Yaradıcı insan istədiyi yazını

yazmasa, xəstəlik tapa bilər”

 

Tanınmış yazıçı və jurnalist Fəxri Uğurlunun 49 yaşı tamam olub. Bir çox mətbu orqanların - “Avropa”, “Rezonans”, “İntibah” - baş redaktoru və təsisçisi, bəzilərində isə aparıcı əməkdaş olmasına baxmayaraq, bir nasir kimi Fəxri Uğurlunun hekayələri çağdaş Azərbaycan nəsrində əsl hadisə sayılmalıdır. Şərq ruhundan qidalanan mənəvi dünyanın milli koloritlə “rənglənərək” sözə çevrilməsindən yaranan həmin hekayələr bəlkə, hələ də öz layiqli qiymətini almayıb. Ammavaxtsa, onların müxtəlif dillərə çevrilərək, dünya ədəbiyyatına çıxacağı günlər uzaqda deyil. 49 yaşı tamam olan yazıçı ilə Modern.az sayı üçün müsahibəyə də elə bu yöndən başladıq:

 

- Fəxri müəllim, bir zamanlar ədəbi hadisə sayılan hekayələriniz nə üçün müxtəlif dillərə çevrilib, başqa ölkələrdə çap olunmadı? Ümumiyyətlə, gələcəkdə əsərlərinizin tərcüməsi ilə bağlı nə kimi planlarınız var?

- Hekayə və esselərim pərəkanda halda təcümə edilib.  Amma bu sahədə məqsədyönlü, konseptual işim olmayıb. Mərhum Vaqif İbrahimoğlu (tanınmış rejissor, “YUĞ” teatrının yaradıcısı)  ilə gec tanış oldum, 2008-ci ildə. 2007-ci ildə hekayələrimi ona çatdırmışdılar. O zamana qədər müəllimlə şəxsi tanışlığım yox idi. Vaqif  İbrahimoğlu da bilirsən ki, Azərbaycanda rus dilinə tərcümənin öndərlərindən olub. Elə oldu ki, baş qarışdı, ortaya bəzi problemlər girdi. Bir ildən sonra Vaqif müəllimlə şəxsən tanış oldum. Rəhmətlik özü xəbər göndərmişdi, mən də gedib onunla görüşdüm. Elə birinci söhbətimizdə bildirdi ki, istəyirəm, bu hekayələri rus dilinə çevirəm. Orada bir nəşriyyatla əlaqəm var, tərcümədən sonra ora göndərəcəyəm. Sözün düzü, bu təklifə çox sevindim. Çünki mən özüm Vaqif müəllimə belə bir xahişdə bulunmağa cəsarət də edə bilməzdim. Özünün belə təklif irəli sürməsi çox sevindirici oldu. Vaqif müəllim ensiklopedik biliyə malik, hər şeyi bəyənməyən intellekt sahibi idi. Hətta hekayələrdən birini ruscaya çevirmişdi də. Biz birlikdə oturub həmin tərcüməni müzakirə də etmişdik. Vaqif müəllim deyirdi ki, vaxtım olsa, oturub müəyyən müddət zamanımı ancaq bunlara həsr edəcəyəm. Həmin yazılar artıq mənim qulağıma rus dilində səslənir. Elə oldu ki, Vaqif müəllim ağır xəstələndi, daha sonra da rəhmətə getdi. Bu də belə yarımçıq qaldı. Onun ölümü bütün Azərbaycan  incəsənəti, mədəniyyət xadimləri və şəxsən mənim üçün çox böyük itki oldu. Bu beləcə  yarımçıq qaldı. Ondan sonra bu sahədə heç bir məqsədyönlü işimiz olmadı.

Ancaq türk dilinə hekayələrimin bir neçəsi tərcümə olunub. Oranın müxtəlif dərgi və qəzetlərində çıxıb. Bir toplumuz var idi: “Dörd yazıçının bir kitabı”. Orada da dörd hekayəm çıxıb. Azərbaycan və Türkiyə türkcəsini mükəmməl bilən Seyfəddin Altaylı  hekayələrimi çevirib. Amma müəyyən işlər var ki, onlar görülməlidir. Çünki nə qədər də mükəmməl tərcümə olsa, yenə də sonda müəllif ilə bəzi müzakirələr aparılmalıdı. O işimiz də belə yarımçıq qaldı. Mən hələ də tərcümələr üzərində müəllif baxışımı edə bilməmişəm.

 - Yaradıcılıq məsələlərində təəssüf ki, yarımçıqlıq problemi daim yaşanır. Sizdə bunun əsas səbəbi nədir? Hətta möhtəşəm sayılan “Tanrı dağları” silsilənizin də davamı gəlmədi...

- Yaradıcılıq elədir ki, gərək, ancaq vaxtını bir müddət ona ayırasan. Başqa işlərə başın qarışmamalıdır. Ancaq neçə illərdi ki, bu, məndə alınmır. Hər dəfə ortaya xeyli işlər çıxır. Bu səbəbdən, yarımçıq qalıb. “Tanrı dağları” silsiləsinin özü də yarımçıqdır. O silsilədən daha çox yazılar yazmağı planlamışdım. Amma hamısı ala-yarımçıqdır. El dili ilə desək, böyrü üstədir. Ruscaya tərcümə bir səbəbdən, türkcəyə tərcümə başqa səbəbdən, “Tanrı dağları”nın özütamam ayrı səbbədən yarımçıq qaldı... Hər dəfə müəyyən maneələr oldu...

 - Modern dünya ədəbiyyatında əsas məsələlərdən biri də bədii mətnin piarı, çapdan əvvəl və sonrakı təbliğatıdır. Siz uzun müddət bir çox mətbuat orqanlarında baş redaktor və aparıcı əməkdaş kimi çalışmısınız. Nə üçün hekayə və esselərin piarını heç zaman aparmamısız?

- Əvvəla, bədii yazı özü-özünün piarını aparmalıdır. O mənada ki, yazının içində bir şey olmayandan sonra, onu yüz dəfə təbliğ etsən, yenə də bu təbliğat puça çıxacaq. Həmişə fikirləşmişəm ki, əgər hekayə yaxşı hekayədirsə, özü-özünü dartıb aparacaq. Yox, yaxşı  deyilsə, onu benzini qurtarmış maşın kimi arxadan itələməyin heç bir faydası yoxdu. Ona görə də yazıların piarına xüsusi cəhd etməmişəm. Təbii, imkanım daxilində yayımlamışam. Qəzetlərdə, jurnallarda çap olunub. Bu da piar məqsədilə yox, oxucuya çatsın deyə edilib. Qabaqlar bir jurnalın 70-80 min tirajı olurdu. Orada bir yazı çap olunan kimi hamı görürdü. İndi saytların da baxış sayı o dərəcədə  deyil. Jurnal-qəzetlərdə isə, ümumiyyətlə... Ona görə də, bir yox, bir neçə elektron mənbədə yayımlanır ki, oxucular daha çox görə bilsinlər. Yazıçının piar naminə görməli olduğu yeganə odur ki, yazdığını oxucuya çatdırsın. Daha sonra oxucu özü bilər, istər bu yazını bəyənər, istərsə bəyənməz. Oxuyar-oxumaz, bu, artıq oxucunun işidir. Buna o qərar verəcək. Həm də bir gərək, sənin  istədiyin kimi mükəmməl səviyyədə ortaya çıxa ki, onun piarı ilə də məşğul olasan. Mən dediyim kimi, işlərin hamısı ala-yarımçıqdır. Tərcümədən tutmuş yaradıcı mətnlərə qədər hamısı böyrü üstə qalıb. Kənar işlər adamən başını o qədər qatır ki, bu işlərə heç cür zaman ayırmaq olmur. Üç gün vaxt tapanda bir ay vaxt tapmırlar. Bəzən, dostlar mənə bunun səbəbini tənbəllik kimi göstərirlər. Amma gün ərzində mən işlərimi bölə bilmirəm. Bəzi, adamlarda bu alınır, bəzilərində yox. Məndə də alınmadığı üçün işlər ala-yarımçıq qalıb.

- Bəs yaradıcılığa vaxt ayıra bilməmək bir yaradıcı insan kimi  sizə mənfi yöndə nə dərəcədə mənəvi-psixoloji təsir edir?

- Mən o biri gördüyüm işləri də puç-əfsanə saymıram. Sadəcə olaraq, yaradıcılıq elə bir şeydir ki, insan içində olan həqiqətləri,  fikirləri ifadə edə bilmədikcə, ürəyi istədiyi kimi onun üzərində köklənə bilmədikcə, o şeylər insanın daxilində çox böyük narahatlıqlar əmələ gətirir. Bir növ insanın daxilində irinləyir. Sonradan yaradıcı şəxsin psixologiyasına da pis təsir göstərir. Həmişə demişəm, yenə deyirəm: yaradıcılıq terapiyası dünyada ən güclü terapiyadır. Yaradıcı adam ilk növbədə o işlə məğul olmağı arzulayır. Bizdə kitab sənayesi, nəşriyyat, kitab çapı institutu istədiyimiz səviyyədə formalaşmayıb ki, müəlliflər öz yazdıqları, bədii yazıları ilə dolana bilsin. Hamısını demirəm, hətta bir qismi belə bunu edə bilmir. Qonşumuz-qardaşımız Türkiyədə kitab sənayesi çox yaxşı inkişaf edib. Müəllif yazdıqlarından gəlir qazanır. Bizdə elə bir şey yoxdu. Yazıçının ən böyük arzusu ilk növbədə bədii yaradıcılıqla məşğul olmaqdır. Təbii, başqa işlərlə də məşğul ola bilər və olmalıdı da... Amma həmin işlərin hamısı bədii yaradıcılıqdan sonra gəlməlidir. Dünyada da ən gözəl sağlamlıq konsepsiyası, terapiyası məhz yaradıcılıqdır. Yaradıcı insan istədiyi yazıları yaza bilməyəndə psixikası  pozular, müxtəlif xəstəliklər də tapa bilər. Rahatlığı əlindən gedər, başqa işlərdən zövq almamaq təhlükəsi ola bilər. Allah eləsin, biz də yaradıcı işlərlə ürəkdən məşğul olaq. Amma gördüyüm o biri işləri də çox yararlı  hesab edirəm. Bunlarla da məşğul olmaq lazımdır.

- Son zamanlar Bircə adlı naməlum müəllifin romanı rezonans yaratdı. Onu siz redaktə etdiniz və belə deyək, təbliğatını da siz həyata keçirdiniz...

-Özüm yazmadığım dövrdə də çalışıram ki, az da olsa, ədəbiyyyat üçün bir görüm. Müəyyən qədər ədəbiyyyata da xidmət edim. Yadına salıram ki, bir il bundan qabaq mətbuata açıqlama verib demişdim ki,  imzasını Bircə  kimi göstərən bir xanım maraqlı roman yazıb,  güman edirəm ki, rezonans yaradacaq və oxucuların marağına səbəb olacaq. Şükürlər olsun ki, bir il bundan qabaqkı proqnozum özünü doğrultdu. Bircə adlı müəllifin “Cəhənnəmdən keçmiş mələk” romanının artıq ikinci hissəsi saytlarda işıqlandırılır. Hər buraxılışı təxminən, 10-15 min arası oxucu toplayır. Buna da çox sevinirəm. Hesab edirəm ki, bu da ədəbiyyat naminə edilmiş bir işdi. Bizdə hələ yadıma gəlmir ki, hansısa qadın bu dərəcədə səmimi, cəsarətlə öz düşüncələrini, hisslərini ifadə edə bilsin. Mənim çoxdankı arzum idi ki, Azərbaycanda belə bir roman yazılsın və orada qadının dünyası, qadın psixikası olsun. Eyni zamanda məişət dünyasına, sosial həyata qadın baxışı da orada əksini tapsın. O kitabın redaktəsini də özüm üçün faydalı sayıram. Xeyli adamlardan təşəkkürlər almışam. Bu da məni çox sevindirir. Hesab edirəm ki, özüm yazmadığım müddətdə bu roman vasitəsilə ədəbiyyat üçün  az da olsa, nəsə etmişəm. Bu roman barədə açıqlamanı bir il bundan əvvəl vermişdim. İndi isə hesabat olaraq deyirəm ki, proqnozum özünü doğrultdu.

- “Şeyx Sənan” hekayənizdə belə bir cümlə var:  Şeyx  Sənan hələ bu dünyanın üzərində çox işləməlidir”. Sizin hekayələriniz bir mahiyyət olaraq,  mənəvi anlamda  cəmiyyət üzərində nə kimi işlər aparmalıdır?

- Əbəttə, əlinə qələm götürən hər bir kəs dünyanın yaxşılaşması yönündə nəsə bir görmək istəyir. Bu iddia ilə qələmə qurşanır. İnsanlara mənəvi yenilik gətirmək, qəlblərini daha da saflaşdırmaq cəhdlərində bulunur. Təbii ki, biz də əlimizə qələm alandan bəri bu arzuda olmuşuq. İstəmişik ki, insanlara bu istiqamətdə müsbət təsir edə bilərk. Dünyanın mahiyyətini öz istedadımız, biliyimiz,  gücümüz səviyyəsində ortaya qoya bilək. Həm də hər bir yazıçı, qələm adamı öz oxucusunu tapmalıdır, onu yetişdirməlidir. Bu baxımdan, mən deyə bilmərəm ki, bəxti gətirmişlərdənəm. Heç bəxti gətirməyənlərin də sırasına özümü aid edə bilmərəm. Bu ikisinin ortasında yerim olar yəqin ki... O ki qaldı cəmiyyətin təkmilləşməsi, dünyanın üzərində işləməsi baxımından, dünya böyük insanların arzuladığı həddin heç  yarısı qədərincə deyil. Qüsur və nöqsanları hələ çoxdu. Gərək, hər bir yaradıcı şəxs, filosof, psixoloq, alim gördüyü qüsurları aradan qaldırsın, dünyanın ruhuna yeni bir zənginlik, ixtiralar əlavə etsin. Bununla da dünyanı ruhunu bir az da zənginləşdirsin. Əlinə qələm alan hər kəs dünyanın ruhuna öz ruhu ilə toxunmaq arzusu ilə yazıb-yaradır. Hər bir yaradıcı şəxsə bunu arzulayıram. Bizə də qismət olsa, çox xoşbəxt olarıq...

- Laçının işğalı atanız Ağa Laçınlının poeziyasına dərin kədər qatdı. Bəz laçınsızlıq bir nasir kimi sizdən nəyi aldı? Yaradıcılığınıza necə təsir etdi?

 - Şübhəsiz ki, çox böyük təsir etdi. Uşaqlığımda bir ayağım həmişə Laçında, kəndimizdə olub. Mən oradakı dağları gəzəndə tamam ayrı bir mənəvi dünyaya düşürdüm. “Şeyx Sənan” hekayəsində də bunu yazmışam. O uşaq vaxtı dağlarda Allahı axtarır. Bunun üçün dərələrə, qayalara yol alır. Onların hamısı mənim başıma gələn işlərdi. Daxili, mənəvi sərgüzəştləri həmin dağlarda yaşamışam. Ümumiyyətlə, dağ mənim üçün coğrafi anlayış deyil.  Diri bir şeydi, canlı orqanizmdi. Dağla ünsiyyət insana çox şeylər verir, onun ruhunu zənginləşdirir və kamilləşdirir. İndi o dağlar yoxdu... Qəlbimin zənginliyi varsa, onun çox böyük hissə həmin dağlarda formalaşıb. Orada dağlarda təbiətlə birbaşa ünsiyyətdə olursan, canlı varlıqlarla, çaylarla, dağlarla, ağaclarla, otlarla danışırsan.. Bunların hamısı insanın ruhunu zənginləşdirən faktlardı. Bu mənada mənim sanki, nəfəsliyim, pəncərəm bağlanıb. Dahilər dünyanı böyük dustaqxanaya bənzədiblər.  Elə bil ki, dustaqxanada oturmusan, nəfəsliyini də bağlayıblar. Bu anda insan necə ola bilər ki?! Əlbəttə, çox çətindi. Amma yenə şükür Allaha ki, xatirələrə güvənib çox şeylər yaza bilərik....

- Elə o xatirələrin əlindən tutub yeni roman, yazmaq fikriniz var?

- Planlarım çoxdu. Amma bilmirəm, bu planların hamısını həyata keçirməyə ömür yetərmi? Bax, buna şübhəm var...

 

Bizim Yol.- 2017.- 7 sentyabr.- S.15.