Oxu, yaz, düşün və xəyallar
qur...
Yeni ildən qlobal bəd xəbərlər
gözlədiyimiz vaxt 2017-ci ilin irili-xırdalı o qədər
də xoş olmayan, ürək bulandıran, dodaq
qaçırdan, məyusluq yaradan və s. bu qəbildən xəbərlər
yayıldıqca “Hələ ki, o qədər də pis deyil”
fikrini əsas tutaraq ardını yaşamaq olur. Əlbəttə,
camaatın yanacağın qiymətini artmasını dəhşət
hissi ilə gözlədiyi vaxt Azərbaycan Milli Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanası abunə
xidmətlərini 20 yox, lap yüz dəfə qaldırsa da cəmiyyətdə
təlatümlər yaranmayacaq. Ölkədə nə qədər
kitab oxuyan varmış ki, hiddətlənsin. Kitab oxuyanlar dili
söyüşlü, əli silahlı və qəzəbli
zümrədən olmadıqlarından qətiyyən təhlükəli
deyillər. Sosial şəbəkədə bir qədər
deyinəcəklər və sakitləşəcəklər.
Amma
Azərbaycanın, yəni döyüşlər, itkilər,
qurbanlar bahasına qurulmuş bir dövlətin Milli, yəni
milli maraqlarını güdməyə borclu olan Elmlər, yəni
cəmiyyətin daha oxumuş, savadlı və müvafiq olaraq
şüurlu zümrəsinin Akademiyası, yəni
seçilmişlərin seçilmişi, nurlu, zəkalı
insanlarının toplandığı yerin kitabxanası illik
abunə haqqının 100 manata qaldırmaqla
qapılarını Akademiyadan kənar adamlarçün demək
olar bağlamağına etinasız durmaq da ayıb olardı.
Əslində dənizi hasarlanmış, milli sərvətlərinin
heç ucunu də görməyən, dövlətin,
xalqın pulunu rahatcana yeyən məmurlara heyrət və həsədlə
baxan, maaşla yaşamağı artıq unutmuş xalqın
kitabxanası da pullu olmalıdı. Qiymət artımına
reaksiya olaraq “Ayıb olsun, mənim kitablarımı
özümə satırsan?!”, “Xalqdan utanmadızmı?!”, ya da
“Elə bilirsiz kitab oxuyanların qabağını ala biləcəksiz?!”
kimi iradları səsləndirmək əvəzinə təmkinli
olub üzümüzü dünyaya çevirək və
görək başqa millətlər kitab məsələsində,
cəmiyyətin savadlanması, maariflənməsi istiqamətində
haralara gedib çıxa biliblər.
Kitab mədəniyyətdir
Müasir
kitabxanalar nəinki öz zəngin fondları və kitab
seçimi ilə, təkcə yeni texnologiyaların tətbiqi
ilə deyil, üstəlik memarlıq və dizayn sahəsində
tətbiq etdikləri qeyri-standart yeniliklərlə
seçilir. Artıq müasir insan sevimli kitabını quru
kresloda oturub oxumaqla kifayətlənmir. Göz heyrətamiz bədii
həlli ilə seçilən dizayn və parlaq rəngləri
görmək, şüur bütün bunlardan da ləzzət
almaq istəyir.
2004-cü
ildə Amerikanın Kanzas-Siti şəhərinin ictimai
kitabxanası ilk milli bankın artıq boş qalmış
binasına köçürüldü. İki il
keçmiş yeni ünvanda tələblərə
uyğunlaşmaq, yəni oxucuların
rahatlığını təmin etmək üçün
maşın parklanma yerləri yaratmaq lazım gəldi. Bu
yenilik binanın memarlıq simasını pozacağından
parklanma yerini nəhəng kitab rəfi şəklində divar
tikməklə gizləmək qərarı verildi. Burada hər
“kitab”ın hündürlüyü 8 netr, eni 2 metrdir. “Rəf”də
Mark Tvenin “Heklberri Finnin macəraları”, Con R.R. Tolkinin “Üzüklərin
hökmdarı”, Herbert Uelsin “Görünməz adam”, Qabriel
Qarsiya Markesin “100 il tənhalıqda”, Uilyam Şekspirin “Romeo və
Cülyetta” və s. başqa dahi əsərlər yanbayan
dayanıb. Bu kitablar Kanzas-Siti kitabxanasının
apardığı sorğu əsasında seçilib. Amma
içəridən kitabxana bank ofisi üslubunda, binanın
keçmişinə hörmət əlaməti olaraq ciddi
dizaynda tərtib edilib.
Kolumbiyanın
kokain paytaxtı sayılan Medelyin şəhərinin pis ad-sanını yalnız kitabxana
ilə düzəltmək mümkün idi. Cənubi Amerika
kartellərinin toplaşdığı yerin mənfi
şöhrətini düzəltmək üçün
Kolumbiya hökuməti Pablo Eskobarın vətənində
şəhəri canlandırmaq xətrinə mədəni sahədə
yeniliklər eləmək qərarına gəlir. “Pargue Espana”
kitabxanasının 2007-ci ildə açılması bu layihələrdən
biri idi. Fərqli dizayna görə bu kitabxana nəhəng qaya
parçalarını xatırladır. Bu çoxbucaqlı
qayaların içində mədəniyyət mərkəzləri,
çoxsaylı oxu zalları, müasir kompüter otaqları
var. Kitabxananı tikmək üçün dağın
döşündə salınmış gecəqondu
daxmalarından ibarət kvartalları sökmək və sakinləri
daha yaxşı yerlərə köçürmək
lazım gəldi. İndi bu daxmaların yerində üç
“gəmiriləsi elm qraniti” ucalır.
Memarlıq
baxımından maraqlı sayılan daha bir kitabxana binası
var ki, dünyanın ən çox adam qəbul etmiş heykəli
sayılır. Bu, 2002-ci ildə Fransa memarları İvom Bayar
və Fransis Şapyunun tikdiyi “Lui Nüsyer”
kitabxanasıdır. Nəhəng insan kəlləsi formasında
tikilmiş bu abidə dərhal kurort yeri sayılan Nitsa şəhərinin
simvoluna çevrildi. Bu kəllənin
içində kitabxananın inzibati hissəsi yerləşdiyindən
adi oxucu mütləq kitabxananın “beyin” hissəsindən
keçməli olur. Oxu zalları və fond isə
yaxınlıqdakı ənənəvi binalarda yerləşir.
Abidənin hesabına hətta oxumaq istəməyənlər
də bura gəlməyə can
atır.
İtaliyanın Perudci şəhərinin
“Sandro Penna” kitabxanasını ilk dəfə görənlər
onu uçan boşqaba oxşadıb UNO aparatının yerə
endiyini zənn edə bilər. Bu kitabxana-boşqab ilk əvvəl
çəhrayı şəffaf divarları ilə diqqəti
çəkir. Amma içəri daxil olanlar futuristik interyer,
süni işığın düzgün yerləşdirilməsi
sayəsində qəribə görünən və xüsusi
səs boğucu izolyasiyası olan zallar və gecə-gündüz
işləyən kitabxanadan ləzzət ala bilər. Hadisəni
öz gözləri ilə müşahidə edənlər
deyir ki, çəhrayı “boşqab”ın içinə girib
heç olmasa bir kitab oxumaqdan adam özünü saxlaya bilmir.
Niderlandın
Delft texniki universiteti Avropanın həmişə zamanla
ayaqlaşa bilən tədris müəssisələrindən
biridir. Bu qabaqcıl universitetin 1997-ci ildə tikilmiş
kitabxanası kənardan kiçik təpəcik kimi
görünür. Ona görə də kitabxananın həm
içi kitab oxuyanlara, həm də çölü otluqda
rahatlanmaq istəyənlərə xidmət edir. Kitabxanada oxu
zalı, nəşriyyat, cildləmə sexi və kitab
dükanı da var. Otaqlar hava hücumu zamanı
sığınacaq olacaq bunker şəklində
hazırlanıb.
ABŞ-in
Kaliforniyanın San-Diyeqo Universitetinin Geyzel kitabxanası məşhur
yazıçı və misenatın adını
daşıyaraq unikal kitabxanalar sırasına daxildir. “Bilik
ağacı” adlandırılmış bu kitabxana Teodor Syuz
Geyzelin hesabına keçən əsrin 70-ci illərində
formalaşıb. Binanın üçüncü mərtəbəsi
ehtiyat çıxış üçün boş
saxlanır. Girişində isə “Oxu, yaz, düşün və
xəyallar qur...” devizi oxuculara sehirli aləmə girişi və
bilik ağacında irəliləyişi müşayiət
edir
Maarifçilik
və biliyə can atma prosesi Sinqapurdan da yan keçməyib. İnnovasiyalara həssas
“LOOK Architects” agentliyinin layihəsi üzrə tikilmiş
Bişan kitabxanası Hazırda Sinqapurun ən görməli
yerlərindən biri sayılır. Kitabxananın
ən maraqlı hissəsi səs izolyasiyasası ilə təmin
edilmiş müzakirə zallarının olmasıdır.
Bura “Fikir zalı” adlanır və hər kəs
oxuduğu kitabın burada müzakirəsini aça bilər.
Zallara rəngli şüşələrdən
tərtibat verilib və göz qamaşdırır.
Kitabxanada sifarişçi kitabı ən geci 5 dəqiqəyə
əldə edir.
Sadaladığımız
şəhər kitabxanalarının sırasına daha birini,
Çinin Xuayjou əyalətində tikilmiş Liyuan
kitabxanasını da qatmalı olacağıq. Buranı bəzən
kitab məbədi də adlandırırlar. Sinxau Universitetinin
professoru Li Syaodunun layihə etdiyi, taxta qəsri xatırladan bu
kitabxana şüşə və 45 min taxta çubuğundan
hazırlanıb. İçəridə nə masa, nə də
stul yoxdur. Əvəzində çoxpilləli terraslar var ki,
kitablarla doludur. Mərtəbəli terras-rəflərdə həsirlər
sərilib ki, uzanıb kitabı oxumaq mümkün olsun.
Kitabxanada elektrik yoxdur və ona görə də maraqlı təbii
işıqlandırma sistemi var. Ona görə də oxucular
16.30-dan sonra çıxıb getməyə məcburdur.
2 min əvvəl
məhv edilmiş Misirin əfsanəvi Aleksandriya kitabxanasıın
yerinə ucaldılan Yeni Aleksandriya Kitabxanasının tikilməsinə
238 milyon dollar xərclənib. Bu kitabxana tam şəkildə
2002-ci ildə oxucularını qəbul etməyə
başlayıb. Bina günəş allahı Ranın şərəfinə,
eləcə də biliyin günəş kimi
çıxıb batmasının simvolu olaraq dəyirmi disk
şəklində tikilib. İçində hovuzu da, 8 milyon
kitabdan ibarət fondu, çoxsaylı oxu zalları, konferensiya
zalı, gözdən əlillər üçün xüsusi
kitabxanası, 4 dənə sərgi qalereyası, planetari və
qədim əlyazmaları bərpa edən laboratoriyası var.
Əsas oxu zalı 11 pilləli səviyyədən ibarət
olub 70 min kvadrat ərazini tutur. Asuan qraniti ilə üzlənmiş
divarlarda 120 dünya dillərində qrafik sistemlər
cızılıb. 2011-ci ildə Misir inqilabı zamanı
kitabxananın işçiləri və oxucuları bu
memarlıq abidəsinin ətrafına canlı divar çəkərək
binaya hücum edən soyğunçu dəstələrdən
qoruya bildilər.
Kurort yerləri
və spesifik massajı ilə ad şıxarmış
Tailandda Samuy adasında “The Library Resort” adlı kitabxana-otel inşa edilib. Burada istirahət edənlər təkcə fiziki
relaks deyil həm də açıq havada, hovuz ətrafında
kifayət qədər zəngin fondu olan kitabxanadan mütaliə
etmək imkanı da təklif edilir. Oxu zalları olsa da
hamı hovuz ətrafında
oxumağa üstünlük verir. Burada hər kəsə
kompüter və havayı internet bağlama da təqdim edilir.
Kitabların kross hərəkatı -
bukkrossinq
Gil
lövhələrdən ibarət ilk kitabxana-qoruqlar Qədim
Şərqdə təxminən eramızdan əvvəl 2500 il bundan qabaq yaranıb. Camaatın
savadı artdıqca müvafiq olaraq kitabxana istifadəçiləri
və oxucu maraqları da yaranırdı. Müasir
zamanda, xüsusilə də texnoloji vasitələr və
informasiya əldə etmək üsulları artdıqca
kitabxanalar saxlamaq bahalı və çətin bir işə
çevrilib. Bütün dünyanın
kitabxanaları özünü təmin etmək və fondu
saxlamaq üçün bəzən müxtəlif
üsullardan, hətta bicliklərdən istifadə etməli
olur. Ona görə də yeni mütaliə
zonaları, üsulları yaranmaqdadır. İndi
kitab rəflərindən ibarət köşklər,
bibliokafe, bibliobus, ümumdünya kitab hərəkatı
“Bukkrossinq” və s. yeniliklərlə kimsəni təəccübləndirə
bilməzsən.
Kubada “Vixiya” adlı bir kitab nəşriyyatı var ki,
burada hər nüsxə əl işidir. Hər
kitabın ümumi tirajı 200-dən artıq olmur. Kitabxananın ümumi fontu 600-dən artıq deyil.
Amma burada hər kitab
unikaldır. Məsələn, nəşr
edilmiş şeir kitablarından biri kiçik evcik şəklində
hazırlanıb, kitab evciyin içindədir. Onu götürmək üçün evin
damını qaldırmaq lazımdır.
Mexikoda bir qəribə kitabxana var. O, Buenavista dəmir
yoluna yarışıq binada yerləşir. Şəhər
ətrafına gedən, amma vaxtından əvvəl dəmir
yoluna gəlmiş sərnişinlər gözləmə
zalında darıxmaq əvəzinə xarici dillər kursunda
iştirak edə, filmə baxıb, musiqi dinləyə, tetral
tamaşaya, sərgiyə baxa, hətta rəqs dərsi ala da
bilərlər. Əgər kitab oxumaq istəməsələr...
İtaliyanın Bari şəhərinin hava
limanındakı kitabxanadan hər kəs bir qəpik ödəmədən
kitab götürüb onu uçuş amanı oxuya bilər.
Burada nə kataloq, nə ədəbiyyat
siyahısı, nə də gözünü maaşa dikən
kitabxanaçılar var. Hər şey insana etibar üzərində
qurulub. Bu, aeroportların sahibi Apuliya
Domeniko Di Paolanın ideyasıdır. O öz
kitabxanasının bir hissəsini burada yerləşdirib. Kitabı geri qayıdarkən, ya da poçt vasitəsi
ilə qaytarmaq mümkündü.
Berlində köhnə telefon köşklərini
tullamırlar.
Onlar bizim qədər “varlı” deyil axı.
Onları kiçik şəhər
kitabxanaları kimi tətbiq edirlər. Layihə
iştirakçıları köhnə köşklərin
görkəmini öz zövqlərinə uyğun rəngləyir
və taxta rəflər quraşdırırlar. Layihənin devizi “Kitab gətir, kitab götür,
kitab oxu”dur. Bu köşklərə də
nəzarət var, amma yalnız rəflərdə nasist, ya da
pornoqrafik ədəbiyyatın əmələ gəlməsinin
qarşısını almaq üçün. Deyirlər ki, layihənin mövcud olduğu 40 ay ərzində
bir dənə də köşk sındırılmayıb.
Bibliobuslar isə hətta sovet zamanı da vardı və
kifəyət qədər məşhur idi. Çox vaxt
kitabxanası olmayan əraziləri, dağ kəndlərinin təhciz
edərdi. Belə təcrübə
dünya ölkələrində çoxdu. Məsələn Yaponiyada 2011-ci ildə sunami daimi
kitabxanaları məhv edəndən sonra bibliomobillər
müəyyən qrafiklə yaşayış yerlərinə
gəlib insanları biliyə susamağa qoymur.
Dünyada
yüzlərlə kitab kafeləri, interyerinin ayrılmaz
parçası kitab olan, kitab mübadiləsindən həm
pul, həm mənəvi ləzzət alan kafelər var.
Bukkrosinq, yəni kitabların əldən ələ gəzib
əvəzlənməsi cavanların sevib bəyəndiyi bilik
mübadiləsi üsuludur. Nyu-Yorkda mini-kitabxana
kimi fəaliyyət göstərən kiçik köşklərdə
həm yağışdan qorunmaq, həm də kitab oxumaq
mümkündü. Todd Bol və Rik Bruksun start verdiyi
bukkrossunq hərəkatı hazırda bütün
dünyanı başına alıb. Kitablar
ödənişsiz, azad şəkildə əldən ələ
gəzərək, əvəz edilərək asan əldə
edilən, yəni hamı üçün olub. “Kiçik azad kitabxanalar” adlanan evciklərin hərəsinin
öz saytı və GPS koordinatı var. Rusiyada bu xəttin
davamçıları, yəni ödənişsiz kitab oxumaq
imkanını artırmaq istəyənlər evsiz-eşiksizlər
üçün də kitabxanalar açmağa cəhd ediblər.
Bizdə də bilik almaq
gözəl və rahatdırmı?
Bu qaydada
kitabın dünya turnesini izlədikdə proseslərin sonunda
kitablar asan əldə edilən, havayı, rahat yerdə oxumaq
imkanı və s. üstünlükləri olan vasitə kimi
canlanır. Sadaladığımız özəlliklərə
evdən çıxmadan, düyməni basmaqla evinin içinə tökülüşən
elektron kitabxanaları da əlavə etsək ən əvvəl
“Bilik almaq necə gözəl və necə də rahatdı”
düşünə bilərik. Ona görə də oxucudan 20
dəfə artıq abunə almaqla maddi problemləri həll
etməyə çalışan AMEA Mərkəzi Elmi
Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə
Əlaqələr Şöbəsinin müdiri Mübariz
Göyüşlünün
“Hazırda kitabxanada qiymətli kitablar, nüxsələr
saxlanılır. Azərbaycanın ən qədim 15 kitabı
var. Bəs bunlardan biri itsə, kim cavabdeh olacaq?! Çox
xahiş edirik ki, oxucular da bizi doğru anlasınlar”
üzürxahlığını qəti anlamaq olmur. Oxucular
sizi çətin anlaya. Oxucular sadəcə soruşa bilər:
“Niyə indiyədək nadir kitablar elektronlaşmayıb?
Axı onlara oxucu əli qəti şəkildə dəyməməlidi”.
Bu isə tamam başqa bir araşdırma mövzusudur...
Gülnarə Rəfiq
Bizim Yol.- 2017.- 14 yanvar.- S.11-12.