Və ya göstərəndə
də pulunu ödəmirlər. Telekanallarda peşəkarların
az olması da problem yaradır. Bədii informasiya dövlətin strateji sahələrindəndir.
Böyük dövlətlər bundan çox
ciddi şəkildə istifadə edirlər. Bu sahə düzgün proqramlaşmalı və
yaş səviyyəsinə görə filmlər
nümayiş olunmalıdır.
-
Televiziya pul ödəyib filmi almalıdır. Bəlkə
problem məbləğin çoxluğundadır?
- Qətiyyən! Bir
film üçün 70-80 manat pul tələb olunur. Sizcə bu, bir televiziya üçün böyük
məbləğdir? Azərbaycan Dövlət
Televiziyası və İctimai Televiziya bu işdə çox
fəal iştirak edir. Təəssüf
ki, bəzi kanallar ümumiyyətlə, filmləri qeyri-qanuni
göstərirlər. Məhz buna görə
yeni qanun layihəsinə milli kino vaxtı məsələsi əlavə
olunub. Bu Avropa ölkələrində
mövcuddur. Qanuni baza qurulmalı və
özəl sahə, müstəqil kino inkişaf etməlidir.
- Kinostudiyanın təmiri məsələsini
yenə soruşmaq istəyirəm...
- Bu məsələ gündəmdədir.
Mən inanıram ki, kinostudiya tezliklə təmir
olunacaq. Öz vəsaitimiz hesabına
kinostudiyanın iki mərtəbəsində əsaslı
olmasa da, müəyyən təmir işləri
aparmışıq. Yeni
zallarımızı bərpa etmişik, yeni montaj
studiyaları yaratmışıq. Çəkiliş
pavilyonlarımızı qismən də olsa bərpa
etmişik. Əgər kinostudiyada əsaslı
təmir və yenidənqurma işləri aparılarsa, texniki
bazası yaradılarsa, dövlət vəsaitinə də qənaət
edilər. Kinostudiya öz pavilyonu,
texnikası, rekviziti ilə özü-özünə dəstək
olacaq, eyni zamanda dövlət vəsaitinə də qənaət
ediləcək.
- Təbii
ki, sizdən “kommersiya filmlərinə
baxırsınızmı?” sualını soruşmaq artıq
olar...
- Bu gün kommersiya filmləri
çox çəkilir, amma bu hal müvəqqətidir.
Ona görə ki, qeyri-peşəkarlıq varsa, zaman keçdikcə insanlar bu filmlərə baxmağa maraqlı olmayacaqlar. Çəkilən kommersiya filmlərindən ikisi-üçü ümidverici sayıla bilər. Bədii həll olmayan yerdə sənətdən danışmaq mümkün deyil.
- Həmin filmlərin keyfiyyətsiz
alınmasının səbəblərindən biri də
maliyyə azlığıdır. 70-80 min manata qorxu, 30-40 min
manata komediya filmi çəkilirsə, məlumdur ki, keyfiyyət
olmayacaq...
- Bir qisim rejissorlar deyirdilər, nazirlik bizə film çəkməyə imkan vermir, dövlət şərait yaratmır. Özlərini dahi rejissor, əvəzedilməz ssenarist hesab edirdilər. Onlar müstəqil şəkildə film çəkməyə başladılar və məlum oldu, potensialları çox aşağıdır. Peşəkar mühit başa düşdü ki, nə yaxşı onlar vaxtında film çəkməyiblər. Düzdür, həmin rejissorların arasında uğur qazananları da var və inanıram, bundan sonra da olacaq. Həmin filmlərin bir çoxunun çəkilişinə “Azərbaycanfilm” olaraq dəstək vermişik. Mən müstəqil kinonun inkişafının hər zaman tərəfdarı olmuşam və istedadlı, peşəkar hesab etdiyim insana əlimdən gələn köməkliyi etməyə hazıram.
Bizim Yol.- 2017.- 12 may.- S.15.