Səninlə bu həyat
nə şirin olur...
Yazını İsmayıllı
səfərindən sonra
yazmaq istədim. Ucalıqları
müqayisə edərək...
İsmayıllının ən hündür ağacları, dağları,
sıldırım qayaları
da Musa Yaqub əzəmətinin qarşısında
kiçik görünür.
Buludun
Musa Yaqub həsrətinə
tökdüyü göz
yaşı onun görüşünə gələnlərlə
ara verdi.
Təbiət daha gözəl
görsənsin deyə,
hava, ağaclar, dağlar yuyulub təmizləndi. Bu təbiəti sevən şairə təbiətin
sevgisi idi.
Şairin səsini eşidən ağaclar yarpaq pıçıltısını dayandırdı, dilindən
şeirini eşidən
şəlalə səsini
içinə çəkdi. Bu sevgiyə
düzənlər qırmızıya büründü.
Banuçiçəklər, Turallar lalələrin
arasında itdi.
İsmayıllı hələ belə coşqu görməmişdi. “Qız qalası” sözün sehrinə düşmüşdü.
Təbiət şairin səksən yaşını, onu sevənlər söz bayramını qeyd edirdilər. Bu gün
burda göy üzü, təbiət dupduru idi. Onun şeirləri kimi.
Hamı bu duruluğun içində təmizlənirdi. Durulurdu. Ruhlar təzələnirdi. Yeni bir ovqata köklənirdi.
Musa Yaqub ovqatına.
Onunla təmasda,
ünsiyyətdə olanda
elə bilirsən ki, təbiətin qoynundasan. Uca bir ağacın
sərin kölgəsindəsən.
Qayaya söykənmisən. Təbiət səninlə aram-aram danışır.
Musa Yaqubun dilindən
şeir dinləmək
ayrı bir xoşbəxtlikdir. Onun ləzzəti tam başqadır. Öz doğmalığıyla.
Cazibəsiylə. Səsinin ahəngiylə.
Pıçıldaşan misralar bir anın
içində coşur. Bilirsən
ki, həmin an dağlara yağış yağır,
sel-su, çayın səsi aləmi büyüyüb. Sonra şeir
yenə aram-aram, öz axarıyla gedir.
Musa Yaqub yaz havalı şairdi. Hərdən payıza, yarpaqların rəngarəng çalarlarına
köklənsə belə.
Tez-tez tənhalığa
çəkilsə də,
cəmiyyət adamıdır. Sözü kimi
özü də adamları özünə
çəkir. Başına yığır. Başına yığılırlar. Arı pətəyə
yığılan kimi.
O gəlişiylə məclisə
yeni bir ovqat, yeni ruh
gətirir.
Sözləri ürəyə yatan şairin özü də sözü kimidi.
Sözü kimi özü üçün də darıxırsan. Onunçün darıxmamaq olmur.
“Öyrətmə özünə, öyrətmə
məni”- deyən şair, hamını özü üşün
darıxdırır. (Antitəbliğatın üzü
də bir təbliğatdır.)
Bəlkə gözləmirdik bu
xoş görüşü,
Yaman qəribədir dünyanın
işi;
Heç
vaxt yollarında dayanmadığın,
Heç
həndəvərində dolanmadığın
Gəlib
birdən sənə nə şirin olur!
Onun sevgisi də özü kimi safdır. O, bu yaşda da tərtəmizdir.
Hisləri, duyğuları,
sözü ilə, özü ilə bir mənəviyyat, əxlaq adamıdır
Tək bənövşə bitib
lap yaxınında,
Mənə deyəcəyin gizli
sözündü-
Xırda ləçəklərlə titrəyir
səsin.
Atam da, anam da
yatır yanında,
Necə danışaq ki eşidilməsin.
Budur
Musa Yaqub.
Musa Yaqub təbiətin
özü, bir parçası olmaqla bərabər, həm də həyatın özüdür. Onun reallıqları ilə birlikdə. Hər şeyin təbii düzənini sevən şair haqsızlığa, ədalətsizliyə
dözə bilmir:
Azadlıq nə gəzir bu yer üzündə,
Azadlıq gəzirəm elə özüm də.
... Qartal caynağında quş azad deyil,
Saray divarında
daş azad deyil.
Nə qədər qurd ağzı, şir pəncəsi var,
Cüyürlər qıçını qatlaya
bilməz.
Azadlıq nə gəzir bu yer üzündə.
Onun şeirlərini
yayın istisində, aranda oxuyanda, dinləyəndə elə
bilirsən ki, dağın döşündə,
meşənin dərinliyində,
sakit bir çayın kənarında
dayanmısan. Suyun səsini eşidirsən...
Şeirlərində təbiət adamın gözündə canlanır. O yola düşüb nəinki sevdiyi bulağı, onun sevdiyi bütün
ağacların içində
o dediyi yarpağı tapa bilirsən.
İsmayıllı dağları, meşələri,
qayaları, daşları
Musa Yaqub üçün
insanlardan daha çox darıxır. Vəsf olunmaq
üçün. Yenidən sevilmək
üçün.
O, təbiəti elə təsvir, elə tərənnüm edir ki, təbiət qayıdıb özü-özünə
vurulur.
Təbiətin göyərməyən qara
daşına, özü-özü
ilə sakitcə danışan gecəsinə,
ağacına, dağına,
adamına yazdığı
şeirlər vurğunluq
nümunəsidir.
Sən
Allah, bu gülün keyfinə dəymə,
Çevirmə üzünü qüruba sarı.
... Bu qızıl güllərdən
mənə qanad hör,
Sən
Allah, bu gülü yasa aparma.
Gülə ancaq Musa Yaqub belə yanaşa bilər.
Səsiylə, sözüylə, baxışıyla
təbiəti canlandıran,
insanlara yeni ruh, yaşam həvəsi verən, həyatı, dünyanı
şeiri kimi nizama səsləyən, sevgilər içində,
əhatəsində olan
Musa Yaqubun ömrü
təbiətin ömrü
qədərdir.
Nə əvvələm, nə indiyəm,
Səksənimin içindəyəm.
Axırıncı keçiddəyəm-
Keçidimi keçim gedib.
O bulaqdan çox içmişəm,
Bu çeşmədən içim gedim.
... O qapıdan girmiş idim,
Bu qapıdan çıxım
gedim-
deyən şairə
şeirləri kimi sevgi dolu sakit
bir səslə pıçıldayırsan: “İsmayıllıya
gedin, Bakıya gedin. Uzağa getməyin. Həmişə yanımızda olun.
Darıxmağa qoymayın
bizi”, Musa Yaqub...
Rəfail
Tağızadə
Bizim Yol.- 2017.- 31 may.- S.15.