“Mənim əsl həyatım
kitablarımdadı”
Çingiz Abdullayev: “Əsərin
hansı sonluqla
bitəcəyini heç
özüm də əvvəlcədən bilmirəm”
Azərbaycanın xalq
yazıçısı Çingiz Abdullayevin Lent.az-a
müsahibəsi
- Çingiz müəllim, siz
ölkədə və dünyada ən çox oxunan, həm
də çox yazan yazıçı kimi
tanınırsınız. Maraqlıdır, indiyə qədər
neçə kitabınız işıq üzü
görüb?
- Mənim indiyədək 197 adda
kitabım çıxıb. Dünyanın 31 dilinə tərcümə
olunmuşam. Baxın, gördüyünüz bu rəflərdəki
kitablarım dünyanın müxtəlif dillərində
çap olunan əsərlərimdən nüsxələrdir.
- Siz nəsr yazırsınız.
Roman süjeti qurmaq, personajları idarə etmək dövlət
idarəçiliyi kimi mürəkkəb bir işdir. Bəs əsərlərinizin
hər birinin məzmunu, süjeti yadınızda
qalırmı?
- Hər
biri dəqiqliyinə kimi yadımdadı. Yadımda necə
qalmaya bilər? Onlar mənim övladlarımdır.
- Maraqlıdır, bu qədər
süjeti necə qurursunuz?
-
Baxın, XIII əsrdə Dante Aligeri “İlahi komediya”nı
yazmışdı. XIX əsrdə Balzak “İnsan
komediyası”nı yazdı. XX əsrdə Con Qolsuorsi
“Müasir komediya”nı yaratdı. Mən də XXI əsrdə
“Kriminal komediya”nı yazdım. Təbii ki, adını çəkdiyim
yazıçılarla özümü müqayisə eləmirəm.
Amma bilirsinizmi, bu xronologiyanı davam etmək istəyim hardan
doğdu? Çünki yaşadığımız əsr
kriminal əsridi. Təkcə son 25 il ərzində baş verən
hadisələrə nəzər salaq: SSRİ-nin
dağılması, Qarabağ problemi, mərhum prezident Heydər
Əliyevə, Şevardnadzeyə qarşı sui-qəsd cəhdləri
və bu müstəvidəki bir çox olayları yada salsaq,
deyə bilərəm ki, mövzu qıtlığı çəkmirəm.
Hətta yazıçı fantaziyamdan, demək olar, az istifadə
etmişəm. Çünki real mövzu o qədər mürəkkəb
və detallarla zəngindir ki, özündən uydurmağa
ehtiyac qalmır.
- Bu qədər
yazmağa necə vaxt tapırsınız?
- Mənə
imkan versəydilər, iki dəfə bundan artıq
yazardım.
- Kim imkan vermir?
- Mənim
on səkkiz ictimai vəzifəm var. Düzdür, ictimai
işlərdən maaş almıram, amma
işləyirəm.
- Onda yəqin ki, sürətlə
yazırsınız...
- Bəli,
sürətlə yazıram.
- Kompüterdə işləyirsiniz,
yoxsa kağız üzərində?
- Əvvəllər
makinada yazırdım, son iyirmi beş ildir
ki, kompüterdə işləyirəm. Elə
uşaqlıqdan makinada sürətlə yazırdım.
Kompüterə keçəndə də həmin
sürətlə işləyirəm. Təsəvvür
edin, bir saniyədə altı şriftin üstünə vura
bilirəm. Olub ki, bir gecədə yüz səhifədən
çox yazı yazmışam. Bir saata on
səhifə yaza bilirəm, on saat ərzində isə yüz
səhifəyə çatdırıram. Başlayanda
davamlı işləyirəm. Vaxt olub ki, səhər
saat 9-da yazmağa başlamışam, ertəsi gün
günorta saat 2-3-də dayandırmışam. Bəzən gün ərzində 130-140 səhifə
yaza bilirəm.
- Yəqin,
əsərin süjeti də yazı prosesində
öz-özünə inkişaf edir, yəni, bütün
detalları öncədən
planlaşdırmırsınız...
- Bəli.
Yazı üzərində işləyəndə
qəhrəmanlarım çox vaxt mənimlə mübahisə
edir, razılaşmadığımız məqamlar olur, ona
görə əsərin hansı sonluqla bitəcəyini
heç özüm də əvvəlcədən bilmirəm.
Mənim əsl həyatım
kitablarımdadı. Çünki öz əsərlərimdə
tanrıyam, orda yaratdığım dünyada nə istəyirəm
eləyirəm, taleləri necə istəsəm, elə
qururam, istədiyim qadını sevirəm, istədiyim
adamı öldürürəm və s. Yəni, mən öz
əsərlərimdə arzuladığım kimi
yaşayıram.
- Əsasən uğursuz
yazıçıların sevdiyi bir ifadə var: “Mən
özüm üçün yazıram”. Bu məntiqlə
razısınızmı?
- Bu, məntiq
deyil, sovetdənqalma absurd özünəbəraətdi. Ya da deyirlər, “yazıçı təvazökar
olmalıdır”. Tamamilə səhv
fikirdir. Yazıçı özünə
gündəlik yazmır ki onu hamıdan gizlətsin,
yazıçı əsər yazır və onu ictimaiyyətə
təqdim edir. Mən əsər
yazıramsa, onun oxunmasını, müzakirə edilməsini
istəyirəm. Bundan təbii heç nə ola bilməz.
- Çingiz müəllim, bayaq da
dediniz, çox yazırsınız. Çox
yazmaqla qrafomaniya arasındakı sərhədi necə təyin
edirsiniz?
- Qrafoman
– çox yazı yazan, öz yazdıqlarına vurulan,
yazdığının gərəkli olduğuna inanan adama
deyilir. Bu məntiqdən çıxış
etsək, bütün böyük yazıçılar qrafoman
olub. Məsələn, Tolstoy, Dostoyevski,
Lope de Veqa, Dikkens, Nizami kimi nəhənglər həcm
baxımından həm çox yazıblar, həm də
yazdıqlarından narazı olmayıblar. Bu
adamlar qrafomandırlar, amma onları hamı sevir. Mən belə qrafomaniyanın tərəfdarıyam.
Məsələn, bir müddət bundan əvvəl
Argentinada kitabım çap olundu. Öz aramızdır,
Argentinada heç kim Çingiz Abdullayevin
qara qaşına vurulmayıb ki! Əgər mənim
əsərimi öz dillərinə çeviriblərsə,
demək, yazdıqlarım onlar üçün
maraqlıdır.
- Çingiz müəllim, ədəbi
mühitdə belə bir düşüncə var ki, siz rus
dilində yazdığınıza görə dünyaya
çıxış imkanlarınız daha genişdir. Yəni
biri var, 9 milyonun dilində yazasan, biri də var, 150 milyonun. Rus dilində yazdığınıza görə bəzən
sizi Azərbaycan yazıçısı hesab etmirlər.
- Tamamilə yanlış
düşüncədir. Hansısa xarici dildə
yazmaq yazıçının milliyyətini şübhə
altına ala bilməz. Əksinə, bu,
yazıçının üstünlüyüdür.
Onda deyək ki, Nizami fars şairidir,
Füzuli fars ədəbiyyatına aiddir? İsmayıl
bəy Qutqaşınlı fransızca yazırdı, onda deməliyik
ki, o, fransız yazıçısıdır? Bəyəm qırğız və qazax
yazıçıları Çingiz Aytmatov, Oljas Süleymanov
rus yazıçılarıdır? Bəs İmran
Qasımov, Rüstəm İbrahimbəyov, Ramiz Fətəliyev, Natiq Rəsulzadə,
Elmira Axundova? Bu adamlar azərbaycanlıdır, o
cümlədən, mən də bu sıraya daxiləm. Anar rusca yazanda rus yazıçısıdır, azərbaycanca
yazanda Azərbaycan yazıçısıdır? Əlbəttə, bu, düzgün məntiq deyil.
Ancaq başqa dildə yazıb özünü
ruhən başqa millətə aid edənlər də var. Məsələn,
məşhur rus yazıçısı Boris Akunin milliyyətcə
təmiz gürcüdür. Halbuki doğma
adı Qriqori Şalvoviç Çxartişvilidir.
- Doğrudan? Şəxsən mən
onun gürcü olduğunu bilmirdim...
- Bəli,
təmiz gürcüdür. Lakin o,
özünü rus yazıçısı hesab edir, hər
yerdə də deyir ki, mən rus yazıçısıyam,
yazdıqlarım da rus ədəbiyyatına aiddir.
- Yəni
demək istəyirsiniz ki, sizin dünyada
tanınmağınız rus dilində yazmağınızla
bağlı deyil.
- Baxın, rus dilində yazan minlərlə
yazıçı var. Məgər onların
hamısını bütün dünyada oxuyurlar? Təsəvvür edin, onların arasında birinci
olmaq necə çətindir. Ümumiyyətlə, ədəbiyyatın
dünyada beş əsas dili var:
İngilis, rus, alman, fransız, ispan. Dünyaya
çıxmaq istəyən yazıçı bu dillərin
heç olmasa birində yazmalı, yaxud birinə tərcümə
edilməlidir. Orxan Pamuk 2004-cü ildə
bizim AYB-nin qurultayına gəlmişdi. Pamuk
etiraf etdi ki, onu Avropada əsərləri ingilis və
fransız dillərinə tərcümə edildikdən sonra
tanıdılar. Hətta 80 milyonluq
Türkiyədə belə məşhur yazıçı
olmaq hələ dünyaya çıxmaq demək deyil.
- Sizin əsərlərinizin həm də
intellekt yükü var. Məsələn, “Şübhəsiz
metamorfoz” povestinizdə Moskvada ultra elit hoteli, onun
ən ağlagəlməz xidmətlərini detallarıyla təsvir
etmisiniz. Yaxud, kriminal bir qrupun
yığışdığı gizli məkan. Bu yerlərdə şəxsən olmusunuzmu?
-
Hansı məkanları təsvir etmişəmsə,
onların hamısında olmuşam. Adlarını
açıqlamayacağam, mənim oxucum olan bir neçə
çox məşhur şəxs əsərlərimdə təsvir
etdiyim yerlərdə olduqdan sonra mənə dedilər ki, necə
yazmısınızsa, hamısını gözümüzlə
gördük.
- Kitablarınız
xaricdə şəxsi təşəbbüsünüzlə
çap edilir? Yəni, özünüz bu
prosesdə bilavasitə iştirak edirsinizmi?
- Yox, qətiyyən!
Mən xarici ölkələrdə öz istəyimlə
bir cümlə belə çap etdirməmişəm. Əsərlərimi xarici nəşriyyatlar müxtəlif
dillərə çevirib çap edir, qonorarımı da
özümə göndərirlər.
- Bir dəfə
prezident İlham Əliyev sizin əsərlərinizi
oxuduğunu demişdi…
- Yeni kitabım çap
olunanda cənab prezidentə şəxsən özüm
yollayıram. Mən Frankfurt mükafatına
layiq görülmüşəm, bu, Avropanın ən
böyük ödülüdür. On
dörddən çox beynəlxalq mükafat almışam.
Amma bütün bu mükafat və titulların
içərisində ən çox qürur duyduğum Azərbaycanın
Xalq Yazıçısı fəxri adıdır. Bu ada mən 46 yaşımda layiq
görülmüşəm. Bilirsiniz ki, bütün
keçmiş SSRİ məkanında cəmi dörd nəfər
50 yaşında Xalq Yazıçısı adına
layiq görülüb. Qalanları 60, 70, hətta 90
yaşlarında alıblar. Buna görə o zaman prezidentə
dedim ki, sizə çox minnətdaram, amma bu ad mənim
üçün gözlənilməz oldu. Üstəlik
Yazıçılar Birliyi də məni o ada təqdim etməmişdi.
Onda cənab prezident gülüb dedi, mən bilirəm neyləyirəm.
-
Çingiz müəllim, əsasən, cinayət aləmindən,
cinayətkarlardan yazırsınız. Sizcə, həbsxana həyatı
cinayətkarı islah edə, tərbiyələndirə
bilirmi?
- Təəssüf ki, yox. Cinayətkarların bir çoxu türmədə
düzəlmək əvəzinə daha da hiyləgərləşirlər.
Məncə, türmə həyatı insanı
düzəltmir. Əvvəllər bizim həbsxanalarda
vəziyyət çox pis idi, məhkumlarla qeyri-insani
davranırdılar. Müstəqillikdən
sonra problemlər yavaş-yavaş qaydasına düşməyə
başladı. Vəkillər, hüquq
müdafiəçiləri mütəmadi həbsxanalarda olur,
məhkumlarla görüşürlər. Mən
özüm tez-tez koloniyalara baş çəkirəm,
uşaq koloniyasında oluram.
- Uşaq koloniyasında ən
çox hansı cinayət “dəbdədir”?
- Orda cəza
çəkənlər, əsasən, oğurluq üstə
tutulanlardır. Xırda xuliqanlıq,
fırıldaqçılıq da buraya aiddir.
- Bəs,
ölüm işləri?
- Var, qətl törədənlər
də var, ancaq onlar çox azdır.
- Siz
ora vəkil kimi gedirsiniz?
- Xeyr, yalnız yazıçı
kimi. Ancaq bacardığım köməyi də
onlardan əsirgəməmişəm.
- Bu qədər kitabınız
çap olunub, satılıb, sizi milyoner saymaq olarmı?
- Milyon da qazanmışam,
ancaq hamısını xərcləmişəm. Əsas gəlirimi kitablarımın
satışından və kinolardan əldə edirəm.
- Sizin qəhrəmanlarınızdan
birinin adı ilə Moskvada restoran fəaliyyət göstərir.
O restorandan pulsuz istifadə limitiniz varmı?
- Əlbəttə, orda məndən
pul almırlar... (gülür) Ümumiyyətlə,
dünyada beş “Dronqo” klubu fəaliyyət göstərir, hətta
uşaqlarına bu adı qoyan adamlar var. Mən də onlara
deyirəm, uşağa “Dronqo” yox, “Dranqo” adı verə bilərsiniz,
çünki “Dronqo” quş adıdır.
- Çingiz
müəllim, Rusiyada “ədəbi qullar” adlanan zümrə
var ki, onlar əsər yazıb məşhur
yazıçılara pulla satırlar. Siz belələrinin
xidmətindən istifadə etmisinizmi?
- Qətiyyən, yox! Mən heç öz beynimdəkiləri yazıb
çatdıra bilmirəm. Əzablı
olsa da, yazıçılıq fəaliyyətimdən
zövq alıram. Ancaq çox yoruluram,
düşündüklərimi yaza bilən biri olsaydı, məmnuniyyətlə
onun köməyindən istifadə edərdim. İnanın, xeyli əsərlərim var ki,
onların süjetini yuxuda qurmuşam. Baxmayaraq
ki, öz həyatımdan razıyam, ancaq
övladlarımın yazıçı taleyi
yaşamasını istəməzdim. Heç vaxt istəməzdim!
Çünki dünyada yüz minlərlə mühəndis
var, onlardan yalnız biri Qustav Eyfel ola bilir.
O birilər də nə isə tikir, hardasa işləyir. Minlərlə həkimdən yalnız biri Hippokrat
olur, qalanları da əlbəttə, haradasa
çalışır. Min
yazıçıdan biri uğur qazanır, qalan bir
çoxlarının yazdığı heç kimə
lazım olmur. Amma etiraf edək ki, bizdə
istedadlı yazıçılar da var. Yazırlar, amma
çap edə bilmirlər, çap edəndə də sata
bilmirlər, oxucu auditoriyaları yox dərəcəsindədi,
belə problemlər çoxdur.
- Mən Moskvada sizin kitabları tələbə
dostlarıma fəxrlə hədiyyə eləyirdim. Onlar bəzən sizin azərbaycanlı
olduğunuza şübhə ilə yanaşırdılar...
- Hə, bunlar mənə tanış məsələlərdir. Şəxsən mənim özümdən çox
soruşublar ki, doğrudanmı siz azərbaycanlısınız?
Sizə bir əhvalat danışım. İlk kitablarım çap olunanda məni Mərkəzi
Komitəyə çağırdılar, atamın dostu
yazıçı Azər Mustafazadə mənə dedi,
Çingiz, bilirsən nə var? Sən
siyasi detektiv yazma. Dedim, niyə ki, Azər müəllim?
Dedi, o, bizim yemimiz deyil. Sən polisdən, narkotikdən, cinayətkarlardan
yaz, özünü biabır eləmə, siyasi detektivi
ağıllı yəhudilər yazır. Abdullayev
soyadlı bir adamın siyasi detektiv yazması gülməlidir.
Mənim də gənc, dəliqanlı
vaxtlarım idi. Dedim, Azər müəllim, mən
hökmən siyasi detektiv yazacam. Dedi, onda gərək elə
yazasan, onların yazdığından güclü olsun. Sonralar bilmişəm, sən demə, Moskvada deyiblər
ki, Abdullayev familiyası hara, detektiv hara? Ona deyin, o
familiya ilə gedib bazarda göy-göyərti satsın. İndi Moskvada, Kiyevdə, Varşavada, Tiflisdə,
Parisdə və başqa böyük şəhərlərin
kitab satış mərkəzlərində xüsusi
Çingiz Abdullayev guşələri var.
Bizim
İdman və Gənclər naziri Azad Rəhimov İtaliyada səfərdə
olanda mənə zəng vurub dedi ki, mənim diplomatım
(portfel) səfirin maşınında qalıb,
maşının şüşəsini sındırıb
çantanı aparıblar. İçində
xeyli pul, sənədlər, pasport və sənin avtoqrafla
verdiyin kitabın vardı. Mən o kitabdan
başqa heç nəyə təəssüflənmirəm,
sənədlər düzələcək, amma heyf kitabdan.
Dedim, sən nə danışırsan, sağ-salamat gəlib
çıx, mən o kitabdan sənə ikisini hədiyyə
edərəm. Doğurdan fəxr edirəm ki,
bizim ən intellektual şəxslərimiz, siyasi elitamız mənim
kitablarımı oxuyur.
- Dediniz ki, çox
yazırsınız. Əsərlərinizə “yoluxan” daimi
oxucularınız, yəqin ki, yeni məktub kimi hər dəfə
sizdən əsər gözləyir...
- Elədir.
Hər dəfə kitabım nəşr olunanda
mənə çoxlu zənglər, məktublar gəlir.
Bir dəfə Qazaxıstanın səfiri tədbirdə
Anar müəllimdən mənim sonuncu kitabım haqda
soruşanda, Anar müəllim özünəməxsus yumorla
demişdi, hansını soruşursunuz, bu həftədəkini,
yoxsa keçən həftə çıxanı? Xarici ölkələrdən Bakıya gələn
xeyli sayda rəsmi nümayəndə, prezident, baş nazirlər
olub ki, mənimlə maraqlanıblar. Rumıniyanın
prezidenti Bakıda olanda məni çağırdılar ki,
oxucunuzdur, sizinlə görüşmək istəyir. Baxa bilərsiniz, bu da bizim fotomuz. (Şəkli
göstərir)
Belə hadisələr çox olub. Bakıda keçirilən
böyük elmi konfransların birində dünyaca
tanınmış iki böyük akademik, Nobel mükafatı
laureatı Raul Saqdieff və onun qardaşı Eyzenhauerin
kürəkəni olan digər bir alim, hörmətli Abel Məhərrəmova
yanaşıb deyiblər, bizim bir arzumuz var, Çingiz
Abdullayevlə tanış olmaq istəyirik. Bu
adamlar dahilikdən daha artıq zəkaya malik insanlardır və
təsəvvür edin ki, onlar Azərbaycan
yazıçısı Çingiz Abdullayevi oxuyurlar. Rusiyadakı keçmiş səfirimiz mənə
deyirdi, Yevgeni Primakov sənin kitablarını oxuyur.
Bunu ilk dəfə sizə danışıram. Bir dəfə
bizi Qazaxıstana dəvət etmişdilər. Kiçik bir təyyarədə Astanaya
uçmalı idik. Hörmətli nazirimiz
Əbülfəs Qarayev, səkkiz nəfər universitet
rektoru, bir də mən. Heyətin
başçısı Əbülfəs Qarayev idi. Nədənsə mən ehtiyat eləyirdim.
Dedim, bu təyyarədə uçmağa qorxuram, mən getməyəcəm.
Qazaxıstandan zəng vurdular ki, biz sizə
xüsusi təyyarə göndərəcəyik, Çingiz
Abdullayev mütləq gəlsin. Heç
inanmazdım, Qazaxıstanda məni bu cür tanıyıb sevələr.
Yaxud başqa bir söhbəti deyim. Ukrayna hadisələri zamanı mənə müraciət
olundu ki, Yanukoviç və Ukraynadakı siyasi proseslər barədə
əsər yazım. Onlar söylədilər ki, biz
araşdırmışıq, nə yüz əlli milyonluq
Rusiyada, nə də əlli milyonluq Ukraynada bu mövzunu sizin qədər
dərin, əhatəli yazacaq bir yazıçı var. Ona
görə biz sizi seçdik.
Bunlar bir
yazıçı üçün həddən artıq
böyük uğurlardır. Məsələn,
Fransada kitablarımın təqdimatı olanda məni tez-tez dəvət
edirlər. Təsəvvür edin,
fransız dili, fransız ədəbiyyatı kimi möhtəşəm
bir xəzinəyə sahib olan millətin nümayəndələri
- fransızlar gəlib Çingiz Abdullayev adlı Azərbaycan
yazıçısının kitabına 20 avro pul verib
alır, oxuyurlar.
- Çingiz müəllim,
maraqlı söhbət üçün çox sağolun. Gerçəkdən, sizin ümumdünya
şöhrətiniz Azərbaycan ədəbiyyatının
uğurudur.
- Siz də
sağ olun!
Bizim yol.- 2017.- 25 yanvar.- S.15.