Musa Yaqubun… imperiyası

 

Bu aralar -bir-iki il içində çox sevdiyim dostlarım - böyük şəxsiyyətlər öz yubileylərini keçirdilər. Millətin sevimlisi olan insanlar -  Qulu Məhərrəmli  60, Rafiq Əliyev 75, Ramiz Həsənoğlu və Ramiz Rövşən 70 yaşı ötdü.  Ramiz Rövşənin ad günü münasibətilə bir yazı yazmaq istəmişdim. Sonra gördüm, yazan çoxdu. Hamı da təxminən eyni şeyləri yazır. Düşündüm, şair dostum məndən böyükdü (ümumiyyətlə, çox böyükdü), mənə keçər. Ancaq ardınca Musa Yaqubun 80 illik yubileyi gəldi. Onun da haqqında bir şeylər yazmaq istədim. Böyük alim, ictimai xadim, gözəl ziyalımız Rafiq Əliyev Musa Yaqub haqqında çox səmimi bir yazı yazdı, bizə göndərdi, sevə-sevə  dərc etdik. Yəni hörmətli professor məni qabaqlamışdı. Ancaq bu böyük insanlar haqqında söz demək ehtiyacı məni heç cür rahat buraxmadı. Və bu ehtiyacdan kiçik bir cızmaqara edim deyə bu sətirləri yazıram.

Kompüterin arxasına keçərkən əvvəlcə Ramiz Rövşən haqqında  yarımçıq yazıma göz gəzdirdim. Belə yazmışdım: "Ramiz Rövşən bir dəfə demişdi: "Bəziləri ömür boyu SSRİ xalq artisti olmaq üçün çalışırdı, ancaq onlar SSRİ xalq artisti olana qədər… SSRİ özü dağıldı". Bəli, Sovetlər Birliyi 70 il yaşadı və… dağıldı. Ramiz Rövşən isə artıq iki gündür ki, 71-ci yaşını yaşayır. Bu, nə deməkdir? Bu, o deməkdir ki, SSRİ ömrü yaşamaq deyil, şair ömrü yaşamaq daha böyük səadətdir. İmperiyalar yaranıb, dağılıb. Ancaq o imperiyalarda, hətta daha əvvəl  doğulmuş gerçək rəssamlar, gerçək şairlər…hələ də bizimlə birlikdə yaşayır. Bir Cahan padşahı Sultan Süleymana qalmayan dünya Məhəmməd Füzuliyə qaldı. Heç bir səltənət şair ömründən, sənətin, sənətkarın  ömründən daha uzun yaşamır. Heç bir taxt ürəklərdə qurulan taxtdan daha uca deyil. İmperiyalar daha çox ərazi və daha çox insan üzərində hökmranlıqdır. Şairin isə ordusu özü, silahı qələmi, "hökm etdiyi" ərazi isə insan qəlbidir. Şair özündən, kağızından, qələmindən oluşan böyük bir ruh dövlətidir. Onun sərhədlərinin başladığı yer bəlli olsa da, bitdiyi yer bəlli deyil. Tarixdə çox örnəklər var - hökmdarlar da  rəsm çəkib, musiqi alətlərində ifa etməyə, xəttatlığa meyl edib.  Ancaq əksəri şeir yazıb. Gerçəkdən ürəklərə hökm edə bilənlər də var, ancaq edə bilməyənlər daha çoxdur deyə o hökmdarlar şairlərə hörmətlə, qibtə və bəzən həsədlə yanaşıblar. Bəzən də bu həsəd qorxuya, nifrətə çevrilib, O zaman, məsələn,  Nəsiminin dərisi soyulub".

Bu qeydlərimi bir daha oxuyanda düşündüm ki, azad fikirlərinə görə, yalana xidmətdən boyun qaçırdıqlarına görə, bir sözlə, sözün böyük anlamında şair olduqlarına görə Ramiz Rövşən də, Musa Yaqub da az çəkməyiblər zalımların, cahillərin, anlamazların əlindən. Və Ramiz Rövşən haqqında nə yazmaq istəmişdimsə, elə onları ağsaqqal dostum Musa Yaqub haqqında da yazmaq, demək olar.

Bir sərin, hətta soyuq may günü Bakıdan İsmayıllıya - Musa Yaqubun işığına tələsdik. Bu yazının əvvəlində adlarını sadaladığım böyük şairimiz Ramiz Rövşənlə, böyük alimlərimiz Rafiq Əliyevlə, Akif Musayevlə, Nazim Müzəffərli ilə, böyük sənət fədailərimiz Xamis Muradovla, Ramiz Həsənoğlu ilə, mahir  publisist, telejurnalist, professor Qulu Məhərrəmli ilə,  dəyərli alim, naşir, millətimizin maariflənməsinə həyatını, varlığını qoyan qədim dostumuz Rafiq İsmayılovla, adlarını tamamıyla sadalamadığımız başqa çox dəyərli ziyalılarımızla, dostlarımızla yol yoldaşı olduq. Bu misilsiz insanların, o cümlədən,  təkrarsız sənətkarımız Rasim Balayevin danışdığı duzlu əhvalatlar, yubileyin keçirildiyi o məkan - gerçək təbiət abidəsi,  o aura, aşağıdan axan o çay, sevgi nəğməsi oxuyan o quşların səsi, Səbuhi İbayevin  ifasında dinlədiyim o "Segah",  o şirin zarafatlar… Bunları unutmağım mümkünsüzdür. 

 Musa Yaqub. Ayaq üstə gəzən uca, qocaman bir palıd, bir nəhəng qaya, kükrəyən dağ çayı. Musa Yaqub İsmayıllı təbiətinin bir parçası - o dağların, meşələrin, dərələrin, o yaylaqların gözəlliyini, sərinliyini və mükəmməlliyini özü ilə başqa yerlərə, böyük şəhərlərə daşıyan, dünyaya tanıdan ustad qələm sahibidir. Dostum Qulu Məhərrəmli çox yerində dedi: "Belə böyük insanlar hər gün gözümüzün önündə olduğu üçün böyüklüyünü bəlkə olduğu kimi görə bilmirik. Zaman anlamında onlar bizdən uzaqlaşanda kimləri itirdiyimizi bütün aydınlığı ilə dərk edə bilirik. O zaman isə bəzən gec olur".

Gerçəkdən də hər kəsin və hər şeyin dəyəri zamanında veriləndə daha adil olmuş oluruq. Mən şəxsən öz yazarinsan taleyimdə iki böyük insanın - Aydın Məmmədovun və Nəcəf Nəcəfovun misilsiz yeriniçox dəyərli rolunu ömrüm boyu hiss edirəm. Bu insanlardan biri də bəs edərdi ki, sən kimdən öyrənərək həyatda və yaradıcılıqda irəli getməyinlə hədsiz iftixar duyasan. Bu gün, çox təəssüf ki, həmin o iki Müəllimim həyatda yoxdurlar. Hər iki valideynimi, hər iki müəllimimi itirmişəm, ancaq bu yazıda adını çəkdiyim və çəkmədiyim misilsiz insanların  həyatımda, dostluğumda olması mənə inanılmaz güc verir. Təbii ki, yenicə 81-ə adlayan Musa Yaqubun bir başqa yeri var məndə. Mən Musa Yaquba olan sevgini bir daha gözlərimlə gördüm, qulaqlarımla eşitdim, hiss etdim. O gün o gözəl təbiətdə. İsmayıllıda - qədim və hər baxımdan zəngin Şirvan torpağının bir guşəsində bu duyğu selinə yenidən tuş gəldim. Ölkənin dörd bir tərəfindən Musa Yaqubun adına gəlmiş qonaqlar gözləniləndən qat-qat çox oldu. Mən yolda dost məclisində dediyimi bir daha bu yazıda yazıram: Musa Yaqub başda olmaqla belə böyük adamlarla nəinki  ünsiyyətdə olmaq, dostluq etmək, hətta onlarla eyni ölkədə, eyni tarixi zamanda yaşamaq, eyni millətə mənsub olmaq bizim üçün heç vaxt tükənməyəcək qürur qaynağıdır. Mən bir daha ağsaqqal dostum Musa Yaqubu bağrıma basıb öpürəm, təbrik edirəm, ona can sağlığı, yeni şeirlərlə, yeni kitablarla ürəyimizdə taxt-tac səfası sürməyi Allahdan arzulayıram. Nə yaxşı ki, Siz varsınız, Musa Yaqub! 

 

Bahəddin Həziyev

 

Bizim Yol.- 2017.- 16 may.- S.5.