“Oxucular ayaq üstə
qalıblar,
oturmağa yer yoxdur”
Kərim
Tahirov: “Nəşriyyatlar və qəzet-jurnal redaksiyaları
qanuna tabe olmurlar”
Mirzə Fətəli
Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru,
professor Kərim Tahirovun APA-ya müsahibəsi
Xatırlayırsınızmı,
vaxtilə kababxana sözü kitabxanadan daha hörmətli səslənirdi.
Kimsə etiraz edə bilər: indi elə deyil? Kimlər
üçünsə əlbəttə, belədir. Və
onlardan ötrü sabah da heç nə dəyişməyəcək.
Nə xoş ki, dünən kitab sözünü eşidəndə
istehza edən simalar indi sayğı duruşu almağı
bacarırlar. Bunu zaman tələb edir, yoxsa insan təfəkkürü
dəyişir, mən bilmirəm. Əsas nəticədir.
- Nəticə isə
kitabın və kitabxanaların xeyrinə işləyir.
Bunu da mən yox,
Milli Kitabxananın direktoru Kərim Tahirov deyir. O
kitabxanaların ki, vaxtilə qapısını qıfıl “bəzəyərdi”.
Amma bu o demək deyil ki, qıfılın tilsimi
qırıldı, hər sirrə vaqif olduq. Əl-əlbət,
yox, kitabxanaların, kitab yayımı işinin zamanla
ayaqlaşması gediləsi uzun bir yoldur. Yol isə uzun da olsa,
xeyrə yozulur...
* * *
- Bizim işimizin göstəricisi oxucudur. Əgər oxucu varsa, zallarımızda yer yoxdursa, insanlar sütunların arasında, kataloqların arxasında, pəncərələrin qarşısında oturub oxuyurlarsa, deməli, vəziyyətimiz yaxşıdır. Harada şərait və resurs varsa, oxucu ora gedir. Bunu deməyə məcburam: oxucuların bizə üz tutmasının səbəbi resursların bizim kitabxanada toplanmasından irəli gəlir. Bəlkə başqa kitabxanalarda da bu resurslar kifayət qədər toplansaydı, onların bir hissəsi başqa kitabxanalara gedərdi. Adətən, yanvar ayında oxucu az olur. Həmişəkindən fərqli olaraq, gündə 800-900 oxucunun gəlməsi gözlənilməzdir. Hətta istirahət günü olmasına baxmayaraq, işə gəlmişəm. Oxuculara əlavə yerlər hazırlamaq istəyirik.
Çünki görürəm, oxucular ayaq üstə qalıblar, oturmağa yer yoxdur. Zirzəmidə, bufetdə çay içə-içə oxuyurlar. Bunları görəndən sonra məcbur olmuşuq ki, əlavə zal düzəldək. Əlbəttə, bu, kitaba maraq deməkdir və mən çox sevinirəm. İşçilərə deyirəm, çalışın, oxuculara qayğı ilə, gülərüzlə yanaşın. Oxucu olmasa, bizə də deyərlər, siz orda niyə oturmusunuz?
- Azərbaycanda
digər kitabxanaların maddi-texniki bazası, kitab fondu
hansı səviyyədədir? Milli Kitabxana haqqında
danışdığınız əminliyi başqa
kitabxanalara da aid etmək olarmı?
- Yaralı yerimizə toxundunuz. İstərdik, bütün kitabxanaların maddi-texniki bazası, oxuculara yaradılan şərait günün tələblərinə cavab versin, informasiya resursları kifayət qədər olsun. Amma təəssüf ki, reallıq başqadır, digər kitabxanalarda kifayət qədər resurs yoxdur. Bilirsiniz niyə? Kitabxana işi haqqında qanunda göstərilir: ölkə ərazisində çap olunan informasiya resursları təkcə Milli Kitabxanaya yox, bütün kitabxanalara verilməlidir. Təəssüf ki, bizim nəşriyyatlarımız, naşirlərimiz, qəzet-jurnal redaksiyaları qanunun bu maddəsinə tam əməl etmirlər.
- Nə deyib əməl
etmirlər?
- Onlar bu ölkədə yaşayırlar, bu ölkənin havasını udurlar, ictimai resurslarından istifadə edirlər, amma qanunlarına tabe olmaq istəmirlər. Yəni resursları kitabxanaya vermirlər. Biz kitabları, qəzetləri onlardan çox çətinliklə alırıq. Qapı-qapı düşürük. Axı Milli Kitabxananın o imkanı yoxdur ki, qapı-qapı düşsün. Ölkədə 500 qəzet, 250-300 jurnal çap olunur, 500-dən çox kitab nəşr edən müəssisə var. Onların hamısının qapısına gedə bilmərik. Amma buna məcburuq. Cənab prezident kitaba, kitabxanaya, gənclərin mütaliəsinə çox diqqət və qayğı ilə yanaşır. Ölkə başçısı son illərdə Azərbaycan klassiklərinin, müasir yazıçıların əsərlərini, lüğətləri, ensiklopediyaları 25 min tirajla və 600 adda çap etdirib kitabxanalara hədiyyə edib. Kənd kitabxanalarına da həmin kitablar göndərilib ki, gənclər oxusun. Cənab prezident Milli Kitabxananın 90 illiyinin qeyd olunması üçün xüsusi sərəncam imzaladı. Dünyanın 60 ölkəsindən insanlar gəldi, ölkə başçısı qonaqları qəbul elədi, onlara kitabxana, kitab haqqında danışdı. Bütün bunlar onun üçündür ki, kitaba maraq artsın. Amma bu gün Azərbaycanda çap olunan kitabın statistikası yoxdur. Biz bilmirik nə qədər kitab çapı olunur. Bunun səbəbi odur ki, kitabları Milli Kitabxanaya göndərmirlər. Bizim çap etdiyimiz statistika yarımçıq statistikadır.
- Bu nə vaxta qədər
belə olacaq?
- 2015-ci ilin dekabrında prezident əlavə
fərman imzaladı. Kitab çap edən müəssisələr,
naşirlər məcburi nüsxələri göndərməzsə,
onlara qarşı sanksiya tətbiq ediləcək.
Hər adda kitab
üçün 700 manat məbləğində cərimə
ödəməlidirlər. Bir ildir bunu nəşriyyatlara
çatdırmaqla, onları maarifləndirməklə məşğuluq.
İnzibati Xətalar Məcəlləsinə ayrıca maddə
salınıb: pulsuz məcburi nüsxələri göndərməyən
müəssisələrə qarşı cərimə
sanksiyası tətbiq olunsun. Milli Kitabxana olaraq,
Mədəniyyət və Turizm Nazirliyi olaraq biz
hüquq-mühafizə orqanı deyilik ki, məhkəməyə
verək, cərimə tətbiq edək. Çalışırıq,
hansısa yolla işin həllinə çalışaq.
Təəssüf ki, onlar bunu başa
düşmək istəmirlər. Fevral
ayında naşirlərin, mətbəə rəhbərlərinin,
qəzet-jurnal redaksiyalarının rəhbərlərinin
iştirakı ilə böyük bir müşavirə
keçirəcəyik. Nazirlik sonuncu dəfə
onlara xəbərdarlıq edəcək. Əgər
qanuna əməl etməsələr, çox ciddi sanksiyalar tətbiq
olunacaq. İlin-günün bu vaxtında məsələn,
bir nəşriyyata, qəzet-jurnal redaksiyasına on adda məcburi
nüsxəyə görə 7 min manat cərimə tətbiq
olunsa, onlar üçün böyük vəsaitdir. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin
ixtiyarı var ki, istənilən nəşriyyatın
qapısını açsın və göndərilməyən
nüsxəyə görə protokol tətbiq etsin. Qaydaya əsasən, nəşriyyat həmin pulu bir
ay ərzində ödəməsə, əlavə tədbirlər
görüləcək.
- Nəşriyyatlar
məcburi nüsxələri göndərmirsə, onların
da səbəbləri ola bilər...
- Əsas səbəb
kimi göstərirlər ki, guya onlar kitabı sifarişlə
çap edirlər və məcburi nüsxəni müəllif
verməlidir. Qanunda müəllif yox, nəşriyyat
tanınır. Məsələn, kitab 48 qəpiyə
başa gəlirsə, nəşriyyat 2 qəpik də
üstünə qoyub 50 qəpik hesablamalıdır. Müəllif bilməməlidir ki, onun dörd
nüsxəsi Milli Kitabxanaya göndərilir.
- Məcburi
nüsxələr böyük kitabxanalara göndərilmirsə,
deməli, rayon və kənd kitabxanalarında vəziyyət
daha faciəlidir...
- Sizin sözünüzdə
həqiqət var. Amma bunun da çarəsi tapılıb.
Ötən il sərəncamla
rayonlardakı bütün mədəniyyət müəssisələri,
o cümlədən, kitabxanalar Mədəniyyət və
Turizm Nazirliyinin tabeliyinə keçirildi. Axır
ki, mədəniyyət müəssisələri onun mənsub
olduğu təşkilata verildi. Əvvəllər
mədəniyyət müəssisələri yerlərdə
icra hakimiyyətlərinə tabe idilər. Hazırda nazirlik kitabxanaların təmin olunması
üçün sistem qurur. Burda hansı məsələlər
nəzərdə tutulur?
Nazirlik mərkəzləşmiş şəkildə
kitab sorğularını ümumiləşdirib kitab
sifarişləri edəcək, kitablar çap ediləcək
və rayonlara göndəriləcək. Bu, kitaba olan tələbatın
ödənilməsində çox mühüm əhəmiyyət
kəsb edəcək. Bu sistemlə
günün tələbatına uyğun olan kitablar çap
olunacaq. Biz SSRİ dövrünü
qılınclamağa öyrəşmişik, amma SSRİ
sisteminin mütərəqqi qanunları da var idi. O
dövrdə kitabxanaların təmin olunması sistemi var idi,
sonradan pozuldu. Həmin sistemi bu gün yeni
rakursda qurmağa çalışırıq. 3-5 ilə kitabxanaların kitab tələbatı tam
ödəniləcək.
Büdcənin
imkanları yaxşılaşdıqca, yerlərdəki
kitabxanaların texniki təchizatı da düzələcək.
Kitabxanalarda minimum texniki təchizat var. Elə
bir rayon mərkəzi kitabxanası yoxdur ki, orda 15-20
kompüter olmasın. Hətta kənd
kitabxanalarının yarısında kompüter var, amma
hamısı internetə qoşulmayıb.
Haşiyə: Kərim Tahirov ölkənin
ən böyük kitabxanasına rəhbərlik edir. Və bu sualıma ondan məmur-direktor kimi yox, kitaba
sevgisi olan, bu sahənin mütəxəssisi kimi cavab istəyirəm.
Ki, 90-lara qədər özünün xoşbəxt
günlərini yaşayan kənd kitabxanaları yenə
“qapısı qıfıllı tikili” kimi unudulub? Yenə rayon mərkəzindən yoxlama gələndə
evlərdə yaddan çıxan kitabları tez-tələsik
yığıb vəziyyətdən çıxırlar?
Və nəhayət, yenə kəndin ən
hörmətsiz yeri kitabxanadır?
“Düzdür, vaxtilə kənd kitabxanalarının
qapısından qıfıl asılmışdı. İndi isə
artıq o qıfıl görünmür. Ötən
ilin noyabr ayından bu işlərə çox ciddi şəkildə
başlanılıb. Bu mexanizm Mədəniyyət
və Turizm Nazirliyinə verilib, ona görə də ciddi
işlər həyata keçirilir. Qapıdan
qıfıl oxucu olmayanda asılır. Bu gün
bağlı kitabxana yoxdur, ola da bilməz. İkincisi də, büdcənin vəziyyəti elədir
ki, qəpiyin hesabatı var. Harada qapısı bağlı
kitabxana görürlərsə, dərhal bağlayırlar ki,
deməli, lazım deyil”.
- İstərdim, pullu
kitabxana xidməti haqqında danışaq. Bu təcrübə dünyada geniş yayılsa da, Azərbaycanda
yoxdur...
- Milli Kitabxana sərvətdir, ona görə ondan
hamı istifadə etməlidir. Biz Milli Kitabxananı
pullu edə bilmərik. Sadəcə, müəyyən
xidmətlər ödənişli ola bilər.
Milli Kitabxananın dövlət tərəfindən
qayğı ilə əhatə olunması hələ imkan
verir ki, oxuculara təmənnasız xidmət göstərək.
Mənə elə gəlir, bu, belə də
olacaq, pullu xidmətə ehtiyac olmayacaq. Digər xidmətlər,
məsələn, surətçıxarma ödənişlidir. Bu tamam başqa məsələdir. Amma biz kitabı pulla verə bilmərik. Yaxud elektron kitablar xidməti üçün kimsə
müraciət edir, biz ona xidmət edirik və haqqı ödənilir.
Bunların hamısı əlavə xidmətlərdir.
-
Oxucuların nizam-intizamı necədir? Şikayətçi
deyilsiniz?
- Oxucularla bağlı əsas
problem odur ki, onlar zallarda mobil telefondan istifadə etmək istəyirlər.
Dünyanın heç bir ölkəsində
kitabxanada mobil telefondan istifadə etməyə icazə
verilmir. Təsəvvür edin, kiminsə
yadından çıxdı, telefonun səsini almadı, zalda
250 nəfərin fikri yayındı. Bu,
haqlı olaraq narazılıq yarada bilər. Çalışırıq, gənclərin “kaprizlərinə”
dözək. Amma bəzən o həddə
çatır, dözə bilmirik. Mən
siqaretlə mobil telefondan istifadəni eyniləşdirirəm.
Oxu zalında siqaret olmazsa, mobil telefon niyə
olmalıdır?
- Nadir
kitablar fonduna kitab bağışlamaq ənənəsi bu
gün də davam edir?
- Nadir kitablar fondu uzun illər
idi yarımzirzəmidə yerləşirdi. 2012-ci
ildə fondu ikinci mərtəbəyə
köçürdük, gözəl şəraiti var. Təbii
ki, fondun formalaşmasında oxucuların çox böyük
iştirakı olub. 1996-cı ildə Ulu
öndər Heydər Əliyev bizim kitabxanamıza gəldi və
öz kitabxanasından 300-dək kitabı hədiyyə elədi.
Eyni zamanda ziyalılara
çağırış elədi ki, kitabxanaya kitab hədiyyə
etməklə, ona kömək edirsiniz. Ondan sonra Ziya
Bünyadov, Budaq Budaqov, xalq yazıçısı Elçin,
mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyev və başqaları öz kitablarını hədiyyə
etdilər.
Həmin kitablar
qızıl fondda kolleksiya olaraq mühafizə olunurlar. Nadir kitablar fondunda Heydər Əliyevin
kitablarını ayrıca saxlayırıq. Çox qiymətli kitablardır. Hər il Ulu öndərin bizə hədiyyə etdiyi
kitabları ayrı-ayrı müəssisələrin
xahişi ilə aparıb yerlərdə nümayiş
etdiririk. Məsələn, həmin kitablar Tərtərdə,
Ağcabədidə, Sumqayıtda, Mərdəkanda
nümayiş olunub. O kitabların içində Ulu
öndərin qeydləri var və həmin qeydlər
uşaqlar üçün çox maraqlıdır. Şagirdlər aktiv mütaliənin nə
olduğunu o kitablardan öyrənirlər. Kolleksiyanın içində Ulu öndərin
Moskvadan aldığı uşaq kitabları, Məkkədə
ona bağışlanan “Qurani-Kərim” var. “Qurani-Kərim”i
bağışlayanda demişdi ki, elə bir müqəddəs
ocaqdan gələn kitab, belə bir müqəddəs ocaqda
qorunsa, daha yaxşı olar.
- Avropa
kitabxanalarında Azərbaycanın böyük ədəbiyyat
xadimləri fars ədəbiyyatının
nümayəndəsi kimi təqdim olunur. Məsələn,
Praqa Milli Kitabxanasında Azərbaycanı təmsil edən
yeganə kitab Nizaminin “Xəmsəsi”dir, onu da fars ədəbi nümunəsi
kimi təqdim ediblər. Bu halların
qarşısını almaq üçün hansısa təsir
imkanlarınız var?
- Sizin misal çəkdiyiniz
Praqa nümunəsindən başlayaq. O məsələni
2012-ci ildə Praqaya gedəndə mən
aydınlaşdırmışdım. Hər
hansı bir ölkəyə səfər edəndə mütləq
milli kitabxanaya baş çəkirəm və Şərq ədəbiyyatı
fonduna baxıram. Məsələ
ondadır ki, vaxtilə bizim kitablarımız kifayət qədər
Avropaya daşınıb. İndi həmin
kitablar Avropa ölkələrinin kitabxanalarında mühafizə
olunurlar. Amma bu gün həmin kitablar onlar
üçün gərəksizdir. Oxumurlar,
oxuya da bilməzlər. Praqa
kitabxanasının nadir fonduna düşdüm, gördüm,
Azərbaycan kitabları var, amma kataloqlarda əks olunmayıb.
- Hansı kitablar var idi?
- Nizaminin, Füzulinin, Nəsiminin,
Xaqaninin kitablarına rast gəldim. Soruşdum
ki, bu kitablar niyə kataloqda əks olunmayıb? Dedilər, onlar Azərbaycan dilində deyil. Mən onlara başa saldım ki, vaxtilə bizdə də
ərəb əlifbasından istifadə olunub. Bakıya qayıdandan sonra Elmlər
Akademiyasının prezidenti Mahmud Kərimovdan xahiş etdim,
iki nəfər əməkdaş ayırdı və bir ay
Praqa Milli Kitabxanasında çalışdılar. Həmin kitabların kataloqunu düzəltdilər və
“Azərbaycan şairləri” adı ilə əks olundu.
Onun davamı olaraq bu il də biz iki nəfər
əməkdaş göndərdik ki, həmin kitabların
çap kataloqunu hazırlasınlar.
İnşallah, may-iyun
ayında o kitabların sərgisini keçirmək istəyirik.
Sentyabr ayında o kitabları gətirib
Bakıda nümayiş etdirəcəyik. Azərbaycan
kitabları təkcə Praqada yox, Rumıniya və
Macarıstanda da var. Biz mərhələ-mərhələ həmin
kitabları da tədqiq edəcəyik.
- Və
son olaraq, Azərbaycan kitabxanalarının ən
başlıca problemi və qayğısı nədir?
- Təbii ki, bizim kitabxanaların əsas
problemi bina problemidir. Uçuq-salxaq binaya texniki
avadanlığı qoysan da, işə yaramayacaq. Yağış vuracaq, rütubət çəkəcək,
xarab olub gedəcək. Müasir texniki
avadanlıq üçün də müasir şərait
olmalıdır. Kitabxanaların əksəriyyətinin
binaları özlərinin deyil.
- Təşkilatlardan
sığınacaq alıblar...
- Bəli.
İndi də onlar çox pis vəziyyətdədir.
Mədəniyyət və Turizm Nazirliyi ilk
növbədə kitabxanaların bina problemini həll etməyə
çalışır. Bu, əlbəttə,
vəsait tələb edir. Rayonlarda
hazırda araşdırma işləri aparılır və nəticələri
haqqında tədbirlər görüləcək. Artıq müasir tipli kitabxanaların
yaradılmasının vaxtı gəlib çatıb.
Bizim Yol.- 2017.- 27 yanvar.- S.11.