“MƏN
XƏRÇƏNGİ SEVİRƏM”
Xalq artisti Fuad Poladov xərçəng
xəstəliyi ilə mübarizə aparır. Xəstəlik
onun səs tellərini zədələyib. Elə bu səbəbdən
də xalq artisti ötən ildən səhnədən
uzaqlaşmaq məcburiyyətində qalıb. Milli Onkoloji Mərkəzdə
müalicə alan Fuad Poladovla yenidən söhbət etmək
istədik. Məsələ ondadır ki, xalq artisti Rasim
Balayevin də səhhətində yaranan problem mətbuatda son
günlər gündəmə gətirildi. Rasim Balayev
müalicə üçün noyabrın 22-də Türkiyəyə
müalicəyə göndərilir. Bəs xalq artisti Fuad Poladov
xaricdə müalicədən niyə imtina edir? Onun xaricdə
müalicəsi təmin olunsa, xalq artisti xarici həkimlərə
üz tutarmı? Fuad Poladov "Şərq”in
suallarına belə cavab verdi.
- Necəsiz, Fuad müəllim?
-
Şükür, babatam. Müalicə alıram.
- Xalq artisti Rasim Balayev də
müalicə üçün Türkiyəyə göndərilir.
Hələ də xaricdə ən azı müalicə
almamaqda israrlısız?
- Allah
bütün xəstələrə kömək etsin. Mən
ilk gündən demişəm ki, vətənpərvər
insanam. Vətənimdə müalicə olacam. Öz həkimlərimə
inamım var. Mən xalq artistiyəm, necə xaricə gedib
deyim ki, mənim ölkəmdə olan həkimlər
bacarmadılar, müalicəmin təsiri olmadı. Bunu demək
istəmirəm.
- Amma xəstəlik elə bir
sınaqdı ki, onu bir az ciddi qəbul edib, məsuliyyətlə
yanaşmaq lazımdı. Bəlkə inad etməyəsiniz.
Xaricdə müalicənin sizə müsbət təsiri olar.
- Təbii
ki, xəstəliyimi ciddiyə alıram. Qaldı müalicənin
xaricdə daha çox effekt verəcəyinə, bəlkə
də həqiqətən xaricə getsəm, daha böyük
təsiri ola bilər. Amma neyləməli? Nə olacaqsa, olsun.
İlk gündən demişəm ki, mən ancaq Azərbaycanda
müalicə alacam. Xaricdən dərmanlar gətizdirirəm.
- Kifayət qədər ağır və
müalicəsi bahalı olan xəstəlikdi. Dərmanlar
üçün maddi imkanınız yetərincədi, ya
kömək edənlər olur?
- Bəli,
bahalı müalicədir. Amma heç kimdən kömək
almıram. Ancaq öz gücüm çatanı edirəm.
- Bu qədər mətbuat sizin xəstəliyinizdən
yazır. Mədəniyyət və Turizm Nazirliyi yenə də
reaksiyasız qalıb?
- Mən
sizə ötən dəfə açıqlamamda qeyd
etmişdim. Mədəniyyət Nazirliyi deyilən bir
anlayış mənim üçün artıq yoxdu.
Çünki elə bir orqan tanımıram. Bizdə Mədəniyyət
Nazirliyi yoxdu. Ancaq Turizm Nazirliyi var. Ummuram da onlardan.
- Bəs Kinematoqrafçılar
İttifaqı necə, bu müddətdə sizinlə
danışıbmı?
-
Kinematoqrafçılar İttifaqının rəhbəri
Şəfiqə Məmmədova mənimlə bir neçə
dəfə əlaqə yaradıb. Nə kömək lazım
olduğu ilə maraqlanıb. Mokvadan Rüstəm İbrahimbəyov
əlaqə yaradıb ki, gəl bura, nə lazımdı
kömək edim. Almaniyadan tanımadığımız bir azərbaycanlı
zəng edib ki, Almaniyaya gəlin, sizi müalicə etməyə
kömək edim. Türkiyədən də bir azərbaycanlımız
mənimlə şəxsən əlaqə yaratdı ki, Fuad
müəllim, Türkiyədə bütün xərcləri
ödəyirəm, gəlin bura. Mən razı olmadım.
Sağ olsun, narahat olan hər kəs. Amma mən Azərbaycandan
kənara çıxan deyiləm. Mən bir söz demişəmsə,
onu da edəcəm.
- Həkimləriniz nə deyir?
- Həkimlər
tam söz deməsələr də, gözlərindən
oxuyuram ki, bir az da olsa ümidi var, bir az da yaşamaq olar.
- Bəzən insan özü də
güclü olmalıdır ki, xəstəliyə güc gəlsin.
Özünüzdə inam varmı?
- Əlbəttə.
Ümidim var ki, yaxşı ola bilərəm. Tam sağalmaq bu
xəstəliklə mümkün deyil, bilirəm. Amma bir az
ümid ola bilər. Mən artıq xəstəliyimi sevməyə
başlamışam. Xərçənglə sevgi oyunu
oynayıram, onu sevməyi öyrənirəm. Hərçənd
deyirlər ki, xərçəngi sevmək olmaz. Amma mən xərçəngi
sevirəm. Onun şıltaqlığını qəbul etməyə
başlamışam.
- Xərçəngin nazı ilə
oynamağa başlamısız...
- Bəli.
Tam doğru qeyd etdiniz. Xəstəliyimi sevməyə
başlayıram. Bilirəm ki, bu elə xəstəlikdi ki, məndən
bir də əl çəkməz. Sadəcə bir az xərçəngdən
möhlət istəyirəm. Ona görə də onunla
oynayıram.
- Möhlət istəyirsiz dediniz. Nəyi
çatdırmağa arzulayırsız? Bəzən insan həyatda
nəyəsə çatmaq, nəyisə
çatdırmağa tələsir. Yəqin sizin də bu
möhlət dövründə çatdırmaq istədikləriniz
var...
- Var. Həqiqətən
möhlət istəyirəm ki, bəzi işləri
çatdıra bilim. Düzdü, səhnədən artıq əlimi
üzmüşəm. Artıq heç vaxt səhnədə
olmayacağımı qəbul etmişəm. Bilirəm ki, mənim
ora bir daha qayıdışım olmayacaq. Amma şəxsi həyatımda
çatdırmaq istədiklərim var.
- Övladlarınızla bağlı
arzularınız var. Bunu deməyə
çalışırsız?
- Bəli.
Duyğusal görünmək istəməmişəm
heç vaxt. Amma deyəsən bu xəstəlik məni bir az
da duyğusal edə bildi. Ata olaraq arzularım var. İki
övladım var. Qızım ailə qurub. Amma oğlumu evləndirməmişəm.
28 yaşı var. Oğlumun toyunu görmək, onu yerbəyer
etmək istəyirəm. Buna görə xəstəliyimdən
möhlət istəyirəm. Çox istərdim ki,
oğlumdan da arxayın olum, bilim ki, ailə sahibidi. Bu məni
sakit edə bilər. Hər ata kimi oğul toyunu görmək
arzum var. Buna görə Allahımdan da, xəstəliyimdən
də möhlət istəyirəm.
Bizim Yol.- 2017.- 23 noyabr.- S.15.