"60 yaşında Məcnun,
55
yaşında Leyli olar?!"
Opera və Balet
Teatrının direktoru teatr ətrafında yaranan qalmaqala
aydınlıq gətirdi
Teatr mühitində
qalmaqallar tez-tez olur. Yaradıcı, iddialı
insanlar bir dam altında çalışırsa, bu
söz-söhbətlərdən qaçmaq mümkün deyil.
Və bu, 50 il əvvəl də belə
idi, 100 il bundan sonra da belə olacaq. Dünya teatr tarixi,
dünya niyə, elə bizim teatr tarixi hansı əlbəyaxa
davaların, düşmənçiliklərin şahidi
olmayıb? Teatrdan küsüb gedən, qəzəbini uda bilməyib
aktyor yoldaşının vida mərasiminə qatılmayan o qədər
sənətkar sayaram. Məsələn, 60-cı illərdə
Opera və Balet Teatrının qapıçısı Fatma
Muxtarovanı tanımayıb deyə, vaxtilə teatrın
siması olan bu böyük sənətkar küsüb və
and içib: mənim burdan ancaq tabutum keçəcək. Belə
də olub...
Bizə
şükür, tutalım, bir neçə il
əvvəl Rusiyanın ən böyük teatrında
sıravi aktyorlardan biri truppa müdirinin üzünə
"kislota" atmışdı. Təsəvvür
edirsinizmi?
Sözümü Opera
və Balet Teatrına gətirmək istəyirəm. Mən bu teatrın kulis məsələlərinin, mətbəx
narazılıqlarının mətbuata
çıxmasının şahidi olmamışam. Ta son
söz-söhbətlərə qədər. On il
əvvəl olubsa da, xatırlamıram. Çox eşitmişəm
ki, bunun bircə səbəbi var: 1987-ci ildən teatra rəhbərlik
edən Akif Məlikovun sərt idarəçiliyi! Özü
də etiraf edir: yaradıcı təşkilat olsa da, səviyyəni
saxlamaq üçün teatrda "tam hərbiləşmiş
şəraiti" qorumaq lazımdır.
Bir də Opera və
Balet Teatrı mətbuatın gündəminə bəstəkar
Arif Məlikovun müsahibəsindən, xalq artistləri Mədinə
Əliyeva və Nəzakət Teymurovanın işdən getməsindən
sonra gəldi. Teatrın direktorundan
soruşası çox şey var idi.
- Bizim
sizə çoxlu suallarımız var, müsahibə
razılıq verməyinizi xahiş edirəm...
- Mən sizin bütün
suallarınıza cavab verməyə hazıram....
Və insafən, cavab verdi
də!
Müsahibənin bu qədər
geniş alınmasının bir səbəbi mənim
suallarımın çoxluğudursa, bundan daha
artığı Akif Məlikovun ürəyinin dolu
olmasıdır. Məncə, bu
yaxşı əlamətdir. Əsas odur, ürək dolu
olsun...
Milli.Az Azərbaycan Dövlət Opera və Balet
Teatrının rəhbərinin APA-ya müsahibəsini təqdim
edir.
- Akif müəllim, ötən həftə
olan narazılıqları nəzərə almasaq, Opera və
Balet Teatrının ətrafında yaranan qalmaqallı məsələləri
xatırlamıram. Əvvəlcə, soruşmaq istəyirəm:
teatrda işləriniz necədir? Hansı uğurlar, nə kimi
qayğı və narahatlıqlarınız var?
- Hər
bir ölkədə ən qabaqcıl mədəniyyət
ocağı Opera və Balet Teatrıdır. Bu,
bir növ həmin ölkənin mədəni barometri hesab
olunur. Tutalım, İtaliya mədəniyyətindən
danışanda birinci növbədə La Skala Teatrı
götürülür, Fransada Qrand Opera var, amerikalılar Metropolitenlə
fəxr edirlər.
- Ruslarda
"Bolşoy Teatr", Sankt-Peterburq Mariinski Teatr və s.
- Bəli. Azərbaycanın
da ən qabaqcıl mədəniyyət ocağı bizim Opera
və Balet Teatrıdır. Tanınmış,
nüfuzlu sənətkarlar hər zaman Opera və Balet
Teatrında çalışıblar. Bu
gün bizim teatrın 500 nəfərdən çox əməkdaşı
var. Bir neçə kollektiv fəaliyyət göstərir.
Böyük simfonik orkestr, solist qrupu, muğam
sektoru, balet qrupu, xor kollektivi, inzibati işçilər və
s. Amma müqayisə üçün deyim ki, məsələn,
sizin adını çəkdiyiniz "Bolşoy Teatr"da 7
min əməkdaş çalışır. Təsəvvür edirsinizmi? Onların
yalnız balet truppası 350 nəfərdir. Hər bir mədəniyyət
ocağının uğur kriteriyası var:
tamaşaçı. Tamaşaçı bilet
alıb gəlirsə, demək, teatr uğurla işləyir.
Nə qədər desələr, bizim teatr
uğurla işləyir, amma tamaşaçı gəlmir, o
mifdir. Bu mənada deyim ki, uzun illərdir
Opera və Balet Teatrı dövlətin bütün
planlarını yüz faizlə yerinə yetirir. Bizim tamaşalara axınla gəlirlər. Tamaşaçılarımızın böyük əksəriyyəti
xaricilərdir. Yəni səfirlər, diplomatik
korpusun nümayəndələri, xarici təşkilatlar və
s. Tamaşaçının teatra gəlməsi
üçün səhnə əsərlərinin yüksək
səviyyəsi olmalıdır.
- Xüsusən,
tamaşaçılar xaricilərdirsə, onları aldatmaq
mümkün deyil...
- Əlbəttə.
Onlar dünyanı gəziblər, ən böyük teatrlarda
olublar. Biz həmin
tamaşaçını necə aldada bilərik? Xatırlayırsınızsa,
ABŞ-ın sabiq səfiri var idi, Enn Dörsi, o, bizim
teatrın daimi tamaşaçısı idi. Xanım Dörsi Avstriyada da səfir olub. Deyirdi, inanmazdım ki, Azərbaycanda Vyana Opera
Teatrı səviyyəsində teatr var. İtaliyanın
ölkəmizdəki səfiri Heydər Əliyevlə
görüşəndə demişdi ki, Opera və Balet
Teatrının səviyyəsinə valehəm. Teatrın rəhbəri kimi hər zaman səviyyəni
qoruyub-saxlamağa çalışmışam.
"Mən
sərt olmasaydım, burda çox böyük qalmaqallar ola bilərdi"
Mən rəhbər
təyin olunanda məlum oldu ki, 17 il ərzində
teatra bir nəfər də olsun qastrolçu dəvət
olunmayıb. Özləri çıxış
ediblər, oxuyublar-oynayıblar. Ən məşhur
ulduzları dəvət elədim. Məsələn,
Yelena Obrasovanı, Maya Plisetskayanı ilk dəfə Azərbaycana
mən dəvət etmişəm. Onların gəlişi bizim
gənclər üçün master klass idi. Buna
baxmayaraq, mədəniyyət işçiləri, artistlər
belə düşünürlər ki, onlardan
istedadlısı yoxdur. Bu problem bizdə
var.
- Bu
bütün teatrlarda, daha doğrusu, ümumən sənətdə
var. Yaradıcı insan iddialı olur...
- Mən heç vaxt istəməmişəm
ki, bu cür adamların qəlbinə dəyim. Bir
də görürsən, balacaboy, şişman aktrisadır,
amma səsi var. O, özünə uyğun rolda
çıxış etməlidir. Amma iddia
edir ki, mən Aidanı, Toskanı oxumalıyam. Çalışıram, izah edəm ki, biz dövlət
təşkilatında çalışırıq və
tamaşanın səviyyəsini qorumaq borcumuzdur. Bundan başqa rəhbər bəzi məsələlərdə
sərt olmalıdır, qorxmamalıdır ki, hansısa
ifaçı qəzetə qaçacaq, nə isə
danışacaq.
- Teatr
mühitində təxminən belə bir fikir var: Opera və
Balet Teatrından söz-söhbətlər ona görə kənara
çıxmır ki, əməkdaşlar Akif Məlikovdan
qorxurlar...
- Bilirsiniz, mən sərt
olmasaydım, burda çox böyük qalmaqallar ola bilərdi. Bura yaradıcı
təşkilatdır, amma həmişə deyirəm ki, gərək
tam hərbiləşmiş şərait olsun. Bu, mənim xəttimdir. Teatr
mühiti çox çətindir. Özü
də burda qısqanclıq var. Bəziləri özlərini
elə aparırlar ki, yəni biz nə deyirik, elə də
olmalıdır.
"Bura yaradıcı təşkilatdır,
amma həmişə deyirəm ki, gərək tam hərbiləşmiş
şərait olsun"
Ad çəkmirəm,
məşhur bir xalq artistimiz burda heç kimi saymırdı.
Onu dəvət etdim ki, mən, siz, teatrın
xadiməsi, hamımız eyni səviyyəli adamlarıq.
Amma xalq artisti adı sizə imkan vermir kiminsə
haqqında nalayiq söhbətlər edəsiniz. Sözlə yola gəlməyəndə, gərək
teatrdan uzaqlaşdırasan. Onda da aləm
qarışır bir-birinə. Deyir,
ağrıyan dişin müalicəsi yoxdursa, çəkib
atmaq lazımdır.
- Peşəkar ifaçılarla
bağlı qayğılarınız varmı?
- Təbii ki. Məsələn,
"Aida", "Toska" kimi məşhur əsərlər
var. Bəzi tamaşaların baş ifaçıları bizdə
yoxdur. Məcburam, ora ifaçı dəvət
edim. "Toska"da Kavaradossimiz yoxdur.
Belə baxanda Toska obrazını yüksək səviyyədə
yarada bilən ifaçı yoxdur.
"Aida"da
Afaq Abbasova çox yüksək səviyyədə
çıxış elədi. İndiyə qədər
bu səviyyədə Aida yox idi. Mən kənar
ifaçıları dəvət etməyə məcburam.
Özümüzdə olsa, bu qədər tez-tez
dəvət etmərəm.
- Yəqin
ki, qastrola gələn ifaçının qonorarı
teatrın daxili imkanları hesabına ödənilir..
- Bəli, tamamilə daxili imkanlar
hesabına.
- Sirr
deyilsə, xaricdən gələn ifaçıların
qonorarı nə qədər olur?
- Dünyada heç bir
professional direktor kimə nə qədər qonorar verdiyini
demir. Kimsə deyirsə, deməli, o professional
deyil. Sadəcə, onu deyə bilərəm ki, indi bir az çətindir. Çünki
hər şeyin qiyməti qalxıb. Yol
pulu, otel qiymətləri bahadır, çətinliklərimiz
olur. Mənim qarşımda duran ən
böyük vəzifə Opera və Balet Teatrını elitar
teatr səviyyəsində saxlamaqdır. Mən
musiqiçiyəm, ona görə də hər şeyə
özüm nəzarət edirəm. Kollektiv
böyükdür, mürəkkəbdir.
"Qarşımda duran ən
böyük vəzifə Opera və Balet Teatrını elitar
teatr səviyyəsində saxlamaqdır"
Bunu demək bəlkə
də düzgün deyil, amma biz səmimi söhbət edirik.
Məndən əvvəl niyə kənardan niyə
ifaçılar dəvət etmirdilər? Çünki
o gəlib oxuyanda bizim əməkdaşların xoşuna gəlmirdi.
Yəni kənar ifaçı ifa edəndə səviyyə
görsənirdi. Mən direktoru təyin
olunanda burda bir qrup yaranmışdı. Deyirdilər ki, gərək
heç kim dəvət olunmasın, biz
özümüz oxuyaq. Konservatoriyada
çalışırdım, Ukrayna Konservatoriyanın rektoru gəlmişdi.
Qonaqları Opera və Balet Teatrına
apardım, "Toska"ya baxdılar. Çox
utandım ki, bizim Opera və Balet Teatrımız bu səviyyədədir.
Birinci hissədən sonra qonaqlar dedilər,
aydındır, biz gedək.
- Nazir Səlim Müslümovu "O olmasın, bu
olsun" tamaşasında görmüşdüm. Litvalı qonaqlara Üzeyir bəydən,
Azərbaycan musiqisindən danışırdı. Bu haqda yazı da yazmışdım ki, dövlət
məmurunun, nazirin teatra bilet alıb getməsi, Azərbaycan mədəniyyətini
təbliğ etməsi gözəl mənzərədir. Ad çəkə bilərsinizmi başqa hansı məmurlar
sizin teatrın tamaşaçısıdır?
- Nazirlər Kabinetindən,
Prezident Administrasiyasından qonaqlarımız çox olur. Səlim Müslümov operanı sevən
insandır, bizim tamaşaçımızdır. Maliyyə naziri Samir Şərifov, gənclər və
idman naziri Azad Rəhimov, bizim nazirimiz Əbülfəs Qarayev,
səhiyyə naziri Oqtay Şirəliyev daimi
tamaşaçılarımızdır. Gələndə
də tək gəlmirlər, xanımları ilə bir yerdə
tamaşaya baxırlar. Bundan başqa, Fatma
Abdullazadə ailəsi ilə bir yerdə
tamaşalarımızda iştirak edir. Fövqəladə
hallar naziri Kəmaləddin Heydərov xanımı ilə gəlir,
tamaşalarımıza baxırlar. Elçin
Əfəndiyevin tamaşalarda tez-tez iştirak edir. Mən adını çəkdiyim şəxslərin
hər birinə təşəkkür edirəm ki, tədbirlər
olanda qonaqlarını bizim teatra gətirirlər.
- Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin
Əfəndiyev APA-ya müsahibəsində demişdi ki, bizdə
klassik baletin problemi ondandır ki, mentalitetdə buna başqa
cür baxırlar. Bəzi
valideynlər özlərinə
sığışdırmır, övladı çılpaq
çıxıb səhnədə oynasın. Siz
balet sənətinin problemləri haqqında nə
düşünürsünüz?
- Timuçin müəllimlə
razıyam, tamamilə düz deyir. Bizim balet
truppamızda çox istedadlı bir qız
çalışırdı. Özü də
azərbaycanlı idi. Biz ona imkan
yaradırdıq ki, əsas partiyaları ifa etsin. Özü də tamaşaların
yaraşığı idi. Bir də gəldi
ki, gedirəm? Niyə, nəyə görə?
Dedi ki, bəs ərə gedirəm. Əri də
istəmir, balerina kimi səhnəyə çıxsın.
- Ərə gedəndə bilmirdi kimə gedir?
- İndi seviblər də
bir-birini. Bax, belə problemlərimiz var.
Ona görə də bizim baletin əksər nümayəndələri
başqa millətlərdən olub. Vaxt var
idi, burda bütün partiyaları başqa millətlərin
nümayəndələri ifa edirdi. Bizim
qarşımızda dayanan əsas məsələlərdən
biri o idi ki, azərbaycanlıları cəlb edək.
Bu problemləri
yavaş-yavaş həll edirik. Məsələn,
Kamilla Hüseynova kimi balerinamız var. Yeganə balerinadır,
"Bolşoy Teatr"ın, Mariinski Teatrının səhnəsində
oynayıb. Kamilla Hüseynova bütün
tamaşalarımızın bəzəyi idi. İndi yaşı artıq 40-a çatıb. Heç bilmirəm, bu yaxınlarda beləsi olacaq, ya
yox.
- Xalq
artisti Gülağası Mirzəyev mənə bir problem
haqqında danışmışdı. Deyirdi ki, əvvəlki
qanuna görə artistlər 15, solistlər 20 il
işləyəndən sonra pensiyaya çıxa bilərdilər.
İndi isə vəziyyət fərqlidir. Balet artistləri adi vətəndaş kimi 65
yaşdan sonra pensiyaya çıxa bilər. Balet artisti
15-20 ildə bütün gücünü xərcləyir. Onların adi vətəndaş kimi pensiyaya
çıxması nə dərəcədə doğrudur?
- Gülağası Mirzəyev hər şeyi düz
deyir, bu problem doğrudan da var. Bununla əlaqədar bizim Mədəniyyət
və Turizm Nazirliyi və Həmkarlar İttifaqı Təşkilatı
təkliflərini dövlətə çatdırıblar. Bu məsələyə
çox ciddi baxırlar. İnanıram ki,
müsbət həllini tapacaq. Çünki
bizim nazir məsələ ilə ciddi məşğuldur.
"Bizim tamaşalara axınla gəlirlər,
tamaşaçılarımızın böyük əksəriyyəti
xaricilərdir"
Təkliflərə
Nazirlər Kabinetində baxılır və məndə məlumat
var ki, problem həllini tapacaq. Əlbəttə, 65
yaşında balet artisti, balerina ola bilməz.
- Balet
və opera artistlərinin sosial problemlərinin həll
olunmasında köməklik göstərə bilirsiniz?
- Mədəniyyət
ocaqlarının içində ən çox fəxri adı
alanlar Opera və Balet Teatrının artistləridir. Demək olar, qabaqcıl solistlərin hamısı
ayda 500 manat prezident mükafatı alırlar. Bundan başqa, bəzi qabaqcıl solistlərimiz
dövlətdən mənzil alıblar. Mən
bunu başqa ölkələrdəki həmkarlarımıza
deyəndə, təəccüblənirlər ki, nə
gözəl, bizim ölkəmizdə bu məsələ
problemdir.
-
Teatrın təmiri ilə bağlı məsələ
çoxdan müzakirə olunur. Yenilik var?
- Teatr sonuncu dəfə
1987-ci ildə təmir olunub. Artıq 30 ildir.
Layihə hazırlanıb. Təmirdən
sonra bizim çox gözəl Opera və Balet Teatrımız
olacaq. Həmin layihə həyata keçsə,
Avropanın ən gözəl teatrı olacaq. Sadəcə, layihəyə bəzi dəyişikliklər
etdik ki, çox baha olmasın. İndi iş
aparılır. Biz onu hazırlayanda dünyada və
Azərbaycanda belə maliyyə sıxıntıları yox
idi. Ona görə də bəzi məsələləri
sadələşdirdik.
- Bakı Xoreoqrafiya Akademiyası ilə münasibətləriniz
necədir?
- Xoreoqrafiya Akademiyası ilə əlaqələrimiz hər
zaman sıx olub. Timuçin müəllim rəhbər təyin
olunandan sonra əlaqələrimiz daha da sıxlaşıb.
Ənənəvi olaraq, teatrın bədii rəhbəri
balet akademiyasında da bədii rəhbər olub. İndi Kamilla Hüseynova hər iki müəssisədə
bədii rəhbərdir. Bu, bizim işimizə
yarayır. Çünki istedadlı gəncləri
onlar teatra cəlb edirlər.
- Akif
müəllim, Nəzakət Teymurova teatrdan niyə getdi?
- Nəzakət
Teymurovaya bizim çox böyük hörmətimiz var.
Çox ağıllı bir xanımdır, heç vaxt
söz-söhbətə qarışmayıb, qeybətlə
arası olmayıb. Nəzakət Teymurova hər şeyə Opera
Teatrında nail olub. Özü də deyim ki,
Leyli partiyasını hər zaman uğurla ifa edib. Nəzakət xanım ağıllı insandır.
Qadının yaşını deməzlər,
amma biz professional sənət söhbəti edirik. Bilir ki, yaş əlliyə çatır, bu
yaşda da Leyli olmaz. Nəzakət
xanım dərs deyir, yükü çoxdur. Mənə
müraciət etdi ki, hər şeyə görə çox
sağ olun, amma vaxt çatıb, gedirəm. Bəzi
artistlər var, vaxtın çatdığını hiss edirlər.
Bəziləri də olur, üzrlü sayın, istəyirlər,
bunları elə səhnədən aparsınlar. 60 yaşında Məcnun,
55 yaşında Leyli ola bilməz axı! Bəlkə
də ola bilər, amma sənin
görünüşün buna imkan verməlidir.
- Məsələn, Mənsum
İbrahimovun yaşı 60-a çatır, amma yaxşı
qalıb...
- Bəli, həm
yaxşı qalıb, həm də yaxşı ifa edir. Ona qulaq asanlar fikirləşmir ki, qocalıb, belə
Məcnun olmaz.
- Xalq
artisti Mədinə Əliyeva Kamilla Hüseynovanın bədii
rəhbər təyin olunmasına etiraz olaraq işdən
gedib. Bildiyim qədər, siz ona qalıb işləməyi təklif
etmisiniz...
- Bəli, etmişəm. Vaxt var idi, Mədinə xanım balet qrupunda yeganə
azərbaycanlı solist idi. Və mən
ona hər zaman dəstək vermişəm. Onu bədii rəhbər
təyin etdim, deyirdi, məndən başqa gərək
heç kim oynamasın. Başqaları
da mənim üstümə qalxmışdılar ki, necə yəni,
biz oynamayaq? Mən irad bildirəndə ərizə
yazdı ki, bədii rəhbər işləməyəcəyəm.
Mədinə xanım Xoreoqrafiya Akademiyasında
da bədii rəhbər idi. Qısa
müddət işlədi, çıxdı. Bayram günündə tamaşa olub, uşaqlar Mədinə
xanımı çağırıblar işə, deyib, bayram
günü məni niyə narahat edirsiniz? Necə
yəni, lazımsınız, ona görə
çağırıblar. Özü də kiminsə
maaşını hesablamaq kimi çıxmasın, 1300 manat
prezident təqaüdü alır, 1250 manat da teatrdan maaş
alırdı. Biz Kamilla Hüseynovanı bədii
rəhbər təyin etdik. Sizə deyim,
Kamilla xanımın bütün fəxri adları var, təqaüd
alır, üstəgəl, elmlər namizədidir. Balet truppasının Kamillaya münasibəti
çox yüksəkdir, Xoreoqrafiya Akademiyasında da
başına and içirlər. Mənə
zəng vurdular ki, Mədinə Əliyeva mətbuata 15 nəfərin
işdən getdiyini deyib. İnanın mənə,
işdən gedənlərin hər biri öz ərizəsi ilə
gedib və mənə təşəkkür ediblər ki,
çox sağ olun.
"Mədinə Əliyevanı bədii
rəhbər təyin etdim, deyirdi, məndən başqa gərək
heç kim oynamasın"
Məsələn, Skomoroşenko Yelena və Dmitriy Tarusov
ər-arvad idi, Moskvaya köçdülər. Angelina Podolskaya ABŞ-a
köçüb, Veronika Arazova Moskvaya köçüb,
baletlə məşğul olmur. Olqa İlyinix
ailə vəziyyəti ilə bağlı Türkiyəyə
gedib, İntiqam Məmmədov Gürcüstanda
çalışır və s. Mən bu siyahını uzada
bilərəm. Bizim
hüquqşünasımız deyir, Mədinə
xanımı məhkəməyə verək, çünki
böhtan atıb bizə.
- Opera
və Balet Teatrında 1250 manat maaş
olduğunu bilmirdim...
- Deyim sizə.
Rəhmətlik Heydər Əliyev ən prioritet kollektivləri
saxlamaq üçün maaşları beş
dəfə qaldırmışdı. O cümlədən də
balet artistlərinin.
- Arif Məlikov sizi ittiham edib ki, onun "Məhəbbət
əfsanəsi" baletini tamaşaya hazırlamırsınız. Bu haqda nə demək
istərdiniz?
- Arif Məlikova
həmişə böyük hörmətim olub. Mən
Konservatoriyada işləyəndə ona hər zaman
böyük kimi baxmışam. O vaxt bəzi bəstəkarlar
məsələ qaldırmışdılar ki, Opera və
Balet Teatrının səviyyəsini qaldırmaq
üçün gərək Akif Məlikov oranın direktoru
olsun. Məsələn, Fikrət Əmirov belə
deyirdi. Mən də söz vermişdim,
Arif müəllim, əgər teatrın direktoru olsam, sizin əsərinizi
tamaşaya qoyacağam. Mənim əmrim
verilən kimi sözümün üstündə durdum.
Arif müəllimi dəvət etdik ki, sizin əsərinizi
tamaşaya qoymaq istəyirik, amma truppada cəmi 60 nəfər
var, mümkündürsə, əsərdə bəzi
ixtisarlar aparaq. Məsələn, "Bolşoy
Teatr"da, Mariinski Teatrında səhnənin hər tərəfindən
16 nəfər çıxır. Bu, bizim
imkanımız xaricindədir. Arif müəllim
razılaşmadı ki, siz məni təhqir edirsiniz.
"Nə qədər ki, Arif Məlikov
mövqeyində qalır, "Məhəbbət əfsanəsi"
baletinin səhnəyə qoyulması mümkün
olmayacaq"
İki gündən sonra bütün qəzetlərdə
mənə qarşı, teatra qarşı yazılar
yazıldı ki, teatrın səviyyəsi yoxdur. Biz Arif müəllimin
ittihamlarına rəsmi olaraq cavab vermişik. Yəni nə qədər ki, o, mövqeyində
qalır, "Məhəbbət əfsanəsi" baletinin səhnəyə
qoyulması mümkün olmayacaq.
- Akif
müəllim, bildiyim qədər Xəyyam Mirzəzadənin
də "Ağ və qaralar" baleti repertuarda yoxdur...
- Mən təşəbbüsümlə
Xəyyam müəllimin baleti tamaşaya qoyuldu. Çox
yaxşı da premyerası keçirildi. Klassik
şedevrlər istisna olunmaqla, bir əsər daimi olaraq
repertuarda qala bilməz. Dəyişiklik
olmalıdır, repertuara yeni əsərlər daxil edilməlidir.
Ola bilər, bir müddət sonra biz yenidən
"Ağ və qaralar" baletinə müraciət etdik.
- Yeni
balet və opera əsərləri yazılırmı?
- Bizə müraciət edən
bəstəkarlar olur. Sizə səmimi deyim, səviyyə o
deyil ki, tamaşaya hazırlayaq. Ramiz Mustafayevin "Vaqif"
operasını bərpa etdik. Bundan başqa, Firəngiz
Əlizadənin "İntizar" operası repertuardadır.
Açığı,
indi opera və balet yazanlar da o qədər çox deyil. Bir tərəfdən
də Qara Qarayev, Üzeyir Hacıbəyov, Fikrət
Əmirovlar indi yoxdur. Bu, obyektiv
reallıqdır. Heç dünyada da
Çaykovski, Verdi, Puççini yoxdur. Bizim hörmətli bəstəkarlarımız opera
və balet yazıblar, onları tamaşaya qoymuşuq. Amma o əsərlərə tamaşaçı tələbatı
olmayıb.
- Yəni
bilet satılmır...
- Tamaşaçı gəlmir. Və mən bilirəm ki, bunun səbəbi nədir.
Bu yaxınlarda bir neçə cavan bəstəkarın
musiqisinə baxdıq. Çox zəifdir.
Ona görə də onları tamaşaya
hazırlaya bilmərik.
Bizim Yol.- 2017.- 18 yanvar.- S.15.