Qəbələdə beynəlxalq festival
keçirilib
Azərbaycan
və Cənubi Koreya arasında münasibətlərin 25
illiyi qeyd olunub
Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan
Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının
25 illiyinə həsr edilmiş mədəniyyət
tədbiri və konsert olub.
APA-nın yerli bürosunun xəbərinə görə,
Koreya Respublikasının
ölkəmizdəki səfirliyinin
və “Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi
Assosiasiyası” İctimai
Birliyinin (SEBA) birgə
təşkil etdiyi “Ariranq”- “Azərbaycanın
qəlbini coşdur” adlı mədəniyyət
festivalında Koreyanın
milli musiqi ifaları, rəqsləri,
geyimləri, idman hərəkətləri, ritm
və hərəkət
jestləri nümayiş
olunub. İyirimi beş illik dostluğa həsr edilən festivalda ilk öncə Azərbaycan Respublikasının fövqəladə
hallar naziri, Dünya Taekvondo Federasiyasının
vitse-prezidenti Kəmaləddin
Heydərov, Koreya Respublikasının ölkəmizdəki
səfiri Kim Çanq-gyu,
Qəbələ rayon İcra
Hakimiyyətinin başçısı
Səbuhi Abdullayev, Dünya Taekvondo Federasiyası Akademiyasının
baş direktoru Honq İl Hva
çıxış edib.
Natiqlər bildirib ki, Koreya Respublikası
və Azərbaycan Respublikası ötən
25 il ərzində
siyasi əməkdaşlıq
tarixində böyük
irəliləyiş əldə
edib. İki ölkə siyasi,
iqtisadi, mədəni və digər sahələrdə münasibətləri
daim inkişaf etdirib. Siyasi sahədə əməkdaşlığın
uğurlu inkişafının
bariz nümunəsi olaraq ötən dövr ərzində ölkə rəhbərləri
səviyyəsində üç
rəsmi səfər və baş nazir səviyyəsində
iki səfər baş tutub.
Nazir Kəmaləddin Heydərov
Azərbaycanda taekvondo
idman növünün
inkişafından, əldə
edilən uğurlardan
danışıb, iki
ölkə arasındakı
əlaqələrin daha
da möhkəmlənməsi
üçün bu cür mədəniyyət
tədbirlərinin keçirilməsinin
əhəmiyyətini yüksək
qiymətləndirib. Kəmaləddin Heydərov Koreyanın milli idman növü
olan taekvondonun Azərbaycanda sevilən bir idman növü
olduğunu, uşaq, yeniyetmə və gənclərn bu idmana böyük maraq göstərdiyini, onların beynəlxalq yarışlarda qələbə
qazandıqlarını bildirib.
Səfir Kim Çanq-gyu bildirib ki, gələcəkdə,
Koreya hökuməti iqtisadiyyatın inkişaf sahəsindəki təcrübə
və texnologiyalarını
bölüşərək Azərbaycanın iqtisadi inkişafına daha çox töhfə vermək niyyətindədir.
Qəbələ rayon İcra
Hakimiyyətinin başçısı
Səbuhi Abdullayev çıxışında qeyd
edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq,
həyata keçirilən
mübadilələr, ölkə
başçılarının qarşılıqlı səfərləri
və görüşləri
bu əlaqələrin
daha da möhkəmlənməsinə
öz töhvəsini
verib: “Ölkələr
arasında yaradılan
bu dostluq münasibətlərinin genişlənməsində
artıq 12 ildir ki, fəaliyyət göstərən “Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi
Assosiasiyası” İctimai
Birliyinin (SEBA) də böyük rolu var. SEBA-nın Koreya və Azərbaycan nümayəndələrinin birgə
iştirakı ilə
həyata keçirdiyi
konsert proqramları, beynəlxalq incəsənət
sərgiləri, elmi simpozium və konfranslar, arxeoloji tədqiqatlar, tibbi layihələr buna bariz nümunədir”.
Dünya Taekvondo
Federasiyası Akademiyasının baş direktoru Honq İl Hva
çıxış edərək Azərbaycanda taekvondonun inkişafı ilə bağlı
görülən işləri və qazanılan nailiyyətləri
yüksək qiymətləndirib, ölkədə bu idman növünün
təbliğinə və geniş
yayılmasına yaxından köməklik göstərdiyinə
görə Azərbaycan Taekvondo
Federasiyasının prezidenti Kəmaləddin
Heydərova, eləcə də uğurlu fəaliyyətinə
görə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı
Səbuhi Abdullayeva təşəkkürnamə
təqdim edib.
Bizim yol.-
2017.-20 sentyabr.- S.15.