“Səməd
Vurğun anama el
qızı yox, el
oğlu deyirdi...”
Mirvarid
Dilbazinin qızı anası ilə bağlı xatirələrini
bölüşür
“Atamın xatirəsi” layihəsindən
Xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi ilə
söhbəti təqdim edir.
- Ənənəvi
sualımız var: layihəyə dəvət
olunanda ananızla bağlı ilk yadınıza düşən nə oldu?
- Anamla bağlı xatirə çoxdu. Öncə, dedim, sağ olsunlar, anamı yada salırlar. Mənim düşüncəmə görə, bir insan ki, yada salınır, demək o, ölməyib, yaşayır.
- Tək
övladsınız...
- Bəli. Mən Mirvarid xanımın yeganə övladıyam. Ancaq belə başa düşürəm ki, o, təkcə mənim yox, elin anasıdır. Xoşbəxtəm ki, 59 yaşıma qədər anamın yanında yaşamışam.
- Axı öz
ailəniz var...
- Mənim həyatım belə alındı ki, anam, həyat yoldaşımı çağırdı, dedi, yeganə qızımı sənə verirəm və o da gəlib bizimlə qalmalı oldu.
- Sevib ailə
qurmamısınız?
- Sevmədən iş olar?
- Həyat yoldaşınız kimdir?
- Zaur Süleymanov. Elmlər namizədidir. Mən şərqşünaslığı qurtarmışam. Əlyazmalar institutunda işləyəndə o da fizika institutunda işləyirdi. Ordan tanış idik. Anam da tanıyırdı. Artıq 51 ildir bir yerdəyik. İki qızımız, üç nəvəmiz var. Xoşbəxtəm. Anam hər şeyi görürmüş... İndi görürəm, kim böyük sözünə baxmırsa, peşman olur. Mən onun məsləhətinə qulaq asdım və heç nədə uduzmadım.
- Nəvə-nəticələrini gördü?
- Gördü, əlbəttə. Hərdən hamımızı yığıb bağa aparırdı, uşaqlar səs-küs salırdılar. Deyirdim, ana, bu səsdə necə rahat oturursan? Deyirdi, bu səslər mənim üçün layladır.
- Atanız kim idi?
- Atamın adı Rəşid idi. Anamla əmiuşağıdırlar. Atam məşhur rəqqasə Əminə Dilbazinin qardaşıdır. Anamla atamın soyadları da, atalarının adı da eynidir. Dilbazi Rəşid Paşa oğlu, Dilbazi Mirvarid Paşa qızı. “Zaqs”da məəttəl qalıblar, deyiblər bacı-qardaşlar ailə qurur? (Gülür).
- Yəqin qohumların məsləhəti ilə ailə
qurublar...
- Bu barədə heç nə deyə bilmərəm. Yanlarında olmamışam ki?
- Sizə
danışmayıblar?
- Danışıblar. Anamın şeirləri də var atam haqqında. O əsgər gedəndə yazıb. Atam müharibəyə gedəndə mən hələ dünyaya gəlməmişəm. 42-ci ildə doğulmuşam. Özü də qatarda! (Gülür). Anamın anası və bacısı Yaqut – rəhmətlik Vəfa Quluzadənin anası - İncə dərəsində yaşayırmış. Hacı Mahmud ziyarətgahı var orda. Anam da hazırlaşırmış Kazaxa getsin...
- Kazax niyə deyirsiniz? Rusdillisiniz?
- Yox. Rusdilli deyiləm. Kazaxdı dəə... Kazax... Bəs necə deyim?
- Qazax...
- Mənim “nianka”m ukraynalı olub, ona görə bir az rus aksenti qalıb dilimdə...
- Milli şairə
öz qızına milli dayə tapa bilmirdi?
- Nə bilim. Yəqin tapa bilməyib....
- Hə... Ananız Qazağa qola düşüb...
- Anamı burdan Əminə Dilbazi qatarla yola salıb. Səməd Vurğunun qardaşı Mehdixan müəllim də Qazaxda katib imiş. Tapşırıb ki, qarşılasınlar.
Qatarda ağrısı tutub, əsgərlər onu ayrıca bir vaqona aparıblar. Təsadüfən maşında Tibb
Universitetində oxuyan
gənc bir qız varmış, onun köməyilə anam məni dünyaya gətirib.
Gəncəyə çatanda təcili
yardım maşını
gəlir, bizi xəstəxanaya aparırlar.
Mehdixan müəllim də əl-ayağa düşüb
ki, görən bu qadına nə gəldi. Bir dəfə bir qohumum soruşdu ki, Mirvarid xanım,
mən sizin kəndinizdə olmuşam,
Qazaxdan xeyli aralıdır, ora necə gedəcəkdin?
Cavab verə bilmədi. Bax şairlər hamısı
belədir. Elə bil
yer adamı deyillər.
- Zabitəli qadın idi...
- Elə idi, hə. Ondan həmişə
çəkinirdik. Həm də
işgüzar idi.
Bizi qələmiylə dolandırırdı.
- Atanızdan sonra ailə qurdu...
- Qurdu. Səməd Vurğun onu yanına çağırıb demişdi
ki, adına
söz çıxardacaqlar,
ərə get. Sonra xalasının əri vardı, Əhməd Seyidov, Səməd Seyidovun babası, hörmətli adam
idi. O da məsləhət eləmişdi
ki, ailə qursun.
- Siz necə qarşıladınız?
- Onda artıq mənim bir qızım vardı. Onun işlərinə qarışa bilməzdim.
Seçiminə hörmət edirdim.
Anam kişi
kimi qadın idi. Heç vaxt heç
kəsdən asılı
olmurdu.
- Atalığınız
kim idi?
- Həsi Abdullayev. Tarix institutunda işləyirdi.
Qubadlıdan idi. Yaxşı insanıydı.
Mən atasızlıq
hiss eləmədim. Anam bəs
idi. O, ölən
günəcən dünyanı
çəhrayı rəngdə
görürdüm. Elə bilirdim,
hər şey nağıldır. Evə
bir az
gecikəndə çıxıb
məni pilləkənin
başında gözləyirdi.
Narahat olmasın deyə hər dəfə küçədən avtomat
telefonlarla zəng vurub xəbər verirdim. Çantam ikiqəpikliklərlə dolu idi. O vaxt mobil telefon
yox idi. Anamdan sonra həyatın rəngi dəyişdi, onun gerçək üzünü gördüm.
Ümumiyyətlə, o insan xoşbəxtdir
ki, yaxşı valideynləri var.
- Biş-düşü bacarırdı?
- Bacarırdı,
amma vaxtı olmurdu.
- Bəs kim edirdi?
- Köməkçisi
vardı.
- Nəyi yaxşı hazırlayırdı?
- Qurutlu xəngəli... Qazaxlılar hamısı qurutlu xəngəli yaxşı bişirir...
- Qurutu da özü hazırlayırdı?
- Hə. Hazırlayıb eyvanda qurudurdu.
- İçki içirdi?
- Qəti şəkildə. Hətta içən qohumlar ondan gizli içirdilər.
- Sizi çox ərköyün böyüdüb.
- Tək uşaq idim. Nazımla oynayırdı. Amma ondan həm də çəkinirdim.
- Siz ondan çox
Əminə Dilbaziyə oxşayırsınız. O da deyib-gülən
idi.
- Biz qohumlar
hamımız biri-birimizə
oxşayırıq (gülür).
Elədir. Anam da deyirdi bunu. Deyirdi, o tərəfə çəkmisən. Mən deyib-gülməyi,
əylənməyi xoşlayan
adamam. Əminə xanım da belə idi. Ona görə anam ona acıqlanırdı həmişə. Anamın yanında
bərkdən gülmək,
ucadan danışmaq, yüngül hərəkətlər
etmək olmazdı.
Birdən bağa toplaşırdıq,
kabab çəkilirdi,
bunu içkisiz necə yola verəsən? Keçib
evdə gizlin içirdik...
- Bilmirdi içdiyinizi?
- Bilirdi, ancaq onun yanında
çəkinirdik.
- “Quran” kitab
vardı evinizdə?
- Bizdə həmişə “Quran” olub.
Mirvarid xanımın anası namaz qılan idi. Özü də “Quran” oxuyurdu
həmişə.
- Hansı dildə?
- Ərəbcə.
- Bilirdi?
- O əlifbanı vaxtı ilə onlara öyrətmişdilər. Şeirləini də əski əlifbada yazıb sonra makinaya köçürürdü.
- Nə vaxt yazırdı?
- Konkret vaxt yox idi.
Nə vaxt ilhamı gəlirdi, onda yazırdı. Amma belə
həmişə işləyirdi.
- Xalq
şairi adını alanda sizin neçə
yaşınız vardı?
- Universitetinin
şərqşünaslığında oxuyurdum. Anamın 60 yaşı tamam
olanda verdilər.
- Sizə kim xəbər
verdi?
- Özü.
- Sevinirdi?
- Şöhrətpərəst
insan deyildi. Təbii ki, uğurlar onu məmnun edirdi. Ancaq həmişə deyirdi ki, adamı
gərək Allah istəsin,
adamı gərək xalq istəsin. Onu çox istəyirdilər.
Bəzən bağda küçəmiz
maşınla dolu olurdu. Heç kimdən pay-filan
götürmürdü. Deyirdi, çox istəyən mənə bənövşə
gətirsin. Elə bir
şeiri də var.
- Şairlərdən kiminlə
dost idi?
- Yaxın dostu yox idi.
Tənha adam
idi o.
- Kimlərlə ailəvi münasibətiniz vardı?
- Yadımdadır,
Bəxtiyar Vahabzadə
gəlirdi bizə, Fikrət Sadıq rəhmətlik gəlirdi.
Xəlil Rza, Mirzə İbrahimov... İsmayıl Şıxlı ailəsiylə
gəlirdi.
- Yerlibaz deyildi?
- Qəti şəkildə!
- Axı deyirlər, Səməd Vurğundan üzübəri ədəbi
mühitdə yerlibazlıq
etməyən qazaxlı
olmayıb.
- Yalan deyirlər. Anamın ən çox
zəhləsi gedən
söz “Haralısan” idi. Səməd Vurğun anama el qızı yox, eloğlu deyirdi...
- Sizin şeirə münasibətiniz
necədir?
- Əla.
- Ananızın şeirlərindən
əzbər bilirsiniz?
- Bildiyim
də var, bilmədiyim də. Qəribə-qəribə suallar
verirsiz ee... (gülür). Elə bil səhvimi tutmaq istəyirsiz.
- Allah
eləməsin... Çalışıram
heç vaxt danışmadığınız şeyləri deyəsiniz...
Bayaq dediniz ki, ad günün dəyişmişdi...
- Hə. Ad gününü dəyişib
mənimlə bir günə - avqustun 19-na saldı. Səbəbini soruşanda, dedi, 50 illiyimin keçirilməsini
istəmirəm. Yay vaxtı şəhərdə
adam olmur
axı.
- Niyə istəmirdi?
- Qaçırdı
belə şeylərdən.
Prezident aparatından zəng edirdilər ki, nəyə ehtiyacınız
var, deyirdi, heç nəyə.
Allah canınızı sağ
eləsin! Rəhmətlik Heydər Əliyev
onu qucaqlayıb demişdi ki, siz 20-ci əsrin klassik şairisiniz. Qaldığımız binada xatirə
lövhəsi də açıldı.
- Nigar Rəfibəylidən
sonra ikinci qadın Xalq şairi idi...
- Bəli. Kəfənini alıb çantaya qoymuşdu. Hər dəfə deyirdi ki, ölüb-eləsəm özünüzü itirməyin. Heç nədən qorxmurdu. Camaat gedib qızıl-gümüş alanda bu köhnə qəbiristanlıqda özü üçün yer almışdı. Vəsiyyət eləmişdi ki, məni Fəxri xiyabanda basdırmayın, anamın yanında basdırın. Elə də elədik.
- Ölümünü
necə xatırlayırsınız?
- 2000-ci il zəlzələsindən sonra qaldığımız binaya zərər dəymişdi. Təmir gedirdi deyə anamı “Sovetski”yə, qızımın evinə aparmışdıq. Orda rəhmətə getdi. Əvvəl məndən gizlədilər. Yoldaşımla getdi. Ürəyimə nəsə dammışdı. İnanmayacaqsınız, o an dənizin üzərində anamın yaylıqlı siluetini gördüm. Mənə əl eləyib qaranlıqlara qarışdı. Onu həmişə yanımda hiss edirəm. Evdə böyük fotoşəkili var. Hərdən mənə elə gəlir ki, o şəkil qaşqabaqlıdır, hərdənsə elə bilirəm gözləri gülür. Siz buna inanırsınız?
- İnanıram...
- Mən də inanıram. O, mənimlədir. Həmişə. Hərdən elə bilirəm arxamda dayanıb və çevrilsəm onu görəcəm.
- Nə vaxtsa onunla
görüşəcəyinizə inanırsınız?
- Bizi cənnətə, cəhənnəmə ayırmasalar görüşəcəyik. O bizdən uzaqlaşdıqca biz ona yaxınlaşırıq. Əslində, mən ondan heç vaxt ayrılmamışam....
Bizim Yol.- 2017.- 20 yanvar.- S.15.