Elmira Əmrahqızının efirdəki
hıçqırtıları
- Radiojurnalistin portret cizgiləri
Təyyarə
lazımi yüksəklik alıb özünə gəlmişdi,
sanki heç uçmurdu. Səmanın sükuta dalmış
bu boşluğunda “donub” qalmış ağ bulud
topalarının içərisindən keçməsəydik,
hərəkətsiz olduğumuzu zənn edəcəkdim. Təzə
“Boinq”in geniş və boş görünən salonunda
hamı yerini rahatlamışdı. Bir az əvvəl
prezidentin bu salona keçməsi, sualları və
zarafatları ilə yaratdığı qaynar ab-hava da
yavaş-yavaş sükutun içərisində əriyirdi.
Heç kim qımıldanmırdı, danışan da yox idi,
sükutu yalnız təyyarə mühərrikinin aramsız səsi
və bir də azsaylı sərnişinlərin arabir
şirin-şirin əsnəməsi pozurdu. Qarşıda
beş saatlıq yol vardı. Bir az mürgüləmək,
gözlərin acısını almaq üçün əla
fürsət idi. Çünki təyyarə enəndən təxminən
bir saat sonra getdiyimiz Londonda prezidentin dalbadal üç
görüşü olacaqdı. Bunları dərhal
hazırlayıb Bakıya ötürmək lazım idi.
Səhər saat 5-də hava limanına hamıdan tez gəlmiş və artıq indi yorğun düşərək yatmış operatorlarımızın mışıltısı yuxunun şirin havasını asta-asta mənə tərəf qovurdu. Getdikcə yuxunun iradəmi əlimdən aldığını, müqavimətin zəiflədiyini, göz qapaqlarımın ağırlaşdığını, yumularaq xoş duyğulara təslim olduğunu, yavaş-yavaş hansısa bir boşluğa tərəf uçduğumu hiss edirdim.
Elə bu vaxt kiminsə ehtiyatla qoluma toxunub məni astaca səslədiyini eşitdim:
-Boy, ay
Qulu, sən də bunlara qoşulmusan? Ay Allah, bilmirəm ki, bu
televiziya işçiləri nə yaman yatağan olurlar, ey?!
Bu, Elmira
Əmrahqızının həmişə xoş əhval
yaradan gümrah və bir az da cingiltili səsi
idi. Yanımdakı boş yerdə ərklə oturdu və
üzünü səsdən heç qımıldamayan
operatorlara tərəf tutub zarafatla “bunlara nə olub belə, əməlli-başlı
qocalıblar”, sonra da eyni əda ilə mənə “sən
Allah, neyniyirsən elə, amma sən bunlara oxşama” dedi və
ürəkdən güldü.
Biz ordan-burdan danışdıq, işdən-gücdən
söz saldıq, ailədən-uşaqlardan hal-əhval tutduq. Təbii ki,
işlərin çoxluğundan, gərginliyindən gileyləndik.
Sonra Elmira mətləb üstünə gəldi.
Radioda bir vaxtlar yanında çalışıb-əməkdaşlıq
etdiyi, mənə də çox yaxşılıqları dəymiş
Məryəm Zöhrabovanı soruşdu, onun
işi-gücü, dolanışığı barədə
suallar verdi. Özündən asılı
olmayaraq arada bir az qüssələndiyini,
gözlərinin yol çəkdiyini hiss etdim. Mən bunu
ötən günlər üçün xiffət hissi kimi
anladım, amma deyəsən, Elmira ürəyində kiminləsə
tamamilə başqa bir şey barədə
danışırdı və sanki xəyalən etdiyi söhbətin
sonuncu cümləsini mənə də söylədi:
“heç bilirsən o, necə gözəl insandı, çətin
vaxtlarımda mənə nə qədər yaxşılıqlar
edib!?”.
Əlbəttə, mən bunları bilirdim, Məryəm
xanımın Elmiraya bir övlad münasibəti göstərməsini
şahidi idim, çünki hər şey gözümün
qabağında olmuşdu. Odur ki, indi Elmiranın bütün
bunlar barədə belə sevgi ilə danışması
ürəyimə yağ kimi
yayılırdı.
Belə qərara gəldik ki, səfərdən
qayıdan kimi zəngləşək və sürpriz edib xəbərsiz-filansız
gedib radioda Məryəm xanımla görüşək. Hətta, göyün
yeddinci qatında həmin görüşün bir
yüngülvari ssenarisini də cızdıq....
***
Elmira Əmrahqızını ilk dəfə Azərbaycan
radiosunda Məryəm Zöhrabovanın yanında görüb
tanımışdım. Təbliğat baş redaksiyasında şöbə
müdiri olan Məryəm xanım təbiətcə çox
mülayim, xeyirxah, adamlarla tez dil tapan, ünsiyyətcil,
şirin dili ilə ilanı yuvasından
çıxarmağı bacaran bir qadın idi. Şux
və çevik davranışları ilə həmişə
xoş əhval yaradardı, daim hərəkətdə idi, bir
yerdə oturmazdı. Radionun tarixində ilk
qadın redaktor olması ilə qürrələnir və bir
də insanlara yaxşılıq etməkdən xüsusi
zövq alırdı. Sevdiyi, xatirini istədiyi
adamları elə müdafiə edir, elə ürəkdolusu tərifləyirdi
ki, heyran olmaya bilmirdin. O, Elmira Əmrahqızını
da beləcə çox istəyirdi, öz övladı kimi
sevirdi. Hər kəsin yanında Elmiranın
gözəl xasiyyətindən, xanımlığından,
bacarığından, jurnalist istedadından, qələminin
gücündən, yazılarının dilinin şirinliyindən
danışırdı.
Mən tələbə idim, radio ilə təzə əməkdaşlığa
başlamışdım. “Cavansan” deyib məni
uzaq obyektlərə göndərirdilər, reportaj və
müsahibələr hazırlayır, rus dilindən tərcümələr
edirdim. Məryəm
xanım hesab edirdi ki, formalaşmağım üçün
mən hələ çox yazmalı, o cümlədən
Elmira kimi jurnalistlərdən nə isə öyrənməli
idim. Odur ki, Elmiranın makinadan çıxmış
yazılarının ən son variantlarını mənə
oxutdururdu ki, həm orfoqrafiyasını düzəldim, həm də
yaradıcılıq təcrübəsi toplayım.
Sözün düzü, Elmira o qədər maraqlı və həm
də cazibədar üslubda yazır, elə poetik ifadələr
işlədirdi ki, mən onda 3-cü kurs tələbəsi
kimi nə vaxtsa babat jurnalist olub belə materiallar
yazacağıma əməlli-başlı şübhə
edirdim....
Elmira xanımı tanıyıb
üzbəüz görüşənə qədər
artıq təsəvvürümdə onun parlaq bir obrazı
var idi: ağıllı, istedadlı, zəhmətkeş və
zirək. O nədən yazırdısa, yaxşı
alınırdı, çox şirin təhkiyəsi vardı,
sanki yazarkən heç bir çətinlik çəkmirdi. Həmin dövrün – 70-ci illərin publisistikası
üçün səciyyəvi olan poetik tərz də
Elmiranın yazılarında öz yerində idi. Daha
çox təbliğat-təşviqat üzərində
köklənmiş sovet publisistikası pafossuz keçinmirdi,
amma Elmiranın bulaq suyu kimi adamın qəlbinə
süzülən şirin dili, ifadə tərzi təbliğatdan
çox uzaq idi, onun üslubu hadisə, obraz və
situasiyanın mahiyyətinin açılmasına xidmət
edirdi. Bu üslub onun radio oçerklərinə
ayrıca bir səmimilik, xoş ovqat və cazibə gətirirdi.
O yadımda qalıb ki, Elmira iri həcmli oçerklər,
reportajlar və müsahibələr hazırlayırdı,
daha çox sadə əmək adamlarından, alimlərdən,
tibb sahəsindəki məşhur simalardan yazırdı. Çox nadir hallarda istehsalat mövzularına üz
tuturdu, onun bu “ağır” mövzunu belə öz şirin
yazı tərzi ilə “insaniləşdirməyi” radio
işçilərinə ləzzət verirdi.
Çünki çoxlarına elə gəlirdi ki, zavod və
fabrikdən yazanda mütləq “dəzgahların nəğməsindən”,
ağır zəhmətin, toz-torpağın, nəfəsi
qarsan istinin, çirkin-pasın “romantikası”ndan yazmalı,
samballı cümlələr, cürbəcür istehsalat
terminləri işlətməlisən ki, veriliş
yaxşı alınsın. Elmiranın
yanaşması isə başqa idi, o, bütün bunları əmək
adamlarının taleyindən, ətraf mühitlə təmasından,
fikir və düşüncəsindən keçirərək
yaddaqalan insan mənzərələri yaratmağa
çalışırdı.
Bir şey də diqqətimi cəlb etmişdi ki, Elmira
müəllifi olduğu mətnlərin heç də
hamısını özü efirə oxumurdu, onların bəzilərini
diktorlara həvalə edirdi. Yalnız təhsil və tibb
ocaqlarından olan reportajlarını, elm və sənət
adamları haqqında oçerklərini mikrofon
qarşısında özü oxuyurdu, həm də sözləri,
bütöv mətnləri elə şövqlə
canlandırırdı ki, dinləyən adam
onun səsinə biganə qalmırdı. Bir dəfə
sadəlövhlüklə ondan bəzi materialları niyə
özünün oxumamasının səbəbini soruşdum.
Çox maraqlı cavab verdi: “bilirsən,
radioda səs adamın müəyyən bir obrazını
yaradır, gərək yaxşı jurnalist dinləyici
şüurunda bu obrazın bütöv və parlaq
olmasının qayğısına qalsın. Mən
yalnız yaxşı hesab elədiyim və ürəyimcə
olan materialları özüm efirə oxuyuram”.
Elmiranın bu sözləri beynimə çox batdı və
sonradan da müşahidə etdim ki, həqiqətən, bu
yanaşma, artıq özünü dərk etmiş jurnalistlərin
bir növ peşə prinsipidir. Məhz bu prinsipə
sadiqliyinin sayəsində o vaxtlar Azərbaycan radio
jurnalistikasının tarixinə unudulmaz bir səs
yazıldı, milyonlarla insanın şüurunda, təxəyyülündə
Elmira Əmrahqızının parlaq, heç vaxt yaddan
çıxmayacaq jurnalist obrazı yarandı. Amma bu obrazı uzun illər boyu ləngərli səsi
ilə dinləyicilərinə bəxtəvərlik
aşılayan Azərbaycan radiosu yox, 1990-cı illərin
sonlarında bizlər və eləcə də bütün
dünya üçün həqiqətin səsi kimi
tanınan “Azadlıq” radiosu yaratdı.
***
Hər bir jurnalistin bioqrafiyasında özünü ifadə
edib auditoriyaya tanıda bildiyi unudulmaz bir məqam olur. Bu məqam
jurnalisti əməlli-başlı sınağa çəkir,
onun bütün yaradıcılıq potensialını üzə
çıxarır, peşəkarlığını və mənəvi
gücünü göstərə bilir, tanıdıb
yaddaşlarda saxlayır. Elmira
Əmrahqızı üçün bu məqam, bu dövr,
şübhəsiz ki, qanlı 20 yanvar günləri idi. Sovet ordusunun təcavüzünə məruz
qalmış, paytaxtı qana boyanmış, dəyərli
övladlarını itirmiş yaralı Azərbaycanın xəbər
aclığı yaşadığı, gerçək sözə,
təsəlliyə ehtiyac duyduğu o günlərdə
“Azadlıq” radiosu ümid yerinə çevrilmişdi. Həmin
radionun dalğalarından ürəklərə təsəlli
kimi çilənən bir neçə səs yaddaşlarda dərin
iz salıb: Mirzə Xəzərin, Elmira
Əmrahqızının, tarixçi Mehdi Məmmədovun səsi...
Azərbaycanı öz istiqlalına qovuşmağa
doğru aparan 20 yanvar günlərində Elmira bir reportyor kimi
ekstremal şəraitdə çalışırdı. Hadisələrlə
bağlı məlumat toplamaq çətin idi, xəbər mənbələri
susurdu, Bakıda hər yerə və hər şeyə qorxu
hissi, qan-qada hakim kəsilmişdi, fövqəladə vəziyyətin
hökm sürdüyü paytaxtda adamlar danışmaqdan
çox gizlənməyə yer axtarırdılar. Bu vəziyyətdə hər şey reportyorun peşəkarlığından,
bacarığından, fərasətindən, onun görmə,
duyma, məntiqi nəticə çıxarma, müşahidə
və ümumiləşdirmə qabiliyyətindən
asılı idi. Mən hələ onun
şəxsi cəsarətini, hərbiçilərin və
yerli hakimiyyət orqanlarının qəzəbindən
yayına bilməsini demirəm. Elmira
bütün bunların öhdəsindən məharətlə
gəlir, gün ərzində böyük əziyyətlə
topladığı məlumatları “Azadlığ”ın
dalğaları ilə bütün dünyaya
çatdırırdı.
Mən həmin günlərdə efirdə jurnalist kimi,
sanki başqa bir Elmiranı görür, tamamilə başqa
bir səs eşidirdim. Bu, bir vaxtlar ana dilimizin ən incə
çalarları ilə dinləyiciyə xoş ovqat bəxş
edən, fikirlərini təmkinlə çatdıran, sözlərdən
ilmələr hörən qələm sahibinə
oxşamırdı. Səsi də dəyişmiş,
sanki bir az codlaşmışdı. İndi bu səs tarixinin keçid dövrünü
yaşayan, imperiyanın caynaqlarından qurtulmaq
üçün çarpışan bir xalqın azadlıq
hayqırtılarını ifadə edir, bu yolda üzləşdiyi
qanlı faciənin miqyasından, sovet ordusunun törətdiyi
vəhşiliklərdən danışır, Moskvanın
yürütdüyü təcavüzkar siyasətin qanlı nəticələrini
təhlil edirdi.
Elmira “Azadlıq” radiosunda Azərbaycan xalqının
hünərindən, faciəsindən və kədərindən
danışırdı, hər şeyi də açıq,
aydın, dəqiq, öz adı ilə deyirdi. Azərbaycan
dinləyicisi onun reportaj və hesabatlarında indiyədək
ideologiya pərdələri altında gizlədilmiş bir
çox həqiqətləri ilk dəfə eşidirdi.
O, 20 yanvarın Azərbaycan cəmiyyətində, vətəndaşların
şüurunda yaratdığı psixoloji mənzərəni
bütün detalları ilə cızır, hər şeyi cəsarətlə
təhlil edirdi. Bəzən təsvir etdiyi mənzərəni,
insan ürəyini dağlayan epizodları təsvir edərkən
göz yaşlarını boğa bilmirdi, bu zaman sözlə
deyə bilmədiklərini hıçqırıqları ilə
çatdırırdı, ürək dağlayan,
yanıqlı hıçqırıqları ilə...
Həmin günlərdə jurnalistikanın bütün
qaydaları, sanki həqiqəti işıqlandırmaq
üçün bütün enerjisini səfərbər
etmiş reportyor Elmira Əmrahqızının iradəsinə
tabe idi. Mən indi də bu fikirdəyəm ki, həmin
qanlı-qadalı günlərdə auditoriyanı məlumatlandırmaq
üçün onun göstərdiyi fədakarlıq bir
peşəkar reportyorun ekstremal şəraitdə necə
işləməsinə gözəl nümunədir.
Sonralar da Elmira “Azadlıq” radiosunun Azərbaycan
redaksiyasının təcrübəli əməkdaşlarından
biri kimi maraqlı reportaj, müsahibə və təhlillər
hazırladı. Efirdə Qarabağ problemi, Qafqazda yeni
geopolitika, Cənub mövzusu ilə bağlı silsilə
materialları səsləndi. Azərbaycanın
müstəqilliyə qovuşması, yeni cəmiyyət
quruculuğu, bu yoldakı çətinliklər, ölkəmizin
Qərbə inteqrasiyası, xarici siyasətimizdə Rusiya və
İran amili kimi mövzular daim Elmiranın diqqət mərkəzində
idi. Onu dinləyirdilər, səsi gələndə diqqət
kəsilirdirlər, axı bu, həmin səs idi...
İş elə gətirdi ki,
jurnalist taleyi vaxtilə Azərbaycan radiosunda
ayrıldığımız Elmira xanımla bizi təxminən
on il sonra yenidən
görüşdürdü. 1993-cü ildə
hakimiyyətə yenidən qayıtmış Heydər
Əliyevin xarici səfərlərini işıqlandıran
qrupda müəyyən müddət birgə
çalışdıq. Dövr çox
maraqlı idi, çox şeyi ilk dəfə
görürdük, siyasət kərpiclərindən necə
divar hörüldüyünün şahidi olurduq,
dünyanın məşhur siyasi xadimlərini müşahidə
edir, onlara suallar verirdik. Bəzən vaxt
olanda ölkə prezidenti biz jurnalistlərlə də qısa
söhbətlər edir, nəsə soruşur, nələri isə
aydınlaşdırırdı. Mən bu söhbətlərdə
H.Əliyevin bir jurnalist kimi E.Əmrahqızına və bir də
Elmira Axundovaya olan
xüsusu rəğbətini, bir də o dövrdə
Azadlıq radiosunun fəaliyyətinə yüksək dəyər
verdiyini aşkarca hiss edirdim. Təkcə mən
yox, ətrafdakıllar da prezidentin bu rəğbətini
aydınca görürdülər. Duyulan bu idi ki,
böyük siyasətçi təkcə Elmiranın 20
yanvardakı jurnalist fəaliyyətini, onun çəkdiyi zəhməti
deyil, həm də Azadlıq radiosunun vaxtilə blokadada
qalmış Naxçıvana və onun özünə olan
diqqətini unutmamışdı...
***
Jurnalistika tariximizdə parlaq iz qoymuş Elmira
Əmrahqızı haqqında keçmiş zamanda
danışmaq çox ağırdır, çünki o,
çoxlarının təsəvvüründə diridir,
canlıdır, həmişəyaşardır. Səsində,
sözündə, davranışlarında həmişə
bir şuxluq duyulurdu, tükənməz və sönməz həyat
eşqi var idi. Qaynar jurnalistika həyatı da onun
özünü, həyat enerjisini və təbii ki, unudulmaz səsini
bu dəyişməz ritmə kökləmişdi...
London səfərindən qayıtdıqdan bir neçə
gün sonra Elmiraya zəng edib Məryəm xanımla
görüş məsələsini xatırlatmaq istəyəndə
də onun həminki şux və gümrah səsini eşidəcəyimə
əmin idim (heç sonuncu səfərimizdə qadın jurnalistlərin
kədərli bir pıçıltı ilə “deyəsən,
Elmiranın xəstəliyi çox ağırdır” sözlərinə
də əhəmiyyət verməmişdim). Lakin xəttin o
başında zəif, bir az yorğun və
sanki rəngi getməkdə olan ümidsiz bir səs gəldi
qulağıma:
-Üstünə
sağlıq, ay Qulu bir az xəstələnmişəm,
həkimə gedib-gəlirəm, babatlaşan kimi mütləq
xəbər edəcəm – dedi və sonuncu sözlərdə
səsinin incə bir telinin bilinər-bilinməz titrədiyini
hiss etdim.
Heç təsəlli verə bilmədim, əslində
deməyə söz də tapmadım, çünki onun səsinin
titrəməsi məni çox qorxutmuşdu. Bu səsin ilk
dəfə necə titrəməsini, onun
püskürtüsünün hansı fəlakətin əlaməti
olduğunu 20 yanvar günlərində “Azadlığ”ın
efirində görmüşdüm. Odur ki, indi də
Elmiranın ürək dağlayan səsindəki titrəyişin
ardınca gələn hıçqırığı və
bu hıçqırığın hansı kədəri ifadə
etdiyini bütün varlığımla duyurdum...
Qulu Məhərrəmli
Bizim Yol.- 2017.- 7 noyabr.- S.5; 13.