“Dastan qəhrəmanlarına
müasir meyarlarla
yanaşırıq”
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu
- İmanovun APA-ya müsahibəsi
- Muxtar müəllim,
istəyirəm söhbətimizə
Folklor İnstitutunun hazırkı fəaliyyət istiqamətləri
haqda qeydlərlə başlayaq. İşləriniz necədir,
nə kimi uğurlarınız və
qayğılarınız var?
- Folklor İnstitutu arxaik folklor,
klassik folklor və müasir folklor olmaqla üç əsas
istiqamətdə fəaliyyət göstərir. Dünya xalqlarının folkloru, o cümlədən
bizim folklorumuz əsasən bu kimi tarixi mərhələləri
əhatə edir. Bizim İnstitutun strukturu
da həmin istiqamətlər və mərhələlər əsasında
qurulub. İnstitutun arxaik folklorla məşğul olan
Mifologiya, Mərasim folkloru, klassik folklorla məşğul olan
Aşıq yaradıcılığı, Dədə Qorqud
şöbələri, müasir dövrü araşdıran
Müasir folklor şöbəsi var. Üç istiqaməti
bu şöbələrin köməkliyi ilə izləmək
mümkündür. İnstitutun əsas
qayğılarından biri folklorun söz mətni olaraq
toplanmasıdır. Folklor təkcə
yazı yox, həm də çəkilişlər əsasında
toplanmalıdır. Bu məqsədlə üç il əvvəl Milli Elmlər Akademiyası Rəyasət
Heyətinin qərarı ilə bizim İnstitutumuzun nəzdində
Folklor Studiyası yaradılıb. Çəkilişlər
həmin studiyanın vasitəsi ilə həyata keçiririk.
Studiya xətti ilə “Azərbaycan xalq dastanları”, “Halaylar”,
“Qarabağın musiqi folkloru” və s. kimi CD albom-disklər
buraxmışıq. Qarabağ bölgəsi ilə
əlaqədar materialların toplanması əsas
qayğılarımızdan biridir. Üç il ərzində Qarabağdan toplanmış
nümunələr əsasında 10 cilddən ibarət
“Qarabağ: folklor da bir tarixdir” çoxcildliyini çap etdik. Cildlərin hər biri 450-500 səhifədən ibarətdir.
Həmin kitablarda Qarabağ savaşının
da bir çox səhifələri öz əksini tapıb.
Materialların içində bir qisim rəvayətlər
məhz tarixi əks etdirən rəvayətlərdir. Buna şifahi tarix deyirlər. Avropalılar
şifahi tarix deyilən janr əsasında çoxlu tədqiqatlar
aparıblar. Çox təəssüf ki,
biz bu işə gec başlamışıq. İnstitutun əsas istiqamətlərindən biri də
multikulturalizm istiqamətidir.
Əvvəllər azsaylı xalqların folkloru bölməsini yaratmışdıq. İki il
əvvəl isə Rəyasət Heyətinin qərarı ilə
institutumuzda azsaylı xalqların folkloru şöbəsi təsis
olundu. Həmin şöbə indi toplama və tədqiq
işləri ilə məşğuldur ki, bu istiqamətdə
toplama nümunələrindən ibarət 2 kitab və 1
monoqrafiyamız çap olunub. Bu sahədə
bizim əməkdaşımız Mətanət
Abdullayevanın xüsusi xidmətləri var.
- Folklorun tədqiqi toplanılması
qədər vacibdir. Bu sahədə vəziyyət
nə yerdədir?
- Toplama materiallarının sistemləşdirilməsi
həmin materialların tədqiqi ilə paralel aparılır.
Toplama işində çox fəal iştirak edən
bir neçə əməkdaşımız var. Onlardan biri
İlkin Rüstəmzadədir ki, o, 2011-ci ildə yaradılan
Folklorun toplanması və sistemləşdirilməsi
şöbəsinin müdiridir. Həmin əməkdaşımız
toplanan materiallar əsasında öz tədqiqatlarını
da davam etdirir. İlkin Rüstəmzadənin
fəlsəfə doktorluğu işi Azərbaycan
nağıllarının süjet göstəricisinin sistemləşdirilməsidir.
Məlumdur ki, dünya xalqlarında
nağıllar bir-birinə oxşardır. Məsələn,
bizim “Məlikməmməd” nağılının başqa
xalqlarda oxşar nümunələri var. “Göyçək
Fatma”nın da o cümlədən. Toplama işi göstərir ki, bizim bir çox
nağıllarda beynəlxalq süjetlərdən fərqli
süjetlərə rast gəlmək olur. Bu,
çox gözəl nəticədir. Toplama
işini dayanmadan, ardıcıl şəkildə davam etdirməliyik
ki, Azərbaycan folklorunun bu cür özəllikləri üzə
çıxsın.
- Nağıllardan söz düşmüşkən, folklorda dini
nağıllar bölgüsü varmı?
- Əlbəttə,
var. Mənim dissertantım Xanım Mirzəyevanın
mövzusu Azərbaycan dini nağıllarının
poetikasıdır. Bu mövzunu məhz
toplama materialları diktə elədi. Sovet
dövründə dinin təbliği yasaq idi. Ona görə də bizim folklorşünaslar bu
mövzuda materiallar toplamaqdan çəkinirdilər. İndi isə hər kəs öz düşüncəsində
sərbəstdir. Araşdırmalar, toplama
işləri göstərdi ki, bizim ayrı-ayrı bölgələrimizdən,
eləcə də, Qarabağ bölgəsindən toplanan
materialların 20-30 faizini dini motivli materiallar, həmçinin
dini nağıllar təşkil edir. Bu materiallar əsas verdi ki, dini nağılların ayrıca
araşdırılmasına diqqət yetirilsin. Sovet
dövründə dini nağıllar ayrıca qrup şəklində
öyrənilməmişdi, əfsanə və rəvayətlərin
içində qarışıq düşmüşdü.
Bu boşluğu doldurmağa ehtiyac vardı.
- Toplanan dini materialların
içində radikal motivli, zərərli təbliğat mahiyyət
daşıyan nümunələr də varmı?
- Folklor öz formasına görə
son dərəcə milli olur. Ən azı ona
görə ki, hər xalqın öz dilində yaranır.
Elə bir dildə ki, onu başqa dilə tərcümə
etmək çox çətin olur. Amma bu millilik folklorun
ümumbəşəri məzmun daşımasına qətiyyən mane
olmur. Son dərəcə milli olan folklor
nümunələri ümumbəşəri mahiyyət kəsb
edir. Bu ümumbəşəriliyin
kökü arxaik düşüncə tərzinə gedib
çıxır.
Dünya xalqlarının ətraf aləmə münasibətində oxşar mifoloji
görüşlər özünü göstərir. Yəni harada
yaşamağından asılı olmayaraq, aralarında genetik,
mədəni-iqtisadi əlaqənin olub-olmamasına baxmayaraq,
dünya xalqları arxaik düşüncəsinə görə
bir-birinə çox yaxındırlar. Əgər
folklor nümunəsinə əl gəzdirilib ona millətçilik
donu geyindirilməyibsə, həmin nümunə başqa
xalqlar haqqında qətiyyən pis fikir oyada bilməz.
Folklorumuzda başqa xalqlara rəğbət və ehtiramla
yanaşma var. Folklorumuzda başqa dinlərə həqarətlə
yanaşma yoxdur, ola da bilməz.
- Bəs dünya xalqlarının folklor nümunələrində
necə, onlar arasında saxtalaşdırılanları olurmu?
- Avropada da, Rusiyada da müəyyən
ideoloji istiqamətlərin təsiri ilə folklor mətnlərinə
əl gəzdirmə halları olub. Məsələn,
Almaniyada faşizm, Rusiyada kommunizm ideologiyası folklor mətnlərinin
tərtib və nəşrinə öz təsirini göstərib.
Yeri gəlmişkən deyim ki, sovet
folklorşünaslığının yol verdiyi ciddi
nöqsanlardan biri folklor nümunələrinin sinfi mübarizə
ideologiyası baxımından
saxtalaşdırılmasıdır.
- Folklor mətninin saxta olduğunu
necə müəyyənləşdirirsiniz?
- Folklor mətninin saxtalığını
müəyyənləşdirməyin ən sadə yolu onun
variantının olub-olmamasını üzə
çıxarmaqdır. Əgər oxucuya təqdim
edilən folklor nümunəsinin ayrı-ayrı bölgələrdə
variantları danışılmırsa, onda həmin mətn
artıq şübhə doğurur. Bəli,
variantlaşma folklorun təməl prinsiplərindən biridir,
bayatı, əfsanə, rəvayət, nağıl, dastan və
sair nümunələr toplanıb tərtib olunarkən həmin
prinsip hökmən nəzərə alınmalıdır.
- Folklor nümunələrində vulqar
sözlər və qeyri-etik ifadələrin işlənib-işlənməməsi
barədə fikrinizi bilmək istəyirəm. Seçim necə
olmalıdır, həmin ifadələr saxlanılmalı,
yoxsa mətndən çıxarılmalıdır?
- Folklor mətnini iki cür çap etmək olar: mütəxəssislər
və geniş oxucu kütləsi üçün. Geniş oxucu kütləsi üçün çap
olunan folklor nümunələri mümkün qədər ədəbi
dildə olmalı, onlarda vulqar ifadələrə yer verilməməlidir.
Əslində, mütəxəssislər üçün
çap etdiyimiz kitablarda da vulqar ifadələri
açıq şəkildə vermirik. Onların
yerinə üç nöqtə qoyuruq. Elə
mətnlər var, yaxud mətndə elə məqamlar var ki,
vulqar sözün üstündə qurulub və onu başqa
sözlə əvəz etmək olmaz. Məsələn,
“Dədə Qorqud” dastanında bəzi vulqar ifadələrə
rast gəlirik. Bizim qorqudşünaslar
haqlı olaraq onları saxlayıblar, o sözləri mətndən
çıxarmayıblar. Dünya
folklorşünalığı folklor mətnini necə var, o
şəkildə çap etməyi vacib şərtlərdən
biri kimi irəli sürür. Biz də
çalışmalıyıq o şərtə əməl
edək.
- Uşaq yazıçılarının
qələmə aldığı
nağıllar dərs vəsaitlərinə daxil edilir. O
nağıl nümunələrinin səviyyəsi ilə
bağlı tez-tez tənqidi fikirlər səslənir...
- Mən
o nümunələrə nağıl yox,
hekayələr deyərdim. Folklor motivləri əsasında
yazılan epik nümunələr hələ nağıl demək
deyil. O ki, qaldı dərsliklərə daxil edilən
nağıllara, bu məsələdə də bəzi çətinliklər
var. Başlıca çətinlik nağılların
seçilməsi ilə bağlıdır. Dərslik
tərtibçiləri saxta nağılı, yəni sovet
dövründə kommunist ideologiyasına
uyğunlaşdırılmış nağıl mətnini
ayırd etməyi bacarmalı və onu bugünkü dərsliklərə
daxil etməməlidir.
- Folklor nümunələrinin xarici
dillərə tərcümə edilməsi nə yerdədir?
- Folklor nümunələrinin
xarici dillərə tərcümə edilməsi
qənaətbəxş deyil. Öz
İnstitutumuzun payına deyim ki, bu sahə bizdə geridə
qalıb. Əlbəttə, Azərbaycan
folklorunun dünyada təbliği məsələsi əsas
istiqamətlərdən biri olmalıdır. Folklorumuzu dünyanın ayrı-ayrı dillərinə
tərcümə edib onun çapı ilə məşğul
olmalıyıq. Bu istiqamətdə müəyyən
işlər görülür.
Məsələn,
Azərbaycan Respublikası Prezidenti
yanında Elmin
İnkişafı Fondunun dəstəyi ilə “Folklorda azərbaycançılıq
və multikulturalizm” adlı layihə üzərində
işləyirik. Layihədə toplama
materialları və elmi araşdırmalardan ibarət
sanballı bir kitabın həm Azərbaycan, həm də
ingilis dillərində çap olunması nəzərdə
tutulub.
- Folklorşünaslıq və
etnoqrafiyanın ayrı-ayrılıqda öyrənilməsinin
səbəbi nədir?
- Bu, çox böyük
qüsurdur və əsası da sovet dövründə qoyulub.
Sovet dövründə folklor anlayışı
daha çox xalq ədəbiyyatı kimi qəbul edilib. O
dövrdə o qədər də diqqət yetirilməyib ki, folklor
anlayışı şifahi xalq ədəbiyyatı
anlayışı ilə məhdudlaşmır, folklor
anlayışı şifahi ənənə əsasında yaranan və yaşayan xalq təbabəti,
xalq mətbəxi, xalq memarlığı, xalq geyimi,
xalçaçılıq, dulusçuluq və sair kimi sahələri
də əhatə edir. Şifahi xalq ədəbiyyatı
adət-ənənələr, bütövlükdə xalq mədəniyyəti
kontekstində götürülməli və öyrənilməlidir.
Folklorun etnoqrafiyadan ayrılmaz olduğunu biz
institutumuzun strukturunda ifadə etməyə təşəbbüs
göstərdik. İnstitutumuzdakı Mərasim folkloru şöbəsi məhz
həmin təşəbbüsün nəticəsi kimi meydana
çıxdı.
- Kiməsə nəğmələr
qoşanda bu nəğmələr də
bəzən folklor nümunələri sayılır. Ötən
il kriminal avtoritet Rövşən Lənkəranski
öldürüldü və onun haqqında müxtəlif
meyxanalar qoşub, mahnılar bəstələdilər. Hətta
onun haqqında əhvalatlara mətbuat geniş yer verdi. Bütün bunlar müasir
folklor nümunəsi sayılırmı?
- İstər Rövşən
Lənkəranski haqda mahnılar,
meyxanalar, hekayətlər olsun, istərsə də sosial şəbəkələrdə
müxtəlif mövzulu yumoristik materiallar – bütün
bunları folklor nümunəsi saymaq doğru olmaz. Amma o da nəzərə
alınmalıdır ki, həmin materialların yaranmasında
folklor motivləri, folklor qəlib və modelləri az rol oynamır.
- Bir neçə il əvvəl Azərbaycanın
xalq qəhrəmanlarının, məsələn,
Koroğlunun göstərdiyi igidliklərə bugünkü
qanunları tətbiq edib onları cinayətkar
çıxarmışdılar. Məsələn,
dastanlarımızdakı qız qaçırma, yol kəsmə,
adam öldürmə və s. kimi hallar tənqid
hədəfinə çevrilmişdi. Xatırlayırsınızmı?
- Xatırlayıram.
Bu bizim yaralı yerimizdir. Təəssüf
ki, biz dastan qəhrəmanlarına müasir qəhrəman
tipinə yanaşdığımız meyarlarla
yanaşırıq.
Axı Koroğlu bizim
düşündüyümüz
müasir qəhrəman tipi deyil. Koroğlu
o dövrün və o arxaik düşüncə tərzinin qəhrəmanıdır
ki, orada qız qaçırma quldurluq sayılmır. Qəhrəmanın qız qaçırması
mifoloji kök etibarilə qızı ölüm
caynağından almaq mənasını daşıyır.
- Amma karvan qarşısı
kəsmək cinayətdir...
- Xeyr, dastan mətnində o da qəhrəmanlıq
sayılır. Fikir verin, Koroğlunun nəzərində iki
cür adam var: mərd və namərd. Koroğlu mərdə arxa durur, namərdə
qarşı vuruşur. Koroğlu karvan
başçısını namərd adam
saydığına görə ona qarşı
çıxmalı olur. Bizim dastan qəhrəmanlarının
atdığı addımlar oxşar şəkildə Avropa
xalqlarının dastan qəhrəmanlarında da
özünü göstərir. Amma bu
gün heç bir alman dastan qəhrəmanı Ziqfridi qəddarlıqda,
heç bir ingilis dastan qəhrəmanı Robin Qudu quldurluqda
ittiham etmir.
Bizim yol.- 2017.- 20 may.- S.15.