“Bulaq” ən
böyük arzumdur...
Bakı metrosunda
hər gün onun səsini, xəbərdarlığını
eşidirik: “Ehtiyatlı olun, qapılar bağlanır! Növbəti
stansiya...”
Teleqraf.com həmin
səsin sahibi, əməkdar artist İradə Ağayeva ilə
müsahibəni təqdim edir:
- İradə
xanım, metroda hər gün səsini eşitdiyimiz
xanımın kimliyi hər birimizə maraqlıdır.
Bakı Metropoliteni bunu açıqlamasaydı, yəqin hələ
də sirr olaraq qalacaqdı...
- İstəyirəm ki, hamı o səsin mənə məxsus olduğunu bilsin. Dörd yaşlı nəvəm bu yaxınlarda metroya minib, səsimi eşidib, tanıyıb, indi hər dəfə deyir: “Nənə tələsdirdi, qapılar bağlanır”. O vaxtdan metronu sevir.
- O səs nə
vaxt yazılıb?
- Təxminən on ilə yaxındır. Metro açılandan bir müddət sonra stansiyaların elanının oxunuşu üçün diktor axtarıldı. İlk oxunuşlar şair Atif Zeynallının qızı Esmira Zeynallının səsi ilə yazılmışdı. O xaricə gedincə, bizdə də yeni stansiyalar açılınca, oxunuş üçün mənə müraciət olundu.
Mən 2003-cü ildən 2013-cü ilə qədər loterayaların kadrarxası aparıcısı olmuşam. Metropoliten əlaqə nömrələrimi “Azərlotereya”dan tapmışdı. Təklif etdilər, mən də məmnuniyyətlə razılaşdım. Amma əvvəllər vağzal, aeroport üçün yazılan elanlardan həmişə uzaq qaçırdım.
- Niyə?
- “Vağzalı diktoru” kəlməsi o zamanlar
çox məşhur idi. Bunu əskiklik kimi qəbul edirdik. Məni lotereyaya dəvət
edəndə də özümü naqolay hiss edirdim. Amma metrodan təklif gələndə
razılaşdım. Metrodan özüm də
istifadə edirəm.
İnsanlar səhər işə tələsir,
axşam evə yorğun qayıdır. Düşünürdüm
ki, onları səsimlə salamlamaq yaxşı olardı.
Təvazökarlıqdan uzaq olsa da səsim
çoxlarına xoş gəlir. Metroya minəndə
fikir vermişəm, insanlar ikinci səsə lağ edirlər,
mənim elanlarıma isə xoş əhvalla qulaq asırlar.
- İradə xanım, uzun illərə
söykənən diktorluq fəaliyyətiniz var. İstəyirəm
bir az əvvələ qayıdaq, diktor
olacağınıza qərar verdiyiniz zamanları
xatırlayaraq...
- İncəsənətə uşaqlıqdan
marağım olub. Teatr dərnəyinə getmişəm, Belinski adına kitabxananın daimi oxucusu olmuşam,
yazıçıların, şairlərin
yaradıcılıq gecələri keçiriləndə məni
ora şeir deməyə dəvət edirdilər.
Amma ailəm sənədlərimi İncəsənət
İnstitutuna verməyimi istəmirdilər. Bu, təsadüf
nəticəsində baş tutdu. O vaxtlar həmin
universitetə qəbul o biri universitetlərdən öncə
olurdu. Mən də imtahanın necə olduğunu müəyyən
etmək adına imtahan verdim və
keçdim. Mədəni-maarif fakültəsində
təhsil aldım.
Təsadüf nəticəsində də Azərbaycan
Dövlət Televiziya və Radiosuna gəldim.
Bacımın yoldaşı Hətəm Əmiraslanov
dövlət televiziyasında səs rejissoru işləyirdi. Dördüncü kursda
oxuyurdum, bir bacım qızının inşa yazısına
kömək edirdim, bir qız üzünü atasına tərəf
tutub: “Ata, İradə xaladan nə qəşəng diktor olar”
dedi. Hətəm də mənə baxıb, “İradə, bizdə
müsabiqədi, bəlkə özünü sınayasan”
dedi.
Elə də elədim, böyük bir müsabiqə
idi, birinci, ikinci tur yuxu kimi yadımda qalıb. Sona hazırda
radionun diktoru olan Sevil Hüseynli, Xalidə Gözəl, mən
və bir-iki nəfər də qalmışdı. Münsiflər heyətinin qarşısında bizə
təqdim olunan mətnləri Azərbaycan və rus dillərində
mükəmməl oxumaq lazım idi.
Sədrimiz
Qurban Yusifzadə lent yazılarına baxıb deyib ki, ikinci
qızı televiziyaya götürün. İkinci
qız da mən idim, Sevili radioya təyin etdilər, Xalidə
Gözəli isə götürmədilər.
1976-cı
il martın 15-i əmrim verildi, televiziyada
işə başladım. Yadımdadı, həmin
gün “Qırmızı qərənfillər” konsertini elan
etmişdim. Ondan sonra materiallar və əsasən
də xəbərlərdə diktor kimi fəaliyyət
göstərdim. Həmin ilin dekabr
ayında AzTV-nin o zamankı məsul şəxsi Elşad
Quliyev məni çağırdı ki, deyirlər, gözlərin
efirdə çəp düşür, gəl səni
keçirək radioya. Nə etiraz etdim, nə bir söz
dedim.
- Bəs kim, yaxud kimlər sizin haqqınızda mənfi rəy
formalaşdırırdı? Kimdən
şübhələnirdiniz?
-
Heç vaxt bunu düşünmədim. Yeznəm sonra dedi ki,
düşmənçilik edib işığı səhv
quraşdırıblar, ona görə ekranda yaxşı
düşməmişəm. Halbuki mənim
heç vaxt kiminləsə konfliktim olmayıb. 41 illik fəaliyyətimdə töhmət belə
almamışam.
Radioda işə başladım. 1979-cu ildə
televiziyada müsabiqə keçirildi, baş diktor Rafiq
Hüseynovun dəvəti ilə ən sonda mən çəkildim.
Bir gün yenə Elşad Quliyev məni
çağırıb dedi ki, Qurban Yusifzadə kadrlarına
baxıb və deyib ki, qızı qaytarın yerinə. Onda da mən razılaşmadım. Çünki həmin vaxt radioda diktoru olduğum
çox verilişlərim vardı. Tam
potensialımı sərf edib, həvəslə verilişlər
hazırlayırdım.
Təsəvvür edin ki, təcrübəçi diktor
sayılırdım, stavkam da 4 manat yarım idi. Qonorarım
180 manatı keçirdi. O vaxt üçün bu,
böyük göstərici idi. Diktor Aydın
Qaradağlı ilə bir növbədə işləyirdim.
Gənc diktorlar ondan qorxurdular, mənsə
özüm xahiş etmişdim ki, onunla eyni növbədə
çalışım. Heyf, tez rəhmətə
getdi. Həmişə, hər yerdə
deyirəm ki, bu sənətdə nə qazanmışamsa
Aydın müəllimə borcluyam. Onun tələbəsi
olduğuma görə fəxr edirəm.
- Amma bir həqiqət var ki, radiodan
fərqli olaraq televiziya diktoru, aparıcını qısa
zamanda məşhur edir, tanıdır.
- Düz
deyirsiniz, radio işçilərini tanımırlar. Mən ancaq metrodakı səs yazımla
tanındım. Halbuki 41 il müxtəlif
radio verilişlərində diktor, tamaşalarında rollar ifa
etmişəm. İndi onların 90 faizi
Qızıl fondda qorunur.
- Heç müəllif
proqramınız olubmu?
- Müəllif
proqramı mənim həmişə yaralı yerim olub. Diktorlar onlara təqdim olunan mətndən kənar
danışmalı deyillər. Hətta
canlı yayımlarda belə çərçivələr
daxilində hərəkət edirlər. Çünki
buna öyrəşmişik.
Amma həmişə
ürəyimdəkini açıb deməyə ehtiyac hiss
etmişəm. Müəllif proqramım olsa
böyük məmnuniyyətlə işləyərəm.
- Hansı verilişin diktoru
olmağı arzu etmisiniz?
- Radionun
məşhur “Bulaq” verilişini. Daha bir
yaralı yerimə toxundunuz. O verilişi çox sevirəm.
Məhluqə Sadıqova rəhmətə gedəndə
radionun rəhbəri Mövlud Süleymanlının yanına
gedib, “Bulaq”ı oxumaq istədiyimivə “mümkünsə məni
yoxlayın” dedim. Dedi yaxşı, amma sonra Səidə
Quliyevaya verildi.
Bir
gülməli hadisə danışım: Bir gün işdən
çıxıb, “Azərlotereya”ya gedirdim, birdən “Bulaq”
verilişini hazırlayan Tahir Talıblı ilə
qarşılaşdım. Hal-əhval tutdu, lotereya oxumağa
getdiyimi biləndə soruşdu ki, mən nə vaxt loterayerada
udacam, dedim mən “Bulaq” oxuyanda... (Gülür).
“Bulaq” ən böyük arzumdur...
- Yeri gəlmişkən, heç
lotereyada udmusuzmu?
-
Lotereyanı yoldaşım alırdı. 20 manat
həcmində məbləğlər udmuşuq. Həmişə məndən lotereyanın həqiqət
olub-olmadığını soruşurlar. İnanın,
həqiqətdir. Bacım qızı
çox ağır vəziyyətdə idi, evinin damı
uçmuşdu, Bakıya gəlib, bankdan kredit götürmək
istəyirdi. Ordan çox peşman
qayıtdı. Səhəri günü radioda işdəyəm,
yoldaşım zəng edib dedi ki, filan nömrəni dəqiqləşdir,
gör nə udub.
“Azərlotereya”ya zəng elədim, dedilər,
maşın udub. Həmin lotereya da bacım qızına məxsus
idi, ona deyiblər ki, maşın udmusan, inanmayıb. O
vaxtlar uduşa düşən maşını ancaq
maşın şəklində ala bilərdin.
“Azərlotereya”nın sədri Maqsud müəllimlə
görüşüb, vəziyyəti ona başa saldım.
Çox sağ olsun, başa
düşdü və bizə maşının pulunu verdilər.
Amma hamı elə bilirdi ki, bacım qızı
mənim vasitəmlə udub. Daha demirlər ki, keçəl
dərman bilsə, öz başına çəkər...
- Gənc aparıcılardan şikayətiniz
varmı?
- İndi cavanlar mütaliə etmirlər, 80 faizi rus dilini
bilmir. Ən azından müəyyən qədər bilmək
lazımdır ki, sözlərə vurğuları düz qoya
bilək. Bizim əsas məqsədimiz
dilimizin gözəlliyini qorumaqdı.
- Kimləri bəyənib, kimləri
qəbul etmirsiniz?
- Bizim
radioda Məmmədbağır Eyvazov adlı gənc var.
Çox intellektli aparıcıdır. İTV-də
çalışan Nigar Sabirqızını çox bəyənirəm.
Nigar bizdə operator işləyirdi. O
vaxtlar mətni oxuyurdu, səsini yazıb qulaq asırdı və
bizdən məsləhət alırdı. Onun o
vaxtki işgüzarlığı onu çox irəli
apardı. Bizdə ən aşağı səviyyəli
diktor hesab olunan adam özəl radiolarda
çox yüksək yer tutur.
Mən çox istərdim ki, indiki aparıcılar dilin
gözəlliyinə fikir versinlər. Bu dil bizim dilimizdir.
Onu necə korlamaq, ona necə biganə
yanaşmaq olar.
Aparıcı Elgiz ANS-də bir veriliş aparırdı,
həmişə "virtuoz" sözünü səhv tələffüz
edirdi. Bir gün bu iradımı sosial şəbəkə
vasitəsilə özünə yazdım.
- İradı qəbul etdi?
-
Heç bir cavab gəlmədi. Bəlkə də
məni söyüb. Belə misallar həddindən
artıq çoxdur.
- Sizə ən böyük irad nə
olub?
- Mənə əvvəllər pafoslu oxuduğuma görə irad tuturdular. Mehriban Ələkbərzadə “Ordubadda Novruz şənliyi” filminə mətn yazmışdı, oxumağı da mənə tapşırdı. Mətni oxumağa başlayanda, saxladı, məndən mətni özünün vaxtilə Nostradamusla bağlı verilişindəki oxuduğu səs tonu ilə oxumağımı istədi. Axı, mən xalqımızın əzəli, özəl bayramı olan Novruzun mətnini necə Nostrdamus tonu ilə oxuya bilərəm? Sonra o mətni Bəxtiyar oxudu. Elə necə lazımdısa elə də oxudu.
Pafosla bağlı irad bildirənlər çox olub. Amma inanın
mənə elə verilişlər gəlirdi ki, orda mütləq
pafos lazım idi.
- Ailənizdə kimsə sizin sənəti
davam etdirirmi?
-Təəssüflər
olsun ki, yox. Qızımın çox gözəl
səsi vardı, amma heyif ki, həvəsi olmadı.
Bizim Yol.- 2017.- 26 may.- S.15.