Xalq rəssamının
yubileyinə həsr olunmuş sərgi açılıb
Azərbaycan Milli İncəsənət
Muzeyində Azərbaycanın
Xalq Rəssamı Asəf Cəfərovun 90 illiyinə həsr olunmuş sərgisi açılıb.Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə reallaşan sərgi sentyabrın 30-dək
davam edəcək.
Tədbirdə Azərbaycan
Rəssamlar İttifaqının
sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının rektoru,
Xalq Rəssamı Ömər Eldarov, Mədəniyyət və
Turizm Nazirliyinin təsviri sənət sektorunun müdiri Qalib Qasımov və başqaları çıxış edərək
rəssamın həyat
və yaradıcılığından
danışıblar və
sərginin əhəmiyyətini
yüksək qiymətləndiriblər.
Qeyd ediblər ki, 1945-1950-ci illərdə
Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbində ilk rəssamlıq
təhsilini alan rəssam 1951-1957-ci illərdə
B.İ.Surikov adına
Rəssamlıq İnstitutunda
ali təhsilini davam etdirib. Rəssamın zəngin yaradıcılığından
söz açan natiqlər deyiblər ki, o, vaxtilə mükəmməl sənət
əsərləri yaradıb.
Vurğulanıb ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin,
Azərbaycan Dövlət
Rəsm Qalereyasının
və rəssamın ailə kolleksiyasından seçilmiş əsərləri
nümayiş olunur. Asəf Cəfərov
tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünəməxsus
kompozisiya, kolorit ilə fərqlənən
əsərlər yaradıb.
Rəssamın yaradıcılığında
milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil
edir.
Diqqətə çatdırılıb
ki, görkəmli fırça ustası “Ə.Vahid”, “V.Mustafazadə”,
“S.Bəhlulzadə”, “Arif
Məlikov”, “Cəfər
Cabbarlı”, “Vəcihə
Səmədova”, “Rəşid
Behbudov” və digər onlarla tanınmış və görkəmli şəxsiyyətlərin
portretinin müəllifidir.
O, Abşeron mənzərələri
silsiləsinə daxil
olan “Abşeron”, “Daş hasarlar”, “Maştağa kəndi”, “Abşeronun qızıl qumları”, “Bakıda qış”, “İsti gün", “Qış”,
“Əncir kolu”, “Bahar”, “Axşam motivi” və digər bu kimi
əsərlər işləyib
ərsəyə gətirib.
Onun “Nəsimi azad düşüncəlilərin məclisində”
və “Oyanış” əsərlərini tarixi janrda işlənib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Bizim yol.-
2017.-23 sentyabr.- S.11.