“Mən bütün
işləri vur-tut
3 il 3 ay ərzində
etmişəm”
İsrafil İsrafilov: “Teatrda 39
tamaşanın 25-i məhz gənc rejissorlar tərəfindən
hazırlanıb”
İsrafil İsrafilovla müsahibənin
davamı təqdim edilir.
- Məncə, əvvəldən
başlayaq. Əvvəl deyərkən, teatr rəhbəri kimi
işə başladığınız vaxtdan...
- Mən 2010-cu ilin 13 may
günündə Mədəniyyət və Turizm Nazirliyinin əmri
ilə təyin edilmişəm. O zaman teatrın stasionar
binasında dövlət başçısının sərəncamı
ilə əsaslı təmir-quraşdırma işləri
aparıldığından kollektiv “Mir” dövlətlərarası
tele-şirkətin binasında müvəqqəti yerləşdirilmişdi.
Odur ki, teatr əsaslı təmirdən
çıxmış əsas binasında 2011-ci il martın
10-da “Qarabağnamə” tamaşası ilə fəaliyyətə
başladı.
- Yəni faktiki olaraq 10 aydan
sonra...
- Bəli, 10 aydan sonra mən
stasionarda işə başladım. Baxın, sadə
arifmetikadır.
- Rusca
deyirsiniz?
- Arifmetika rusca deyil. Yunan
sözüdür. Nə isə. Əgər hesablasaq,
çalışdığım 2011-2015-ci illər ərzində
beş ilin hər ilinin məzuniyyət və bayram günləri
təxminən altmış gün edir. Bu rəqəmi beşə
(yəni beş ilin müddətinə) vursaq 300 gün edir. Hər
həftənin bazar ertəsi günü teatrın istirahət
günüdür və ayda dörd gün (məzuniyyət və
s. günləri nəzərə almasaq), on ayda təxminən
qırx gün edir. Həmin qırx günü beşə (yəni
ötən beş il olaraq) vursaq 200 gün edər.
Yuxarıdakı məzuniyyət və bayram günlərinin
sayını istirahət günlərinin sayı ilə
toplasaq, təxminən 500 gün edir. Beləliklə, ötən
5 ilin hər 10 ayını toplayıb, yəni hər ili 300
gün hesablayıb onu 5-ə (yəni 5 ilə) vursaq 1500
gün edər və həmin 1500 gündən 500 günü
çıxsaq, qalar 1000 gün. Bu isə təxminən 3 il 3
aya bərabər fəaliyyət dövrü deməkdir.
Başqa sözlə desək, mən bütün işləri
vur tut 3 il 3 ay ərzində etmişəm.
- Bütün işlər deyəndə
nəyi nəzərdə tutusunuz?
- Mən fəaliyyətə
başlayanda dövlət başçısının məlum
sərəncamı ilə “Azərbaycan teatr: 2009-2019-cu illərdə”
Dövlət Proqramı artıq təsdiq edilmişdi və təbii
olaraq başlıca vəzifə həmin Dövlət
Proqramında nəzərdə tutulan o maddələrin bənd-bənd
yerinə yetirilməsi idi. Odur ki, Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən müvafiq islahatların həyata
keçirilməsi mühüm şərt kimi qarşıya
qoyulmuşdu.
- Və siz qollarınızı
çırmalayıb, işə başladınız
- Bəli,
halbuki Dövlət Proqramında göstərilən müddətin
bir ili artıq ötmüşdü.
- Amma start verilmişdi. Necə deyərlər,
geriyə yol yox idi.
- Bəli.
Hər şeydən əvvəl, aparılan islahatlar prosesində
kollektivdə əmək və yaradıcılıq
intizamının möhkəmləndirilməsi, sosioloji tədqiqatların
aparılması, yeni məzmunlu dramaturgiyanın,
rejissuranın, səhnəqrafiyanın, tamaşaçı
auditoriyasının formalaşdırılması işinə
başlanıldı. Teatrın repertuar siyasətinin
formalaşmasında Azərbaycançılıq məfkurəsini
başlıca ideya-bədii məram kimi qəbul edərək,
milli və dünya klassik dramaturgiyası ilə bərabər
müasir müəlliflərin yazdığı aktual
mövzulu, müstəqil dövlətçilik ideallarına
xidmət edən əsərlərə yer verildi. Bu zaman Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən verilən Dövlət
sifarişləri ilə yanaşı teatrın daxili maliyyə
imkanları sayəsində bir sıra tamaşalar ərsəyə
gətirildi. Ayrı-ayrı illərdə (2011-2014) müxtəlif
janrlarda və üslublarda 39 əsərin səhnə təcəssümü
həyata keçirilmişdi ki, onlardan 17-si Dövlət
sifarişi ilə 22-si teatrımızın daxili imkanları
hesabına hazırlanmışdı.
Təkcə bir mövsümdə, yəni
2013-2014-cü il mövsümündə teatrın səhnəsində
hazırlanan 12 tamaşanın yalnız 3-ü dövlət
sifarişi ilə, qalan 9-u isə teatrın daxili imkanları
hesabına olmuşdur.
- Amma bir ara rejissorlarla bağlı, bəzi
saytlarda sizin onları işdən çıxarmanızı
yazırdılar.
- Doğru deyil. Heç bir əsası
olmayan qərəzli və yalan məlumatdır. Mən o zaman nə böyük səlahiyyət
sahibi idim ki, nə sənə, nə mənə birdən-birə
altı rejissoru işdən çıxara biləydim. Həqiqət
budur ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə
əsasən o zaman teatrın kollektivi işdən azad edildi və
yeni şərtlərlə işə qəbul həyata
keçirildi. Həmin vaxt aktyorlarla əməkdaşlıq
münasibətləri kontrakt əsasında quruldu, rejissorlarla
qonorar sistemi tətbiq edildi. Müəlliflərlə, xarici əsərləri
dilimizə çevirən tərcüməçi mütəxəssislərlə
səmərəli əməkdaşlıq münasibətləri
quruldu. Həmin rejissorlardan, A.Nemətov (“Boy çiçəyi”,
“Şah Qacar”), M.Fərzəlibəyov (“Qarabağnamə”,
“Nazirin xanımı”, “Mənim günahım”), M.Ələkbərzadə
(“Qatil”, “Qatarın altına atılan qadın”, “Əmir
Teymur”, “Herostratı unudun”) B.Osmanov (“Gəncə
qapıları”, “21:15 qatarı”), R.Almuradlı (“Yaşlı
xanımın gəlişi”) müvafiq qonorar şərtləri
ilə teatrda tamaşalar
hazırladılar.
- Bəs aktyorlar?
- Ənənəvi teatrlarda truppa hər
şeydən əvvəl mühüm yaradıcılıq
komponentini təşkil edir. Və Akademik Milli Dram
Teatrının truppasında çalışan müxtəlif
istedad səviyyəsinə malik olan, aktyorların fiziki
sağlamlığı, onların yaradıcılıq
potensialının üzə çıxmasını şərtləndirir.
Bu məqsədlə xüsusi müalicə-diaqnostika mərkəzi
ilə müqavilə bağlayıb, aktyor heyətinin
müayinə-dispanserizasiyasını keçirdik. Onların
fiziki hazırlığına, estetik bədən formasına
yiyələnməsi məqsədilə tanınmış
idman mütəxəssislərini işə cəlb edib trenaj
zalında müəyyən qrafik əsasında fəaliyyət
təmin edildi.
- Bəs
yaradıcılıq istiqamətində?
- Dövlət gənclər
siyasətinin icrasına uyğun olaraq, məlum Dövlət
Proqramında yer alan məsələlər uğurla həll
edilir, istedadlı gənclər teatrın
yaradıcılıq prosesində aparıcı mövqe
qazanırdılar. Hər ay teatrda 28-30 tamaşa
oynanılır, eyni zamanda paralel olaraq 3-4 tamaşanın təcəssüm
işi görülürdü. Yuxarıda qeyd etdiyimiz 39
tamaşanın 25-i məhz gənc rejissorlar tərəfindən
hazırlanmış, onlarla gənc aktyora əsas səhnə
obrazları həvalə edilmiş, ayrı-ayrı
tamaşalara əsasən gənc teatr rəssamları tərtibat
vermişdilər. Məhz həmin yaradıcılıq işlərində
teatrımızda dekor və geyim işinin təşkili
(Dövlət Proqramı – maddə 2.5) təkmilləşdirilmişdi.
- Belə görünür ki,
teatrda əsil yaradıcılıq mühiti yaradılıb...
- Bəli.
2012-ci ildə teatrda gənc teatrşünasların
laboratoriyası yaradıldı, 2014-cü ildə isə daxili
imkanlar hesabına, Akademik Milli Dram Teatrında gənclərin
sənət vərdişlərinin cilalanmasını təmin
etmək məqsədilə Aktyor Studiyası təşkil
edildi. Həmin studiyada diksiya, ritmoplastika, səhnə hərəkəti,
sənət nəzəriyyəsi və təlimləri üzrə
səmərəli məşğələlər
aparılırdı. Əlavə edim ki, yaradıcı heyətin
bəzi üzvləri, Moskva şəhərində Beynəlxalq
Yay Teatr Məktəbində aktyor sənəti üzrə
ixtisasartırma kursu keçmiş, texniki heyətin bir qrupu isə
Moskvanın Bolşoy və Vaxtanqov teatrında yeni
texnologiyalardan istifadə üsulları ilə bağlı təcrübə
mübadiləsi (Dövlət Proqramı – maddə 2.11) məşğələlərinin
iştirakçısı olmuşlar. Bundan başqa, bu və
ya digər aktyorlar üçün məxsusi pyeslər
seçildi, həmin pyeslər əsasında tamaşalar
hazırlandı.
- Doğrudan?
- Bəli, məsələn, xalq
artistləri Bəsti Cəfərova üçün (Xanuma A.
Saqareli), (“Nazirin xanımı” B. Nuşiç), Firəngiz
Mütəllimova üçün (“Qanlı Nigar” S.Şendil )
, Zemfira Nərimanova üçün (Napoleon F.Brukner), Məleykə
Əsədova üçün (“Qadın məhəbbəti”),
(“Mənim Günahım” İ.Əfəndiyev), Ramiz Novruz
üçün (“Nadir şah” Y.Oğuz), Nürəddin
Mehdixanlı üçün (“Əmir Teymur” H.Cavid), Cəfər
Namiq Kamal üçün (“Sərgüzəşti vəziri
xan Lənkəran” M.F.Axundzadə), Rafiq Əzimov, Ramiz Məlik
və Rafael Dadaşov üçün (“Qoca kloun tələb
olunur”) Fuad Poladov üçün (“Boy çiçəyi”
İ.Əfəndiyev), (“Şah Qacar” Ə.Əmirli ) və s.
pyeslərin səhnə təcəssümü işi həyata
keçirildi.
- Bəs
bu, nə dərəcədə əsaslıdır?
- Bilirsiz, bu teatrın
tarixi-estetik ənənəsi kimi mövcud olan örnəklər
istənilən qədərdir. Vaxtilə Adil İsgəndərovu,
Ələsgər Ələkbərovu, Sidqi Ruhullanı, Mərziyə
Davudovanı, Möhsün Sənanini, Rza Əfqanlını və
başqalarını nəzərdə tutan, yaxud sonralar Mehdi Məmmədov
və Tofiq Kazımov,
Hökümə Qurbanova, Nəcibə Məlikova,
Əli Zeynalov, Məlik Dadaşov, Əliağa Ağayev, Həsən
Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova,
Hamlet Xanızadə, Səməndər Rzayev və digər sənətçilər
üçün xüsusi tamaşalar
hazırlayırdılar. Və burada qəribə bir şey
yoxdur. Çünki teatr praktikasında elə sənətçilər
yetişir ki, onların fərdi yaradıcılıq
potensialı bunu mümkün edir. Bundan başqa bəzi
aktyorlara, o cümlədən, xalq artistləri Bəsti Cəfərovaya,
Ramiz Novruza teatrın daxili maliyyə imkanları hesabına
müstəqil səhnə quruluşu ilə tamaşa
hazırlamaq imkanı verildi.
- Bunun da tarixi örnəyi var?
- Bəli var. Vaxtilə bu
teatrın aparıcı aktyorları olan Əli Zeynalov (“Kuyaz”
H.Cavid), Məlik Dadaşov (“Nişanlı qız” S.Rəhman),
Lütfi Məmmədbəyov ("Kimdir haqlı" B.Vahabzadə
, "Məhəbbət yaşadır" N.Hacızadə),
Mikayıl Mirzə (“Aydın” C.Cabbarlı) kimi xalq artistlərinin
müstəqil quruluş vermək haqqında müraciətləri
teatrın ozamanki rəhbərliyi tərəfindən müsbət
həll edilmişdi. Odur ki, mənim bu istiqamətdə
gördüyüm işlər “unudulmuş köhnə”yə
qayıdış idi. Mədəniyyət və Turizm
Nazirliyinin təsdiqi ilə ilk dəfə Akademik Milli Dram
Teatrının yeni struktur bölməsi olaraq “Prodüser fəaliyyəti
və innovasiyalar” şöbəsi yaradılmış və
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Rəcəb Məmmədovun
başçılığı ilə həmin şöbə
tərəfindən xarici əlaqələr, həmçinin
teatr sənəti sahəsində innovasiyaların tətbiqi
işi müasir elmi səviyyədə qurulmuşdu. Yeri gəlmişkən,
qeyd edim ki, milli teatr tarixində ilk dəfə idi kollektivdə
1 elmlər doktoru, 3 sahələr üzrə fəlsəfə
doktoru və 3 doktorant olaraq 7 elmi əməkdaş
çalışırdı ki, bu da özlüyündə
burada yüksək elmi potensialın mövcudluğunun təsdiqi
idi. Çalışdığım dövrdə kollektivin
üzvlərinin əməyi dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmiş, cəmi 17 nəfər
olmaqla, 2 nəfər xalq artisti, 8 nəfər əməkdar
artist, 1 nəfər əməkdar incəsənət xadimi fəxri
adına layiq görülmüş, 6 nəfər fəxri mədəniyyət
işçisi döş nişanı ilə təltif
edilmişdir.
- Deməli,
qeyd etdiyiniz şöbə xarici əlaqələrin
qurulması işini də görürdü?
- Bəli. Ötən əsrin
70-ci illərinin möhtəşəm milli sənət
uğurlarının məlum səbəblərdən
dünyaya çıxa bilməməsinin acı təəssüfünün
artıq geridə qaldığı, müstəqil ölkəmizin
teatr sənətinin heç olmasa Avropaya
çıxışının yollarını axtarır,
neçə-neçə ölkələrin teatrları ilə
əməkdaşlıq münasibətləri
qurulmasını vacib hesab edirdim.
- Düşünürdünüz
ki, bunlar kifayətdir?
- Əlbəttə yox, Dünya və
Avropa mədəni məkanına inteqrasiya proseslərinin
aparıcı mərkəzi olan Heydər Əliyev Fondunun
açdığı fəaliyyət magistralı ilə irəliləmək
cəhdlərimiz öz səmərəsini verirdi. Belə
ki, Akademik Milli Dram Teatrı
dünyanın bir sıra aparıcı teatrları ilə, o
cümlədən Çin, İtaliya, Rusiya, Gürcüstan,
Ukrayna, İsveç, Qazaxıstan, Türkiyə, Makedoniya,
Belarus, Böyük Britaniya, Yunanıstan, Polşa kimi ölkələrin,
həmçinin TÜRKSOY-a daxil olan ölkələrin
teatrları ilə sıx əməkdaşlıq əlaqələri
qurmuş, Rusiyanın,
Ukraynanın, Türkiyənin, Polşanın,
Gürcüstanın, Çinin tanınmış teatr
kollektivləri (Dövlət Proqramı – maddə 2.21)
teatrımızın səhnəsində
çıxış etmişdilər. Tərəfimizdən
ayrı-ayrı ölkələrin teatr xadimləri, o cümlədən,
M.Vais (Kanada), K.Zanussi (Polşa), T.Terzopulos (Yunanıstan),
T.Sappl (Böyük Britaniya), L.Tsuladze (Gürcüstan),
T.Quliyeva (Yunanıstan), P.Rutkereu (Moldova), R.Sturua
(Gürcüstan), E.Uard (ABŞ) və b. ilə
yaradıcılıq görüşləri, seminarlar (Dövlət
Proqramı – maddə 2.20) təşkil edilmişdi. Dövlət
Proqramında nəzərdə tutulan dünya teatr prosesi ilə
inteqrasiya tədbirləri çərçivəsində
Akademik Milli Dram Teatrı bir sıra mühüm xarici
qastrollarda, o cümlədən Gürcüstanda
(2011-2013-cü illərdə), İsveçdə (2013-cü
ildə) böyük uğurla çıxış etmiş,
bundan başqa Rusiyada, Türkiyədə, Ukraynada, İranda,
Belarusda, Moldovada, Serbiyada, Özbəkistanda, Makedoniyada və
b. ölkələrdə keçirilən Beynəlxalq Teatr
festivallarında milli teatr mədəniyyətimizi ləyaqətlə
təmsil etmiş, mükafatlara layiq görülmüşdü.
Əlavə edim ki, teatr kollektivi ölkəmizin müxtəlif
bölgələrində də vaxtaşırı qastrol səfərlərində
olmuş, orada yaşayan tamaşaçılarını yeni səhnə
işləri ilə tanış etmişdi. QUAM ölkələri
ilə əməkdaşlıq fəaliyyəti çərçivəsində
həmin ölkələrin teatrları ilə sıx əməkdaşlıq
əlaqələri qurulmuş bu istiqamətdə görülən
işlərin konkret ifadəsi olaraq bir sıra uğurlu
yaradıcılıq layihələri gerçəkləşdirilmişdi.
Belə ki, Gürcüstanın K.Marcanaşvili və
Ş.Rustaveli teatrları ilə əməkdaşlığın
bəhrəsi olaraq, qarşılıqlı qastrol səfərləri
təşkil edilmiş, tanınmış rejissor L.Tsuladze
teatrımızın səhnəsində M.Frişin “Don Juan və
həndəsə” pyesinə quruluş vermişdi. Bundan
başqa Simferopol Akademik Musiqili Dram Teatrı ilə
qarşılıqlı qastrol səfərləri təşkil
edilmiş, xalq yazıçısı Elçinin “Şekspir”
pyesi həmin teatrın səhnəsində,
tanınmış dramaturq A.Krımın “Keçmişdən
zəng” pyesi isə Akademik Milli Dram Teatrında tamaşaya
qoyulmuşdur.
Moldova Teatrı ilə əlaqələrimizin
də uğuruna sübut olaraq teatrın kollektivi Kişinyov səhnəsində
H.Mirələmovun “Xəcalət” pyesinin tamaşası ilə
E.İonesko mərkəzinin səhnəsində, V.Şekspirin
“On ikinci gecə” tamaşası ilə M.Eminesku adına Milli
Teatrda çıxış etmiş, Moldovanın
tanınmış rejissoru P.Vutkereu teatrımızın səhnəsində
xalq yazıçısı Elçinin əsərinə
quruluş vermişdi.
Bu gün dünya teatr məkanında
Azərbaycan teatrının özünəməxsus və
layiqli yeri var. Heç təsadüfi deyildi ki, o zaman
teatrımızın ünvanına dünyanın müxtəlif
qitələrindən, ən nüfuzlu Beynəlxalq festivallara
onlarla dəvət məktubları gəlirdi. Bu fakt Azərbaycan
milli teatrının beynəlxalq imicinə ehtiramın təsdiqidir.
- Belə
eşitdim ki, Siz teatrın kollektivinə fərq qoymadan həm
yaradıcı, həm də texniki heyətin üzvlərinə
həmişə qayğıyla yanaşmısınız. Hətta
onlara maddi yardım göstərdiyinizi də deyirlər.
- Kollektivin hər bir
üzvünün doğrularına içimdən gələn
bir təəssübkeşliklə sevinmişəm,
uğursuzluqlarına isə, təbii ki, üzülmüşəm.
O ki qaldı maddi məsələlərə, bəllidir ki,
sağ əlin verdiyini sol əl bilməməlidir. Ona görə,
bu barədə heç nə deyə bilməyəcəyəm.
Ancaq başqa suallarınız olsa, gələn dəfə
cavablandıraram.
Bizim Yol.- 2017.- 27 may.- S.15.