“Vətəndaş
ictimai siyasi
proseslərə biganə
qalmamalıdır”
“Bizim Yol” qəzeti əməkdar
artist İlqar Cahangirin teleqraf.com-a
verdiyi müsahibəni təqdim edir:
– İlqar bəy, Gənc
Tamaşaçılar Teatrından gedəndən sonra sanki
üsyankar aktyor imiciniz yarandı. Siz bu obrazla razısınızmı?
– Mən
deməzdim ki, üsyankar bir aktyoram. Sadəcə, o məsələni
gənclər bir az qabartdı. Biz 18 il kamera teatrında işləmişik və o
teatr yaradıcı bir yer olub. Orda heç kim
bizə deməyib ki, məsələn, mütləq filan əsər
oynalılmalıdır. Hətta biz
özümüz demişik ki, bəlkə bu müəllifə
yox, başqa bir müəllifə müraciət edək.
Ümumiyyətlə, yaradıcılıq
baxımından rejisor və aktyorlar arasında həmişə
diskussiyalar olub və tamaşalar ortaya çıxıb.
Biz Gənc Tamaşaçılar Teatrına birləşdiriləndən
sonra isə şərtlər belə oldu ki, işin
oldu-olmadı mütləq teatra gəlməlisən, qol
çəkməlisən. Və yaxud, bu əsəri mütləq
oynamalısan! Axı baxıram ki, bu əsər
mənə və tamaşaçıma heç nə vermir və
oynamaq istəmirəm. Hansısa bir məmur, hansısa
bir imkanlı adam əsər yazıbsa, mən
məcburammı onu oynayım?
Başqa bir tərəfdən Gənc
Tamaşaçılar Teatrında mənim vətəndaş
mövqeyimə də müdaxilə elədilər. Müsahibələrim
oldu, fikirlərimi bildirdim, deyirdilər ki, niyə belə
danışırsan? Mən heç kimə
imkan vermərəm ki, şəxsi düşüncələrimə
bu şəkildə müdaxilə eləsin. Ona görə də onları qabaqladım, ərizəmi
yazıb özüm çıxdım. Bundan
üsyünkar obraz yaratmağın isə tərəfdarı
deyiləm.
– Hazırda “Ögey ana”
serialındasınız. Kəmalə Müzəffərlə
bir serialda çəkilmək, onunla tərəf müqabili
olmaq sizin üçün nə qədər xoşdur?
– Mən Kəmalə Müzəffəri 28-30 ildir
tanıyıram. Biz tələbə yoldaşı
olmuşuq. Hesab edirəm ki, o, yaxşı
bir aktrisadır. Bizdə aktyor-aktrisa
kastinqi deyilən bir şey var, orda dedilər ki, tərəf
müqabiliniz Kəmalə Müzəffər olacaq. Mən də bunu bizim uğurumuz kimi qiymətləndirdim.
Belə bir şey var ki, əgər rollar düzgün
bölünürsə, bu, tamaşanın və yaxud, filmin 60
faizidir. Bu mənada Kəmalə xanım da düzgün bir
seçim idi və bu da artıq öz nəticəsini
göstərir. “Ögey ana” real olaraq hələ
ki, reytinq göstərilərinə görə birinci yerdədir.
Bundan sonrası necə olacaq, həyat göstərər…
– Bəs niyə Kəmalə Müzəffər
“Vicdan haqqı” serialından itkin düşüb “Ögey
ana”ya gəldi?
–
Düzü, bu onların şəxsi işləridir, bu barədə
fikir deyə bilmərəm.
– “Ögey ana” serialında
xeyli problemlər qoyulub. Əqli cəhətdən
şikəst uşaq, ailə, məişət
qayğıları və s. Bu filmlə sizin şəxsi həyatınız
arasında üst-üstə düşün nəsə
varmı?
– Xeyir, elə
bir şey yoxdur.
– İlqar bəy, 50
yaşınız var, amma sanki, uşaq kimisiniz…
– Hə… Mənə də hərdən elə gəlir ki, 50
yaşında uşağam. (gülür)
Hər şeyə inanan, hər şeyi təmiz görmək
istəyən bir insan!
– Bu, sadəlöhvlükdürmü?
– Deməzdim
ki, sadəlöhvəm. Daha çox realistəm.
Hər şeyi aydın görürəm.
Bilirəm ağ nədir, qara nədir…
–
Oynadığınız hansı rolda az-çox
özünüzü görürsünüz?
–
Özümü gördüyüm rollar filmlərdə yox,
daha çox tamaşalarda olub. Məsələn,
“Tülkü və Üzüm”də Ezop obrazı var,
çılğınlığım, mübarizliyim, hər
şeylə barışmamağımla onu özümə
yaxın bilmişəm.
– Siz “Çar Edib”i də
oyanısınız, elə?
– Bəli…
Hətta bu roluma görə Krımda ən yaxşı kişi rolunun mükafatını
almışam.
– Bir azərbaycan kişisi kimi ana ilə
oğulun cinsi münasibəti sizi diksindirmədi ki?
– Bir
aktyor kimi buna normal yanaşıram. Məsələn,
bu gün Azərbaycanda bir uşaq atıla bilər. Sonra o böyüyər. Anasını
tanımaz. Onunla cinsi münasibətdə
olar. Həyat deyilmi? Və
yaxud, lap müasir dövrümüzdə ata öz
qızı ilə cinsi münasibətdə olmayıbmı?
Təbii ki, belə şeylər məni rolda da,
həyatda da qıcıqlandırır. Bir anlıq adam öz maskasını çıxarmaq istəyir
ki, daha bu qədər olmaz!
– Bayaq vətəndaş
mövqeyindən danışdınız… Sizin
üçün vətəndaş mövqeyi nədir?
– Biz bu
gün bir cəmiyyətdə yaşayırıq. Və burada ictimai-siyasi proseslər gedir. Vətəndaş mövqeyi bunlara biganə
qalmamaqdır. Əgər səhiyyəmizdə,
təhsilimizdə problemlər varsa, onlara qarşı biganə
qalmamaq mənim üçün vacib məsələdir.
Əgər sən bu problemlərin şahidisənsə
və gözünü bağlayıb keçirsənsə,
şəxsən mən bununla barışmıram. Hansı xəstəxana olur olsun, lap ən
xırdası – mənzil istismar idarəsi olsun, yenə də
öz mövqeyimi bildirməliyəm.
– İlqar bəy, maddi vəziyyətiniz
çoxmu çətindir?
– Bu barədə
xeyli müsahibə də vermişəm. Məsələn,
mən şəhərdən kənarda – Ceyrantabatnda
yaşayıram. Elə vaxtlarım olur ki,
3-4 manat pul tapa bilmirəm ki, şəhərə gəlim.
Son 10 il ərzində belə şeylər
məndə dəfələrlə olub.
– Bəs seriallara çəkiləndən
sonra maddi vəziyyətiniz düzəlmədi?
– Təbii
ki, düzəlmədi. Çünki normal
qonorar verilmir.
– Maraqlıdır, aktyor belə
çətinliklə yaşayırsa, bəs seriallar
üçün ayrılan pullar kimə çatır?
– Nə
qazanırsa, kanallar qazanır. Rejissorlar da müqavilə
bağlayıb ancaq maaş əsasında
işləyirlər. Ola bilər ki, hansısa
bir prodakşn müəyyən manevrlər eləyib, əlavə
nəsə qazana bilər. Və yaxud, yaxşı pul
götürüb, aktyorun məvacibini az
verib özü artıq azana bilər. Amma
prodakşnlar da var ki, 3-5 seriya çəkir, sonra davam eləməyə
pul tapa bilmir. Hətta kanalın verdiyi pul
da onu qane eləmir.
– Səhv eləmirəmsə, siz indi
rejjisor Şahin Qəhrəmanovla işləyirsiniz…
– Bəli…
– Rövşən İsaakdan təklif
almamısınız?
– Mən Rövşən İsaakla iki dəfə
işləmişəm.
– Konkret “Vicdan haqqı”ndan söhbət
gedir.
– Mənə
tez-tez sual verirlər ki, niyə “Vicdan haqqı”na
çəkilmirsiniz. Amma bu sualın mənasını
anlamıram.
– “Vicdan haqqı” ölkənin
ən reytinqli serialı seçilib. Niyə də o serialda rol
almayasınız?
– Axı
aktyor təkcə mən deyiləm. Onlarla aktyor
var. Rövşənlə mən tələbə
yoldaşı olmuşuq, indiyə kimi də dostuq. Amma nə oslun dostuq? Hansı
aktyorla işləyib-işləməmək rejissorun öz
seçimidir. Düzü, mən eyni
rejissorla da işləməyin tərəfdarı deyiləm.
Aktyor rejissorunu tez-tez dəyişməlidir,
dalaşmalıdır, ayrılmalıdır… Çünki
hər rejissorun öz baxışı var, işləmə
üsulu, qaydaları və metodları var.
– Bilirsiniz ki, bizdə serial çəkmək
ənənəsi yoxdur. Hələ təzə
başlayır. Sizcə, görülən
işlər başlanğıc kimi uğurludurmu?
– Sovetin
bizə ən böyük mirası teatr və kino məktəbidir.
Soveti ən çox ona görə bəyənirəm
ki, təhsilimiz oldu, kinolarımız oldu, teatrlarımız
oldu. Sadəcə, 90-cı illərdən
sonra bu sahələr gerilədi. Bu gün
isə mütəxəssislərimiz də, ssenaristlərimiz də,
rejisorlarımız da, aktyorlarımız da var. Sadəcə,
büdcə yoxdur ki, yaxşı işlər
görülsün.
Məsələn,
mən fiziki şəxs kimi ayrıca filmin çəklişini
aparmaq istəyirəmsə və çəkiliş
üçün hansısa idarəyə gedirəməmsə,
müdir deyir ki, ssenarini ver baxım, görüm orda nə
var. Təkcə bu deyil, çox maneələr olur. Tutalım, mənim pulum var, ssenarim var, aktyorlarım,
bütün texniki avadanlıqlarım var və film çəkmək
istəyirəm. Bunun üçün nə
qədər qapılar döyməliyəm, icazələr
almalıyam. Türkiyədə isə belə
deyil. Orda yalnız dövlət
üçün ciddi əhəmiyyəti olan strateji yerlərdən
icazə alınır.
Yeri gəlmişkən, bir hadisəni də
danışım. Bir dəfə film çəkirdik. Yolumuz bir polis bölməsindən keçdi. Orda bizə çox biganəlik göstərdilər.
Bir saatlıq işimiz 4-5 saata başa gəldi.
Hətta maşınlarını da geri çəkmədilər
ki, çəklişimizi rahat aparaq. Rejissor dedi ki, eybi
yox, qoy biz efirə çıxaq, tanınaq. Özləri bizə
çay gətirəcəklər… Efirə
çıxdıq, tanındıq. Təzədən o
bölməyə gedəndə rəis müavini adam ayırdı ki, bizə qulluq eləsin, bizə
çay gətirdilər, hətta yeməyimizə kimi verdilər.
Otaqlarını da bizə verdilər. Tanıdılar, bildilər ki, bunlar işlə məşğuldur.
Tanınmaq çox ciddi məsələdir.
Tanınan adamı tez qəbul edirlər.
Ümumiyyətlə isə mən o fikirdəyəm ki,
serial çəkişilərini dövlətin pulu ilə
aparmaq yaxşı deyil. Ayrıca, müstəqil büdcə
olmalıdır. Hər şeyi pulunu verib
özün eləməlisən.
– Sizcə, azərbaycanlı
aktyorlar Hollivudda uğur qazana bilərlərmi?
–
Yadıma gəlir, Kinostudiyada bir film vardı. Yarımçıq
qaldı. Rusiyadan aktyorlar da gəlmişdi.
Mən orda MTN mayoru rolunu oynayırdım. Şöbə müdiri idim. Bir
cümlə vardı, rus dilində idi. Necə
oldusa çəkiliş zamanı bu cümlə yadımdan
çıxdı. Elə oldu ki, mən o
sözün hərəkətini verdim. Sözü
o məqamda daxili bir hərəkət əvəz elədi.
Çəkilişdən sonra rus aktyoru mənə dedi ki,
heç gözləməzdim. Çox xoşuna
gəlmişdi. Dedilər ki, ümumiyyətlə,
inanmazdıq ki, sizdə belə aktyorlar var.
Bundan başqa bizim bir aktyor – Tural Baxış Polşada
filmə çəklib gəldi. Mövzu Birinci
Dünya müharibəsi ilə bağlı idi. Orda bir azərbaycanlı rolunu oynayırdı. Bu da xeyli uğurlu oldu. Çox
misallar çəkmək olar. Yəni bizim
seçilən aktyorlar heç də dünya miqyasında qəbul
olunan aktyorlardan geri qalmır. Sadəcə,
ingilis dilini bilməməyimiz işləri korlayır.
– Tez-tez fikirlər səslənir ki,
bizdə erotik səhnələrin çəkilişi də
peşəkar deyil. Peşəkar
olmadığına görə də cəmiyyət tərəfindən
qəbul olunmur. Bu barədə danışaq…
– Belə
səhnələr aktyor üçün maneə
olmamalıdır. Aktyor sərbəst və rahat
olmalıdır. Bu yaxınlarda “Nar
bağı” filminə baxdım. Orda erotik
səhnələr var idi və normal da çəkilmişdi.
Demirəm tamamilə soyunmuşdular. Amma çox yaxşı oynadılar. İkisi də bizim aktyor və aktrisamız idi.
İkincisi, əgər aktyor erotik səhnəyə
çəkilmək istəmirsə, bu da onun şəxsi
işidir. Etiraf etmək lazımdır ki,
biz cəmiyyətin qınağından, çəkinən,
qorxan adamlarıq.
– Maraqlıdır, siz də erotik
rollardan çəkinirsiniz?
– Deməzdim ki, tamamilə çəkinirəm. Amma hərdən ehtiyat edirəm. Hətta erotik rollara çəkilmək istəmirəm… Amma hərdən də fikirləşirəm ki, xarici bir filmə dəvət etsələr, yaxşı da qonarar versələr, bəlkə də çəkilərəm. (gülür)
Bizim Yol.- 2017.- 27 oktyabr.- S.15.