“Həyatda sevgi varsa,
o, hər şeyin dərmanıdır”
Akademik Milli Dram Teatrının
aktrisası, əməkdar artist Sənubər İsgəndərlinin
ailem.az-a müsahibəsini təqdim edirik.
- Gözəlliyinizlə, hər zaman
baxımlı olmağınızla diqqət cəlb edirsiniz,
sizi həmişə nümunə kimi göstərirlər.
Buna necə nail olursunuz?
- İnsanın müəyyən
xasiyyətləri olur, zövq də onlardan biridir. Olur ki, insanın zövqü yoxdur, amma ağlı
var, zövqlü insanlardan məsləhətlər alır.
İndiki dövrdə zövqsüz geyinmək
ayıbdır. Çünki internet, bu qədər
telekanallar əlimizin altındadır. Hər
zaman öyrənmək olar. Lakin bu, məndə
uşaqlıqdan olub. Balaca qız idim, tətillərdə
mütləq dırnağımda lak olmalıydı. Anam dırnağıma lak çəkməsəydi,
dünyanı dağıdırdım. Ədalı
yerişim də vardı. Ailənin yeganə
qız övladı idim. Anam məni bəzəyib-düzəyirdi.
Beləliklə də, zövqüm
formalaşırdı. Özüm
böyüdükcə zövqüm də inkişaf edirdi.
İndi də nəyisə başa düşməyəndə,
düz fikirləşməyəndə internetə, jurnallara,
telekanallara baxıram. Sevdiyim, zövqünə
inandığım insanlar var. Hər zaman onlarla da məsləhətləşirəm.
Çalışıram ki,
görünüşüm yaxşı olsun.
- Sizin
üçün rahatlıq önəmlidir, yoxsa dəb?
- Təbii ki, rahatlıq birincidir. Amma dəb də önəmlidir. Çünki dəb bir yerdə dayanmır. Hər gün yeni nələrsə
çıxır. İndi
qışdır, amma artıq yayın kolleksiyası təqdim
edilib. Bunların hamısını izləyirəm.
Lakin təbii ki, bədənimə yaraşan
geyimi seçirəm. İnsanın özü qədər
heç kim onun bədəninin
ölçülərini bilməz. Bu
baxımdan gözüm açıqdır, özümü
güzgüdə görə bilirəm. Özünü
görmək böyük keyfiyyətdir. İnsan
var özünü görə bilmir, əksinə,
qüsurlarını ortaya qoyur.
- Brendlərlə
maraqlanırsınız, belə bir həvəsiniz var?
- Brend
bağlılığım yoxdur. Amma onu bilirəm
ki, keyfiyyət daha çox brend mallarda olur. Keyfiyyətə çox üstünlük verirəm.
İmkanım nəyə çatır
alıram. Pulum olanda
çalışıram yaxşısını alım,
olmayanda isə əvvəl aldıqlarımla keçinirəm.
- Koko
Şanelin bir sözü var - qadın hansı yaşda
kosmetoloqa gedirsə, o yaşda da qalır. Kosmetoloqlara
nə vaxtdan müraciət etməyə başladınız?
- Desəm, çox gec,
inanarsınız? Hardasa 40 yaşlarımda
kosmetoloqlara müraciət etməyə başladım. Ondan əvvəl kosmetoloqa getməmişəm.
Azərbaycanda kosmetologiya, plastik cərrahiyyə
2000-ci illərdən sonra inkişaf etməyə, gündəmi
zəbt etməyə başladı. Bizim də
həyat tərzimizə çevrildi. 90-cı
illərdə də nadir hallarda kosmetoloqa rast gələrdin.
Xiyarı rəndələyib üzə çəkən
dövrlər idi (gülür). Kremlərdən
də istifadə etmirdim. 40 yaşıma qədər
üzümə heç bir qulluq etməmişəm, qəti.
Amma sonra gördüm ki, qırışlar
yerini alır, nələrsə etməyin vaxtıdır,
baxımlı, təravətli olmaq lazımdır.
- İndi tez-tez kosmetoloqa müraciət edirsiniz?
- İldə
1-2 dəfə dəqiq müraciət edirəm, müalicə,
bərpa kursları etdirirəm. Bura mezoterapiya, müxtəlif
maskalar və s. daxildir.
- Bəs
evdə özünüzə qulluq edirsiniz?
- Evdə yalnız kremlərdən
istifadə edirəm. Gecə, gündüz,
gözaltı, əl kremləri mütləq olmalıdır.
Çünki dərim qurudur, qışda quru dərinin
qulluğa daha çox ehtiyacı olur, dərini nəmləndirmək
lazımdır.
- Özünüzə məxsus
resept, qulluq üsulunuz varmı?
- Bəli,
var. Mən qəhvə xəstəsiyəm. Səhərim
qəhvə dəmləməklə açılır. Fincanın dibində qalan qəhvə mənim
skrabımdır. Həftədə bir dəfə,
çox olmamaq şərtilə həmin kofenin dibi ilə
üzümü, əllərimi, boğazımı
skrablayıram. Xanımlara da məsləhət
görürəm, gözəl nəticəsini görəcəklər.
Dərini təmizləyir, təzələyir, təravətləndirir,
sanki yağlandırır. Elə bil ki,
krem çəkmisən. Bunu da mən icad
etməmişəm, eşidib tətbiq etmişəm. Uzun illərdir bu prosedurdu tətbiq edirəm.
-
Müəyyən yaşdan sonra xüsusən də
xanımlar aktiv həyat tərzinə keçməlidirlər.
Qaçış, piyada yerimək, kardio idman məşqləri
və s. Siz də aktrisasınız, bəzən səhnədə
saatlarla ayaq üstə dayanırsınız, qəfil, dinamik
hərəkətlər edirsiniz. Bu baxımdan
aktivliyiniz nə qədərdir?
- Məni
tanıyanlar gənc yaşlarımdan idman zallarında
olduğumu bilirlər. Bakıya aerobika yeni gələndə
ilk məşğul olanlardan biriyəm. Yayda
mütləq hovuzda üzürəm. İşim
olmayanda, boş vaxtlarımda piyada gəzirəm. Bulvarın bu başından o başına sürətlə
yeriyirəm. İdman zalına həftədə
3 dəfə mütləq gedirəm. Bunu
heç sənətimə görə də etmirəm, sadəcə
xarakterimdən irəli gəlir. Həyatda
ritmi çox sevirəm. Astagəl
insanları sevmirəm. Bir yerdə otura,
dura bilmirəm. Daim hərəkətdəyəm.
Bu aktivlik sənətimə də çox
kömək edir. Çünki plastika,
dinamika, səhnə hərəkətləri mütləq
lazımdır.
-
Bunlarla yanaşı, qidalanma, pəhriz də önəmlidir. Ümumiyyətlə, yeməklə aranız necədir?
- Ara-sıra pəhriz saxlayıram. O
da artıq çəki hiss edəndə. Su da
içirəm. Biz suyu çox sevmirik nədənsə.
İqlimdən də asılıdır.
Başqa ölkəyə gedəndə adam
hiss edir ki, boğazı quruyur, tez-tez su içir. Bakıda isə
adam elə bil ki, su içmək istəmir.
Ancaq özümü buna
alışdırdım. Gündə 2 litrə
yaxın su içirəm. Kosmetoloq vizual
görünüş üçün lazımdır, amma dərinin
təravətə, daxili təmizliyə ehtiyacı var. Bununla
yanaşı, bəlli yaşdan sonra yağlı, ağır
yeməklərdən uzaq durmalısan. Maşallah,
bizim də mətbəximiz zəngindir. Xəngəl,
aş, tort, şirniyyat sevirəm. Hamısından
da yeyirəm, özümə əziyyət vermirəm. Amma məsələn, bu gün yağlı, ya
sevdiyim yeməyi çox yedimsə, 2-3 gün yüngül
qidalar yeyirəm. Yeməyimi hər zaman tarazlayıram.
Gec saatlarda yemirəm. Çünki
ilk növbədə yuxunu qaçırdır.
- Sizcə, qadının hansı
xarakteri onun gözəlliyini kölgədə qoyar?
-
Danışığı, davranışı,
özünü aparmağı. Belə bir
söz var, "danış, səni görüm". Gözəlliyə
baxırsan, amma ağzını açanda deyirsən
ki, heyf. Xanımın yerişi, oturuşu, ədaları,
danışığı çox vacibdir. Bunlar onu bəzəyə və ya korlaya bilər.
- Sənubər
İsgəndərli evdar xanım kimi hamıya
maraqlıdır. Çünki daim səhnədə, efirdə
görünən xanımları evdə təsəvvür
etmək bir az çətin olur.
- Hər bir qadın evinin
xanımıdır. Evdə səliqə mənim
üçün vacibdir. Deyim ki,
bütün günü mətbəxdə xörək
bişirərəm, yalan olar. Yemək
bişirməyi sevmirəm, amma bişirəndə gözəl
alınır. Yaxşı xəmir
açıram. Xırda-xırda
düşbərə bükürəm, dadlı qutab
hazırlayıram. Həvəsim olanda
qarşımda durmaq olmur, 6-7 saat mətbəxdən
çıxmaram. Mətbəxdə hər şeyi
bacarıram, paltar ütüləməkdən tutmuş, ev yığışdırmağa qədər.
Amma çox zaman işlə mətbəx bir
araya gəlmir.
- Gözəl
xanımların hər zaman bir qorxusu olur - nə vaxtsa bu
gözəlliyi itirmək. Sizin də belə bir qorxunuz
varmı?
- Əslində hər
bir qadının gəncliyi itirmək qorxusu var. Dünya
ulduzları plastik əməliyyatlar etdirirlər. Sadəcə üzdə olan insanlar olduqları
üçün bunu hamı bilir və danışır.
Amma bu gün plastik həkimin yanına gedin,
oradakı növbəyə baxın. Bəlkə
də o növbədə ulduz görməzsiniz, daha çox
adi xanımlardır. Bu, əslində
yaxşı haldır. İstər ulduz
olsun, istər evdar, heç kəs yaşlanmaq istəmir.
Hamı o gəncliyini, təravətini
saxlamağa çalışır və hamı da ötən
illərə heyfsilənir. Təəssüf
ki, gənc olanda biz bunun fərqinə varmırıq. Elə bilirik həmişə gənc
qalacıyıq. Ancaq o qorxu ilə
yaşamaq da düzgün deyil. Əsas odur
ki, ruhun gənc olsun. Ruh gənc olanda
üzə də siraət edəcək, xasiyyətə də.
- Bu barədə düşünəndə
təsəlliniz nə olur?
- Özüm özümə
təsəlli verənlərdən deyiləm (gülür). Əslində, baxanda bir gün özüm
özümün xoşuna gəlmişəm, bir gün yox.
Bir gün demişəm, "off, nəyə
oxşayırsan?" Bir gün demişəm,
"yox, yaxşısan, Sənubər". Amma özümə güzgüdə baxıb təsəlli
verməmişəm. Özümə
qulluğu bacarıramsa, qulluq edəcəm. Qalanı da təbii ki, təbiətin işidir.
Bakı balaca şəhərdir. Mən burada kimi aldada bilərəm? Hamı
bilir ki, böyük qızım, nəvələrim var. Mənimlə
bir sinifdə oxuyanlar, mənimlə bir yerdə
yaşlaşanlar var. Bunlar bir yana, təbiəti
aldadım?
Bircə onu deyirəm ki, yaşıma görə min
şükür. Əsas odur ki, canım sağlamdır,
öz işimi özüm görürəm. Hər zaman deyirəm ki, yaşlaşanda gözəl
yaşlaşaq və öz ayaqlarımız üzərində
dura bilək. Allah heç kəsə xəstəlik
və qocalıb əldən düşməyi nəsib etməsin.
Qocalığa nifrət edirəm. "Qocalıq gözəllikdir, müdriklikdir"
sözü sadəcə təsəllidir. Hər
zaman deyirəm ki, bizə heyranlıqla baxsınlar, təəssüf
dolu baxışlarla yox. Bir gün heyranlıq təəssüf
dolu baxışlara çevriləndə adam
onu hiss edir. Bax, bu, adamı sıxır.
-
Aylıq büdcənizdən özünüzə baxım
üçün pul ayırırsınızmı?
- Saç, manikür hər
ay olmalıdır. Başqa cür mümkün
deyil. Çünki efirə
çıxırıq, özümüzə,
tamaşaçımıza hörmət etməliyik. Məcbursan özünə baxasan. Bu sənətdəsənsə, efirə
çıxırsansa, bu, qaçılmaz bir haldır.
- Pulu ən çox nəyə xərcləyirsiniz?
- İndi nəvələrimə.
Bayramda Şaxta babaya uzun bir məktub
yazmışdılar. Özü də mənə
verirlər ki, "nənə, bu məktubu Şaxta babaya verərsən".
Balacanın 5 yaşı var, deyir, "nənə,
bunu Şaxta babaya verərsən, amma özün də
oxu" (gülür).
- Qızınız sizə nə dərəcədə
oxşayır və daha çox hansınız bir-birinizlə
məsləhətləşirsiniz?
- Biz onunla tamam
başqa-başqa adamlarıq. Üzdən
atasına bənzəyir. Amma xarakteri
çox fərqlidir. Daha çox mən
onunla məsləhətləşirəm. Ağlı,
zəkası, düşüncəsi,
dünyagörüşü yaşına görə deyil.
Hərdən elə bilirəm ki, mən onun
qızıyam. Hərdən mənə
böyük kimi, anam kimi qadağalar qoyur.
- Sosial
şəbəkələrdə izləyirəm, sizə hədsiz
dərəcədə çox təriflər yazılır. Yəqin
ki, bu, istənilən xanımın çox xoşuna gələr.
- Əksinə, bundan
çox sıxılıram. Sağlıqlar
deyilən məclisləri sevmirəm. Hər
hansı məclisdə görəndə ki, sağlıq
sırası mənə gəlir, durub çıxıb gedirəm.
Boğazdan yuxarı tərifləri sevmirəm.
Bilirəm, məni istəyən və səmimi olan adam hansıdır. Biri də var
deyilmək xətrinə deyilən sözlər,
aşırı təriflər, onu sevmirəm. Bir də görürsən şəkil
paylaşıram, biri yazır ki, "güllər də sizdən
utandı". Silə də bilmirəm ki,
hörmətsizlik olar, ürəyi istəyib yazıb. Hərdən sosial şəbəkələrdə
şəkil paylaşmağa belə utanıram ki, indi şərhlər
yazacaqlar. Pafoslu sözləri heç
xoşlamıram. Əsas da "mən
sizin üçün ölürəm" deyəndə.
Axı sən mənim üçün ölə
bilməzsən (gülür).
- Bəs
Sənubər İsgəndərli üçün
baxımlı kişi necə olmalıdır?
- Kişi bəlkə də dəblə
geyinməyə bilər. Amma səliqə və
təmizkarlıq mənim üçün birinci yerdə
dayanır. Az danışan kişiləri
çox sevirəm. Kişi boş-boş
danışmamalıdır. Kişi hissini
də, sevgisini də əməli ilə göstərməlidir.
Mənim üçün kişinin əməli
danışığından daha vacibdir. Dedi-qodu
edən kişiləri qətiyyən sevmirəm, onlara nifrət
edirəm.
- Bir kişi sizə sevgisini necə
sübut edə bilər?
- Əməli ilə.
Mənim aləmimdə kişiyə deməməlisən,
məsələn, əlimdəki telefon köhnədir,
sınıb, ya çatı var. O, özü bunu görməlidir.
Təbii ki, imkan daxilində. Mənə
görə kişi bütün
çatışmazlıqları özü görməlidir,
bunu qadın deməməlidir.
-
Müasir dövrdə kişilər qadınlardan, qadınlar
da kişilərdən şikayət edir. Sizcə,
bu balans niyə və nə zaman pozuldu?
- Əvvəllər həyat
indiki kimi cah-cəlallı deyildi. Bu
yaşayış, bahalı maşınlar, evlər, villalar
yox idi, internetdə gözəl yaşayışı reklam
etmirdilər. Dəbdəbəli
yaşayışı hind filmlərində görərdik.
Onun da çox fərqinə varmazdıq. Tamam başqa quruluş idi, başqa düşüncə
tərzi idi, ictimaiyyət tamam başqa idi. İndi dünyaya çox
açılmışıq. Dünyaya
açıldıqca da rifah üçün daha çox
mübarizə gedir. Hamı yaxşı
yaşamaq istəyir. Hər kəsin də
haqqıdır. Sadəcə bunu bir
mübarizəyə çevirmək lazım deyil. İndi sözün əsl mənasında mübarizə
gedir. Kiminsə rifahı yüksəldikcə
paxıllıqlar da çoxalır. Dünya
dəyişir, texnika inkişaf edir. Bu,
insanları cılızlaşdırmağa doğru aparır.
İş yoxdur, yaxşı qız yoxdur,
yaxşı oğlan yoxdur - bunların hamısı bir bəhanədir.
İstəyən tapar, istəyən görər.
İki sevən şəxs bir-birini tapıbsa,
onlar mütləq bir-birinə güzəştə gedəcək.
Həyatda sevgi varsa, hər şeyin dərmanıdır.
Bizim Yol.- 2017.- 12 yanvar.- S.15.