Britaniya ensiklopediyasına
düşmüş yeganə azərbaycanlı
Bu gün tanınmış ictimai
xadim Ramiz Abutalıbovun doğum günüdür. Onun səksən yaşı tamam
olur. “Bizim Yol” qəzeti bu
münasibətlə tanınmış adamların ürək
sözlərini təqdim edir.
Çingiz Hüseynov
(yazıçı, Rusiya):
Ramiz Abutalıbov – millətimizin ən
dəyərli insanlarındandır! Tariximizi
öz yazı və şəxsən topladığı arxiv
materialları ilə zənginləşdirmişdir. Gözəl qollu-budaqlı, nəvə-nəticəli
ailə sahibidir. Onu ürəkdən təbrik edir, cansağlığı,
uğurlar-sevinclər arzulayıram!..
Yüz yaşa, əziz Ramiz!
Arif Əliyev (jurnalist):
Ramiz Abutalıbov
dünyanın ən tanınmış azərbaycanlılarından
biridir. Yadımdadır, sovet hakimiyyətinin
son illərində onun Britaniya ensiklopediyasına
düşmüş yeganə azərbaycanlı diplomat
olduğunu da deyirdilər. UNESCO-nun əməkdaşı
Ramiz Abutalıbovla mən elə həmin vaxtlar tanış
olmuşam. Və artıq 27 ildir ki, bu mahir
diplomatın, yorulmaz tədqiqatçının, müdrik və
olduqca təvazökar insanın gördüyü işlərin
miqyasına heyranlığım qalır. Ramiz müəlllim
Azərbaycan tarixinin araşdırılması, mədəniyyət
və incəsənətimizin tanıdılması
üçün əvəzsiz xidmətlər göstərib:
xaricdə çoxlu sayda sərgilər, konsertlər, elmi
konfranslar təşkil edib, onlarla kitabın tərtibatçısı
və müəllifi olub, arxivlərin bərpasına, abidələrin
ucaldılmasına, itmiş tarixi sənədlərinin üzə
çıxarılması və Azərbaycana
qaytarılmasına çalışıb. İlk
müstəqil respublikamızın süqutundan sonra xaricdə
yaşamış cümhuriyyət liderlərinin həyat və
fəaliyyəti onun xüsusi maraq dairəsini təşkil
edib. Ramiz Abutalıbov təkcə bu
görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin
öyrənilməsi üçün yox, onların məzarlarının
tapılması və bərpası üçün də
çox işlər görüb. Müsahibələrinin
birində Ramiz müəllim deyib ki, 1920-ci ildən sonra xaricdə
qalmış diplomatik nümayəndəliyimiz haqda «Əbədi
ezamiyyət» filminə o, «Qərib məzarlar» adı vermək
istəyirmiş, hətta bu adda albom da buraxılıb. Bax, Ramiz Abutalıbov bizim «Qərib məzarlar»ımızı
darıxmağa qoymayan adamdır.
Qulu Məhərrəmli (professor):
Elə şəxsiyyətlər
var ki, adları çəkiləndə göz önündə
geniş və zəngin bir mənəvi mənzərə
canlanır. Bütün şüurlu həyatı
xalqa, milli-ictimai düşüncəyə təmənnasız
xidmət nümunəsi olan Ramiz Abutalıbovu belə parlaq
şəxsiyyətlərdən hesab edirəm. O, diplomatik
fəaliyyəti ilə yanaşı, XX əsr ictimai fikir
tariximizin parlaq səhifələrinə işıq salan sənədlərin
üzə çıxarılmasında,
araşdırılıb sistemləşdirilməsində, bir
çox görkəmli şəxsiyyətlərin bizlərə
tanıdılmasında böyük işlər görüb. Xüsusən Azərbaycan cümhuriyyəti və
mühacirət tariximizin öyrənilməsində Ramiz
müəllimin misilsiz xidmətləri var və o, bu gün də
həmin milli missiyasını şövqlə yerinə
yetirir. R.Abutalıbov qədər
xalqına, onun tarixinə və ənənəsinə bu dərəcədə
dərindən bağlı olan adamları az-az tapmaq olar.
Qarabağ hadisələrinin başlanğıcında Ramiz
müəllimin Fransada elədiklərindən xəbərdar
olan bir adam kimi deyirəm ki, onun fəaliyyəti
heç vaxt diplomatik çərçivə ilə məhdudlaşmayıb.
Ramiz Abutalıbov həmişə və hər
yerdə böyük AZƏRBAYCANLI kimi çalışıb.
Mən bu gün 80 yaşı tamam olan o
böyük azərbaycanlını ürəkdən təbrik
edir, cansağlığı və milləti şərəfləndirmə
missiyasında daha böyük şövq və enerji
arzulayıram.
Tahir Tahiroviç (kinorejissor):
Ramiz müəllimlə
tanışlığımın 10 illik tarixi var. Əbdürrəhman
bəy Fətəlibəyli-Düdənginski haqqında sənədli
filmin hazırlıqlarına başlayırdım. Kinematoqrafçılar
İttifaqının mərhum katibi Abbas Əliyev mənə
tövsiyə etdi ki, Ramiz müəllimlə
görüşüm. Moskvaya gedib tanış
oldum. Görüşdən sonra onun hansı
ürəyə, mədəniyyətə sahib olduğunu
görüb indiyə kimi onunla niyə dostluq etmədiyimə
görə peşman olmuşdum. Son 10 ildə
6 sənədli filmi birlikdə işlədik. Avropanın bir neçə ölkəsində Ramiz
müəllimlə birgə qərib məzarların
axtarışına çıxdıq. Bir neçəsinin
bərpasına da nail olduq. Təbii
ki, o indiyə kimi onlarla belə işlərə imza
atmışdı. Hətta bir dəfə “Tahir, sən mənim
mənəvi davamçımsan” dedi. Bundan sonra
daha məsuliyyətlə ona kömək etməyə
başladım. Gediləsi uzun yolda onunla
çiyin-çiyinə çıxdığım
üçün xoşbəxtəm. Ramiz
müəllim təbiətcə nə qədər sakit və
yumşaq olsa da, öz əqidəsində və tutduğu
yolda bir o qədər dönməz və inadkar insandır.
Hər mübarizədə ona oxşamağa
çalışmışam. Çünki
onun xarakteri mənim formalaşmağımda çox
böyük rol oynayıb. Bir dəfə tədbirlərin
birində Ramiz müəllim özündən təxminən
15-20 yaş böyük bir nəfərlə mehriban
görüşdü. Həmin şəxsin kim olduğunu soruşdum. Dedi ki, atasıyla dost
olmuşam. Cavab verdim ki, ay Ramiz müəllim bu
necə olur onun atası yəqin ki, sizdən 50 yaş
böyük olub. Necə dost olmusuz?..
Ramiz müəllim gülüb dedi: “Ay Tahir, bəs mən səninlə
necə dostluq edirəm?” Tərcümeyi-halımı
yazırdım. Kinoopeator Rafiq Əliyev dedi ki, sən
heç nə yazma. Sadəcə yaz ki, Ramiz
Abutalıbovun dostuyam bu bəs edər. Dəyərli
insanla dostluğa dəyər və mən buna görə
özümü məmnun hiss edirəm.”
Aydın Balayev (tarixçi):
Son illərdə
Azərbaycan milli hərəkatının XX əsrin əvvəllərindəki
tarixinin tədqiqi ilə məşğul olmağım mənə
həmin dövrdəki Azərbaycan siyasi və intellektual
elitasının bir çox görkəmli nümayəndələrinin
həyat və fəaliyyətilə yaxından tanış
olmaq imkanı vermişdir. Fərəhləndirici
haldır ki, həmin görkəmli şəxsiyyətlərin
ardıcılları bu gün də bizim aramızda vardır
və onların ən bariz nümunəsi Ramiz Abutalıbovdur.
Ramiz müəllim sözün həqiqi mənasında
XX əsrin əvvəlində doğma xalqının
inkişafı naminə sakitcə və gözə
görünmədən, öz fəaliyyəti barədə
aləmə car çəkmədən çalışan Azərbaycan
ziyalılarının görkəmli nəslinin mənəvi
varisidir.
Ramiz müəllimin cəmi
80 yaşı var və o, ömrünün kamillik
çağını yaşayır. Ondan
dəfələrlə “daha bəsdir, əlimdəki layihəni
bitirim, bundan sonra istirahət edəcəyəm” sözlərini
eşitmişəm. Lakin hər dəfə
həmin layihə bitməmiş, Ramiz müəllim yeni və
gözlənilməz ideyalarla çıxış edib, ən
başlıcası isə onların gerçəkləşməsində
aparıcı rol oynayıb. Ona Tanrıdan möhkəm
can sağlığı və bütün arzularının həyata
keçməsini arzulayır, Tanrının ona bəxş
etdiyi ömrü belə müqəddəs işlərə həsr
etdiyi üçün dərin minnətdarlığımı
bildirirəm.
İqbal Məmmədəliyev
(ARB Aran televiziyasının baş
direktoru):
Salnamə Sənədli Filmlər studiyasında
çalışdığım vaxtlar rejissor dostum Tahir
Tahiroviç Moskvada olarkən Ramiz Abutalıbovla
görüşdüyünü və film üçün
geniş müsahibə aldığını söylədi. Qərara gəldik
ki, studiyanın rəhbəri Tofiq müəllimə film
çəkmək arzumuzu deyək. Yeri gəlmişkən
Ramiz müəllimin Bakıya gəlişi də gözlənilirdi.
Tofiq müəllim məmnuniyyətlə bizim
istəyimizə qoşuldu və studiyanın daxili imkanları
hesabına film çəkilişinə şərait
yaratdı. Müslüm Maqomayevlə vida mərasimində
Ramiz müəllimlə görüşdük. O vaxtlar
Vahid Poeziya Evində yığışıb film haqqında söhbət
elədik. Bakıda , Moskvada və
Naxçıvanda çəkilişlər aparıldı. Filmin video formatında olmasına baxmayaraq bizə
imkan verildi ki, kinolentdən də istifadə edək. Bütün çəkilişləri Tahir
apardı. Mən isə montaj rejissoru kimi
çalışdım. Ramiz Abutalıbov
haqqında kitab, qəzet, internet yazıları bir tərəfə,
onun canlı müsahibəsini izlədikdə dərindən təsirlənməyə
bilmirsən. Bu şəxsiyyətin, istər
sovet dönəmində, istərsə də müstəqillik
illərində diplomatik missiyasını mükəmməl
yerinə yetirmiş bir ziyalı olduğunu görüncə
fərəhlənirdim. Və bu əhval-ruhiyyə
ilə filmin montajını yekunlaşdırdıq. Fəxr edirəm ki, filmoqrafiyama belə bir görkəmli
şəxsiyyətin portreti - "Parisli azərbaycalı"
filmi daxil oldu. O vaxtdan bəri
görüşürük, söhbətləşirik. Parisdə,
Bakıda, hətta Kürdəxanıdakı evimizdə...
Fürsətdən istifadə edib Ramiz müəllimi doğum
günü münasibəti ilə təbrik edir, ona can
sağlığı diləyirəm!
Məmməd Abbasov
(Naxçıvan MR Baş nazirinin
keçmiş müavini):
Ramiz
Abutalıbovla mənim şəxsi
tanışlığım olmasa da hələ sovet
dövründə bir həmyerlimiz kimi onun YUNESKO-nun əməkdaşı
kimi fəaliyyət göstərməsi diqqətimi cəlb
etmişdi. O
dövrdə belə bir beynəlxalq təşkilatda fəaliyyət
göstərmək üçün yüksək mədəniyyətə
və intellektə sahib olmaq tələb olunurdu. Onun keçdiyi həyat yolu və
yaradıcılığı onu deməyə əsas verir ki,
Ramiz müəllim bacarıqlı diplomat və görkəmli
ictimai xadimdir.
Ramiz müəllimi 80 illik yubileyi
münasibəti ilə səmimi qəlbdən təbrik edirəm
ona möhkəm can sağlığı arzulayıram.
Mirvari Fətəliyeva
(Paris Azərbaycan evinin rəhbəri):
Bu gün çox dəyərli bir ziyalımız Ramiz
Abutalıbovun yubiley günüdür. Uzun illər
Azərbaycan həqiqətlərinin Fransada
tanıdılması, hər iki ölkə arasında
münasibətlərin inkişafı, burada mühacir
yaşamış həmyerlilərimiz haqqında tədqiqat
aparan Ramiz müəllimin əməyi danılmazdır. Paris Azərbaycan Evinin ilk rəhbəri kimi həyata
keçirdiyi və keçirmək istədiyi layihələr
bizlərə miras qoyduğu üçün minnətdarıq.
Dəyərli məsləhətləriniz,
xeyir-duanız hər zaman bizimlə olsun. Ad
gününüz mübarək Ramiz müəllim.
Georgi Mamuliya (Fransa, professor)
Əziz dostum və həmkarımı, Ramiz
Abutalıbovu yubiley münasibəti ilə təbrik etmək
istəyirəm. Parisin 5-ci məhəlləsindəki
Panteon meydanında 2011-ci ilinə təsadüf etmiş ilk
tanışlığımızı xatırlayıram.
O vaxtdan Ramiz həyatımdakı öz yerini qəti şəkildə
tutmuşdur. Azərbaycan və Qafqazın həqiqi
vətənparvəri olan Ramizin sarsılmaz ideoloji sadiqliq, məntiqli
davranış, təvazökarlıq və əlbəttə
ki insanlara qarşı isti münasibət kimi şəxsi
keyfiyyətləri onu sevdiyi sənətində əsl
yoldaş kimi fərqləndirir. Ramiz
Abutalıbovu sadəcə tədqiqatçı, tarixçi və
ya publisist adlandırmaq kifayət deyil. Öz işinin
ehtiraslı və fədakar vurğunu olan bu insanın
saçdığı enerji şüaları, onunla ünsiyyət
və ya iş birliyi qurmağa hər fürsəti
düşənın ruhunu unudulmaz istilik ilə doldururlar.
Əzizim Ramiz müəllim, Sizə möhkəm can
sağlığı, şəxsi və ictimai həyatınızda
xoşbəxtlik arzu edirəm! Sevdiyimiz vətən
Azərbaycan və ümümiyyətlə
Qafqazımızın maraqlarına xidmət edən çox
işləri görmüsünüz, və inanıram ki, bu
yolu yenə də davam edəcəksiniz.
Rafiq İsmayılov (naşir):
Ramiz
Abutalıbov. Bu adı ilk dəfə 90-cı
illərin əvvəllərində eşitmişəm.
O zaman naşirlik fəaliyyətinə yenicə
başlamışdım. Bir gün “Xazar” jurnalının
redaktoru Arif Əliyev dedi ki, Ramiz müəllim Parisdən bir
kitab göndərib – “1915-ci il erməni faciəsi” və məsləhət
görür ki, bu kitabı Azərbaycanda nəşr edək. Kitabın müəllifi Jorj de Malevil tarixi sənədlərə
söykənərək “erməni soyqırımı” mifini
puça çıxarırdı. Ramiz müəllimin
xahişi ilə cənab Malevil təmənnasız olaraq
müəlliflik hüququndan istifadəyə icazə verdi və biz kitabı nəşr etdik.
Sonradan onun haqqında çox
eşitdim: Ramiz Abutalıbov beynəlxalq əlaqələrindən
istifadə edib Azərbaycan üçün filan iş
gördü, filan faktları aşkar etdi,
araşdırdı... Maraqlıdır ki,
bunları mətbuatdan yox, daha çox dost-tanışdan
eşidirdim. Ramiz müəllim heç
vaxt möhtəşəm əməllərini əlində
bayrağa çevirmirdi. 25 il sonra
onunla şəxsən tanış olduqda bunun səbəbini
başa düşdüm: doğma vətəni, xalqı
üçün əlindən gələni eləmək Ramiz
Abutalıbov üçün böyüklük, möhtəşəmlik
göstəricisi deyil, adi, normal davranışdır.
Ramiz Abutalıbov həyatdakı
fəaliyyəti və təfəkkürü ilə Azərbaycan
Xalq Cümhuriyyəti dövründən XXI əsr azərbaycançılıq
məfkurəsinə körpü salan şəxsiyyətdir,
ziyalılıq və kübarlıq təcəssümüdür.
O, geniş kütlələr arasında az
tanınıb tarixdə dərin iz qoyan böyük azərbaycanlıdır!
Nə yaxşı ki, belə azərbaycanlımız var!
Nəsib Nəbioğlu (şair,
Rusiya):
Azərbaycan həqiqətlərinin dünya ictimaətinə
çatdırılmasında Ramiz müəllim Sizin rolunuz
olduqca böyükdür, mənalı bir ömür
yaşadınız, harada oldunuzsa vətənimizə vicdanla,
peşəkarlıqla, təmiz adla xidmət göstərdiniz. Yaşadığınız
ölkələrdə mənsub olduğun Azərbaycan
xalqının adını yüksək zirvələrə
qaldırdınız, yüksək səviyyədə
tanıtdınız. Yorulmaq bilmədən
daim axtarışda oldunuz, vətənimiz, dövlətimiz,
millətimiz üçün əlinizdən gələni
etdiniz.
Bu gün
yalnız Azərbaycanda, Rusiyada deyil, ölkəmizin
hüdudlarından kənarda da sizin fəaliyyətinizi
yüksək qiymətləndirirlər, soydaşlarımız
da sizin gördüyünüz işlərlə fəxr edir və
sizə böyük hörmət və rəğbət bəsləyirlər.
Sizin Moskvada təkbaşına
gördüyünüz işi, bir diaspora cəmiyyətinin
gördüyü işdən yüksəkdə tuturam.
Elçin Şıxlı (jurnalist):
Ramiz Abutalıbovun adını ilk dəfə 80-ci illərin əvvəlində eşitmişəm. O zaman əsgərlikdən yenicə dönüb “Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr cəmiyyətində” işə başlamışdım. Həmin cəmiyyətin işi adından göründüyü kimi xarici ölkələrlə bağlı idi. Ramiz müəllimsə həmin illərdə Azərbaycan KP MK-da “Xarici ölkələrlə əlaqələr” şöbəsinin rəhbəri idi. Yəni, bizim işimizi yönləndirən strukturun başında dururdu. Amma orada çox az işlədi – cəmi 4-5 il, çünki nomenklatura adamı deyil. Yarınmaq, kiməsə yaltaqlıq etməyi bacarmır. Əsil, sudan duru ziyalıdır. Bəlkə də, təbiətindən irəli gələn təvazökarlıqdan bunu bildirməyib, amma bir çox məqamlarda birinci olduğu kimi, o zamanlar da Kremlin razılığı belə olmadan birbaşa UNESCO-da çalışmağa gedən ilk azərbaycanlı olub. Bu insan hay-küysüz böyük işlər görməyi bacaran tək-tük soydaşlarımızdandır. Parisdə çalışarkən başını aşağı salıb millətin başını ucaldacaq çox işlər gördü və indi də durmadan bu istiqamətdə çalışır. Milləti millət edən, onun qürurunu qoruyan və başını ucaldan belə insanlar durduqca millət də duracaq.
Yaşınız
mübarək, Ramiz bəy!
Bizim Yol.- 2017.- 28 oktyabr.- S.13.